"O kitab İslamı təhqir edir"– Nəcib Məhfuzla müsahibə

"O kitab İslamı təhqir edir"– Nəcib Məhfuzla müsahibə
30 avqust 2024
# 14:00

Bu gün görkəmli Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun anım günüdür.

Kulis.az amerikalı jurnalist Conatan Kuryelin Misir yazıçısı Nəcib Məhfuzla müsahibəsini təqdim edir.

“Əlimizdə Nəcib Məhfuzun müsahibəsindən önəmli nə qədər yazı, müsahibə, reportaj var, görmürsən? Nəcib Məhfuz gözləyə bilər” – baş redaktor belə dedi və mən ürəyimdə ədəbiyyatın populist mətbuata uduzduğunu düşündüm – bu sözləri həmin müsahibənin mətnini illər sonra evindən köçərkən köhnə qutuların birindən tapan Conatan Kuryel deyir. İllər sonra jurnalist həmin müsahibəni öz bloqunda yayımlayır.

Diqqətinizə çatdıraq ki, bu müsahibə alınanda Nəcib Məhfuz yetmiş yeddi yaşında idi və radikal islamçı qruplar tərəfindən təhdid edilirdi.

- Yazmağa on yeddi yaşında başlamısınız. Sizi yazmağa vadar edən nə idi?

- Bu sualın cavabını dəqiq bilirəm – oxumaq. Mütaliə. Biz uşaq olanda oxumağa detektiv ədəbiyyatdan başqa heç nə tapmırdıq. O vaxt bu gün uşaq ədəbiyyatı dediyiniz əsərlər yox idi. Əyləncəli kitabların hamısı da detektiv ədəbiyyatı idi.

- Romanlarınızda əsasən problemli ailələrdən danışırsınız: evdən qaçıb getmək istəyən uşaqlar, bir-biriylə yola gedə bilməyən valideynlər... Bunlar sizin uşaqlığınızın hadisələridir?

- Tam olaraq deyil. Təbii ki, yazanda ailəmə, ətrafıma, şəhərimizə boylanıram, gördüklərimdən yazıram. Amma qəzetlərdə oxuduğum, eşitdiyim hadisələr də necəsə yazılarıma, mətnlərimə daxil olur. Mən özümü hazırda xoşbəxt insan hesab edirəm. Amma uşaq vaxtı xoşbəxt deyildim. Məsələn, məktəb mənə həbsxana kimi gəlirdi. Bir yandan da yoldaşlarımın ailəsinə baxanda özümü onlardan daha xoşbəxt uşaqlıq yaşamış kimi hiss edirəm.

- Dünya şöhrəti qazanmaq sizə nə hiss etdirdi?

- Nitqim tutuldu. Bu mənim üçün gözlənilməz hadisə idi.

- Nobel mükafatı həyatınızı dəyişdirdi?

- Yox. Bu mükafatı alanda artıq ahıl yaşda idim. Kifayət qədər müdrikləşmişdim. Amma Nobelin ailəmin həyatını dəyişdirdiyini deyə bilərəm. Həyatlarında maddi dəyişikliklər oldu, özlərini maddi cəhətdən rahat hiss edə bildilər. Mənsə, eyni idim. Nobeli alandan sonra da əvvəlki qaydada hər gün eyni kafeyə gedir, qəzet və jurnalları vərəqləyir və hər gün bir saat açıq havada gəzirdim.

- “Cəbəlavi küçəsinin uşaqları” nəşr ediləndən sonra bir çox radikal islamçı qruplardan təhdid aldınız. 20 il əvvəl yazmış olduğunuz bu kitabda Həzrəti İsa, Həzrəti Musa və Həzrəti Məhəmmədin hər birini bir insan kimi, xarakter şəklində təsvir edirsiniz. İslam aləmində bu qəbul edilməz, yol verilməz haldır. Başınıza nə gələ bilər deyə qorxmadınız? (xatırladaq ki, həmin vaxt yazıçı hələ radikal İslamçılar tərəfindən bıçaqlanmamışdı)

- Xeyr. Əsla narahat deyildim. Hökumətin qoruma təklifini də qəbul etmədim. Həqiqətən məni öldürmək fikrində olsalar bunu istənilən halda edə bilərdilər. Düzü, heç narahat etmədilər. Yəqin ki, daha ciddi problemləri vardı, mənsə, onlar üçün əhəmiyyətsiz bir detal idim.

- Salman Rüşdinin “Şeytan Ayələri’’ əsəri ilə öz kitabınız arasında fərq olduğunu düşünürsünüz yəqin...

- Əlbəttə. Mənə görə bunlar tamam fərqli şeylərdir. Amma islamçılar belə düşünmür.

- Bəs Salman Rüşdi haqqında nə düşünürsünüz?

- Salman Rüşdinin əsərində Quranı təhqir edən bir neçə bölmə var. Açığı kitabı oxumamışam amma haqqında o qədər danışıblar ki, demək olar əzbər bilirəm. Heç bu haqda mənə sual verən jurnalistlərin özlərinin də Salman Rüşdini oxumuş olduqlarına inanmıram. Mətləbə gəlim, o kitab İslam dinini açıq şəkildə təhqir edir. Mənim kitabımda isə heç bir din təhqir edilməyib. Mən insanlıq tarixinin müəyyən bir dövrünü xəyal etdiyim kimi yazmaq istəmişəm. Burda çox azad düşüncə sərgiləmişəm, inkar etmirəm, amma məqsədim və niyyətim kimlərisə narahat etmək, qıcıqlandırmaq deyildi.

- Necə düşünürsünüz, Orta Şərqdə sülh və əmin-amanlıq haçansa bərqərar olacaqmı?

- Bütün ərəblər sülh və əmin-amanlıq istəyir. Əminəm ki, israillilərin də ən az yarısı bunu istəyir. Buna görə də nikbinəm, Fələstin məsələsinin həll olacağına inanıram.

- Siyasətlə məşğul olmağı düşünmüsünüz heç?

- Xeyr. Siyasət haqqında düşünüb yazdıqlarım oldu, amma yazılarım hamısı ədəbiyyat çərçivəsində idi.

- Hazırda nə yazırsınız?

- Hələ ki üfüqdə roman yoxdur. Yayımlanmamış hekayələrimin redaktəsi ilə məşğulam.

- Niyə roman yazmırsınız?

- Artıq qocalmışam. Gözlərim görmür, qulaqlarım eşitmir. Gündə iki saatdan artıq işləyə bilmirəm. O iki saatın da yarısını yazıram, yarısını oxuyuram. Əvvəllər isə gündə beş saat oxuyur, iki saat yazırdım.

- Müasir ədəbiyyat haqqında nə deyə bilərsiniz?

- Mən Heminquey nəslindən gəlirəm. Ərəb, fransız və ingilis ədəbiyyatını oxuya bilirəm. Mənzərə o qədər ürəkaçan deyil. 20-ci əsrin əvvəllərindəki kimi möhtəşəm əsərlər yazılmır. Hazırda yeni bir Kamyü, ya da Sartr yoxdur.

- İlk romanlarınızdan bəri Misir necə dəyişib?

- Misir həqiqətən dəyişib, bu yaxşı bir şeydir. Amma müəyyən bir yerə qədər. Məsələn, bu gün qadınlar işləyə bilir, sosial həyatları var. Misirin yaxşıya doğru dəyişən tərəfi budur. Pis tərəfi odur ki, hər gün bir az oxucu itiririk. Mənə elə gəlir ki, buna səbəb televizordur...

- Qərb oxucusu sizin romanlarınızda nə tapacaq?

- Ümid edirəm, ədəbiyyat taparlar. Londonu tanımaq istəyənlər Dikensi oxuyurlar və romanda bənzərsiz bir həyat eşqi tapırlar. Parisi tanımaq istəyənlər Balzakı oxuyurlar. Eynisi onlar üçün keçərlidir. Misiri tanımaq istəyənlər də mənim əsərlərimi oxuyacaq, ümid edirəm gözəl nəsə tapa biləcəklər. Əsas məqsədim budur. Qalan heç nə mənim üçün sənət, ədəbiyyat qədər önəmli deyil.

Conatan Kuryel

Tərcümə: Fəridə

# 617 dəfə oxunub

Müəllifin son yazıları

# # #