İnşallahla maşallah

İnşallahla maşallah
31 avqust 2015
# 11:58

Bizdə söz var, deyərlər: “Filankəsin işi lap Allaha qalıb”. Bu sözü qəribçiliyə salmayın. Elə-belə göydəndüşmə deyil. Həqiqətən müsəlmanın Allaha hamıdan çox ehtiyacı var.

“Əcnəbilər göydə balonlarla gəzir / Biz hələ avtomobil minməmişik”. Allah Sabirə rəhmət eləsin.

Özəl radioların birində çalışdığım vaxt şirkətə kompüter gəldi. İşlərimizi kompüterdə həll edəcəkdik. Qaldıq məəttəl. Müsəlman ola, kompüter ola. Dedik, inşallah öyrənərik.

Maşallah, yavaş-yavaş başladıq öyrənməyə. Düzdür, bir az zəif gedirdik, dedik, inşallah sürətimizi artırıb əcnəbi radioların sürətinə yetişərik.

Maşallah, ilk verilişlərimizdən biri idi, dedik, inşallah, bu günə işləyib qurtararıq. Səhərdən başladıq, axşamacan davam elədik. Dedik, bu sürətlə getsək, inşallah, qurtararıq. Saat 6 oldu, 7 oldu, qaş qaraldı. Verilişi yarı eləyə bildik. Dedik, qalsın sabaha.

Sabah gəldik, təzədən güc verdik işə. Azuqələrimizi də hər ehtimala qarşı yanımızda qoymuşduq, birdən Allah eləməmiş, işi başa çatdıra bilmərik. Maşallah, axşamacan işləyib qurtardıq. Elə sevinmək istəyirdik ki, kompüterin arxasında oturan yoldaş dedi: “Sevinmək üçün tezdir. Hələ görək “soxranit” eləyə bilirikmi. Dua edin, “soxranit” olsun.” Başladıq dua eləməyə. Dua eləyirdik ki, yoldaş dedi: “Maşallah, “soxranit” olunub.” Yenə sevinmək istəyirdik ki, yoldaş dedi: “Hələ tezdir. Görək diskə yazırmı. Dua edin, diskə yazılsın.” Yenə başladıq dua eləməyə. Xeyli dua eləmişdik ki, yoldaş dedi: “Maşallah, diskə də yazıldı”. Yenə dua eləmək istəyirdik ki, yoldaş dedi: “Maşallah problem yoxdur, verilişi təhvil verə bilərsiz”.

“Maşallah” deyə-deyə diski aparıb təhvil verdik. Düşündüm, bu inşallahla maşallah ki, bizdə var, belə getsə nəinki əcnəbilərə çata, hətta onları ötə bilərik.

O gündən dilimizdən əskik olmur.

O gün həkimə getmişdik. Doğrusu, əvvəl elə bildim, filmlərin birində olduğu kimi, həkimin vacib işi çıxıb, rəngsaz gəlib oturub onun yerində. Çünki dediklərimə qəribə reaksiya verirdi. Gah pəncərədən çölə baxır, gah ayaqlarını yerə vurur, gah da əlləriylə stolu taqqıldadırdı. Elə gözləyirdim ki, bu dəqiqə qapı açılacaq və həkim içəri girib “mən gəldim” deyəcək. Gözüm qapıda qalmışdı.

Həkim-rəngsaz gözlərini bir nöqtəyə zilləyib xeyli xəyala daldıqdan sonra uzun resept yazıb mənə verdi. Qapıdan çıxarkən həkimin səsi gəldi:

- Allah köməyiniz olsun! İnşallah!

O dəqiqə bildim ki, həkimin reseptindən çox inşallahla maşallaha ümid etməliyəm.

Nə yaxşı inşallahla maşallahımız var. Çətin vaxtlarda bu sözləri deyib xilas oluruq. Odur ki, dilinizdən əskik eləməyin.

Fikriniz əcnəbilərə getməsin, biz müsəlmanların xəmiri maşallah ayrı cür yoğrulub.

Allah köməyiniz olsun. İnşallah!

# 1308 dəfə oxunub

Müəllifin son yazıları

# # #