Rus qadınlarını döyən azərbaycanlı kişilər

Rus qadınlarını döyən azərbaycanlı kişilər
17 aprel 2019
# 11:30

Rus qızları sərbəstdir, müstəqildir. Bu çoxlarının xoşuna gəlir, onlara qarşı maraq oyadır. Amma elə bu sərbəstliyin hansı problemlərə yol açacağını qabaqcadan təxmin etmək çətin deyil.

Tanış bir qadın 70-ci illərdə rus qızlarının azərbaycanlı kişilər arasında çox populyar olduqlarını deyir. Bir dəfə birindən “Niyə rus qızlarıyla tanışlığa belə ürəkdən can atırsız?” deyə soruşub.

Kişi cavabında deyib ki, tutaq ki, küçədə bir azərbaycanlı qız gedir. Tanışlıq üçün yaxınlaşıb saatı soruşursan. Və yaxınlaşmağına peşman olursan. Qız gözünü yumub ağzını açır: “Bu dəqiqə qardaşıma deyərəm sənin ağız-burnunu əzər, əmim oğluna deyərəm səni tikə-tikə doğrayar, bibim oğluna deyərəm payını verər, xalam oğluna deyərəm...” Tez o qızın yanından uzaqlaşırsan. Amma rus qızına yaxınlaşıb saatı soruşsan qolunda saat olmasa belə çalışacaq ki, səni qaçırmamaq üçün bir saat tapıb vaxtı desin.

Amma rus qızlarını sevən o kişi düzgün müqayisə aparmayıb. Azərbaycanlı qız həqiqətən ailədə hüquqsuz durumdadır. Əgər qardaşı onu bir oğlanla görsə dava salar, evdə qanqaraçılıq olar, küçəyə çıxmağı yasaqlayarlar və s. Nəinki 70-ci illər, çağdaş günümüzdə də bu belədir.

İş yoldaşım olan gənc qız sevgilisiylə hər dəfə görüşəndə panika yaşayırdı. Yaşadığı stressin təsirindən panik atak xəstəliyinə düçar olmuşdu. Sonra qız həmin oğlana ərə getdi, indi xaricdə yaşayır, amma panik atak xəstəliyindən qurtula bilmir.

Rus qızının belə problemi yoxdur. Əksinə, onu oğlanla görsələr evdə sevinərlər ki, qızımız artıq yalqız deyil. Ruslarda insan təkbaşına xoşbəxt olmaq istəyir. Bizdə isə təkbaşına xoşbəxtlik yoxdur. Gərək əmioğlanlarınla, dayıoğlarınla, qonşularınla, qohumlarınla, bütün toplumla bir yerdə xoşbəxt olasan. Bu isə mümkün deyil. Ona görə də nə yazıq ki, xoşbəxt deyilik.

Dəbdə olan belə bir ifadə var: “Biz ayrı dünyaların adamlarıyıq”. Ruslarla biz ayrı dünyaların adamlarıyıq.

Bu günlərdə Rusiya mətbuatı azərbaycanlı oğlanın öldürdüyü ukraynalı qızdan yazır. Lvovda bir yerdə oxuyublar. Sonra hansısa proqramla Amerikaya gediblər və həmişəlik bu ölkədə qalmağı qərara alıblar. Bir ildən sonra isə ailə qurublar. Bir qızları dünyaya gəlib.

Sonra problemlər ortaya çıxıb. Azərbaycanlı ər ukraynalı arvadını döyməyə, incitməyə başlayıb. Problemlər durduq yerdə yaranmır ki. Zənnimcə “ayrı-ayrı dünyaların adamları olmaları” özünü biruzə verib. Tutaq ki, ukraynalı qadın üçün açıq-saçıq geyinmək, kişilərlə dostluq etmək, siqaret çəkmək və s. normal sayılır. Amma azərbaycanlı kişiyə bütün bunlar əcaib görünür. Fərqi yoxdur, Paris olsun, Nyu-York, ya da Azərbaycanın ucqar bir kəndi, o eyni cür düşünəcək. Və həyat yoldaşından tələb edəcək ki, onun dediklərinə uysun.

Amma slavyan qadınları müstəqildir, azaddır, sərbəstdir. Ərinin ondan nə istədiyini sadəcə olaraq anlamır. Onun böyüdüyü mühitdə qadınların öz müstəqil fikirləri var, kişilərə tabe deyillər. Onlar üçün ərini sevməkdən vaz keçmək, başqa birinə könül vermək, boşanmaq, yenidən ərə getmək adi həyati hadisədir.

Image result for azərbaycanlı biznesmen qadını küçədə döydü

Bir haşiyə çıxım. Bir dəfə rəfiqəm yanıqlı-yanıqlı dedi ki, heyif deyil rus olmaq! Kaş mən də rus olardım! Səbəbini soruşanda rəfiqəm bunu onların həyat tərzi ilə izah etdi. Dedi, sənədli filmlərinə baxıram, qadın başqa kişini sevir, ərini tərk edir, kişi isə arvadından vaz keçmək istəmir, xahiş edir ki, arvadı onun səhvlərini bağışlasın və ona geri dönsün.

Nə cür fədakarlıq etsə də ərini və ərinin qohumlarını razı sala bilməyən rəfiqəm “bəxtəvər” rus qadınlarının həyatına baxıb köks ötürür.

Əlbəttə, o başa düşür ki, bizim üçün normal sayılmayan həyat tərzidir. Bizim mental dəyərlərdən əxz etdiyimiz düşüncə tərziylə çağdaş toplumlarda yer tapmağımız müşküldür. Ukraynalı arvadını Amerikada qətlə yetirən üzdəniraq soydaşımız kimi.

Hərçənd “soydaş” kəlməsini bu məqamda işlətmək adama ağır gəlir. Necə ki, Rusiya mətbuatında yer alan bu və bu kimi məqalələri oxumaq utanc verir. Məqalələrdə yazılır ki, ukraynalı qadın dəfələrlə polisə müraciət edib, ərinin onu döydüyünü, öldürəcəyi ilə hədələdiyini bildirib. Hətta kişi arvadının itini də öldürüb. Bu şəxs görünür, arvadından nəyinsə intiqamını almaq istəyirmiş. Bu “nə isə” ukraynalıların adi qəbul etdiyi, bizlər üçün isə əcaib olan bir nəsnənin olduğu istisna deyil.

“Ayrı dünyaların adamları” bir evə sığa bilməz. Əvvəl-axır hər biri əslində tənha olduğunu anlayacaq. Yəqin ki, bu adamı da manyaka, şizofrenə çevirən də bu hisslər idi.

Keçək bizi məğlub durumuna salan daha bir hadisəyə. Bir neçə ay əvvəl Rusiya televiziyasının məşhur bir proqramı Moskva küçələrinin birində çəkilən görüntülərin əsasında hazırlanmışdı. Görüntülərdə yekəpər, yekəqarın, 50-55 yaşlarında bir kişi cavan bir qadını təpikləyirdi. Qadın zərbələrdən yerdə çapalayır, özünü qorumağa çalışırdı. Kişi amansız idi.

Məlum oldu ki, kişi Moskvada yaşayan azərbaycanlı biznesmendir. Bu rus qadınsa onun neçə illik sevgilisidir. Öz qanuni ailəsiylə yaşayan kişinin bu sevgilisindən də bir uşağı var. İnsident isə qısqanclıq zəminində baş verib. Rus sevgilisiylə restoranda içki içən kişi qadını kiməsə qısqanıb, onu küçəyə çıxarıb və yoldan keçənlərin gözü önündə təpikləməyə başlayıb. Kənardan bir oğlan müdaxilə etməyə çalışsa da kişi onun da kötək payını verib. Beləcə hamı susub və kənardan seyrçi mövqeyində olmağı üstün tutublar.

Döyülən qadın bu video sayəsində “məşhurlaşıb”, hətta onu canlı efirə çağırıb olanlar haqqında daha ətraflı danışmasını xahiş ediblər. Verilişin ittiham olunan qəhrəmanı isə həmin yekəqarın azərbaycanlı biznesmendir ki, günün günorta çağı hamının gözü qarşısında qadını ölümcül döyüb.

Bir halda ki, bu adam belə qeyrət dağarcığıdır, niyə davranışını, oturub-durmasını qəbul etmədiyi qadınla birlikdə yaşayır, hətta birlikdə dünyaya uşaq da gətiriblər. Rus qadın da onun qara göz-qaşına aşiq olmayıb, aydındır ki, kişi ona yaxşı sərmayə sərf edib, yəqin ailəsi üçün etmədiklərini bu qadına edib.

Rus qadının azərbaycanlı biznesmenlə “sarmaş-dolaş” şəkilləri də ekrana gəldi. Bəlkə də azərbaycanlı qadın keçmiş xatirələrin naminə kişini bağışlayardı, amma rus qadın əfv etmədi və canlı yayıma çıxıb videodakı görüntüləri gündəmə gətirməklə biznesmenin cəzalandırılmasını tələb etdi. Əslində düzgün hərəkət etdi.

İnsanlar getdikləri yerlərə mədəniyyət aparmalıdırlar, mədəniyyətsizlik, zorakılıq yox. Əgər mühafizəkar insansınızsa, onda seçimi də xarakterinizə, dünyagörüşünüzə uyğun etməlisiniz. Yanlış seçimlərin nəticəsində hər iki tərəf əziyyət çəkir.

İki yol var: ya seçdiyiniz adamla həyata eyni tərəfdən baxmağı öyrənin, ya da öz tərəfinizi seçib xoşbəxt olmağa cəhd edin.

# 8755 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #