Kulisin “Yeməli söhbət” layihəsinin qonağı “Azad Azərbaycan Televiziyası”nın “Turne” verilişinin aparıcısı Mirsəməd Cəfərlidir. Mirsəməd müəllimlə Elmlər Akademiyası metrostansiyasının çıxışı ilə üzbəüz “Künefe Evi”ndə görüşüb, söhbətləşdik.
- Siz “Turne” verilişindən əvvəl xarici ölkələrdə xüsusi müxbir kimi çalışmısız. İşlədiyiniz xarici ölkələrin mətbəxi haqqında məlumat verərdiz.
- Xüsusi müxbir kimi Latviyada işləmişəm. Latviya mətbəxi Baltik dənizinin ənənələrini yaşadır. Onların mətbəxində əsas dəniz məhsulları, kartof, ət üstünlük təşkil edir.
Mən həmçinin Dubayda da xüsusi müxbir kimi çalışmışam. Oranın mətbəxi çox qarışıqdır və üstünlük “fast-food”a verilir. Yaxın Şərqin, Qafqazın mətbəxi orda qarışıqdır. Dubay çox zəngin bir yerdir. Orda bütün dünyanın mətbəxini əhatə edən restoranlar var. Dubay haqda deyirlər ki, elə bir yerdir ki, orda istənilən yeməyi tapmaq olar. Çünki xalqların sayı da çoxdur.
Mən yemək cəhətdən kaprizli deyiləm. Ona görə, istəyirəm ki, getdiyim bütün yerlərdə yeməklərin dadına baxım. Hətta olub ki, səfər yoldaşlarım deyib ki, sən bunu necə yedin? Onlar həmin yeməyi yemək bir yana dursun, onun görünüşündən iyrənirdilər.
- Ümumiyyətlə, yeyə bilmədiyiniz yemək olub?
- Vyetnamda bir şəhərdən digərinə gedirdik. Xeyli acmışdıq. Yol qırağında dönər satılan yer gördük. Satıcıya dedim ki, bizə dönər düzəldin. Birdən ürəyimə damdı ki, bunlar it əti də yeyirlər. Satıcıdan soruşdum ki, bu it ətidir? Cavabında sevinə-sevinə dedi ki, bəli, əla itdir. Həmin yerdən çörək alıb getdik. Bu bizi həqiqətən heyrətə gətirdi.
Taylandda qurbağadan hazırlanmış yeməklər çox geniş yayılıb. Mən qurbağa ətinin dadına baxmışam. O ətə o qədər ədviyyat qatmışdılar ki, toyuq ətinin dadını verirdi.
Yadıma düşmüşkən, sizə bir şey danışım. Argentinada Pataqoniya şəhərinə getmişdik. Orda qoyunçuluq yüksək səviyyədə inkişaf edib. Bütöv bir qoyunu soyub daha sonra onu xaçın üstündən asır, yanında ocaq qalayırlar və cağın istisi əti 3-4 saata bişirir. Argentinalılar bu yeməyi öz milli yeməyi kimi qələmə verilər. Bizim kababımız ondan qat-qat üstündür.
- Neçə xarici ölkədə olmusuz?
- 50-yə yaxın ölkədə olmuşam. Çalışıram ki, bir ölkədən bir neçə veriliş hazırlayım. Təxminən bir il ərzində 10 ölkədə oluram. Bu yaxınlarda Ukraynada idim. Oradan sərhədi keçdim Polşaya və çəkilişlər elədim.
- Getdiyiniz ölkələrdə sizi təəccübləndirən spirtli içkilər görmüsüz?
- Vyetnamda elə içkilər var ki, onların içində ilan var. Orda deyirlər ki, bu içkilər kişilərin qüvvətini artırmaq üçündür. Sloveniyada, daha dəqiqi Mehdi Hüseynzadənin qəbri olan bölgədə çəkilmə arağa xüsusi həvəs var.
Tayvanda düyü arağı var. Gürcüstan çaxırları ilə məşhurdur. Ora gələn qonaqlara aeroportda çaxır bağışlayırlar. Bu da qonaqpərvərliyin xüsusi növüdür.
- Elə bölgə var ki, ora getməyə qorxursuz?
- Məsələn, məni Əfqanıstana çağırsalar da getmərəm. Çünki mənim verilişim ekstremal jurnalistika növü deyil. Sakitliyi sevən verilişdir. Orda istədiklərimi görməyəcəm.
- Hansı ölkədən xoşunuz gəlir?
- Arzuladığım ölkə Sinqapurdur. Orada ideal qanunlar var və o qanunlara ciddi nəzarət edilir. Sinqapurda cərimələr çox yüksəkdir. Ona görə, də şəhər hədsiz təmizdir və olduqca mədənidir. Bəlkə də bu sadaladıqlarım o ölkənin balaca olmasından irəli gəlir. Yəni balaca ölkədə belə işləri yaratmaq asan olur.
- Bir az əvvəl 50-yə yaxın ölkədə olduğunuzu dediniz. Həmin ölkələrdə toylar necə olur?
- Ərəb Əmirliyində imkanı zəif olan adamlara şeyx toy edir. Mən o vaxt orda işləyəndə bizi belə bir toya çağırdılar. Həmin toyda 48 bəy və mindən artıq qonaq var idi. Orda qoyunu bütöv süfrəyə verirlər. Amma heç bir ölkədə bizim qədər yeməkdə ifrata varmırlar.
- Getdiyiniz ölkələrin içində bəyənmədiyiniz hansı ölkə olub?
- Küveyt. Balaca ölkədir, azadlıq yoxdur. Qətərdə olmuşam. Onlar inkişafa meyllidir. Amma Küveytə baxıram ki, bunlar heç inkişafa meyl etmirlər. Necədirlərsə, elə də qalmaq istəyirlər. Elə neftdən pul gəlir və o pulu da oturub yeyirlər.
- Xaricilər bizim ölkənin turizmi haqqında nə fikirləşir?
- Ərəb ölkələrində maraqlanırlar. Məsələn soruşurlar ki, sizdə ətin halal olduğuna necə əməl etmək olar, yaxud ailə ilə dincəlməyə xüsusi yerlər var? Düzdü, tərifləyirik, amma elə xüsusi nüanslar var ki, onlar çatmır. Bunlar xırda şeylərdir, amma onlar üçün çox vacibdir. Sizə bir nüans deyim. Bizdə aeroportda Bakının xəritəsini qoymurlar. Amma xarici ölkələrdə pulsuz xəritələr var. Əvvəllər Bakıda aeroporta avtobuslar işləmirdi. Son vaxtlar düzəlib. Vizalar bir az sadələşməlidir. Bizdə qiymətlər çox bahadır. Rəqabətə davamlı deyil. Biz nəinki xarici turistləri, heç özümüzünküləri cəlb edə bilmirik. Ucuz otellər, hostellər tikilməlidir.
Bilirsiz ki, xaricdə gənclər var, onlar çantalarını bellərinə taxıb, avtostopla ölkələri gəzib, ucuz otellərdə qalıb səyahət edirlər. Amma Bakıda bu cür gəncləri görmürük. Çünki hədsiz bahalıqdı.
- Bir az da özünüzdən danışaq. Yəni tələbəlik illərinizdən. Tələbə vaxt yemək məsələsini necə həll edirdiz?
- Mən Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində yeməklə bağlı problemim yox idi. Çünki Bakıda yaşayırdıq. Amma bizim tələbəlik illərimiz çətin vaxta düşüb. Hesab edin ki, Sovet dövründə daxil olduq, amma müstəqillik dövründə bitirdik. O vaxt dərs sentyabrda başlamalıydı, amma oktyabrda başlayırdı. Çoxlu mitinqlər keçirilirdi. Yəni bizim təhsil almağımız üçün imkanlar az idi.
Birinci kursun sonunda imtahanlar vaxtı, atama dedim ki, gedim uşaqlarla yataqxanada qalım və imtahanlara bir yerdə hazırlaşaq. Atam icazə verdi. Cavanlıq idi. Özünüz başa düşürsüz. Bir dəfə atam günorta vaxtı qəfildən yataqxanaya gəldi. Mən atamı qarşılayacaq halda deyildim. Birtəhər özümü qaydaya salıb atamı qarşıladım. Atam başa düşdü ki, biz burda oxumaqdan əlavə başqa işlərlə məşğuluq və ona görə, də məni ordan uzaqlaşdırdı.
- Özünüz nə bişirirsiz?
- Külləmə kartof, yumurtanın müxtəlif növlərini bişirirəm. Belçikada yaşayan yoldaşımla “MSN Messenger”lə danışıb ondan toyuğun bişirilmə qaydasını soruşub bişirmişdim. Bir dəfə Brüsseldə ürəyim şorba istədi. Orda türklərin kafeləri var. Şorba 3 avro idi. Maşını səhv yerdə saxlamışdım. O yer Rusiya səfirliyinə məxsus idi. Gəlib gördüm maşınımı evakuatorla aparmaq istəyirlər. Birtəhər həmin rus diplomata izah elədim ki, bəs biz dost xalqlarıq. Belə olmaz. O da hörmət elədi və maşını evakuatorla aparmadılar. Amma cəriməni yazdılar. Cərimə də 100 avro. Demək bir mərci mənə 103 avroya başa gəldi.
- Bizim restoranlarımızla aranız necədir?
- Çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda restoranlarda hələ menyu mədəniyyəti tam formalaşmayıb. Birinci menyudan başlamaq lazımdır. Bakıda bəzən menyunu sənə ofisiant deyir.
Fransada elə restoran var ki, orda bir yemək 125 avrodur. Həmin restoran 1723-cü ildən fəaliyyət göstərirdi. Vyetnamda restoranlarda qiymət çox ucuzdur. Orda yarım dollara suplar var.
İspaniyada, Finladiyada ofisianatlar orta yaşdan yuxarı şəxslərdir. Orda çəngəli qoymaqdan bilirlər ki, sən bu yeməkdən razı qalmısan, yoxsa yox. Onlar çox peşəkardırlar. Mən xarici qonaqları burda restorana aparanda bizim yeməklərimizi çox bəyəndilər.