“Adın deməyəcəm, bir heyvana güllə atmışdım”

“Adın deməyəcəm,  bir heyvana güllə atmışdım”
31 may 2014
# 08:00

Həmişə APA-ya zəng vurub monitorinq keçirdiyi təcridxanalardan xəbər deyir. Onu yalnız bu ampluada görürük. Amma müsahibimizin bizim layihə üçün kifayət qədər maraqlı adam olduğunu fikirləşdim.

Elçin Behbudovla Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə "Yeməli Söhbət" etdik.

Hər ikimiz meyvə şirəsi sifariş etdik.

- Elçin müəllim, yeməyə münasibətiniz necədir?

- Yaxşı, dadlı yeməkləri sevirəm.

- Sevdiyiniz yemək hansıdır?

- Yarpaq dolması, fisincan plov, dovğanı xoşlayıram.

- Özünüz nə bişirisiz? (Gülür).

- Özüm açığını desəm qayğanaqdan başqa heç nə bişirə bilmirəm.

- Bizim mətbəxlə xarici mətbəxin arasında nə fərq var?

- Allah sizə də qismət eləsin, 2006-cı ildə Həcc ziyarətində olmuşam. Əlbəttə ki, xarici dövlətlərə gedəndə yeməyimə fikir verirəm. Çalışıram ki, yediklərim haram nemətlərdən hazırlanmasın. Ümumiyyətlə xarici mətbəxi sevmirəm.

- Həcc ziyarətində nə yeyirdiz?

- Orda ancaq halal yeməklər yeyirdik. Yəni burdakı yeməklərlə o qədər də fərqlənmirdi.

- Azərbaycanın hansı regionun yeməklərin bəyənirsiz?

- Azərbaycan böyük dövlətdir. Yəni Qarabağ zonası quzu kababı ilə, Lənkəran ləvəngisi ilə, Salyan, Neftçala balığı ilə məşhurdur. Mən mütəmadi bölgələrdə monitorinqlərdə olduğuma görə, hər bölgənin yeməklərini yeyirəm. Amma Qarabağ zonasının mətbəxini sevirəm.

- Monitorinq keçirdiyiniz istintaq təcridxanalarında saxlanılan şəxslər nə yeyir?

- Mənim rəhbərlik etdiyim İşgəncələrə Qarşı Azərbaycan Komitəsi dövlətimizin güc strukturları ilə sıx əməkdaşlıq edir. Komitə Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin saxlanma yerlərində tam şəffaflıq təmin edilməklə mütəmadi, qabaqcadan deyilməməklə monitorinq aparır. Bu yaxınlarda yeməklə əlaqədar Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlanma məntəqəsində monitorinq apardım. Məntəqədə saxlanılan şəxslərə kartof püresi, makaron, qarabaşaq , kotlet, dovğa, feyxoa kompotu verirdilər. Saxlanılan şəxslər sadaladığım yeməklərin hansından istəsələr yeyə bilərlər. Mənə Daxili İşlər Nazirliyindən dedilər ki, nazirliyin yeməkxanasında işçilər üçün hazırlanan yeməklər həmin təcridxanaya da göndərilir. Yəni nazirliyin yeməkxanasında bişirilən yeməklə, təqsirləndirilən şəxslərə verilən yeməklər eynidir.

- Siz monitorinq zamanı həmin yeməklərdən yeyirsiz?

- Yox, yemirəm. Amma həmin yeməklərin dadına baxıram.

- Ovla aranız necədi?

- Özüm ovçuyam. Hər insanın bir hobbisi var. Mənim də hobbim ovdur. Ovu sevirəm. Sənədi olan tüfəngim var. Qış aylarında tez-tez ova gedirəm. Çox sərrast güllə atıram. Xüsusi xidmət orqanlarında işləyəndə silah-sursat üzrə gənc kadrlara dərs keçirdim.

Gənc vaxtlarımda peşəkar idmançı olmuşam. 1977-ci ildə sərbəst və klassik güləş üzrə iki dəfə SSRİ çempionu olmuşam. Dövlət Təhlükəsizlik orqanlarında işləyəndə əlbəyaxa döyüş üzrə təlimatçı kimi işləmişəm.

- Ovladığınız ovlardan sizi peşman edən olub?

- Adın deməyəcəm, bir heyvana güllə atmışdım. Axşam həmin heyvan yuxuma girib mənə dedi ki, ay Elçin, mənə niyə güllə atdın? O vaxtdan həmin heyvana güllə atmıram.

- Təhlükəsizlik orqanlarında işlədiyiniz vaxt, yaxud da hüquq müdafiəçisi olduğunuz vaxt sizi təəccübləndirən hansı cinayət olub?

- Mənim təcrübəmdə ən ağır cinayətlər Hacı Məmmədovun elədikləri olub. Hacı Məmmədovun yanına monitorinqə gedəndə onun danışdığı cinayətlər məni təəccübləndirirdi. Ümumiyyətlə mən 1980-ci ildən polis orqanlarında, sonradan xüsusi xidmət orqanlarında zabit olmuşam. Ona görə, bu sahə məni çox təəccübləndirmir.

- Siz həm də rəssamsız

- Yaxşı şəkillər çəkirəm. Yəni bu işi bacarıram.

- Sizcə kabab necə hazırlanmalıdır?

- Azərbaycan kişisi kababı bişirməyi mütləq bacarmalıdır. Kabab 8-9 kiloluq quzudan hazırlanmalıdır. Həmin əti yaxşı doğrayırsan, sonra həmin əti soğan, duz-istiotla qatışdırırsan, manqalı hazırlayıb şişə çəkib qoyursan üstünə. Təbii ki, bişirilmə vaxtı ətin yanmamağı üçün üstünə duzlu su da vurulur.

- Tələbəlik illəriniz...

- Ataların gözəl bir sözü var: “Əslini danan haramzadadır”. Biz əslən Şuşalıyıq. Ancaq mən Bakıda anadan olmuşam və burda böyümüşəm. Bakını çox sevirəm. Dənizkənarı Milli Parkda gəzməyi xüsusilə sevirəm. İki ali təhsilim var. Hüquq mühafizə orqanlarında işləmək uşaqlıq arzum olub. Mən məktəb illərində dəcəl olmuşam. Tələbə olanda ali məktəbin yeməkxanasında, Sabir bağının yanında bir kafedə yemək yeyirdik. Amma bu kafelərin heç biri qalmayıb.

- Həcc ziyarətinə gedənə qədər spirtli içki içirdiz?

- Yalan danışmağı sevən adam deyiləm. Vaxtı ilə siqaret də çəkmişəm, araq da içmişəm. Bir günün içində siqareti tərgitdim. Həcc ziyarətindən sonra dilimə spirtli içki vurmamışam.

- Birinci dəfə spirtli içki nə vaxt içmisiz ?

- X sinfi qurtaranda pivə içmişdim. Buna görə atam məni çox möhkəm danladı.

- Toylarda içki olan stolda oturursuz?

- Toya gedəndə çalışıram ki, yanımda araq içməsinlər. Dostlar çalışır ki, mənim yanımda içki içməsin.

- Toylarda verilən yeməklərdən razısız?

- Kim necə bacarır, o cür də toy edir. Təbii ki, indi qudurmuşlar da var, sadə toy edənlər də. Amma toyu elə etmək lazımdır ki, nə çox dəbdəbəli olsun, nə də qonaqlar narazı getsin. Hər şey öz qaydasında olsun.

- Bakıdan sırf yemək üçün Azərbaycanın hansısa regionuna getmisiz?

- Yox, getməmişəm.

- Yol qırağı kafelərlə aranız necədi?

- Yaxşıdır. Rayonlara gedəndə yol qırağı kafelərdə çay, ya da bir qismət çörək yeyirik.

- Saxlanma yerlərində monitorinqlər zamanı təqsirləndirilən şəxslərdən qarşınıza tanış adam çıxıb?

- Olub. Gələn il 55 yaşım olacaq. Axır vaxtlar bir az kövrək olmuşam. Belə hal olanda çox pis olmuşam. Kim istəyər ki, öz yaxınını bağlı yerdə görsün. Mən həmişə şah qanun deyil, qanun Şahdır prinsipi ilə yaşamışam.

- Dietayla aranız necədir?

- Şəkər xəstəsiyəm. Buna görə yediklərimə nəzarət etməliyəm.

- Elçin Behbudovun mətbəxlə arası necədi?

- Həyat yoldaşımdan çox razıyam. Pis günümdə,
yaxşı günümdə həmişə mənim yanımda olub. Kişi ilə qadının evdə öz yeri var. Kişi bazarlıq edər, alıb-gətirər, qadın da ev işləri ilə məşğul olar.

- Bu gün Azərbaycanda olan yeməyin keyfiyyəti sizi qane edir?

- Yox, qane etmir. Əvvəl meyvə-tərəvəzdə olan dad indikilərdə yoxdur.

- Hansı qidalardan hər gün yeyirsiniz?

- Diabet xəstəsi olduğuma görə, çox yağlı yeməklər yemirəm. Əsasən toyuq, balıq ətindən istifadə edirəm.

- Restorana tez-tez gedirsiz?

- Yox, tez-tez getmirəm. Xaricdən qonaq olanda, bəzən də dostlarla gedirəm.

- Ofisianta “çayavoy” verirsiz?

- Həmişə verirəm. Hesabdan əlavə 5 manat verirəm. Amma toyda “çayavoy” vermirəm.

- Musiqiylə aranız necədi?

- Mənim qanımda qarabağlı qanı var. Ona görə zümzümə eləməyi də sevirəm. Flora Kərimova ilə Röyanı çox bəyənirəm. Flora Kərimova mənim qohumumdur. Flora xanımın anası şuşalıdır, nənəmin xalası qızı olub. Onun mahnıları mənə cavanlığımı xatırladır.

- Cavanlığınız necə keçib.

- Orta məktəbdə bir nəfəri sevmişəm, ali məktəbdə başqasını. Axırda isə 27 yaşımda həyat yoldaşımı sevib evlənmişəm.

- Şirniyyatla aranız necədi?

- Tortu çox sevirəm. Amma diabetlə bağlı çox yeyə bilmirəm. Bəzən ad günlərində yoldaşım bir az tort verir.

- Evə əti eyni qəssabdan alırsız?

- Əlbəttə. Tanışlarım var. Bilirəm ki, mənə mal əti yerinə camış əti verməyəcəklər. Bir nəvəm var. Adı Caviddir. O babasını çox istəyir. Babası da onu. Onun üçün həmişə kənd çolpası alıram.

- Sosial şəbəkələrdə niyə yoxsuz?

- Elə şeylərdən xoşum gəlmir.

- Dəniz mövsümü gəlir...

- Dənizi sevirəm. Çünki yaxşı üzürəm. Bir-iki dəfə batma təhlükəsi ilə üzləşmişəm. Amma özüm-özümü sudan çıxartmışam.

- Bəzən xarici qeyri-hökumət təşkilatları işğal olunmuş ərazilərdə seminarlar, tədbilər keçirir. Amma sizi o tədbirlərdə görmürük.

- Ermənilər bizim irsi düşmənlərimizdir. Mən Ermənistana və bizim işğal altında olan bölgələrə təşkil olunan səfərlərdə iştirak etmərəm və iştirak edənlərə də pis baxıram.

- Qarabağa axırıncı dəfə nə vaxt getmisiz?

- 1988-ci ildə Qarabağ məsələləri başlayanda. Biz Bakı-Xankəndi qatarını müşayiət edirdik. Həmin qatarın axırıncı reysində Xankəndindən çıxdıq. Qatar Xankəndinə gedəndə bir gün qalırdı orda. Mən həmin bir günü Şuşaya gedib gəzirdim. Biz çıxandan sonra ermənilər o dəmir yolunu partlatdı.

Biz siravi şuşalı deyilik. Qarabağ xanlarının nəslindənik. Yəni Sarıcalı Cavanşirin törəmələrindənəm. İbrahimxəlil Xan, Pənahəli Xan, Behbud Ağa mənim ulu babalarımdır. Qarabağ əsilzadələrindən olduğuma görə, 2007-ci ildən “Azərbaycanın Əsilzadələr Məclisi” nin üzvüyəm.

# 5764 dəfə oxunub

Müəllifin son yazıları

# # #