İsa Marta ilə Məryəmin evində - Antonia Suzan Byattın hekayəsi...

Antonia Suzan Byatt, yazıçı

Antonia Suzan Byatt, yazıçı

6 avqust 2022
# 12:00

Kulis.az Antonia Suzan Byattın (İngilis şairə, yazıçı, 1990–cı il “Man Buker” mükafatı laureatı) “İsa Marta ilə Məryəmin evində” adlı hekayəsini təqdim edir.

Aşpazlar, adətən, əsəbi olurlar, amma Konsepsiyanın fikrincə, yenicə işə başlayan Dolores hamıdan betərdir. Onun həm pis, həm də yaxşı tərəfləri var. Yekəpər gövdəsi, güclü çiyinləri olan bu gənc qadının – Doloresin dadlara, qoxulara, ədviyyatlara inanılmaz dərəcədə həssas bir burnu var. Xəmir yeməklərində ustadır, əldən də itidir.

İstəsə, bu sahədə çox irəliləyə, mahir aşpaz ola bilər. Di gəl ki, həddini bilmir. Qaş-qabaq tökür, deyinir, hər şeydən şikayət edir.

Xanım Konçita kimi ipək donunun ətəklərini yellədə-yellədə, əda ilə kilsəyə gedən zərif bir xanım olaraq deyil, xidmətçi olaraq doğulmasını qəbul edə bilmir.

Konsepsiya iynələyici bir tonda Doloresə:

– Onsuz da, o ipək geyimlər sənə yaraşmaz, – dedi, – sən ağır işlərin öhdəsindən gəlmək üçün doğulmuş qatırsan, ərəb atı deyilsən. Dünya gözəli deyilsən sən. Hələ bu sir-sifətlə sənə sağlam bir bədən verdiyi üçün Tanrıya minnətdar olmalısan. Həsəd ölümcül günahdır.

– Bu həsəd deyil, mən rahat yaşamaq istəyirəm. Ora-bura tüyünmək istəmirəm – deyən Dolores çuqun tavada öz əksinə baxdı.

Hə, dünya gözəli deyildi, amma heç bir qadın kifirliyinin üzünə vurulmasından xoşlanmaz. Tanrı onu yekəpər, eybəcər yaratmışdı və Dolores buna görə Tanrıya nifrət edirdi.

Konsepsiya gənc bir rəssamla dostluq edirdi. Rəssam tez-tez mətbəxə baş çəkir, onlardan rəsmlərini çəkmək üçün çömçə, ləyən, sini götürürdü. O, hərdən donuz qaxacları, soğan-sarımsaq dəstələri asılmış iplərin altında, səssizcə bir küncdə oturan Konsepsiyanın da rəsmlərini çəkirdi.

Konsepsiya bu rəsmlərdə ideal gözəllikdə olmasa da, olduqca zərif görünürdü. Sağlam görünüşü, qəşəng dodaqları və alnında tor əmələ gətirmiş mükəmməl cizgiləri vardı. Burnunun kənarlarındakı cizgilər də olduqca incə işlənmişdi. Rəssamın əl işini görənə qədər Dolores Konsepsiyanın bu cizgilərinə heç fikir verməmişdi.

Rəssam Konsepsiyanın rəsmlərini çəkdikcə, Dolores öz çirkinliyinin fərqinə daha çox varırdı. Rəssamla bir kəlmə də danışmır, onu görəndə qəzəblə həvəngdə sarımsaq əzir, balıqdan file ət çıxardır, xəmiri yumruqlayır, ya da taqqataqla soğanları narın hissəciklərə ayırırdı.

Dolores özünü dalğın rəssamın vərəqlərə həkk etməkdə olduğu otağın künclərində heç kimin baxmadığı, görmədiyi qaranlığın içində bir ovuc kölgə kimi hiss edirdi.

Rəssam Konsepsiyaya bir yağlı boya rəsmi hədiyə etmişdi. Rəsmdə kənarları aşınmış gil qabın içində parlaq balıqlarla sərt, ağ yumurtalar vardı. Niyəsini bilmirdi, amma bu rəsm Doloresin çox xoşuna gəlmişdi. Rəsmdəki balıqlar və yumurtalar çox canlı, həqiqi görünürdülər. Dolores rəssama heç nə demədi, amma əmin idi ki, dostlaşsalar, rəssam ona da qəlbinin dərinliklərində, qaranlıqların içində gizlədə, saxlaya biləcəyi belə bir işıq parçası hədiyə edə bilər.

Bazar günü idi. Bazar günü həftənin ən ağır günü sayılırdı. Kilsə ayinindən sonra ailə qonaqları qəbul edir, dostları, rahib və ev sahibləri oturub söhbətləşirdilər.

Xanım Konçita solğun, uzunsov üzünü və qara gözlərini ölkənin və xristian aləminin vəziyyəti haqda incə zarafatlar edən dindarlara zilləyib heyran-heyran baxırdı.

Südlü, şərablı, kremli şirniyyatları, bildirçinləri və soyuq yeməkləri daşıyıb-düzmək üçün xidmətçilər olmadığına görə, Dolores həm bunları daşıyır, süfrəyə yığır, həm də qonaqlara servis edirdi. Olduqca həvəssiz görünürdü.

Baxışlarını yerə dikmək əvəzinə qəzəblə ətrafa boylanır, xanım Konçitanın gözəl boyunbağısına, boynunun büküşlərinə baxır, ayaqlarını sakitcə oturub dinlədiyi keşişə deyil, otağın o biri tərəfində oturmuş gəncə – cənab Xoseyə tərəf yellətməsinə göz qoyurdu.

Dolores yağda bişmiş isti bibər yeməyini masaya qoyarkən necə çırpdısa, boşqab sındı və yemək ipək örtüyün üstünə dağıldı.

Xanım Konçitanın mürəbbiyəsi Anna Doloresə qəzəbləndi. Həm fərasətsiz, həm də həddini bilməz olduğu üçün onu qovmaqla, maaşını kəsməklə hədələdi. Dolores ayaqlarını yeriyən nəhəng ağaclar kimi tappatapla yerə çırpa-çırpa mətbəxə qayıdıb haray-həşir saldı. Onu işdən çıxartmalarına ehtiyac yox idi, onsuz da, özü gedirdi. Buna dözmək fikri yox idi. Onlardan heç bir əskiyi olmadığını düşünürdü. Üstəlik, onlardan daha yararlı adam idi. Gedirdi.

Rəssam bir küncdə oturub Doloresin bişirdiyi ilan balığını yeyirdi. İlk dəfə Doloresə adıyla müraciət edərək ədviyyatlar, yeməklər mövzusunda çox usta olduğunu deyib ona təşəkkür etdi.

– Siz bu işin ustasısınız, əsl sənətkarsınız, – dedi rəssam.

Hirsini ona tökən Dolores – məni ələ salmayın, – dedi, – əsl sənətkar sizsiniz. Yumurta və balıqlarda heç kimin əvvəllər görmədiyi, fərqində olmadığı işığı, gözəlliyi ortaya çıxartmısınız. Mənsə, mətbəxdən gözəl şəkildə çıxıb əzik-üzük halda geri dönən tortlar, bir-birinə qarışmış yeməklər bişirirən yekəpər bir aşpazam. Bilirsiniz mənə ən çox nə təsir edir? Onlar o qədər çox danışırlar ki, nə yediklərinə heç baxmırlar da. Yeməkdən başqa heç bir zövqü olmayan qoca rahiblərdən başqa heç kim düz-əməlli yemək də yemir. Kökəlməkdən qorxurlar. Amma göstəriş üçün tələb edirlər. Bir boşqab yeməkdən bir qaşıq, bir çəngəl götürüb qalanını zibil kimi geri qaytarırlar.

Rəssam boynunu bir az yana əyib gözlərini qıydı və şüşə stəkanlara baxdığı kimi diqqətlə Doloresin qırmızı sifətinə baxdı.

– Müqəddəs Lukanın danışdığı, “İsa Marta və Məryəmin evində” hekayəsini bilirsinizmi?

– Yox, bilmirəm, – dedi Dolores.

