Söylünün söyüş söyməsi

Söylünün söyüş söyməsi
23 aprel 2020
# 11:02

Dünyada söyüşlə danışan bir çox məşhur sənət adamları var. Məsələn yaxın illərdə dünyaca məşhur Hollivud ulduzları Robert De Niro və Sammuel. L Ceksonun çıxıb canlı efirdə Trampı söyməsi uzun müddət dünya mediasının manşeti oldu.

Türkiyənin məşhur komediya ustalarından Müjdat Gezen birbaşa efirə qoşularaq onun içki düşkünü olmasını müzakirə edən aparıcılara biədəb bir söyüşlə cavab verdiyini də yəqin xatırlayanlar var.

Yaxud da digər bir gənc türk müğənnisi İrəm Dereci. Qadının danışığının 90 faizi söyüşlü cümlələrdən ibarətdir.

Cem Yılmazın azərbaycanlı pərəstişkarları da onun Standap-larında nə qədər söyüş istifadə etdiyini gözəl bilir.

Amma o ölkələrdə xalq sənətçisini söyüş söydüyü üçün yıxıb-sürümür. Məsələn, Amerika xalqı Ceksonla, Robert de Nironu sözügedən çıxışına görə ayaqda alqışlamışdı.

Türkiyədə ictimai fəallar sosial mediada Müjdat Gezenin arxasında dağ kimi dayanmışdı.

Bəs bizim sənətçinin dilindən ayıb söz eşidəndə həmin sözü həzm etmə prosesimiz niyə bu qədər sancılı olur?

Afaq Bəşirqızının canlı efirdə küçə söyüşü söyməsi niyə bizim sinir sistemimizi alt-üst edir? Niyə bu söyüş, təhqir Afaq Bəşirqızının dilindən səslənəndə cəmiyyətdə bomba effekti yaratdı?

Səbəb, əslində çox sadədir. Bizim sənətçilər ömür boyu özləri olmağı bacarmır. Sosial verilişlərdə çıxıb ekspertlik, ağbirçəklik edən sənətçiyə cəmiyyət ana-bacı gözü ilə baxır. Və bir gün bu ana-bacı janrında olan sənətçi çıxıb 10 milyonun qarşısında kişi söyüşü söyəndə kütlə məsələyə məhz namus-qeyrət, əxlaq prizmasından yanaşır və aləm qarışır.

Sənətçilər onlara dəxli olmayan mövzularda verilişlərə çağırılanda qaça-qaça getdiyi üçün bu gün ən xırda səhvi belə kütlə onlara bağışlamaq istəmir. Çünki biz qarşımıza el ağbirçəyi, metodist olaraq çıxan müğənniləri, aktyorları ideallaşdırmışıq, tanrılaşdırmışıq. Halbuki onların var olma səbəbləri sənətdir. Sənətini onlardan ayırdığmız zaman geriyə qalan şey sənsən, mənəm…

Cəmiyyətə təqdim olunan sənətçini qəfil özü kimi görəndə, kütlənin öz aləmində inşa etdiyi mühafizəkar qəhrəmanı yerlə-yeksan olur. Qəfil bir qəza illərlə alqışladığımız sənətçinin əsl mahiyyətini gözlər önünə sərəndə barmağımızı dişləyirik.

Məsələnin əslinə baxanda isə heç bir aktyorun, müğənninin topluma örnək olmaq kimi bir missiyası yoxdur. Aktyorun əsas missiyası cəmiyyətə öz sənəti ilə təsir etməkdir. Müğənninin işi kütlənin musiqi ehtiyacını ödəməkdir. Bu adamların özünü ifadə etməsinin ən doğru yolu məhz sənətidirsə, biz niyə onları efirdə, mətbuatda sosial, iqtisadi ekspert, psixoloq kimi izləməliyik?

Afaqı biz yazı-pozu əhli tamaşaçılardan daha yaxşı tanıdığımız üçün təəccüblənmədik. O, öz Söylü ampluasında idi. Sadəcə bu dəfə özündən asılı olmadan olduğu kimi göründü.

# 5260 dəfə oxunub

Müəllifin son yazıları

# # #