Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “The İstanbul Review” jurnalına verdiyi müsahibədə mütaliə zamanı özünün daha çox Mövlanə və Yunus Əmrədən istifadə etdiyini söyləyib. Baş nazir Falih Rıfqı Atayın “Zeytundağı” və Fəxrədddin Paşanın “Mədinə Müdafiəsi” kitablarının da adını çəkərək hər bir gəncin bu əsərləri oxumasını lazım bilib.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya sədrləri gənclərin hansı kitabları oxumasıyla bağlı fikirlərini saytımıza bildirdilər.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa daha çox avstriyalı yazıçı Stefan Sveyqin əsərlərinin adını çəkdi: “Mən birinci növbədə Stefan Sveyqin tarixi romanlarını oxumağı məsləhət görərdim. “Magellan”, “Jozef Fuşe”, “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” əsərləri çox maraqlıdır. Aleksandr Dümanın “Qafqaz”, Frans Kafkanın “Qəsr” əsərlərini, Cek Londonun, Marsel Prustun və daha çox Qabriel Qarsiya Markesin əsərlərini də oxumağı gənclər üçün faydalı hesab edirəm. Rus ədəbiyyatından olan klasikkləri də oxumaq mütləqdir”.
Daha çox Deyl Karnegi və Zbiqnev Bjejinskinin siyasi mövzularda yazılmış kitablarını məsləhət görən Müsavat başqanının müavini Arif Hacılı Məhəmməd Əmin Rəsulzadə və Mirzəbala Məmmədzadənin əsərlərinin adını sadaladı: “Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Cəmil Həsənli, Aydın Balayevin yazdıqlarını oxumaqla Azərbaycanda son dövrdə getmiş siyasi prosesləri öyrənmək olar. Bədii ədəbiyyata gəldikdə isə burada əsəri hərə öz insani duyğularına və zövqünə görə seçir. Konkret kiminsə adını çəkməkdə tərəddüd edirəm”.
14 il bundan qabaq Əbülfəz Elçibəyin həzrəti peyğəmbərin həyatını, Mustafa Kamal Atatürkü, Fərabini, M. Ə. Rəsulzadəni oxumağı məsləhət gördüyünü deyən KXCP sədri Mirmahmud Mirəlioğlu gənclərə oxumaq üçün Nizamini, Nəsimini, Rumini, Ziya Göyalpı, Əhməd Ağaoğlunu, Əli bəy Hüseynzadəni, Əfqanini məsləhət gördü.
Ədalət partiyasının sədri İlyas İsmayılov konkret əsər adı çəkməkdə çətinlik çəksə də gənclərə Mirzə Ələkbər Sabiri, Hüseyn Cavidi və Mirzə Cəlili yaxşı öyrənməyi tapşırdı.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə “Totalitarizmin metamorfozası” kitabının sonunda oxunmalı kitabların siyahısını tutduğunu bildirdi: “Yazdığım kitabın sonunda lazım olan 90-a yaxın ədəbiyyatın siyahısını vermişəm. Aristoteli, Platonu oxumaq vacibdir. Görkəmli adamların həyatı seriyasindan olan kitabları da oxumağı faydalı hesab edirəm. Mahatma Qandinin “Mənim həyatım” əsərini oxusalar qazanarlar. Əlisa Nicatın “Şirvanşahlar”, Nəsirəddin Tusinin “Əxlaqi Nasiri”, Sədinin “Gülüstan”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərlərini də oxusunlar”.
Siyasilərin məsləhət gördüyü kitablar
22 iyul 2012
11:52
4558 dəfə oxunub