– Beytanyada yaşayan iki bacı var imiş,– dedi rəssam, – İsa arada-bir onlara qonaq gedir, orda dincəlirmiş. Məryəm yerə çöküb sakitcə İsanı dinləyir, Marta da qonağa qulluq etmək üçün əl-ayağa düşürmüş. Marta bir dəfə iş görməkdən bezir və İsaya şikayət edir ki, “niyə bacımın bütün işləri mənim öhdəmə buraxmasından narahat olmursunuz? Ona deyin ki, mənə kömək etsin”. İsa da cavab verir ki, “Marta, sən çox narahat olursan, əl-ayağa düşürsən, amma vacib olan qulluq yox, dinləməkdir, Məryəm bunu seçdi və bu ondan geri alınmayacaq”.

Dolores əsəbi halda qaşlarını çatıb bir qədər düşündü. Kişilərin nə vecinə axı? Görülməli işlər çoxdur və kimsə mütləq bu işləri yoluna qoymalıdır. Həmin adamın daha yaxşı bir həyat yaşamaq üçün seçim şansı, fürsətləri olmur. Müqəddəs İsa onu dinləyənlər üçün havadan çörək dilimləri və ya balıqlar yarada bilirmiş, amma adi insanların belə gücləri yoxdur. Ona görə də onlar gözəl, rahat həyatlarını yaşayarkən biz – Konsepsiya ilə mən onlara qulluq edirik. Konsepsiya həmişə mənə xəbərdarlıq edir ki, diqqətli ol, müqəddəslərin sənin üçün seçdiyi mövqeyə layiq olmağa çalış, yoxsa qəzəbə tuş gələrsən. Düşündükcə göz yaşları süzüldü.

Dolores göz yaşları içində dilləndi: – Nə məsləhət görürsünüz? Siz də düşünürsünüz ki, diqqətli və səbrli olmağı öyrənməliyəm?

– Yox, – dedi rəssam, – bu insanların sizin üçün təyin etdiyi mövqeni qəbul etmək söhbəti deyil, narahat və qayğılı olmamağı öyrənmək məsələsidir. Aşbaz da rəssam kimi yaradılışı incələyir. Mənim etdiyim kimi işıq altında, görünən tərəflərini yox. Aşbaz Tanrının bəzi məqsədlər üçün bizə bəxş etdiyi dad, qoxu və toxunma duyğularının köməyilə edir bunu. Daha yaxşı həyat şərtlərinə əsl olanı, həqiqəti dərk etməklə çata bilərsən. Dolores, yarpaqlarda və ətdə təzəliyi, çürüməni incələyərək, şərab, qan və şəkəri bir-birinə qatmaqla sos düzəldərək sən də həqiqətə çata bilərsən. Üstəlik, bunu işıq boyunlarındakı mirvarilərin üstünə düşsün deyə əzilib-büzülüb, boynunu bükən zərif xanımlardan daha ustalıqla, daha rahat şəkildə edə bilərsən. Gəncsən, güclüsən, qəzəblisən. Amma öyrənməlisən ki, fərq qulluqçularla xanımlar, xidmət edənlə rahat yaşayanlar arasında deyil. Fərq – dünyanı, nəsnələri dərk etməyə çalışanlarla, əsnəyə-əsnəyə yaşayıb vaxt öldürənlər arasındadır.

Yumurta və balıq rəsmini çəkərkən mən onun ilahi qarşılığını təsvir edirəm, əslində. Yumurtanı diriliş rəmzi olduğu üçün, ya da İsanın adının hərfləri yunanca balıq mənasına gəlir deyə seçməmişəm. Dünyanın həyat və işıqla dolu olduğunu göstərə bilmək üçün bu iki nəsnədən istifadə etmişəm. Məncə, dünyadakı işığı, həyatı görməmək, buna laqeyd qalmaq günah olardı.

Sənin də belə bir giriş yolun var, buna istiqamətlən. Bu, bəlkə də bir çıxış yoludur.

Kilsə yozumlarına görə, Məryəminki düşüncə, Martanınkı isə hərəkət yolu idi. Aşpazlar, rəssamlar – bütün sənətçilər doğru yolu seçməlidirlər.

– Nə bilim, – dedi Dolores, – mənim belə incəliklərdən, dərinliklərdən xəbərim yoxdur. Ağlıma gəlir, bişirirəm, sonra da unudulub gedir. Bişirirəm, ya yeyilir, ya qalıb çürüyür, zibilə atılır, ya da itə–pişiyə tökülür.

– Həyatın özü kimi, – rəssam dilləndi, – ya yeyirik, ya yeyilirik. Şanslı insanlardanıqsa, bizə verilmiş yetmiş yaşa da çatırıq. Yetmiş ilsə, bir mələyin gözündə sadəcə bir andır.

Dolores qaşlarını çatıb susdu.

– “İsa Marta və Məryəmin evində” tablosunu çəkmək istəyirəm. İcazə versən, səni də o tabloya çəkərdim.

– Axı, mən gözəl deyiləm.

– Gözəl deyilsən, amma çox güclüsən. Sənin gücün qəzəbindir.

Bu hadisədən sonra rəssam tez-tez gəlir, onu və Konsepsiyanı çəkirdi. Rəssamın öz sənətinə, rəsm ləvazimatlarına olan diqqəti Doloresdə də öz işinə qarşı maraq yaratmışdı. Yeni şeylər yoxlayır, fərqli meyvə suları hazırlayır, köpüklü kremlər düzəldirdi.

Konsepsiya qorxurdu ki, qızcığaz rəssama aşiq olar. Amma rəssam çox ağıllı idi. Gözlərini qıyıb diqqətlə elə baxırdı ki, bu baxışda nə eşq, nə erotika – heç nə tapa bilməzdin. O, Doloresə bir dost, sənət yoldaşı kimi davranırdı. Və Konsepsiya hiss edirdi ki, rəssamın bu davranışları Doloresdə özünə inam yaradır. Tablo bitənə qədər rəssam qadınlara rəsmə baxmağa icazə vermədi.

Nəhayət, “İsa Marta ilə Məryəmin evində” tablosu bitəndə, rəssam onları rəsmə baxmaq üçün studiyaya dəvət etdi. Rəsmi görəndə Konsepsiya içini çəkdi. İkisi də sol tərəfdə ön planda idilər. Konsepsiya qızı danlayır, barmağını qaldırıb rəsmin üst tərəfində küncdəki balaca səhnəni işarə edirdi.

Yuxarıdakı balaca səhnə bir pəncərənin o tərəfi idi, yoxsa qapıdan bayır idi, ya divara düşən bir əks idi – aydın seçilmirdi. Həmin səhnədə İsa ayağının yanında yerə çökmüş müqəddəs qadına nəsə danışırdı. Qadının bacısı da arxa tərəfdə dayanmışdı.

Şəkildə dörd detal daha qabardılmışdı – yenicə öldükləri üçün hələ gözləri parıldayan gümüşü balıqlar, yumurtalar, yarısı soyulmuş sarımsaq və qəhvəyi donlu, yekəpər qızın qəzəbli üzü.

Konsepsiya ürəyində “rəssam Doloresin çirkinliyini ölümsüzləşdirib, qız onu əsla bağışlamayacaq” düşünsə də, dilindən “balıqların gözləri necə canlıdır” – cümləsi çıxdı. Amma onun səsi rəssamın və sakitcə tabloya baxan Doloresin sükutunda əriyib itdi.

Bir müddət tabloya baxandan sonra Dolores, nəhayət, dilləndi:

– Aaa, – dedi, sizin mənə baxanda nə gördüyünüzü indi mən də görə bilirəm. Adamın özünə qəribə gəliree.

Bunu deyib qaqqıldayıb güldü. Çatma qaşları bir-birindən ayrıldı, gözlərinin içi parıldadı, səsi cingildədi.

Tablodakı surətlə bu gənc qadın arasındakı oxşarlıq bir anda yoxa çıxdı. Elə bil, qadının üzündə donmuş qəzəb çiliklənib töküldü.

Qəhqəhə yoluxucudur deyirlər, rəssamla Konsepsiya da ona qoşulub güldülər. Sonra rəssam şərab gətirdi. Qadınlar da özləriylə gətirdikləri sininin üstündəki örtüyü qaldırdılar və oturub birlikdə yemək yedilər.

Tərcümə: Fəridə

# 3692 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #