“Don Kixot dediyim üçün bir dostum məndən 18 il küsülü qaldı” – LAYİHƏ

“Don Kixot dediyim üçün bir dostum məndən 18 il küsülü qaldı” – LAYİHƏ
25 dekabr 2014
# 16:47

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının, tanınmış şəxslərin ən çox sevdiyi əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz yazıçı, publisist Akif Əlidir. Onun ən sevdiyi əsər Migel de Servantesin “Don Kixot” romanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Migel de Servantesin “Don Kixot” romanı sizin ən seydiyiniz əsərdir?

- Dünyada çox maraqlı və dəyərli kitablar var: “Gilgamış”, “Mahabharata”, “1001 gecə”, “Xəmsə”, “İliada” və “Odisseya”, “Dekameron”, “İlahi komediya”, “Robinzon Kruzo”, “Cinayət və Cəza”, “Hamlet”, “Hərb və Sülh”, “Qoca və Dəniz”, “Hophopnamə”, “Böyük ömrün anları” və s. 1605-15-ci illər arasında ispan Migel de Servantesin yazdığı “Lamançlı Don Kixot” əsəri də mənim ən çox sevdiyim kitablardandır. Dünya ədəbiyyatının bu şedevri bəşər övladını daim düşündürən əbədi mövzular üzərində qurulub: İnsan və Həyat. İnsan və Zaman. Şəxs və Kütlə... Bu tərəflərin arasındakı ziddiyyətli məqamlar həmişə bəşəriyyətin ayağından pudluq daşlar kimi asılıb. Toplum fərdiliyi qəbul etmir, onu qovur, istehza edir və yalnız zaman keçdikdən, kütlə, cəmiyyət, toplum inkişaf etdikdən sonra fərdin həqiqətləri bəlli olur. Servantesin Don Kixotu mahiyyət etibarilə öz zəmanəsindən ayrı düşmüş insandır...

Avropa Renessansının (XIV-XVI əsrlər) cəngavərlik romanlarına parodiya kimi qələmə alınan “Don Kixot” yer üzünün ən populyar kitablarından biri yox, birincisi oldu. O, dünyanın bir çox dillərinə tərcümə edildi. Real həyatla üzləşəndə xəyalları puç olan zavallı Don Kixot bütün bəşəriyyəti silkələdi. Bəlkə də müəllifin özü haqsız yerə həbsə atıldığı üçün sərt sarkazmla qələmə aldığı nəcib qəhrəmanı da bu qədər duyğusal və təsirli çıxmışdı. Sonralar Servantesin çox davamçıları meydana gəldi, yazıçılar onu təlqin etməyə başladılar, oxşar əsərlər yazıldı, saysız-hesabsız teatr tamaşaları, kinofilmlər, televiziya verilişləri yarandı, heykəllər yapıldı, şəkillər çəkildi, opera və balet nümunələri meydana çıxdı... Bilirsiniz ki, dahi Qara Qarayevin də məşhur “Don Kixot” simfonik qravürləri var.

- Sizcə, Don Kixot niyə məhz oxumaqdan (cəngavərlik romanları) ağlını itirir və döyüşçü olmaq qərarına gəlir?

- Əsərə qiymət vermək üçün onun yaranma tarixini, səbəblərini bilmək lazımdır. Bu kitab yaranan zamanlar həqiqətən “Amadis” kimi yüksək pafoslu cəngavər romanları Avropda dəb idi və yazılan kitabların əksəriyyətində romantika o dərəcədə ifrata varırdı ki, hətta hiperbola səviyyəsində təhrifə yol verilirdi. Cəngavər ideal insan sayılırdı. At minib, qılınc, nizə götürüb ağayana gəzən və bu zaman öz şücaətli görüntüsü ilə mütləq hansısa xanımın ürəyini fəth edən cəngavər cəmiyyətin kumiri idi. Belə patetik kitablar oxucuların əlindən düşmürdü.

Zamanın dəyişdiyini, həyatın daha realist, praktik, praqmatik tələblər irəli sürdüyünü görən Servantes həmin romantik əsərlərə öz münasibətini bildirmək üçün “Don Kixot”u yazdı. Servantesin Don Kixotu məhz kitab oxumaqdan, necə deyərlər, “başı xarab olur”. Zamanı keçmiş romantik şücaət rəvayətlərinin təsiri altında o da özünü cəngavər kimi hiss etməyə başlayır. Folknerin ifadəsi ilə desək, bu “əbədiyaşar, qəmli və komik obrazın” bədbəxt günləri başlayır. Cəfəng kitablar oxumaqdan psixikası pozulan Don Kixot cəngavərlik üçün zəruri olan sədaqətli aşiq timsalında zənn etdiyi xəyali Dulsineya xanımın dərdindən dəli-divanə olub çöllərə düşür. Özünə silahdaşıyan tutur, səyahətləri zamanı müxtəlif macəralarla üzləşir, yel dəyirmanı ilə vuruşur, qoyun sürüsünə hücum edir, qırmızı şərab tuluğunun qanını tökür, bağlı qəfəsdəki şirlərlə çarpışır, nökəri padşah təyin edir və s. Yəni dolayısı ilə, o, özünü cəngavərlik kitablarında oxuduğu qəhrəmanlar kimi aparır. Nəticədə bu situasiyaların hamısında insanlar əvvəl ona gülür, sonra ələ salır, axırda isə qeyri-ciddiyə alıb öz işlərinin dalınca gedirlər. Don Kixot özü isə bütün bu anlaşılmazlıq əzablarını anlayışla qarşılayıb hesab edir ki, başına gələn müsibətlər mərd, igid, cəngavər adamların qismətidir.

- Qəribədir ki, Don Kixot taleyə inanmır, bütün məğlubiyyətlərini, eləcə də yel dəyirmanına məğlub olmasını, məhz, “qara qüvvələr”in üstünə atır. Don Kixot (Donkixotluq) üçün tale nədir?

- Bu obraz müəllif təxəyyülünün məhsulu olan irreal bir personajdır. Servantesin istedadından doğulan bütün sarkastik çalarlarla zəngin, şişirdilmiş, qeyri-real Don Kixot obrazı ayağı yerdən üzülü, romantik xülyalar qoynunda fikri səmaları dolaşan və dövrünün sərt məişət reallığı, acı həyat həqiqətləri ilə uzlaşmayan personajlara parodiyadır. Xəyalı göylərdə gəzən cəngavərlərin mahiyyətini açmaq üçün Servantesin yaratdığı cəngavər obrazı yel dəyirmanları ilə vuruşur, dustaqlara azadlıq vermək istəyir, Sanço Pansaya ada bağışlayır və s. Yəni imkanına, səlahiyyətlərinə aid olmayan işlərə girişir. Sonucda gülünc hala düşəcək qədər mənasız “mübarizələrdən” üzülüb yatağa düşür. Onun mübarizələri reallıqla kontrastda olduğu üçün situasiyanın özü gülüş doğurur. Don Kixot obrazı dəyişən zamanda köhnə fikirlərlə yaşayanların ümumiləşdirilmiş obrazıdır, müəllifin həyat reallıqlarına tutduğu güzgüdür. Analoji olaraq bizdə belə bir qrotesk ədəbiyyatı sonralar dahi M.Ə.Sabir yaratdı.

- Norveç Kitab Klubu “Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib. Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib. O cümlədən, Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini deyiblər. Dahi ispan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri səslərin yarıdan çoxunu toplayıb, birinci yeri qazanıb. Siz bu seçimi təsadüfü sayırsız, yoxsa hamı üçün lazımlı hesab edirsiniz?

- Həmin sorğu barədə məlumatım var. Adları çəkilən yazarlardan min baş üstün olan Fyodor Dostoyevski əsərə iki yüz il əvvəl daha yüksək dəyər verib. O, deyib ki, əgər bəşəriyyət nə zamansa oralarda, göylərdə hesabat verməli olsa, tək bircə Servantesin “Don Kixot” əsərini təqdim etməklə kifayətlənə bilər... Yəni insanların yer üzərində etdiyi bütün şər əməlləri, səhvləri, yanlışlıqları, nadanlıq və pislikləri Servantesin bu əsəri yuyub onlara bəraət haqqı verə bilər... İsa Peyğəmbər insanların günahını öz üzərinə götürüb Tanrı qarşısında onları xilas etdiyi kimi...

- Don Kixot hərdən Sanço Pansaya deyir ki, çalış çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div sayıb deşir və qırmızı çaxır yerə dağıldıqca, elə bilir, divin qanı axır. Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo (ispan zadəganı – red.) kimi aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən axıracan elə bil, müdrikliklə axmaqlığın mübarizəsi gedir...

- Bu, yaradıcılıqdır və müəllif öz müdrik mülahizələrini hansısa formada ictimai fikrə çatdırmalıdır. Burda olsa-olsa “dəlidən” (sadəlövh cəngavərdən) doğru xəbər (müdrik müəllifin fikri) paradosku ola bilər. Dediyin paradoksal görüntü xeyirlə şərin mübarizəsini, əksliklərin vəhdətini və müəllifin sarkazmını göstərmək üçündür. Mahiyyətdə Don Kixot “mənfi” obraz deyil. Daha çox sadəlövhlüyü, humanistliyi və mədəniliyi ucbatından cəmiyyətdə uğursuzluqlara düçar olan həssas, nəcib Don Kixot əslində çox oxumuş, bilikli, düşüncəli adamdır, ədəbiyyat, təlim-tərbiyə, idarəçilik, azadlıq, dinclik, vuruş və s. məsələlərdə əsl mütəfəkkir kimi Sanço Pansaya ağıllı məsləhətlər verir. Belə məqamlarda müəllif özü, sanki yaratdığı obrazın arxasından önə çıxır.

- Sizə görə Donkixotluq nədir? İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək? Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək? Ona pislik edənlərə təmənnasız yaxşılıq etmək? Yoxsa rus ədəbiyyatına xas “artıq adamlar” və “oblomovçuluq”un başqa bir forması? Yoxsa bunların hamısını özündə ehtiva edən bəşəri bir dəyər?

- Axırıncı təyin obyektivliyə daha yaxındır. Çünki Donkixotluq onların hamısını özündə qapsayan, amma yenə də hamısından daha nəhəng olan bir anlayışdır. Prinsipcə Donkixotluqda pis çalarlı ziyanəvərlik yoxdur, amma qəhrəman da deyil. Sadəcə reallıqdan uzaq düşən tənha insan əzabıdır. Don Kixot öz aləmində hamıya yaxşılıq etmək istəyən xeyirxah cəngavərdir. Ancaq yalnız öz aləmində. Real aləmdə isə bu xoş məramlı niyyət qıcıq doğurur. Çünki Don Kixotun öz aləmi real aləmdən uzaqdadır. Don Kixotluq bir az sadəlövhlükdür, bir az dardüşüncəlik, bir az romantika, bir az öz imkanlarını şişirtmək, bir az sərsəmlik, bir az xeyirxahlıq, bir az dəlisovluq, bir az ötkəmlik, bir az ərkyanalıq, bir az iddialıq, bir az təvazökarlıq, bir az özündən razılıq... Yəni sən demişkən, bunların hamısını özündə ehtiva edən qeyri-adi dərəcədə maraqlı və yazıq bir konqlomeratdır. Don Kixot obrazı insanın psixoloji durumunun, xarakterinin tipik göstəricisi kimi qəbul olunur. Kimsə reallıqla uyuşmayan hərəkətə yol verdikdə ətrafdakılar dərhal onun Donkixotluq etdiyini düşünürlər.

Belə bir olayla mən də rastlaşmışam. Vaxtilə yaxın bir adamı yersiz hərəkətinə görə dostyana məzəmmət etmişdim və o, birdən-birə yoxa çıxmışdı. Təsəvvür elə, düz on səkkiz ildən sonra mən onun itməyinin səbəbini bildim; sən demə reallıqla əlaqəsi olmayan davranışına görə mən ona adicə “Bəsdir, Donkixotluq eləmə!” demişəm və bu, onun bərk xətrinə dəyib. Təbii, sonralar bunu biləndə izah etdim ki, bu təhqir deyil, sadəcə mənim leksikonuma xas obrazlı yanaşmadır və bizim dost münasibətlərimiz bərpa olundu. Ancaq, bax ki, dostumun gözləntisi ilə real situasiyanın üst-üstə düşməməsindən yaranan anlaşılmazlıqda biz ünsiyyət imkanımızın on səkkiz ilini itirdik...

- Akif bəy, Donkixotluq niyə bu qədər yozumludur?

- Çünki Servantes çox istedadlıdır. Müəllif nə qədər müdrik və dərindirsə, yazısı da bir o qədər zəngin, çoxcəhətli və çoxlaylı olur. Servantesin əsəri həqiqətən geniş yozum imkanlarına malikdir. Müəllif çox mətləblərə toxunduğundan, cəmiyyət həyatının və insan qəlbinin bir çox qatlarını ortaya çəkdiyindən, dediyiniz kimi, çoxyozumluluğa qapısı açıqdır.

- Bütün məğlubiyyətlərə rəğmən nikbinliyi zərrəcə də olsun əskilməyən bu əsərin sonunda Don Kixot ölür. İstərdim ölümün labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.

- Ölüm kimi, Don Kixotun məğlubiyyəti də labüddür. Eynən ölüm kimi Don Kixotun həyatı da ölümündən sonra davam edir. Müəllifin ideyası və əsərdə aşılanan amal bunu tələb edir. Real dünya ilə toqquşan irreal insan dünyası. Donkixotluq qalib ola bilməz. O, bir yandan səmimidirsə, o biri yandan sadəlövhdür; bir yandan nikbindirsə, digər yandan bədbəxtdir; bir yandan göylərdə uçursa, başqa bir yandan zəmanədən geri qalır... Don Kixot qalib çıxsa, Servantes məqsədinə çatmazdı. Servantes özünü doğrultmayan keçmiş cəngavərlik institutunun artıq geridə qaldığını, həyatın isə irəli getdiyini göstərmək istəyirdi. O, Don Kixotu uzaqbaşı praqmatik insanlarda özünə rəhm hissi doğuran, sadəcə baş qoşmağa dəyməyən yazıq, fağır, zavallı fərd kimi yaradıb. Yekunda isə belə bir fərdin uğur perspektivinin olmadığını göstərib. Məntiqi sonluqdur.

Servantes bu şedevri ilə, inanın, bəşəriyyətin tərəqqisinə təkan verib. O, sanki uzun müddət romantik xəyallar qoynunda avara-sərgərdan dolaşan Avropanı göylərdən çəkib yerə saldı. Və real həyatla yaşamağın, yer üzündəki problemlərlə məşğul olmağın, real məişətini sahmana salmağın, yer üzündəki yaşayışını nizamlamağın göylərdə faydasız yerə pərvaz etməkdən daha vacib olduğunu anlatdı. Təsadüfi deyil ki, sonrakı əsrlərin Avropası sanki Orta əsrlərin uyuşdurucu ətalət yuxusundan dik atılaraq elmi-texniki tərəqqi mərhələsinə qədəm qoydu, indi şahidi olduğumuz texnoloji üstünlüyünü qazandı.

- Asif Ata “İnam və şübhə” əsərinin “Don Kixot inamı” adlı hissəsində yazırdı ki, əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli, həyatda soyuqürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır. Siz necə, Donkixotluğu dəlilik kimi qəbul edirsiz, yoxsa?

- Mütəfəkkir Asif Atadan sitat gətirdiyiniz parçadakı “Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır” – fikri ilə razıyam. Ancaq bir onu əlavə edim ki, “dövr” yox, daha çox cəmiyyət, toplum, kütlə o səmavi hisslərə yaddır. Ümumiyyətlə, fərdi xarakterli zərif duyğular adətən kobud ictimai mühitdə özünə yer tapa bilmir və sınır, darmadağın olur. Çünki Tanrının Doğru Yoluna çox çətinliklə çıxan bəşəriyyət mükəmməllikdən uzaqdır. Əlbəttə, Don Kixot “zır dəli” deyil, onda sadəcə iddialı insanın xeyirxahlıq etmək əzmi aşıb-daşır. Ancaq adam yaşadığı dövrün tələblərindən uzaq düşdüyü üçün nümayiş etdirdiyi nəcib qəhrəmanlıq yersiz görünür. Servantes adamın artıq köhnəldiyini, keçmişdə qaldığını və müasir düşüncə daşıyıcısı olmadığını göstərməklə yanaşı, həm də artıq praqmatikləşən dünyada pak, təmiz, ülvi hisslərin meydanının daraldığına da işarə edir. Bəs belədə soruşa bilərsən ki, Don Kixot niyə əzmlə davam edir, niyə məğlubiyyətlə barışmır, acizliyini etiraf etmək istəmir? Bax, bu “niyəsini” 350 il sonra Heminquey yazacaqdı: çünki İnsanı öldürmək olar, ancaq onu məğlub etmək olmaz! Məhz bu ideyanın uğurlu bədii həllinə görə “Qoca və dəniz” Nobel mükafatına layiq görüldü. Bu da klassikadan düzgün nəticə çıxardan müasir ədibin dahiliyi idi.

- Borxesin məşhur “Don Kixot haqqında magiya” essesində belə bir sual var: nəyə görə Don Kixotun “Don Kixot”un oxucusu olması, Hamletin isə “Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tipli işlər beynimizə belə bir fikri salır ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də bəlkə uydurmayıq. Doğurdanmı belədir?

- Məsələni bu qədər mürəkkəbləşdirməyə və oxucunu mistikaya yönəltməyə nə ehtiyac var? Dahiyanəlik çox sadə olur. Bütün mahiyyət yaradıcılığın spesifikasından irəli gəlir. Çox ədəbi-bədii nümunələrdə müəlliflə personaj arasında sərhədin götürülməsi hallarına rast gəlirik. Müəllif sanki özünü yaratdığı obrazın yerində hiss edərək əsərini yaradır və öz fikir-düşüncələrini onun dili ilə deyir. Poeziya belə priyomlarla doludur. Elə Füzuli demirdimi Məcnunun yalnız adı var? Şekspir də “Hamlet”də bu üsuldan istifadə edib öz sözünü personajın dilinə qoyub, Heminquey də “Əlvida silah”da özüdür... Ümumiyyətlə, yaradıcılıqda analoji avtoportret nümunələri çoxdur. Təkcə ədəbiyyatda yox, rəssamlıqda, kinoda, teatrda… Leonardo Da Vinçi “Mona Liza”da gizləndiyi kimi, Servantes də “Don Kixot”da gizlənib… Bu qədər bəsit.

- Maraqlı söhbətə görə sağ olun.

- Siz də maraqlı suallara görə sağ olun. Dünya ədəbiyyatının şedevri haqqında söhbətimizi böyük Ədəbiyyatın ölməzliyi və qüdrəti barədə belə bir məlumatla yekunlaşdıraq: bugünkü İspaniya hökuməti vaxtilə həbsə atdığı Migel de Servantesin "Don Kixot" kitabını oxumayan adama İspan vətəndaşlığı verməkdən imtina edir.

# 7878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #