Bəxtiyar Hacıyev: "Bir məhbus ssenari yazırdı" MÜSAHİBƏ

Bəxtiyar Hacıyev: "Bir məhbus ssenari yazırdı" MÜSAHİBƏ
26 dekabr 2012
# 15:09

Kulis.Az-ın “Məhbəsdəki kitab” layihəsinin budəfəki qonağı gənc fəal Bəxtiyar Hacıyevdir.

- Həbsxanada kəşf etdiyiniz yeni kitablar oldumu?

- Kitab oxumaq üçün həbsxanada yaxşı mühit olduğuna görə, tez-tez ora üçün darıxıram. Orada olduğum müddətdə xeyli kitab oxudum. Cəmi bir neçə kitabı təkrar oxumuşdum, qalan kitabları ilk dəfə oxuyurdum və hər biri mənim üçün maraqlı idi. Bədii ədəbiyyatdan daha çox, beynəlxalq münasibətlər, liderlik, idarə etmə, sosial dəyişiklik və s. mövzularda kitablar oxuyurdum. Orada oxuduğum kitablar arasında ədəbiyyat sahəsində Nobel mükafatı almış perulu yazar Mario Vargas Lyosanın "Keçinin bayramı" əsəri, adaptiv liderliklə bağlı R.Heifetzin "Leadership on the line" kitabı, İsrail və Fələstin arasındakı münaqişə barədə Sandy Tolanın "The Lemon Tree" kitabı var idi. Bundan əlavə, müxtəlif xarici jurnalları-Foreign Affairs, Newsweek, the Economist-mütəmadi izləyirdim.

- Yazıçılar, ictimai xadimlərdən sizə öz kitablarını göndərənlər, hədiyyə edənlər olurdumu?

- Müəlliflər tərəfindən imzalanmış və göndərilmiş kitablar da oldu. Həmin kitablar arasında kinorejissor Rüstəm İbrahimbəyovun iki kitabı, vəkil Adil İsmayılov və İntiqam Əliyevin, Con Pol Lederaç, Ronald Heifetz və bizim bir neçə gənc yazarlarımızın da kitabları vardı. Bundan əlavə bir çox ölkənin diplomatları da kitablar, elmi, siyasi jurnallar göndərirdilər.

- Həbsdə gündəliklər yazırdınızmı?

- Bir neçə dəfə gündəlik yazmağa cəhd etdim, amma çox qısa qeydlər etməklə kifayətləndim. İstintaq Təcridxanasında iki həftə təkadamlıq kamerada saxlandım. O zaman düşünürdüm ki, məhkəmə bir neçə günə yekunlaşacaq və cəzaçəkmə müəssisəsinə qayıdacağam. Buna görə özümlə cəmi üç kitab götürmüşdüm və bir neçə günə oxuyub bitirdim. Yerdə qalan vaxtda isə həbsə qədər olan xatirələrim, səfərlərim, beynəlxalq tədbirlər, ABŞ-dakı təhsilim zamanı qarşılaşdığım hadisələr barədə yazdım.

- Yazdıqlarınızı çap etmək niyyətiniz var?

- Bu xatirələri nə zamansa toplayıb, kitab kimi çap etdirməyi düşünürəm. Çünki, mənim üçün adi olan hadisəni gənclərə danışanda görürəm ki, bu onlar üçün çox böyük bir təcrübə olur, onların həyata baxışları dəyişir. Vaxt olanda ya əvvəlki xatirələrin əlyazmasına əlavə olaraq, ya da ayrıca həbsxana həyatı ilə də bağlı kitab yazmağı planlaşdırıram. Saxlanıldığım həbsxanalardan birinin rəhbər işçisi deyirdi ki, cəmiyyətin vəziyyətini anlamaq üçün həbsxana ən yaxşı yerdir. Orada ölkənin təhsil sisteminin də, səhiyyə sisteminin də, məhkəmələrinin də, digər sahələrinin də nə vəziyyətdə olduğunu öyrənmək olar. Orada insanları cinayətə sürükləyən səbəbləri də öyrənmək mümkündür. Hər insanın həyat hekayəsi bəzən ayrıca bir kitab mövzusu ola bilər. Həbsxanada olduğum vaxt ali təhsilli bir məhkum digər məhkumlarla çox danışırdı, onların həyat hekayələri əsasında serial ssenarisi yazırdı. Kriminal aləm haqqında ən yaxşı ssenarini məhz məhkumların həyat hekayələri əsasında yazmaq olar.

- Kriminal aləmin nümayəndələrindən sizinlə dostluq edənlər olurdumu?

- Kriminal aləm daxilində də müəyyən qaydalar, ədalət və bərabərlik anlayışı var. Kriminal aləmin nümayəndələrinin siyasi məhbuslara xüsusi yanaşması, hörmətləri vardı. Mən də məhkumların şəraitlərinin yaxşılaşdırılması üçün bir neçə dəfə qanuni yollar müraciətlər etmişəm, məhz buna görə də digər məhkumlar mənə hörmət ediblər. Gəncədə- İstintaq Təcridxanasında saxlanılanda dörd nəfərlik isti və kiçik bir kamerada 16-18 məhkumum saxlanmasına, 24 saat işığın açıq qalmasına və s. məsələlərə etiraz etmişdim. Rəis məni karserə göndərməyi əmr etdi. Nəzarətçilər məni karserə aparanda orada Gəncədəki İstintaq təcridxanasının “polajeniya”sına baxan şəxs də karserdə idi. Onun mənə çox böyük hörmət və rəğbətlə yanaşdığını nəzarətçilər rəisə bildirdikdə, cəmi 10-15 dəqiqə sonra məni cərimə təcridxanasından çıxartdılar.

Sonradan Qaradağ rayonundakı 14 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüm. Orada ilk vaxtlar hüquqlarımı tələb edəndə və məhkumları maarifləndirəndə keçmiş rəis mənə təklif etdi ki, sənin üçün rahat şərait yaradım, bizə mane olma, öz işimizi görək. Mən də bildirdim ki, əgər şəxsi rahatlığım üçün haqsızlıqlara göz yuma bilsəydim, elə həbsxanadan kənarda rahat şəraitdə yaşayardım, həbsxanaya düşməzdim. Daha sonra o məni təhdid etdi və cərimə təcridxanasına saldı. Rahat şəraitlə razılaşmayaraq məhz məhkumların ümumi rahatlığı üçün çalışdığıma görə kriminal aləmdə nüfuzu olan məhkumlar da mənimlə yaxşı münasibət saxlayırdılar.

- Daha çox kimləri oxuyurdunuz?

- Oxuduqlarım daha çox fərqli müəlliflərin, fərqli mövzularda kitablar idi. Həbs müddətində bir neçə kitabını oxuduğum müəlliflərdən Dostoyevski, Heminquey və Orhan Pamukun adını çəkə bilərəm.

- Bayaq dediniz ki, oxumaq üçün yaxşı şərait vardı. Həbsxana rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirirdi?

- İstintaq təcridxanasında, kamera şəraitində məşğul olunacaq ən yaxşı iş kitab oxumaqdır. Cəzaçəkmə müəssisəsində insanla daha çox ünsiyyət, televiziyaya baxmaq, idmanla məşğul olmaq və digər imkanlar olduğuna görə, kitab oxumaq üçün vaxt nisbətən az olur. Amma mənim saxlanıldığım 14 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasında mənim oturduğum xüsusi bir masa vardı. O masa mənim iş otağım idi. Harvardda keçirilən dərslərin qeydlərini oradakı tələbələr göndərirdilər, onlarla bərabər bu dərsləri izləyirdim, dərslərin oxunacaq materiallarını oxuyurdum və tapşırıqlar etməyə çalışırdım.

- Məhkəmədə son sözünüzdə məşhur şəxslərin çıxışlarından istifadə etmişdinizmi?

- Həbsdə oxuduğum kitablarda bəzi hissələri xüsusi qeyd edirdim, düşünürdüm ki, bunu məhkəmədə demək olar. Onsuz da ilk məhkəmə iclaslarından anlamışdım ki, biz nə qədər tutarlı faktlar ortaya qoysaq da, hüquqi istinadlar etsək də, məhkəmə bunların heç birini nəzərə almır. Ona görə daha çox hakimləri, dövlət ittihamçılarını, məhkəmə nəzarətçilərini, polisləri və digərlərini düşündürmək üçün tez-tez çıxışlar edirdim. Gəncədə Nizami rayon məhkəməsində iclaslardan birində Mario Vargas Lyosanın "Keçinin bayramı" əsərindən misallar çəkmişdim. Azadlığa çıxdıqdan sonra həmin məhkəmənin nəzarətçilərindən biri ilə görüşəndə dedi ki, sənin çıxışın hakimlərə çox pis təsir etmişdi.

- Həbsxana işçiləri özləri mütaliə edirdilərmi?

- Həbsxana nəzarətçiləri arasında kifayət qədər təhsilli, dünyagörüşlü insanlar var idi. Onlarla davamlı olaraq söhbətləşirdik. Bəziləri öz oxuduqları kitabları mənə verirdilər, bəziləri isə mənim oxuduğum kitabları bir neçə günlük götürürdülər, oxuyub, qaytarırdılar. Mənə göndərilən kitablar daha çox ingilis dilində olurdu, amma rus və türk dilində kitablar gələn kimi onları həmin nəzarətçi və əməliyyatçılar oxumaq üçün istəyirdilər. Azadlığa çıxanda bir neçə kitabım nəzarətçilərdə qaldı. Həbsxana işçilərindən Rövşən Yerfi yazıçı idi və həbsxanalarda baş verənlərlə bağlı kitablar yazıb, çap etdirib. Onun da kitablarını, hekayələrini oxuyub müzakirə edirdik.

- Həbsxana sizə nə verdi və nəyi aldı?

- Həbsxana məndən çox şey aldı, şəxsi həyatdan da daxil olmaqla, bir çox qurbanlar verməli oldum. Amma eyni zamanda, hər şeyə emosional və çılğın reaksiya vermək əvəzinə, daha soyuqqanlı yanaşmaq imkanı da verdi. Həbsdə olduğum müddətdə çevrəmdə, ölkəmdə və dünyada baş verənləri sistemli şəkildə sanki eyvandan, yuxarıdan izləmək və müəyyən dərslər çıxarmaq imkanım oldu. Həbsimlə bağlı heç vaxt təəssüflənməmişəm. Düşünmüşəm ki, bu böyük mənəvi missiyanın bir hissəsidir.

# 4543 dəfə oxunub

Müəllifin son yazıları

# # #