Qorxudan ölən adam

Qorxudan ölən adam
14 iyul 2015
# 07:30

Türkiyədə komediya aktyoru deyəndə ilk o ağla gəlir. Oynadığı rollarla türk kinosuna yeni nəfəs bəxş edib və Türkiyənin “güldürən adamı” adını qazanıb.

Bu il vəfatının 15 ili tamam olan teatr və film aktyoru Əli Kamal Sunal 1944-cü il 11 noyabrda İstanbulda dünyaya göz açsa da əslən malatyalıdır.

Uşaqlığı

O, atası Mustafa bəy və anası Saimə xanımın üç oğlan övladının ən böyüyüdür. Anası evdar xanım idi. Kamal atasına çox bənzəyirdi. Uşaqlıq illərini Kiçikbazarda keçirən Sunal utancaq və çox zaman ünsiyyətdən qaçan uşaq idi. Sunal məktəbə ilk başladığı gün anası ilə birlikdə gedir. Daha sonra anası həmin gün sinifdəki bütün uşaqların ağladığını, ancaq Kamalın sakitcə onun yanında dayandığını deyirdi.

Sonrakı illərdə də utancaq və hörmətcil biri olan Sunal liseydə oxuduğu illərdə utancaqlığından xilas ola bildi. Liseydə əksinə şən biri kimi tanınırdı. Dostları ilə birlikdə dəcəllik etməkdən vaz keçmirdi. Ancaq sinif nümayəndəsi olduğu üçün hər şeyin həddini bilirdi. Müəllimlərinə qarşı çox hörmətcil və məsafə saxlayan idi.

Özündən kiçik Çingiz və Cəmil adlı iki qardaşı var. Kamal təhsil həyatına Memar Sənan ibtidai məktəbində başlayıb və Vəfa liseyindən məzun olub. Sunal kasıb ailədə böyüsə də xoşbəxt uşaqlıq dövrü keçirib. Mərmərə Universiteti Radio, Televiziya və Kino fakültəsində 12 sentyabr 1980-ci il hadisələri zamanı təhsilini yarıda buraxmaq məcburiyyətində qalıb. Daha sonra təhsilini davam etdirən aktyor 1995-ci ildə fərqlənmə ilə məzun olur. 1964-cü ildə Ankara Bando-Mızıka birliyində əsgərlik çəkib.

Karyerası

Teatra marağı elə məktəb illərindən başlayıb. Onun teatra olan diqqəti fəlsəfə müəllimi Belkis Bakırın da diqqətini çəkib. Bakır, Kamal Sunala professional aktyorluğa başlaması üçün lazım olan adamlarla tanış edə biləcəyini deyib. Ancaq atası Mustafa Sunal oğlunun aktyor olmağına əvvəlcə qarşı idi. Belkis Bakır bir müddət sonra Mustafa Sunalı yola gətirməyi bacardı. Atasının icazəsindən sonra Belkis Bakır onu Kenter Teatrına aparır və Müşfik Kenterlə razılaşır. Sunalın yer aldığı ilk teatr filmi “Dəli İbrahim” idi. Bu oyunda o, cəlladın köməkçisi idi. Sunalın heç bir dialoqu olmasa da tamaşaçını güldürürdü. Daha sonra Sunal Pendik Teatrının qurulacağını öyrənəndən sonra Kenter Teatrından çıxıb. Ancaq teatr çox diqqət görmədiyi üçün qısa müddət sonra bağlanıb. Daha sonra Kamal Sunal “Dəvəquşu Kabare Teatrı”nda çalışmağa başlayır. “Dünən, bu gün” adlı tamaşasında Kamal Sunalın rolundan təsirlənən Münir Özkul yanındakı rejissor Ertem Əyilməzə “Bu uşağa diqqət et, onda çox iş var” deyib. Özkulun tövsiyəsini dinləyən rejissor Kamal Sunalı 1972-ci ildə çəkdiyi “Şirin dillim” filmində aktyor heyətinə qatıb.

Kamal Sunal karyerası haqqında bunları deyirdi: "Necə oldu bilmirəm, mən özümü həqiqi səhnədə tamaşaçıların arasında tapdım. Teatrdakı ilk rolum çox qısa idi. Ən uzağı üç dəqiqə səhnədə qaldım. Nəsə demədim hətta. Səhnənin bir ucundan girib o biri ucundan çıxırdım. Nə etdiyimi də xatırlamıram, amma tamaşaçı qəhqəhəyə boğulurdu. Bu da mənim xoşuma gəlirdi. O gün bu gündür insanları güldürməyi sevirəm”.

Türk kinosunda “İnək Şaban” rolu da daxil olmaqla, bir çox rolları ilə insanların ürəyinə yol tapan Kamal hər kəsin sevgisini qazanmışdı. “İnək Şaban”ın sevilməsi ilə birlikdə Kamal Sunal, bir çox filmdə "Şaban" adlı xarakteri canlandırıb. Hətta aktyor öz adından çox, Şaban adı ilə tanınır. 1977-ci ildə Sunal Antalya Film Festivalında “Ən yaxşı kişi aktyor” adını qazanıb. 1990-cı illərdən etibarən filmləri davamlı olaraq televiziyalarda nümayiş olunmağa başlayıb, amma özü bu nümayişlərdən maddi qazanc əldə etməyib.

Kamal Sunal, həm üzünün quruluşu, həm də mimika və jestləri ilə fransız komediya aktyoru və müğənni Fernandelə bənzəyirdi. Fernandel 1930-cu illərdən 1960-cı illərə qədər eynilə onun kimi saysız komediya filmində rol alıb. Sunal müsahibələrinin birində onun haqqında “at sifətli” kimi bənzətmələr belə edildiyini, amma ən çox “Fernandel”ə bənzədilməyindən xoşlandığını deyib.

Şəxsi həyatı

Kamal Sunal 1974-cü ildə Gül Sunalla ailə həyatı qurub. Bu evlilikdən onların Əli adlı oğlu və Ezo adlı qızı var. Filmlərində nümayiş etdirdiyi müvəffəqiyyətli evliliyi şəxsi həyatında da yaşayan Sunalın xoşbəxtliyi həyatının sonuna qədər davam edib.

Tanışlıqları haqqında danışan Gül deyirdi: “O səhnədə idi, mən tamaşaçılar arasında. Hovuz səhnəsi var idi. Kamal hovuza girir, gözətçi gəlir, o da paltarları qucağında dayanır. Orada göz-gözə gəldik. Sonra iki il yarım məktublaşdıq, bir-birimizi sevdik və daha sonra evləndik”.

Gül Sunal Kamal haqqında bunları deyir: “Sakitliyi, etibarlılığı, gözləri, hər mövzuda dürüstlüyü – bunları çox sevirdim. Ağzından çıxan hər şeyin doğru olduğu qəti idi. Sosial şəbəkədə bir nəfər Kamal haqqında mənə yazmışdı: “Hamımız doğru adamı sevmişik, Gül abla”. Çox gözəl söz idi bu. Kamal hər axşam 20.30-da evdə olurdu. Hamı düşünürdü ki, bunu mən tələb edirəm. Ancaq o, özü yeməyi evdə yemək istəyirdi. O, gələndə süfrə hazır olurdu, axşam mütləq bir qonağımız olurdu. Evdən kənarda yeməyi heç sevmirdi. Hətta səyahətə gedəndə avtomobilin baqajını günlərə görə yeməklə doldurardıq, şirniyyatı da evdən götürərdik. Yəni yemək mütləq evdən getməliydi.

Həyatını çox gözəl yaşadı, özünü heç zaman alçaltmadı, ucuzlaşdırmadı. Ona verilən şansı hər kəslə paylaşdı. Çoxlarını oxudub, kömək edib, xəstələrə yardımı olub, amma bunların heç birini heç kimə deməyib, biz də sonradan öyrəndik. Mənim ailəmə də, öz ailəsinə də çox kömək edib, amma bunları heç zaman dilinə gətirməyib. Bunu bacarmaq çətindir. Filmlərinə qarşı çox həssas idi, özü də izləyirdi. Çox ciddi, sanki nəfəs almadan baxırdı və heç kimə icazə verməzdi ki, filmləri haqda artıq-əskik söz danışsın. Türkiyənin çox sevdiyi və güldüyü adamdı. Çox diqqət görürdü. Onunla şəkil çəkdirənlər, qoluna girənlər, öpənlər, imza alanlar hədsiz dərəcədə çox idi. İnsanlar o qədər diqqət göstərirdi ki, ona hətta yan-yana yol gedə bilmirdik. O da gülüb “Bu insanlar məni necə sevir” deyirdi. Divana uzanıb televiziyaya baxmağını, o müddətdə mənimlə, uşaqlarımızla söhbət etməyini, məndən çay istəməyini, üzərinə adyal atmağımı gözləməyi üçün çox darıxıram. Bəlkə birlikdə yaşamağımız qısa oldu, amma onunla neçə il yaşadımsa hər zaman məni və uşaqlarını xoşbəxt etdi”.

Qeyd edək ki, Gül Sunal Kamal Sunalın ölümündən sonra həyatları, yaşadıqları haqqında “Kamal, gəl bir qəhvə içək” adlı kitab yazıb.

Ölümü

Sunal rol aldığı filmlərdə əsasən sadəlövh, şanslı, gözəl ürəkli xarakterləri canlandırırdı. Filmləri bu gün eyni diqqətlə, maraqla izlənir. Kamal karyerası boyunca 82 filmdə rol alıb. “Şirin dillim” (1972) ilk, “Propaqanda” (1999) son rol aldığı film olub. Kamal Sunalın həyatı boyunca ən böyük qorxusu təyyarəyə minmək idi. Buna görə heç zaman təyyarəyə minmirdi. 3 iyul 2000-ci ildə Necati xarakterini canlandıracağı “Balalayka” filminin çəkilişi ilə bağlı Trabzona getmək üçün təyyarəyə minib. Ancaq təyyarə göyə qalxmadan öncə infarkt keçirən 56 yaşlı əfsanəvi aktyor vəfat edib. Kamal Sunal İstanbuldakı Zincirliquyu qəbiristanlığında böyük izdihamla dəfn edilib.

2009-cu ildə Kamal Sunal ilə xatirələrindən bəhs edən məşhur aktyor Zəki Alasya onun qorxularının infarkt keçirməsi üçün əhəmiyyətli faktor olduğunu ifadə edib.

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #