Arif Hacılı: “Şair olacaqdım”

Arif Hacılı: “Şair olacaqdım”
14 yanvar 2013
# 08:15

Kulis.az-ın “Məhbəsdəki kitab” layihəsinin budəfəki qonağı Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdır.

- Müxtəlif vaxtlarda iki dəfə həbs olunmusunuz. Həbsdə mütaliə imkanlarınız necə idi?

- Siyasi fəaliyyətimlə bağlı dəfələrlə həbs olunmuşam. 2003-cü ilə qədərki həbslər uzun müddətli olmayıb. 2003 və 2011-ci illərdə isə məhkəmənin hökmü ilə iş alaraq cəzaçəkmə müəssisəsinə göndərilmişəm.

Mütaliə imkanlarım yaxşı idi. Həbsxanada olduğum dövrdə dünya ədəbiyyatından tutmuş Azərbaycan ədəbiyyatınadək yüzlərlə kitab oxumuşam və bu kitabların adını çəkməyim mümkün deyil (gülür). Tolstoy, Qorki, Kafka, Nodar Dumbadze, Əkrəm Əylisli və başqalarını oxumuşam. Ramiz Rövşənin şeirlər kitabı həmişə yanımda olub. Həbsxana kitabxanasında o qədər də populyar olmayan, müharibə mövzusunda yazılmış romanları da oxumaq məcburiyyətində qalmışam.

- Özünüzü inqilabçı hesab edirsiniz?

- Mən özümü ilk növbədə vətənpərvər, demokrat, islahatçı hesab edirəm.

- Yazıçı Seymur Baycan “sizin “Darıxıram” şeirini yazmağa mənəvi haqqınızın olmadığını qeyd edib...

- Seymur Baycanın belə düşünməsi məndə acı təəssüf doğurur. İnsan duyğularını, düşüncələrini hansısa inqilabi siyasi fəaliyyətə bağlamaq bolşevik təfəkkürün təzahürüdür. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm və ədəbiyyatla çox erkən yaşlarımda məşğul olmağa başlamışam. İlk şeirimi 10 yaşımda yazmışam. Mənim ilk yazım rəsmi mətbuatda 1974-cü ildə, 12 yaşım olarkən çap olunub. Ağır Cinayətlər Məhkəməsində bizim işimizə baxan hakim Mənsur İbayevə həcv yazmışdım. O həcv böyük əks-səda yaratmışdı, dövri mətbuatda çap olunmuşdu. Bayıl həbsxanasında da bir çox şanson şeirlər yazmışam.

İkinci həbsim zamanı Kürdəxanı təcridxanasında “Darıxıram” şeirini yazdım. “Darıxıram” şeiri hadisə olaraq ədəbiyyat hadisəsidir, siyasi hadisə deyil. “Darıxıram” şeirinin çap olunduğu günlərdə mən məhkəmə prosesində iştirak edirdim. Məhkəmədə öz siyasi mövqeyimi ortaya qoyurdum, siyasi çıxışlarımı edirdim. “Darıxıram” şeiri həbsxanadakı kamera yoldaşlarımın günahı ucbatından çox geniş şəkildə yayıldı və həbsxana yoldaşlarımın israrlı xahişi ilə şeiri yazılı mətbuata təqdim etdim. Bu şeirə çox saylı nəzirələr yazıldı. İki dəfə həbs olunmağıma baxmayaraq əfv ərizəsi yazmamışam. Məni heç bir günahım olmadan həbs ediblər və mən bunu məhkəmə çıxışlarımda da demişəm. Əgər mənim siyasi mövqeyimi bilmək istəyən varsa, mənim 2003-cü ildəki həbsimə görə məhkəmədəki çıxışlarıma, istərsə də 2011-ci ildə keçirilən məhkəmə çıxışlarıma, son sözlərimə baxsın. Bu mənim siyasi mövqeyimdir və siyasi mövqeyim həmin çıxışlarda, sonrakı siyasi fəaliyyətimdə əks olunub.

İnqilabçının şeir yazmamağı, inqilabçının ailə üzvləri ilə söhbətdə, hətta sevgilisinə yazdığı məktubda da ancaq inqilabi şüarlar söyləməsi sovet dövrünün yanlış, bəsit, robot təfəkkürünə uyğun olan düşüncə tərzidir, yanlış təfəkkür tərzidir və biz bu cür yanlış düşüncə tərzinə qarşı mübarizə aparırıq. Mən demokrat da, liberal da, əsgər də ola bilərəm. İlk növbədə mən insanam axı. İnsanlar hansısa görüntü naminə öz duyğularından imtina etməməlidirlər. Şeir isə sadəcə bədii düşüncədir. Etiraf etməliyəm ki, “Darıxıram” şeirini Azərbaycanın cəzaçəkmə müəssisələrində çoxsaylı dustaqlar əzbərdən bilir.

Əgər 1988-ci ildə siyasi fəallıq artmasaydı, ermənilər torpaqlarımızı işğal etməsəydi, mən siyasətçi yox, şair olacaqdım.

- 2003-cü ildə sizinlə bərabər dostlarınız Rauf Arifoğlu, Pənah Hüseyn, İbrahim İbrahimli və başqaları da həbs olunmuşdu. Bir yerdə saxlanılırdınız. 2011-ci ildə isə 2003-cü ildə həbs yoldaşlarınız sizinlə deyildi. Darıxmağın bir səbəbi bu amil deyildi ki?

- Qətiyyən yox. Darıxmaq insana xas bir xüsusiyyətdir. İnsan sevinir, kədərlənir, gülür, ağlayır, darıxır, sevir, nifrət edir. Bunlar normal insani hisslərdir, bu hisslər siyasətçilərə də aiddir. Bu hisslərinin özünün müzakirəyə çıxarılması mənə qəribə gəlir. Çünki bunlar hər bir insana xas olan xüsusiyyətlərdir və həbsxanada darıxmamaq mümkün deyil. Əgər kimsə deyirsə həbsxanada darıxmıram, yalan danışır. Qapını üzünə bağlayırlar, dar bir yerdə tək necə darıxmaya bilərsən?! Həbsxanada insanın əlindən alınmış ən böyük nemət onun azadlığıdır və “Darıxıram” şeirini diqqətlə oxusanız görərsiniz ki, həmin şeir məhz azadlığın nə qədər vacib dəyər olması haqqındadır.

- 2003-cü ildə Bayıl həbsxanasında Əkrəm Əylislinin “Ətirşah Masan” əsəri haqda yazdığınız yazı böyük əks-səda yaratmışdı, kəskin resenziya idi...

- “Ətirşah Masan” romanını həbsxananın kitabxanasında “Azərbaycan” jurnalında oxumuşdum. Deməzdim resenziya kəskin idi, orada mən roman haqda düşüncələrimi yazmışdım. Həmin roman haqqında öz siyasi düşüncələrimi yazmamışdım. Romana siyasi əsər kimi yox, bədii əsər kimi yanaşmışam. “Ətirşah Masan” romanına münasibətim siyasətçi Arif Hacılıya aid olan münasibət deyildi, Arif Hacılının ədəbi düşüncələri idi. Sırf bədii əsər kimi yanaşmışdım.

- Yazdığınız yazıya görə Əkrəm Əylisli ilə aranızda narazılıq yarandımı?

- Əkrəm Əylisli ilə hələ tələbə vaxtından tanışam. İstər Xalq Cəbhəsində olduğum zaman, istərsə də Azərbaycan Respublikasının Dövlət müşaviri vəzifəsində çalışarkən və sonrakı dövrlərdə Əkrəm Əylisli ilə çoxsaylı görüşlərim olub. Ailə şəraitində də görüşmüşük. Yaş fərqini nəzərə almasaq Əkrəm Əylisli ilə münasibətlərimizi dostluq münasibətləri kimi də dəyərləndirmək olar. Həmin yazıma Əkrəm Əylislinin reaksiyası pozitiv olmuşdu.

- 1992-ci ildə Zaqatalada Şeyx Şamilin heykəlinin açılışında Çeçenistanın birinci prezidenti Cövhər Dudayevlə fotonuz da müzakirə olunur...

- Mənim Cövhər Dudayevlə çox fotolarım var. Əbülfəz Elçibəy hökuməti dövründə 1918-20-ci illərdə Məhəmməd Əmin Rəsulzadə tərəfindən irəli sürülmüş “Qafqaz evi” ideyasının reallaşdırılması istiqamətində addımlar atırdıq və bu sahə ilə çox geniş məşğul olan şəxslərdən biri idim. Bu kontekstdə Gürcüstan və Çeçenistan hökumət dairələriylə çoxsaylı görüşlərim olub. Bu görüşlərin bir çoxlarında məndən başqa Azərbaycanın ziyalıları, millət vəkilləri, bizim şeyxülislam və digər şəxslər də iştirak ediblər. Ermənistan istisna olmaqla Qafqaz ölkələrinin birliyini yaratmaq istəyirdik və bu istiqamətdə çox ciddi addımlar atılmışdı. Cövhər Dudayev bu ideyanın tərəfdarlarından biri idi. Dudayevə marağımız onun Azərbaycana daim təhlükə yaradan Rusiya imperiyasının qarşısında dayanan bufer dövlət yaratmaq cəhdi və eyni zamanda “Qafqaz evi” qurulmasına marağı ilə bağlı idi. Cövhər mərkəzi Bakı, lideri Elçibəy, dini lideri Allahşükür Paşazadə olan bir “Qafqaz evi”nin formalaşmasına tərəfdardı. Bizim də bu istiqamətdə onunla intensiv danışıqlarımız olurdu. Cövhər Dudayev Zaqatalada da, Bakıda da olub. Mən də dəfələrlə onunla Çeçenistanın paytaxtı Qroznıda həm rəsmi, həm qeyri-rəsmi görüşlər keçirmişəm. Keçirdiyimiz görüşlərdə Qarabağ müharibəsində Azərbaycana dəstək verilməsi ilə əlaqədar məsələlər müzakirə olunurdu. Təəssüf ki, ölkəmizdə 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyi nəticəsində bu proses dayandı.

- Hakimiyyətdən gedəndən sonra Cövhər Dudayevlə hansısa əlaqələriniz oldumu?

- Xeyr, biz hakimiyyətdən getdikdən sonra Cövhər Dudayevlə heç bir əlaqəm olmayıb və bu barədə deyilənlər şayiədir.

- Həbsxanada kriminal aləmin nümayəndələri ilə münasibətləriniz necə idi?

- Həbsxana cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə özünə hörmət, nüfuz qazanmış insanlar adətən həbsxanada da özünə hörmət və nüfuz qazanmağa nail olurlar. Sadəcə olaraq həbsxanada ekstremal şərait olduğu üçün insanların xarakteri daha tez üzə çıxır. Siyasi məhbuslara həbsxanada müsbət münasibət var. Əgər xüsusi öyrədilmiş adamlar hansısa hərəkətlərə yol verməsələr istər kriminal aləm, istər adi dustaqlar, həbsxana dili ilə desək “mujik”lər siyasi məhbuslara xüsusi rəğbət və hörmətlə yanaşırlar. Siyasi məhbusların həbsxanalarda olması məhbusların xeyrinədir. Çünki siyasi məhbuslar onların problemlərinin qaldırılması məsələsində fəallıq göstərirlər. Siyasi məhbuslarla ehtiyatla davranmağa məcbur olan həbsxana rəhbərliyi digər məhbusların da hüquqlarını təmin etmək məcburiyyətində qalır. Eyni zamanda mənim yaşım, Azərbaycanda tanınmağım həbsxana həyatımı yüngülləşdirən amillərdən idi. Özümə qarşı istər birinci həbs dövründə, istər ikinci həbs dövründə dustaqlar və kriminal aləm tərəfindən yalnız hörmət görmüşəm.

- Kitab buraxmaq niyyətiniz var?

- Müəyyən qeydlərim var. Bunlar həm siyasi, həm də bədii qeydlərdir. Zamanı gələndə onları çap etdirəcəyəm.

- Ramiz Rövşəni kənara qoysaq daha çox hansı şairləri oxuyursunuz?

- Son dövrlər şeir oxumuram (gülür). Ramiz Rövşəni kənara qoymaq lazım deyil. Çünki Ramiz Rövşən şairlik işinə məsuliyyətlə yanaşan insanlardandır. Uzun illərdir ki, Azərbaycan ədəbiyyatında mühüm yerlərdən birini tutur. Salam Sarvanın şeirlərini oxumuşam və bəyənmişəm. Bir çox şairlərin siyasətdən xəbəri olmasa da siyasətə istədikləri kimi müdaxilə edirlər, ancaq mən müasir ədəbiyyat barədə o dərəcədə geniş biliklərə malik deyiləm ki, bu barədə dediyim fikirlər ciddi mütəxəssis fikri kimi qəbul olunsun.

- Ramiz Rövşənin, Salam Sarvanın şeirlərinin insanı depressiyaya salması da müzakirə mövzusudur...

- Biz sosialist realizmi təbliğatı ilə təhsil almış insanlarıq. Müasir dövrdə birdən-birə inqilabi çağırışların təbliğatının geniş vüsət alması mənə qəribə gəlir. Müəyyən insanlar görünür solçu təfəkkürə malikdirlər və dialektik-materializmi qəbul edirlər. Amma mənim düşüncələrim bir qədər fərqlidir. Düşüncə tərzimə görə dialektik materializmi qəbul etmirəm. Düşünürəm ki, sənət, sənət üçündür. İnsanlar öz duyğularını, öz hisslərini necə var o şəkildə büruzə verəndə daha istedadlı olur. Təbii ki, mən məsələn, Mayakovskini inkar etmirəm. Amma düşünmürəm ki, Mayakovski Lermontovdan böyük şairdir.

- Həbsxana bir siyasətçi kimi sizə nə verdi və nə aldı?

- Siyasətçinin həbsxanaya düşməsi mənfi hal deyil. Mən siyasi fəaliyyətimə görə həbsxanada olmuşam və bilirəm ki, həbsdə olmayan siyasətçilər həbsdə olmuş siyasətçilərə həsəd aparırlar. Dünyagörüşümün formalaşmasında, mübarizə əzmimin möhkəmlənməsində həbsxananın böyük rolu olub. Ancaq həbsxana mənim ailə üzvlərim, silahdaşlarım üçün də böyük problemlər yaradıb. Özümə, səhhətimə problemlər yaradıb. Fəaliyyətimlə bağlı heç bir peşmançılığım yoxdur. Yenə də 2003-cü ilin oktyabrın 16-sı olsaydı insanlarla birlikdə Azadlıq meydanının tribunasına çıxardım, yenə də 2011-ci ilin aprelin 2-də polis kardonlarına doğru gedərdim.

# 3110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #