Xalq şairi Zəlimxan Yaqub Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Koroğlu” dastanı haqda dediklərinə münasibət bildirib.
Kulis.Az-a danışan xalq şairi böyük şəxsiyyətlərin əleyhinə çıxışları pisləyir: “Böyük obrazlara, böyük insanlara toxunmaq olmaz. Onlar xalqın ürəyində yuva salmış qəhrəmanlardır. Koroğlu da, onun dəliləri də bir obrazdır. Bu obrazlar elə belə yaranmayıb, hər birinin tarixi, keçmişi var. Böyük şəxsiyyətlərə toxunmaq xalqa toxunmaq deməkdir. Heç kəsə ixtiyar verilmir ki, xalqın seçdiyi insanlar haqqında ağzına gələni danışsın. “Koroğlu” dastanı Azərbaycan xalqının ən sevimli dastanlarından biridir. Doğrudur, dastanda müxtəlif təhriflərə yol verilsə də Azərbaycan, türk dünyası yaşadıqca “Koroğlu” dastanı da yaşayacaq”.
Koroğlunu ədəbi-estetik baxımdan araşdırmağın tərəfdarı olan şair Aqşin Yenisey isə Kulis.Az-a açıqlamasında bildirib ki, dastan xalq yalanlarından ibarətdir: “Sərdar bəyin fikirlərinə hörmətlə yanaşıram, ancaq dastanın sovet hökuməti tərəfindən yazılması fikrini qəbul etmirəm. Koroğlu xalqın yaratdığı bir qəhrəmandır. Koroğlunu kimsə qabağına qoyub yaratmayıb. Dastanın yaranmasında minlərlə insan iştirak edib. Dastana hərə özündən bir cümlə artırıb və beləcə dastan əmələ gəlib. Vaxtilə insanlar özlərini qorumaq üçün bu yalanları uydurmağa məhkum olub. Hər bir xalqın Koroğlu kimi qəhrəmanları var. Onu yalnız Azərbaycan xalqı deyil, Anadolu türkləri də, özbəklər də, qazaxlar da xalq qəhrəmanı hesab edir. Koroğlu bu coğrafiyanın dastan qəhrəmanıdır”.
Koroğlu, Babək, Qaçaq Nəbi kimi qəhrəmanlardan imtina etməyi qəbul etməyən A. Yenisey sovet hökumətinin yaratdığı qəhrəmanlar ətrafında müzakirələr aparılmasını təklif etdi: “İmtina məsələsi ilə qəti razı deyiləm. Müzakirə ilə imtinanı qarışdırmaq olmaz. Məhəmməd Füzulidən necə imtina edə bilərik? Axı bu xalqın ədəbiyyat tarixi var. Füzuli haqda Aqşin Yenisey yazacaqsa buna normal baxmaq lazımdır. Düşünürəm ki, Sərdar bəy müzakirə açıb. Qarşı tərəf isə düşünür ki, müzakirə açmaq olmaz. Koroğlu və başqaları artıq tarixin o tayında qalıb. Tarixi müzakirə etmək yaxşı haldır. Yaxın tarixdə sovet imperiyasının Azərbaycan xalqına sırıdığı adamlar var ki, ömür boyu sovet ideologiyasına xidmət edib yüksək vəzifələrdə çalışsalar da bu millətə bir qəpik də xeyirləri dəyməyib. Gəlin, onları Səməd Vurğunu, Rəsul Rzanı, Süleyman Rüstəmi müzakirə edək. Bəlkə də onlar səmimi qəlbdən türkçülüyə qarşı olublar, xalqlarını sevməyiblər, xalqlarına nifrət ediblər. Amma fakt budur ki, bu adamlar sovet hökumətinə nökərçilik ediblər”.
A. Yenisey yaxın tarixdə yaşanan hadisələr və insanlar ətrafında müzakirələrin aparılmasının gələcək nəsillər üçün faydalı olacağını da bildirdi.