Bizim qadınlar niyə gülümsəmir?

Bizim qadınlar niyə gülümsəmir?
14 noyabr 2017
# 11:10

Bəzi kişilər gileylənirlər ki, bizim qızlar Avropa xanımları kimi gülərüzlü deyil. Bu yaxında bir kişinin odlu-alovlu çıxışına rast gəldim:

“A kişi belə şey olar! Hansı qadına xoş söz deyirsən, qaş-qabağını tökür. Hər yerdə qadınlarımız eyni cürdür. Mağazada, yolda, marşrutda...”

Tövsiyə edərdim, kişilər bu gileylərin səbəbini özlərində axtarsınlar. Əvvəla bu tərbiyədən irəli gəlir. Qadınlarımızı sərt kişilər – atalar tərbiyə edir. O atalar ki, qızlarına bərk-bərk tapşırırlar ki, ağır oturun, batman gəlin.

Razıyam, avropalı xanımını üzündə həmişə təbəssüm oynayır. Çünki fransız ata ona deməyib ki, qızım, yad kişilərin üzünə gülümsəmək ədəbsizlikdir. Əksinə, uşaqlara pozitiv, gülərüz olmaq, yad adamların da üzünə etika xatirinə gülümsəmək fikri aşılanır.

Çünki gülərüzlü olmaq əslində mədəniyyət əlamətidir. Hələ bir şairimizin belə misraları var: “Nə gözəl yaraşır insana gülmək!”

Ancaq nə olur-olsun, Azərbaycan kişisi güləyən qızlar haqqında yaxşı fikirdə deyil. Əgər qadın gülümsəyirsə, deməli, torbada pişik var. Ucadan gülən qadın isə çox güman ki, əxlaqsızdır.

Nəinki gülümsəmək, hətta adicə baxış belə bizim cənablara qeyri-adi təsir edir. Baxışlardan, gülüşlərdən elə məna çıxarırlar ki, qadın nəinki gülümsəməyə, güclü cinsin nümayəndələrinə nəzər salmağa belə qorxur!

İş yoldaşlarımızdan birinin sözü heç yadımdan çıxmır. Əvvəla onu deyim ki, o balacaboy, arıq, zahiri görünüşüylə qətiyyən diqqət çəkməyən biridir. Bir dəfə necə olubsa, ala-babat tanıdığı bir qadın ona ani nəzər salıb. Bu baxışı iş yoldaşımızda elə bir təsir oyatmışdı ki, elə bil qadın ona eşq elan eləmişdi!

“Bu baxışın mənası bilirsiniz, nə deməkdir? Yəni gəl dalımca!”

Halbuki, əminəm, o qadının elə bir məqsədi yox idi. Sadəcə, nə üçünsə qəhrəmanımız onun ani diqqətini çəkmiş, ona məsum bir nəzər salmışdı. Gözüyumulu yol gedəcək deyilik ki! Təbii, yolda- rizdə təsadüfən də olsa baxışlar toqquşur. Bu o demək deyil ki, nəzər saldığımız adama aşıq olmuşuq!

Baxışların da öz mənaları varmış. Baxışların mənaları incələyən kişilərə necə təbəssümlə yanaşaq?

Çətin məsələdir.

Ya da son vaxtlar dəbə gələn ukraynalı xanımları götürək. Ukraynalı xanımların ünsiyyətcilliyindən, mehribanlığından ağız dolusu danışırlar.

Razılaşıram, amma siz də razılaşın ki, ukraynalı xanım üzügülərdir, çünki itirəcəyi heç nəyi yoxdur.

Bizim qızların isə itirəcəyi çox şey var. Bakirəliyini, ailənin etibarını və s.

Ukraynalı qız bunları itirməkdən qorxmur. Çünki sabah ailə quranda heç kim keçmişdə yaşananların hesabını sormayacaq. Ona görə də gülümsəyir.

Bizim qızlarda vəziyyət fərqlidir. Ona görə təbəssümünü də qoruyur. Və yaxud qorumaq zorundadır.

Müşahidə etdiyim bir məqam da var. Bizim oğlanlar rus xanımlarına güzəştə getdikləri qədər bizim qızlara güzəştə getmirlər. Bir dəfə bir jurnalist şahidi olduğu bir əhvalatı danışırdı. Bir neçə oğlan bir qızın ardınca baxıb “Əxlaqsızdır, siz onun əyin-başına, özünü aparmağına baxın” və s. sözlərlə məsxərəyə qoyublarmış. Qızı tanıyan adam “O, azərbaycanlı deyil, rusdur”, - dedikdən sonra bayaqdan əl-qollarını ölçə-ölçə qıza şəbədə qoşanların sözlərinin istiqaməti kimi üzünün ifadəsi də dəyişib: “Əslində, elə də biədəb geyinməyib, hətta normal sayıla bilər”, - deyə az əvvəl həqarət etdikləri qıza haqq qazandırmağa çalışıblar.

Uzun müddət Tiflisdə bir qəzetdə çalışan xanım təəssüflə danışırdı ki, redaksiyada işləyən üç kişidən birinin arvadı rus, ikincinin gürcü, üçüncününkü isə azərbaycanlı idi. Həyat yoldaşları redaksiyaya zəng edəndə onları dinləmək lazım idi, - deyir tiflisli xanım, - hər biri ayrıca həngamə idi; arvadları rus və gürcü olanlar onlarla elə məhəbbətlə danışırdılar, dinləyənlər belə hayıl-mayıl olurdu. Qadını azərbaycanlı olansa üzünü turşudub leksikonundakı qeyri-etik sözlərin hamısından faydalanmağa çalışır, arvadıyla sağollaşmadan dəstəyi yerinə çırpırdı.

Tiflisli xanım onu da vurğulayırdı ki, azərbaycanlı qadın gözəlliyi ilə həmin o rus və gürcü qadınlarından üstün idi, eyni zamanda mədəni və səviyyəli bir xanım idi. Amma heyf ki, layiq olmadığı bir həyat yaşayırdı.

Demək ki, hər xanımın ona gülümsəməyi öyrədəcək bir cənaba ehtiyacı varmış.

# 1961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #