Aqil M. Quliyev: “Heroinə dəb xatirinə uydum”

Aqil M. Quliyev: “Heroinə dəb xatirinə uydum”
19 dekabr 2015
# 09:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı tanınmış rejissor Aqil M.Quliyevdir. Aqil müəllimlə Əziz Əliyev, 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşüb söhbətləşdik.

- Aqil müəllim, işlərinizdə nə yenilik var?

- Şükür, şükür, şükür. Üzərində beş ildir işlədiyim “Şaman” filmini fevral-mart aylarında Azərbaycan bazarına çıxaracağıq. Daha sonra gələn il teatrda bir tamaşaya quruluş vermək istəyirəm. Hazırda hər iki layihə ilə bağlı işlər gedir. Xırda işləri demirəm. Reklam anonim sənətdir. Biz həmişə reklam üzərində işləmişik. Sizə deyim ki, reklam bizə sənətlə məşğul olmağa imkan verir.

- Bu gün Azərbaycanda yeni filmlər çəkilir və buna müəyyən qədər maraq var. Siz bu filmləri necə qiymətləndirirsiniz?

- Bilirsiniz, baş vermiş hadisələr haqqında danışanda bir şeyi nəzər’ almaq lazımdır ki, bu artıq baş vermiş faktdır. Bu faktlar məni bir tərəfdən sevindirir, digər tərəfdən kədərləndirir. Kədərləndirən odur ki, meydana gəlmiş müstəqil bazar bir çox hallarda “sel gələndə əvvəlcə çör-çöp gətirir” misalına bənzəyir. Təbii ki, biz nə qədər uğursuz iş görəcəyik. O da bu sahəyə qatılan uşaqların peşəkar olmamasından irəli gəlir. Yəni kino biznes kimi yaradılıb. Kino tarixini bilmək lazımdır. Kino bir istehsalatdır. Bu rəsm əsəri, musiqi deyil. Kinoda bir fikri həyata keçirmək üçün sənə 30-40 nəfər heyət, avadanlıq və digər şeylər lazım olur. Sonda isə sən sözünü aktyorların dili ilə deyirsən.

Müsbət tərəfi odur ki, yeni bir biznes sahəsi əmələ gəlib. Bu sahədə də biznes baxımından uğurlu hallar baş verir. Kimin işini uğurlu saymışamsa, təbrik eləmişəm, kim ki sayıb dəvət edib, dəvətini qəbul edib təqdimata getmişəm. Mən fikirləşirəm ki, bu müstəqil bazar beş ilə elə bir vəziyyətə gəlib çıxacaq ki, hansısa iş adamları bu işə qarışacaq. Bu bazarda 100 min manat qoyub, 200 min manat götürəcək. Bu özü də çox gözəl rəqəmdir. Halallıqla bu pulu qazanmaq çətindir. Ümumiyyətlə, dünyada vəziyyət bir o qədər də yaxşı deyil. Böhran gəlib bizi də tapdı.

- Siz “Bəyaz Həyat” serialında polis rolunu canlandırırdınız. Bu polis filmdə narkotik istifadəçisidir. Buna görə problem olmadı?

- Bu bədii bir əsərdir. Bədii əsərdə aktyor “adamyeyən” rolunda, “manyak” rolunda oynaya bilər. O filmdən sonra polis işçiləri yaxınlaşıb minnətdarlıqlarını bildirirdilər. Çünki müasir Azərbaycanın real bir personajı meydana gəlmişdi. Həmin rol çox uğurlu alındı. Əslində mənə ulduzluq həmin obrazla gəldi. Canini tuta biləcək bir insan hardasa o caninin düşüncə tərzini başa düşməlidir. Ən güclü operativ işçilər, əslində, ola bilsin ki, “manyak”la eyni düşünə biləcək insanlardır. Bu günə qədər deyirlər ki, Aqil narkomandır. Sadəcə bu problem var. Halbuki o kadrda bizim istifadə elədiyimiz həmin maddəni normal insan burnuna “dartmaz”. O maddə şəkər tozu ilə əzilmiş baralgindir.

- Siz 36 günlük həbs həyatı yaşamısız. O günlərdən nəsə öyrəndiniz?

- 30 gün tək qaldım. Sıxılmadım. Mən tək yaşamağa alışmışam. Altı gün 3 nəfərlə bir kamerada qaldım. Bunlar mənim üçün həyat təcrübəsi oldu. Həyatın bu üzü də var, o biri üzü də. Mənim taleyim əslində çox maraqlı və rəngarəngdir. Sizə bir şey deyim, bunu çox adam bilmir:

Məni institutdan 1993-cü ildə sənətə uyğun gəlmədiyimə görə qovublar. Bu, indi camaata gülməli gələr. İyirmi bir yaşım var idi, bizə tapşırmışdılar ki, səhnəyə milli əsər qoyaq. O vaxt respublikanın ağır günləri idi. Biz də 1990-cı ildə ilk dəfə açılmış kinorejissorluq fakültəsinə daxil olmuşduq. O fakültə o vaxta qədər Moskvada idi. Bizə deyirdilər ki, sizin kurs işlərinizi çəkmək üçün kafedrada pul yoxdur. Ona görə siz kinodan əl çəkin, pyeslərdən fraqment götürüb səhnələşdirin. Təbii ki, bu hardasa bizdə bir üsyan yaradırdı.

1993-cü ildə mən Kukla Teatrının o vaxtkı rəhbərliyi ilə danışıb İngiltərə dramaturqunun “Yol ərəfəsində” pyesini səhnələşdirdim. Həmin tamaşanı iki nəfər aktyorla oynadım. Komissiya “4” yazdı, kafedra “2”. O vaxt milliyyətçi hisslər Azərbaycanda qalxmışdı. Azərbaycan dramaturqunun yox, ingilis dramaturqunun əsərini qoymaq bizim kafedra tərəfindən cinayət kimi qəbul olunurdu. Həmin o kafedra idi ki, orda kommunistlər oturmuşdu. Ondan qabaq rus əsərlərini rahat səhnəyə qoyurdular. Birdən-birə içlərində milliyyətçilik oyandı. Məndə bunlara qarşı bir üsyan var idi. Mən demək olar ki, karyeramı teatr əsəri ilə başlamışam.

- Siz bir vaxtlar nakotikdən istifadə etmisiniz. Amma müəyyən müddətdən sonra bu vərdişinizdən əl çəkmisiniz. Bunu necə bacardınız?

- Gərək ya özünə hörmət qoyasan, ya da qoymayasan. Heroin insanın bədəninə yol tapır və yavaş-yavaş insanın şəxsiyyətini dağıdır. Yaxşı oğlan olur pis oğlan. Stulda oturanda görürsən ki, birdən telefonunu götürə bilər. O insana sən necə hörmət edə bilərsən? Evdən nəsə oğurlama halları olur. Şükür Allaha, mən bu qədər dərinə getməmişdim. Biz daha çox dəbə uyduq. Bu bəlanın fəsadlarını indi Azərbaycan cəmiyyəti bilir. O vaxt bunu heç həkimlər də bilmirdi. Hollivud filmlərində hansısa personajlarda görmüşdük. Bizim nəslin 1968-1974-cü illərin uşaqlarının bəziləri buna qurban getdi. İnsan iradəsi hər şeyə qalib gəlir. İnsan özünə hörmət qoyursa, bunu atmağı bacarır. İnsanlar ən çox fiziki ağrılardan qorxurlar. Amma onu keçirməyi insan bacarır. İndi gözəl klinikalar, anonim dispanserlər bu bəladan qurtulmağa kömək edir. Narkotikdən uzaq durmaq üçün bunu insan yalnız özü istəməlidir. Başqa cür mümkün deyil.

- Sizinlə bir dövrdə İncəsənət İnstitutunda Azər Axşam da təhsil alıb. O necə tələbə idi?

- Bizimlə bir dövrdə Azər Axşam da, Toppuş bacı da, Rəfael-Coşqun da oxuyub. Azər çox perspektivli tələbə idi. İkinci kursda oxuyanda kimin nə olacağı bilinirdi. Azər də o tələbə idi ki, bilirdik o aktyor olacaq. Mən birinci dəfə səhnə qoyanda Azər oynamışdı. Səhv etmirəmsə, Azərin birinci rolu o idi.

- Amma Azər Axşam müsahibələrinin birində belə bir fikri işlədib: “Aqil bir az ipinin üstünə odun yığılası deyildi. Hərdən olurdu, səni yarı yolda qoya bilirdi. Mənimlə bağlı olmayıb. Amma başqa adamlardan o vəziyyətləri eşidirdim. Yəni Aqil söz verdi, gəlmədi, ya söz verdi, etmədi. Ancaq şükürlər olsun, mənimlə bağlı olmayıb.” Bu fikrə münasibətiniz necədir?

- Başa düşmədim söhbət nədən gedir. Biz Azərlə yoldaş olmamışıq. Biz nadinc və xuliqan olmuşuq. İnstitutda bir xuliqan qrup var idi. Mən də o qrupun üzvü idim. Amma yenə də başa düşmədim Azərin fikrini. Tarix hər şeyi öz yerinə qoyacaq.

- Tələbəlik...

- Bizim tələbəlik illərimiz çox dəyişkən bir dövrə düşdü. 1990-1996-cı illər. Mən bir il də kursda qalmışam. Altı il oxumuşam. Oxumaq deməzdim. 3 il gedib-gəlmişəm. Daha sonra Ayaz Salayevin ”Yarasa” filminin çəkilişində təcrübə keçdim. Ayaz Salayev bizə həm də kino tarixindən dərs deyirdi. Bizim tələbəlik illərimiz çox maraqlı keçib. Dəyişən dövr idi. Biz tamamilə başqa dövlətdə böyüdük, sonra tamam başqa bir dövlətə keçdik. Sərhədləri Polşadan Yaponiyaya qədər olan dövlətin vətəndaşı birdən-birə olur balaca bir dövlətin vətəndaşı. O vaxt çox uşaq sənətdən getdi. Onda bizim institutun qarşısında “Malakan bağı” yerləşirdi. Orda güclü valyuta alveri gedirdi. Bizsə 50 metr bu yanda kinorejissorluq öyrənirdik. Bu dövrdə çox insan özünü itirdi.

- Tələbə ikən maddi vəziyyətiniz necə idi?

- Normal. Tələbəlik dövrü insanın o yaşına düşür ki, ana-ata çalışır, ailənin gündəlik çörəyini düşünmürsən. Mənim atam “Taksi parkında” istismar şöbəsinin rəisi idi. Tələbə vaxtı pul ehtiyacım olmayıb. Bundan əlavə, mən 17 yaşımdan kinostudiyada işləyirdim. O vaxtlar film hər dəfə ad alanda mükafatlar yazılırdı. Ordan da pul qalırdı. Hardasa 272 rubl. Hesabınızı tutun ki, o vaxt 25 rubla üç nəfər oturub yeyib-içə bilirdik. Əlimə təqaüd düşən kimi gedib kitabxanadan yeni kitablar alırdım. Onda biz kitab üçün şəhərin bu başından o başına gedirdik. Mən kitabxanaların birindən Bekketin “Qodo həsrətində” pyesini jurnaldan kəsdim. Həmin hissəni kitabxanadan şalvarımda çıxartdım. Bu, əslində cinayət idi. Amma o kitab məndən başqa heç kimə lazım deyildi.

- O illərin kafeləri hansı idi?

- Şəhərdə 3-4 məşhur kafe var idi. Bizim institutun yanında 2-3 obyekt var idi. Biri əfsanəvi “peraşkovi” idi. Nə vaxtsa orda peraşki satılmışdı və adı elə qalmışdı. O kafedə plastik stəkanlarda kofe, konyak içirdik. O illərdə oturub 50 qram konyak içdinsə və bir siqaret çəkdinsə, özünü kişi hiss edirdin. Sonra Hökumət Evinin arxasında “Rəssam barı” var idi.

- Hansı yeməkləri sevirsiz?

- Sulu xörəkləri çox sevirəm. Uşaq vaxtı çox yemirdim. Amma son illər sulu xörəyə üstünlük verirəm. Buna piti, buğlama və şorbalar aiddir. Həkimlər deyir ki, ət ziyandır. İndi pəhrizdəyəm. Amma həftədə bir-iki dəfə yeyirəm. Uşaqlıqdan belə öyrədiblər.

- Yaxşı bişirdiyiniz yemək var?

- Qayğanağı bir neçə növdə bişirə bilirəm. Spagetti də bişirə bildiyim yeməklər sırasına daxildir. Mən uzun illər tək yaşamışam. Ona görə öyrənmişəm. Məncə bunlar kişi üçün bəs edir.

- Kababla aranız necədir?

- Aram yoxdur. Hərdən yadıma düşür. Çox sevdiyim yemək deyil. Əvvəla, onu hər yerdə yaxşı bişirmirlər. Kabab bişirmək bir az qəliz məsələdir.

- Spirtli içkilərlə aranız necədir?

- Normal. Yəni mən içə bilirəm. Sovet vaxtında böyüyən uşaqlarda içməyi öyrənmək kişilik imtahanı idi. İçməyin də vaxtı var. Yayda oturub arağı ”mıxlayasan”, bunun yeri yoxdur. Hardasa soyuq havada, dağda yeri var, o da 150-200 qram. Ondan artıq, onsuz da, zibildir. Cinayət işlərinin çoxu içkili vəziyyətdə olur. Heç vaxt tək içmirəm.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Var. Amma onu deməyin mənası yoxdur. Çünki kimsə deyə bilər ki, aha, mən onun yadındayam. Nəinki yemək, həm də parfüm. Parfüm çox incə bir şeydir. Hərdən küçədən keçirsən və hansısa bir qadının ətrinin iyi qalır havada, bir anlıq beyinə siqnal gedir və elə bir şey yadına düşür ki... Onun təsiri daha güclüdür. Mən yeməyə qarşı kaprizli deyiləm. Qardaşım anama həmişə yemək sifariş verir. Amma mən Allahın verdiyindən yeyirəm.

- Yeməyi üçün darıxdığınız adam var?

- Mən hələ anamdan yaxşı yemək bişirən adam görməmişəm. Ona görə yox ki, anamdır. Anam, doğrudan da, mətbəxdə “master aikidodu”. Anam hər şeyi bişirə bilir. İstər şorba, istər quru yeməklər. Azərbaycan mətbəxindən söhbət gedirsə, burda birinci anamın yeməyidir.

- Yemək üçün hansısa bir rayona getmisiniz?

- Yox. Məni elə şeylə yoldan çıxartmaq mümkün deyil. Təbiətinə, mənzərəsinə görə harasa gedərəm. Elə vaxt olub ki, bir yerə getmişik və gecə olub, özümüzlə apardığımız yeməyi yemişik.

- Evin bazarlığını siz edirsiniz?

- Xeyr. Anam edir. Amma bazarlıq etməyi bacarıram. Bircə ət almaqdan başım çıxmır.

- Restoranlarda xidmət səviyyəsi sizi qane edir?

- Varlı-kasıb məsələsi neçə min illiklərdir ki, var və belə də olacaq. İnsan halal yolla pul qazanmaq istəyirsə, ona hörmət qoyulmalıdır. Bizim ofisiantlar elə qulluq edir ki, elə bil, güllə altında işləyir. Təbii ki, sən bu mənzərədə istirahət edə bilməyəcəksən. Türklər, görürsünüz, bu sahəni necə bilir? Ofisiant o demək deyil ki, o, səndən aşağıdadır. Bu, sadəcə onun işidir və o, işi yaxşı görməlidir. Bizdə ofisiant işləyənlərin 20-30 faizi öz işindən zövq alır. Belə ofisianta hesabdan əlavə hörmət də edirsən. Bu cür ofisiantlar mənim gözümdə böyüyür. Bu, bizim dərin komplekslərimizdən irəli gəlir. Mən hər bir peşədən zövq alınan Azərbaycan görmək istəyirəm. Bu zövq olmasa, iş yarımçıq qalır. Məsələn, Qəbələ tərəflərdə uşaqlar bu işə alışıblar və çox da rahat işləyirlər.

- Əvvəllər ətrafınızda sizə diqqət edən xanımlar olub. O diqqət yenə qalıb?

- Desəydim, qalmayıb, yalançı çıxardım. Təbii ki, var.

- Amma deyəsən bir az azalıb. Yaş ötür, ya necə?

- Məncə yaş. Məni sevən cavan qızlar bu saat anadır. Hamısı olmasa da, çoxu ailə qurub. İndi artıq ikinci nəsil “fan klub” yığılır. Bu, gəlib-gedən şeydir. Ona görə mən xoşbəxtəm, çünki mənim seçdiyim sənət elə bir sənətdir ki, illər keçdikcə daha çox rəndələnir. Rejissorluq beyinlə bağlı bir sənətdir. Aktyor bir az yaşa dolanda fərqlənir, müğənninin səsi gedə bilər. Rejissor elədir ki, 40 yaşdan sonra rejissor olur.

- Sonuncu sualı verim. 90-ların pərəstişkarları sizi qane edirdi, yoxsa indikilər?

- Təbii ki, ovaxtkı pərəstişkarlar. O vaxtın tərbiyəsi başqa idi. Xırda bir misal deyim. “Siz” lə “sən” fərqli idi. O zaman nadir hallarda birbaşa “sən” deyə müraciət edirdilər. Amma indi oğlum, qızım yaşda olan adamlar birbaşa sənlə danışırlar. Deyə bilmirsən ki, a bala, mən institutu qurtaranda sən yox idin. Bu xoşuma gəlmir.

# 4921 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #