Əsgər payına göz dikənlər

Əsgər payına göz dikənlər
21 yanvar 2021
# 13:17

Pandemiya və 44 günlük müharibə dövrü xeyli “yardımsevər” insanlar peyda oldu. Sosial şəbəkələrdə hərə əlinə bir hesab kartı alıb əsgərə, imkansız ailələrə yardım üçün səfərbər oldu.

Həssas, kövrək insanlar isə gözübağlı, sorğu-sualsız bu insanlara etibar edirlər. Əsgər dedikdə onsuz da bütün axan sular durur yurdumun insanları üçün.

Məsəl var, deyirlər, başına gələn başmaqçı olar. Mənim özüm də bir dəfə belə tələyə düşmüşəm. Təxminən 7-8 il bundan qabaq 3 körpə uşaqla maddi sıxıntı içərisində qaldığı deyilən bir ailəyə yardım etmək adı ilə çox yaxından tanıdığım bir şəxs mənə elə bir fırıldaq gəldi ki, yardım kampaniyası ilə bağlı ömürlük travmam yarandı. Uşaqların məktəb ləvazimatlarını qarşılamaq üçün bankdan öz adıma kredit götürüb verdiyim o şəxs pulu alandan sonra qeybə çəkildi. İt də getdi, ip də. Sonra o ailəni tapdım və məlum oldu ki, 3 çanta, hərəsinə 10 dəftər–qələmlə yola verib.

Təbii ki, bu cür fırıldaqçıların tələsinə düşən ilk və son adam deyiləm. Mənim kimi yüzlərlə, hətta minlərlə adam bu cür oyunların qurbanı olur. Nəticədə isə itirən yardım edən tərəflə, yardıma ehtiyacı olan tərəf olur. Vasitəçilər isə hər zaman bu işlərdən vicdansızcasına qazanc əldə edir.

Günlərdir sosial şəbəklərdə bir nəfərin əsgərə yardım adı ilə topladığı yardımları mənimsəyərək özünə bahalı avtomobil aldığı ilə bağlı yazılar diqqətimi çəkdi. Təbii ki, hələ təsdiq olunmadan damğa vurmaq olmaz. Amma istər-istəməz insanların ağlında sual yaradan vəziyyət var ortada. 44 günlük müharibə dövründə əsgərlərə bu cür vasitəçilərin əli ilə göndərilən yardımların heç birinin ünvana çatmadığı ilə bağlı kifayət qədər səhih məlumatlar var.

Türkiyədə yaşayan soydaşlarımızın min əzab-əziyyətlə hazırladığı yardım bağlamlarının içindəki sovqatlar əsgər kazarmalarından yan keçib market və mağazaların piştaxtalarında göründü. Əlbəttə ki, utanmağımız üçün yetərli səbəbdir. İnsanların mənəvi hisslərinə vurulan bu zərbə gələcəkdə cəmiyyətdə empatiya hissinin də məhvinə səbəbiyyət verir.

Aramızda gəzib-dolaşan, səmimiyyətimizi, mərhəmətimizi sümürən bu yalançılara məğlub oluruq.

Bundan irəli dövrlərdə də müharibə zamanı insanlar əsgərin şəraitinin yaxşı olmasını daha üstün tuturdular. Bu incə və həssas xətti sovet dövrü çəkilən müharibə filmlərində, yazılan əsərlərdə görmək mümkündür. Müharibənin özü ilə birlikdə gətirdiyi aclıq, səfalət illərində insanlar ən dəyərli şeylərini, zinət əşyalarını əsgərlərə yardım olsun deyə hökumətə təhvil verirdi. Məsələn “Tütək səsi” filmində bir epizod var. Cəbrayıl camaata deyir, fondun taxılını bu gün göndərməliyik, amma camaata da korluq vermək olmaz. Hamı bir ağızdan deyir, göndərin getsin, dözmüşük, yenə dözərik. Deyirlər, nemesin əsgəri şokolad yeyir. Göndərin getsin.

Dövr dəyişsə də, insanların əsgərə olan münasibəti dəyişməyib. 44 günlük müharibə boyu əllərində sovqatla yol kənarlarında lövbər salıb, hərbi maşınların yolunu gözləyən insanlar buna sübut idi.

Məsələn yekəpər bir dayının əlində alma torbası ilə hərbi maşınların arxasınca qaçıb əsgərlərə alma verdiyi səhnə heç vaxt yadımdan çıxmayacaq. Bu kadr mənə “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin qatar gedə-gedə əsgərlərə sabun paylamasını xatırladırdı.

Pensiyasını əsgərə yardım üçün xərcləyən nənələr, babalar gördük bu 44 gündə.

Xalq əsgərini sevir, dəyər verir. Onun ayağının isti, əyninin qalın, qarnının tox olmasını bütün qəlbi ilə istəyir. Yardım adı altında fırıldaqçılıq edən insanlar bizim inam hissimizi zədələyir. Bir dəfə yardım edən insanlar bu mənzərələri gördükdən sonra, haqlı olaraq, ikinci dəfə yardım etmək istəmir. Sosial şəbəkələrdə ömrümüzdə birinci dəfə gördüyümüz insanların tələsinə düşməmək üçün son dərəcə sayıq olmalıyıq. Yalnız bu yol ilə həm özümüzü, həm də hisslərimizi sığortalaya bilərik.

# 3790 dəfə oxunub

Müəllifin son yazıları

# # #