Polkovnikə zəng çatmır

Polkovnikə zəng çatmır
6 mart 2013
# 16:07

Reformasiyadan diktaturaya

Sərt və xarizmatik Venesuela prezidenti Uqo Çavezin çıxışları, hərəkətləri, islahatları vətənində, eləcə də ölkəsindən kənarda müxtəlif cür qarşılanırdı. Müxalifətin şeytan adlandırdığı polkovnik kasıb venesuelalıların qəhrəmanı, ən əsası onlara ümid vermiş islahatçı prezident idi.

Opponentləri onu bir partiyalı sistem qurmaqda, diktatura yaratmaqda ittiham edirdi. O, isə şərə, ədalətsizliyə qarşı mübarizədə bütün maneələri dəf etməkdən yorulmurdu.

Amerika Birləşmiş Ştatlarının ünvanına kəskin çıxışları Latın Amerika liderləri arasında nüfuzunu günbəgün artırırdı.

Kasıb ailədə doğulan gələcək prezident

Uqo Rafael Çavez Frias 1954-cü il 28 iyulda Venesuelanın Barinas ştatında anadan olub. Valideynləri məktəbdə müəllimlik edən Çavez 7 uşaqlı ailədə kasıbçılıq içində böyüyüb.

Barinasda Deniyel O'lir məktəbində təhsil alan Uqonun anası onun keşiş olmağını arzulayırdı. Çavez isə paytaxt Karakasa gedərək Hərb Elmləri Akademiyasına daxil olur. Uqonun dediyi kimi özünü orada tapir.

Marksistlərlə mübarizə yerinə solçu kitablar

Gənc Uqo demək olar ki, hərbi təlimlərdə iştirak etmir, vaxtını kitab oxumaqla keçirir.

Çavez Simon Bolivar və Ernesto Çe Gevaranın bioqrafiyalarını öyrənməyə başlayır.

1975-ci ildə akademiyanı bitirir və elə o zamandan etibarən gələcəkdə istifadə edəcəyi siyasi ideyalarını formalaşdırmağa başlayır. Çavez o illərdə qərara gəlir ki, kasıbları müdafiə edə bilməyən hökumətin işinə hərbçilər qarışmalıdır.

1981-ci ildə oxuduğu akademiyada vəzifə alan Çavez siyasi baxışlarını gənclərə çatdırmağa başlayır. Akademiyanın rəhbərliyi müəllim Çavezin fəallığına görə onu ucqar Apure ştatına göndərir. Apurada gənc zabit yerlilərlə əlaqə yaratmağa başlayır və bu gələcəkdə yerli əhaliyə qarşı siyasətdə böyük rol oynayır.

Baş tutmayan çevriliş

1992-ci ildə, kütləvi etirazlar fonunda Çavez prezident Karlos Andres Peresi yıxmağa cəhd edir. Uğursuz çevrilişin lideri kimi yadda qalan polkovnik Çavez təslim olur. Çevrilişə cəhd zamanı 18 nəfər ölür, 60 nəfər isə yaralanır.

Polkovnik həbsxanada olarkən tərəfdarları çevrilişə bir də cəhd göstərirlər. Bu dəfə də heç nə alınmır. Ancaq üsyançılar televiziya mərkəzini tutaraq Çavezin hökumətin devrilməsi haqda müraciətini efirə verməyə müvəffəq olurlar.

İki il həbsxanada yatan Çavez əfv edildikdən sonra “Beşinci Respublika naminə hərəkat" partiyasını yaradır. Bununla da Çavez ordudan siyasətə keçidini tamamlayır.

1998-ci ildə prezidentliyə namizədliyini irəli sürən Çavez xalqın siyasi elitaya qarşı nifrətindən faydalanaraq prezident seçilir. Onun prezident seçilməsi ölkədə zəlzələ effekti yaradır.

Çavez orta sinfi seçir

Çavez sürətlə həm kasıb, həm də orta sinif arasında populyarlaşır. Səsvermənin nəticələrinə orta sinif birbaşa təsir edir. 56 faiz səs toplayan Uqo Çavez demokratik yolla hakimiyyətə gəlir.

Ancaq 2002-ci ilin aprelin 12-də bir qrup müxalif zabit Çavezə qarşı çevriliş edir. Bu xəbər Latın Amerikasında belə bir fikrin yaranmasına səbəb olur: “Çavezin də taleyi çilili solçu Salvador Alyende kimi olacaq. Alyende kimi Çavez üçün də hər şey bitdi”.

Çavez ölkəni tərk etməli olur. Ancaq 48 saatdan sonra Çavez prezident sarayına qayıdır. Çevriliş edən hərbçilərə beynəlxalq dəstəyin olmaması, ordu içincə Çavez tərəfdarlarının çoxluğu, üstəlik Karakasdakı gecəqondularda yaşayan Çavezi dəstəkləyən kasıbların iğtişaşlar törətməsi üsyançıları geri çəkilməyə məcbur edir.

Hakimiyyətini daha da möhkəmləndirən Uqo Çavez 2006-cı ilin prezident seçkilərində “İnqilabi siyasət genişlənəcək” şüarı səsləndirərək 63 faiz səs qazanır.

Dünya mediasının ulduzu

Çavez eyni zamanda prezidentin hakimiyyətini məhdudlaşdıran maddəni ləğv etməyi təklif edir. Referendumda seçicilər 54 faiz səslə onun təklifinin gerçəkləşməsini dəstəkləyir.

Çavezin Kuba inqilabının lideri Fidel Kastro və İran prezidenti Mahmud Əhmədi Necadla isti dostluq münasibətləri müvafiq olaraq sağ qüvvələri və ABŞ-ı əsəbiləşdirirdi.

Əfqanıstan kampaniyasını “Terrorla terror yolu ilə mübarizə” adlandırdıqdan sonra Çavezin ABŞ-la münasibətləri pozulmuşdu və elə o vaxtdan münasibətlər gərgin olaraq qalırdı.

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında ABŞ prezidenti Corc Buşdan bir gün sonra çıxış edən Çavezin bu sözləri dünya mediasının gündəmini zəbt etdi: “Şeytan dünən burda idi. Gördüyünüz kimi burdan hələ də kükürd iyi gəlir”.

2008-ci ildə Barak Obamanı təbrik etsə də, Liviya kampaniyasını kəskin tənqid edirdi. Bütövlükdə ABŞ-ın əleyhinə olsa da, Obamanı düşməni kimi görmürdü.

“Alo prezident” verilişində sosializm bayraqdarı olan Çavez dünyanı məhz sosializmin xilas edəcəyi fikrini söyləyirdi. BBC-yə müsahibəsində də buna toxunmuşdu: “Dünyanı demokratiyanın içində olduğu sosializm xilas edəcək”.

Dünən gecə milyonların sevimlisi, qırmızı beretkalı, kobud görkəmli səmimi Uqo Çavez Venesuelanı və Latın Amerikasını matəmə qərq etdi. Qəhrəmanı Simon Bolivar kimi Latın Amerikası üçün sinəsini qabağa verməyə hər an hazır olan Uqo Çavez onu diktator adlandıranların cavabını belə verirdi: “Mən üç dəfə xalqımın səsini qazanmışam...”

Bir sözlə Venesuela ilə bərabər bütün dünya Uqo Çavezi itirdi.

# 3000 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #