Kulis.Az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.
DÜNƏNKİ
Hər səhər təzədən doğulur insan –
Allahsa dünənkidi.
Hər gün təzə sevgiylə başlayır gün –
xatirələr dünənkidi.
Bu gün asıblar günəşi göyə –
işıq dünənkidi.
Qəbirlər insanlar kimi təzədi –
ölüm dünənkidi.
Dünənkidi, bütün böyüklər, dünənkidi...
KOR
Çoxdandı göy üzünə – sərçələrə baxmıram...
Çoxdandı…
O vaxtdan ki, sərçələrə baxmıram görmürəm göy üzünü…
O vaxtdan ki…
Sərçələrə baxmıram, göy üzü hanı – tapmıram xeyli zamandı,
Xeyli zamandı…
Sərçələrin göy üzü yoxdursa – baxışım hanı? – İtib haçandı
Haçandı
Sərçələrin yoxluğun deməyin göy üzünə – baxışları gizləyib
Göz üzün yoxluğun demirəm sərçələrə – baxışımı gizlədib
Gözlərimin yoxluğun bilmirlər heç sərçələr – uçurlar göy üzünə
***
Allah bizə azmaq fürsəti verir ki, azmayaq
Amma azmı azırıq?
Çoxdandır sözləri mən yazmıram – sözlər öz taleyini yaşayır
Doğulanı doğulur, öləni ölür.
İndi bu ölümlü dünyada kimi inandırasan ki,
Canın ağrısını dil deyir –
Bizi bu ağzımızdakı xəbərçi ələ verir.
Çoxdandır dərdimi danışmıram –
Ürəyim kimi gəzdirirm ağrılarımı
Çoxdandır dostlarla ümumi maraqları bölüşürəm ancaq
Daha ağrıların xəbərçisi deyiləm – ürəyin həmdərdiyəm
Bir az böyümüşəm,
bax bu gün atam kimi əlimdən tutub
özümü gəzdirmişəm şəhərdə
doğrudan da, necə gözəldir həyat.
CANAVAR və MƏYUSLUQ
Şəklinə baxmıram, bilirəm ta o deyilsən,
Necə ki, qocalar deyir:
dünya həmin dünya deyil.
Bizim şəklimizi götürüb otaqdan
başqasını asmışam
O şəkildə canavar parçalayıb qoyunu
çoban itisə heç nə edə bilməyib.
Hər gün bu mıxdan asılmış məyusluğa baxıram.
Zərdüşt dövründə doğulsaydıq
gözümüz baxa-baxa
ölülər daxmasında anamızın gözlərini oyardı qarğalar
İndi bu dirilər dünyasında,
içimizi didir ağrılar.
Bir gün bir qadın niyə şeir yazırsan soruşdu,
Gözlərinin zirzəmisə endim,
Gördüm ki, orda: “yazsan nə dəyişəcək” yazılıb.
Susdum...
TƏLƏS
Elə bil fil tapdalayıb gözəlliyini
tikə-parça olub əksim gözündə.
Elə bil mıxdan əyri asılmış güzgüsən
əyri görünür önündə düzlüyüm də.
Çıx get, daha qarşımda durma
özümü sıldırımda dayanmış kimi hiss edirəm.
Yeri, yürü, yeyin ol, tələs öz taleyinə,
məndən sonra səsləməz heç kəs səni bu səslə
Amma kimsə, əlbəttə, barmağıyla çağırar.