Qələbədən xəbər verən foto

Qələbədən xəbər verən foto
13 oktyabr 2020
# 10:58

Gəncədə raketin düşdüyü evin dağıntıları arasından xilas edilən o uşaq yuxularımı ərşə çəkib. Baxışlarındakı əminliyi, zülmə, ədalətsizliyə meydan oxuyan təbəssümü ilə günün qəhrəmanıdır o uşaq.

O nə qəribə baxışdır, balaca? Sən yumruğun boyda olan ürəyinə bu boyda mərdliyi necə sığdıra bilmisən? İçindəki qorxunu harada gizlətmisən? Bəlkə də hər şeyi bir oyun sanmısan. Silahlar, bombalar, bu vurhavur, qaçhaqaç sənə sadəcə bir oyun kimi gəlib. Çünki müharibə ortasında uşaq olmaq baş verən hər şeyi oyun zənn etmək, eyni zamanda da oyun olmadığını dərk etməkdir.

Sən mənə çox doğmasan. Mənim də şəhərimə bombalar yağanda, gizlənqaç oynadığım küçələrə, ilk addımlarımı atdığım evə düşmən mərmiləri yağış kimi yağanda elə sənin yaşda idim. Gecələr mərmilərdən qaçıb zirzəmiyə enəndə çox sevinirdim. Çünki hamı bir yerdə olurdu, tez-tələsik evdən çıxdığımız üçün ilk vaxtlar təlaşdan azuqə götürmək olmurdu.

Evlərimizi qəfil haqlayan mərmilərdən qaçmaq üçün maksimum 15-20 dəqiqə vaxtımız olurdu. Qış gecələri uzun olurdu. Atışmalar gecə səhərə qədər davam edəndə nənəmin yun jaketinin enli ciblərinə doldurduğu qənd, noğul parçları sevincimə sevinc qatırdı. Tək dərdim müəyyən müddətdən sonra artıq səhərlər də çıxıb çöldə doyunca oynaya bilməmək idi. Çünki müharibənin ortasında uşaq olmaq həm də mərmilərin hara atılacağını vecinə almadan çıxıb çöldə oynamaq istəyidir. Müharibənin ortasında uşaq olmaq hər şeyə deyil, ancaq ən böyük ağrıları hiss edəndə ağlamaqdır. O ağrı nə başında açılan yara, nə dizində iz salan bir çapıqdır. Müharibə meydanında olan uşaqların ən dəhşətli ağrısı atasını, anasını, oyun yoldaşlarını itirməkdir. Sən o gecə ona görə xoşbəxt idin, balaca. O dağıntıların arasından atanla-ananla, sevdiklərinlə birlikdə çıxmışdın. Sən ona görə başında açılan yaranın ağrısını, üzünü isladan qanın istisini hiss etmirdin. Müharibə ortasında uşaq olmaq baş verənlərə görə özünü günahkar saymaqdır həm də. Ananın sözünə baxmadığın günün səhəri şəhərə düşən mərmiləri Allahın səni buna görə cəzalandırması kimi başa düşməkdir.

Ananın sənə tuşlanan baxışlarındakı heyrət dolu sevinci də duydum. Bu baxışlar sutkalarla çəkdiyi can alan ağrılardan sonra dünyaya gətirdiyi körpəyə tuşlanan həmin baxışlardır. O gecə anan sənə, səni yenidən dünyaya gətirmiş kimi baxırdı.

Bilirəm sən də qorxmusan o gecə. O gecə Gəncə atəşə tutulanda bütün Azərbaycan qorxmuşdu. Hamının içini qurd kimi gəmirən o qorxu ilə sənin qədər mərdanə baş edə bilməmişdik. Sən isə üzündən axan qan cığırının arasından boylanan şirin təbəssümünlə məndən böyüksən, balaca. Bu sənin düşmən üzərindəki ilk qələbəndir. Yaşamaq bir az da fırtınalarla, uçqunlarla mübarizə aparmaqdır.

Girdə sifətin, parlaq gözlərin, qisas saçan təbəssümünlə səni Polad Həşimova da bənzətdim bir az. Sən bizə bəlkə də Allahın mesajısan, balaca. Sən bizim qələbəyə əminliyimizin qarantısan.

# 3132 dəfə oxunub

Müəllifin son yazıları

# # #