Onlar nə yazırlar? SORĞU

Onlar nə yazırlar? <span style="color:red;">SORĞU
24 aprel 2014
# 07:45

Kulis.Az yazıçılar arasında keçirdiyi “Hazırda nə yazırsınız?” sorğusunu təqdim edir.

Maqsud İbrahimbəyov: “Hazırda pyes üzərində işləyirəm. Heç adını da müəyyənləşdirməmişəm. Hələ iş çoxdur”.

Azər Abdulla: “Şeir, hekayə yazıram. İki il əvvəl yazmağa başladığım roman yarımçıq qalıb. Nədənsə o romanın üzərinə qayıda bilmirəm”.

Məmməd Oruc: “Hazırda “Qısaqapanma” adlı roman yazıram. Bu saat ancaq onun üzərində çalışıram, romanı artıq bitirmək üzrəyəm”.

Dilsuz: “Hazırda əsər yazmıram. Daha çox tərcümə işi ilə məşğulam. Racinskinin “Dekabristlər”in həyatından bəhs edən pyesini tərcümə etmişəm”.

Səfər Alışarlı: “Hazırda heç nə yazmıram. İşimin gərəyi olaraq jurnalistika məhsullarının hazırlanması ilə məşğulam. Yarımçıq, tamamlanmamış romanım var ki, onun da üzərində işləyə bilmirəm. Zamanın ixtiyarına buraxmışam, görək necə olacaq”.

Saday Budaqlı: “Bu suala cavab vermək qəliz olacaq, amma faktiki heç nə yazmıram”.

Nərmin Kamal: “Əlimdə üç yazı işim var. Həftədə bir dəfə BBC Azərbaycanda bloq yazıram. Son həftə ingilisdilli bir saytın sifarişiylə Azərbaycan və Ermənistan ədəbiyyatında Qarabağ mövzusu haqda müqayisəli məqalə hazırlayıram. Və “Aç, mənəm”-dən sonra ikinci romanımı yazıram”.

Orxan Fikrətoğlu: “Yeni kitabım çap olunub. Çoxdan yazdığım, yarımçıq qalmış “Müjdə” romanını tamamlamağa başlamışam. İdeyanı bilirəm, sadəcə strukturu dəyişmişəm. Roman möcüzənin insan həyatındakı rolu, ümumiyyətlə, möcüzə və reallıq barəsində olacaq”.

Mübariz Cəfərli: “Hazırda “Məkkə” adlı roman yazıram. Təbii ki, tək romanla iş bitmir. Romanla bərabər hekayə, povest də yazıram. 2004 – 2010 – cu illər aralığında “Bərpaçı” romanını yazanda “Əl” povestini yazmışdım. Arada vaxt uzandığı üçün başqa şeylər də yazırsan”.

İlqar Fəhmi: “Xeyli çap olunmamış əsərim var. Hazırda onları çapa hazırlamaqla məşğulam. Təxminən on iki cild olacaq. Həm bu vaxtacan çap olunanlar, həm də olunmayanlar o seriyada nəşr ediləcək. Burda romanlarım, telepyeslərim, hekayə-povestlərim, kinoromanlarım, pyeslərim yer alacaq. Axır vaxtlar kinoroman yazmaq çox xoşuma gəlir. Bunları yekunlaşdırandan sonra iri bir əsərim var, onun üzərində işləyəcəm. Birinci cildini keçən il bitirmişəm”.

Sevinc Elsevər: “Uşaqlar üçün povest yazmışam. Hazırdı, kənara qoymuşam. Vaxt keçsin, bir də baxacam. Tərəddüdlərim var. Bir qədər səmimi olmuşam uşaqlarla, yazdıqlarım da onları kədərləndirəcək. Qızım Nilufər həssasdı. Kədərli mətnlər oxuyanda ağlayır. Əvvəllər dərsliyə kədərli mətnlər salanların qarasına deyinirdim. Özüm də kədərdən qaça bilmirəm. Uşaqlar üçün şən şeylər yazmaq istəyirəm. Hələ ki, alınmır. Bir hekayəm var, Kulisə göndərəcəm”.

Cəlil Cavanşir: “Yeni, “Qadın corabları” adlı romanımı bitirmişəm. Hazırda redaktə prosesi gedir. Roman dövrün siyasi, ictimai, ədəbi hadisələrinə münasibətimi sərgiləmişəm. Problem çıxmasa romanın mayda nəşri planlaşdırılır”.

Fərid Hüseyn: “Hazırda həbsxana haqda povest yazıram”.

Kəramət Böyükçöl: “Mən hər gün yazıram. Kitab oxuya bilmirəm. Kitablardan zəhləm gedir. Yazmağa daha çox üstünlük verirəm. “Səkkizinci gün” adlı romanım “Qanun” nəşriyyatındadır. Neçə aydır gözləyirəm ki, kitabım çıxsın. Amma görürəm ki, kitabım çıxmır, əvəzində canım çıxır. Canım çıxmasın deyə yeni roman yazmağa başlamışam. Oxunaqlı bir əsər yazacağımı düşünürəm. Yəqin, yaxşı olacaq. Buna sadəcə, inanıram. Planda növbəti bir kitab da var. Həyat lövhələri yazıram. Qısa, oxunaqlı yazılarımı toplayıb bir kitab kimi çap edəcəm. Bu yaxınlarda çap olunacaq”.

# 5156 dəfə oxunub

Müəllifin son yazıları

# # #