Kulis.az Fəridənin tərcüməsində uruqvaylı yazıçı Maryo Benedettinin “Eybəcərlərin gecəsi” hekayəsini təqdim edir.
İkimiz də eybəcərik. Özü də elə-belə yox ha, əməlli-başlı eybəcər.
Onun almacıq sümüklərindən biri səkkiz yaşında keçirdiyi əməliyyat ucbatından içəri batıb. Mənim də ağzımın kənarında erkən yeniyetməlik dövrlərindən qalma yanıq izi var.
Hərdən ən qorxunc tiplərin belə məsum gözləri, baxışları olur; onların üzlərinə baxa bilmək üçün səbəb, simalarını aydınladan fənər kimi məsum baxışlar. Bizdə o da yoxdu. Ikimizin də gözlərimizdən qəzəb yağır. Bəlkə də bizi birləşdirən də bu olmuşdu – hər ikimizin öz simasına qarşı hiss etdiyi sonsuz nifrət.
Onunla kinoteatrda – ağ pərdədə iki gözəl insanın eşq macərasını izləmək üçün növbə gözləyərkən tanış oldum. Heç bir simpatiya olmadan, qaranlıq bir həmrəylik duyğusu ilə bir-birimizi süzdük. Qarşılıqlı tənhalığımızı elə ilk dəfə orda anladıq. Növbə gözləyənlərin hamısı cütlüklər idi: ər-arvad, nişanlılar, sevgililər, nənə-baba. Nəysə. Hərə qoluna birini taxmışdı. Bircə biz əliboş və gərgin idik.
Bir-birimizin eybəcərliyinə etinasızca, diqqətlə və təkəbbürlə baxdıq. Yanıq izi olan yanağımın verdiyi özgüvənlə rahatca onun almacıq sümüyünün üstündəki çuxuru incələdim. Üzü qızarıb eləmədi. Sərt görüntüsü və mən onu incələyərkən onun da cavab atəşi kimi yanağımdakı yanıq izinə diqqətlə baxması xoşuma gəldi.
Nəhayət, zala girdik. Yerlərimiz fərqli sıralarda idi. Dal-qabaq oturmuşduq. O, məni görə bilmirdi, amma mən alatoranlıqda onun sarı saçlarla örtülmüş boynunu, iri qulağını görə bilirdim.
Bir saat qırx dəqiqə boyu baş qəhrəmanları heyranlıqla izlədik. Gözəl olana həmişə baxmışam. Zəhləm gedən tək şey öz sifətim, bəzən də Tanrıdır. Tanrıdan həm də başqa çirkinlərin sifəti üçün zəhləm gedir. Bəlkə də onlara yazığım gəlməlidir, amma gəlmir. Onları ayna kimi görürəm.
Bəzən düşünürəm ki, görəsən, Narsisin almacıq sümüyündə çuxur olsaydı, turşu üzünü yandırsaydı, və ya alnında tikiş izi olsaydı o mifin aqibəti necə olardı?!
Çıxışda onu gözlədim. Bir az yanaşı yeridikdən sonra dilləndim. Dayanıb üzümə baxdı. Tərəddüd edirdi sanki. Kafedə oturub söhbətləşmək təklifi etdim. O dəqiqə qəbul etdi.
Kafe doluydu amma tezliklə bir masa boşaldı. Insanların arasından keçərkən arxada çaşqın mimikalar və jestlər buraxırdıq. Simmetrik, yəni adi simalıların bu xəstə marağını, sadizmini hiss edə bilməkdə mahirəm, amma bu dəfə xüsusi hissiyata da ehtiyac yox idi. Dodaqaltı mızıldamaları, qısa öskürəkləri yaxalamağa qulaqlarım bəs edirdi.
Təkbaşına gəzən qorxunc bir üz həmişə maraq çəkir, indi yan-yana gəlmiş iki eybəcər əsl şou yaratmışdı.
Oturub iki dondurma sifariş etdik. Çantasından balaca bir güzgü çıxarıb saçlarını düzəltmək cəsarəti göstərdi ( bu da çox xoşuma gəldi).
- Nə düşünürsünüz, - dedim.
Güzgünü çantasına qoyub gülümsədi. Yanağındakı çuxurun forması dəyişdi.
- Adi bir yerdir – dedi .
Xeyli söhbətləşdik. Saat yarımdan sonra görüşü bir az da uzatmaq naminə iki qəhvə sifariş etməli olduq. Qəfildən hiss etdim ki, ikimiz də səmimiyətin divarını aşmışıq. Demək olar ki, ikiüzlü şəkildə bir-birimizi incidəcək qədər yaxın danışırıq. Daha dərinləşdirmək fikrinə düşdüm.
- Özünüzü dünyadan çıxdaş edilmiş kimi hiss edirsiniz, hə?
- Hə, - dedi mənə baxa-baxa.
- Siz gözəl insanları, normalları heyranlıqla izləyirsiniz.Məsələn, gülüşünə əsaslanaraq axmaq olduğunu düşünə biləcəyimiz sizdən sağda əyləşən bu gənc qızınkı kimi simmetrik bir üzə sahib olmaq istərdiniz.
- Hə, - dedi və ilk dəfə gözlərini gözlərimdən qaçırdı
- Hə, mən də istəyərdim. Amma bilirsiniz, bizim sizinlə bir şansımız ola bilər.
- Nə şansı?
- Bir-birimizi sevmək ola bilər. Ya da, sadəcə birlikdə olmaq. Necə istəsəniz elə adlandıra bilərsiniz, amma belə bir ehtimal var.
Qaşlarını çatdı.
- Söz verin ki, mənim başdanxarab olduğumu düşünməyəcəksiniz.
- Söz verirəm.
- Şans gecənin ağuşuna atılmağımızdır. Zülmət qaranlığa. Başa düşürsünüz?
- Yox.
- Başa düşün, zülmət qaranlıq. Bir-birimizin üzümüzü görə bilməyəcəyimiz qaranlıq. Bədəniniz çox gözəldir, bilirdiniz?
Üzü qızardı və yanağındakı yarıq bir anda qıpqırmızı oldu.
- Tək yaşayıram, - dedim, - mənzilim bura çox yaxındır.
Başını qaldırıb üzümə baxdı. Sanki məni analiz edir, çarəsizcə diaqnoz qoymağa çalışırdı.
- Gedək,- dedi.
2.
İşığı söndürüb ikiqat pərdəni çəkdim. Yanımda uzanmışdı. Soyunmağına kömək etməyimi istəmədi.
Heç nə görmürdüm. Bunun mənası da yox idi. Sakitcə uzanıb gözləyirdi. Əlimi ehtiyyatla uzadıb döşlərini axtardım. Bu təmas məni canlandırmışdı. Əlim qarnına tərəf, ordan da üzüaşağı uzandı.
Və bu vaxt özümü (və onu) uydurmağa çalışdığım o yalandan çəkib çıxartmalı olduğumu anladım. Sanki beynimdə ildırım çaxdı. Biz bu deyildik. Yox, biz bu deyildik. Belə olmamalıydı!
Ehtiyatda olan bütün cəsarətimi topladım və bunu etdim. Əlim astaca üzünə tərəf uzandı. Həmin ürküdücü çuxuru tapdım və sığallamağa başladım. Əvvəlcə titrəyən, sonradan sakitləşən barmaqlarım dəfələrlə göz yaşlarının üstündən adladı.
Bu vaxt gözləmədiyim bir şey baş verdi. Onun da əli mənim üzümə tərəf uzandı. Barmaqları üzümdəki yanıq izinin üstündə ehmalca süründü.
Dan yeri ağarana qədər ağladıq. Taleyimizə rəğmən xoşbəxt idik. Sonra ayağa durub ikiqat pərdəni sonacan açdım.