“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair Şəhriyar del Geranidir. Şəhriyarın ən sevdiyi əsər Samuel Bekketin “Malon ölür” romanıdır.
- Hansı məziyyətinə və bədii keyfiyyətinə görə Samuel Bekketin “Malon ölür” romanı sənin ən sevdiyin əsərdir?
– Bilirsən ki, sistemli mütaliəm-zadım yoxdu. Hamısını da bu Bekket, Moem eləyib. “Malloy”dan sonra “Studentlər” nə qədər bayağı görsənir bir bilsən. Moemdən sonra Markesi, Pamuku oxumaq şirinçayı soğan-sarımsaqla içmək kimi bir şeydi. Diqqət elə, bir atıcı illərlə məşq edir, hazırlaşır, minlərlə hədəfi nişan alır. Zaman gəlir həmin atıcı 2 dəfə dünya, 4 dəfə Avropa, 3 dəfə də Olimpiya çempionu olur. Lazım olan 9 hədəfi vurur və bütün yer kürəsinin sakinləri onu tanıyır, sevir. Bəs sonra? Sonra hansı hədəfi vursun? Axı bitdi. Bir alpinist ən qısa vaxta ən hündür zirvəni fəth eləyir, rekord! Sonra bu bədbəxt bu boyda ömrü küçədə necə gəzsin? Bütün ciddi uğurların bir addım o tərəfində dəhşətli uçurum var. Biz onun adına böyük hərflərlə “DARIXMAQ” da deyə bilərik. Elə Bekket də “Malon ölür” romanında bu cür insanların psixologiyasını açır, həyatını yazır. Allah sevmədiyi adamları bütün arzularına çatdırıb bədbəxt eləyir hərdən. Gərək adamın çata bilmədiyi nəsə olsun.
– Niyə belə düşünürsən ki, insan uğurlarından sonra sükut dövründə darıxır və uğursuzluğunu duyur? Bəyəm uğur qazanmış insan öz keçmişindən həzz ala bilməz, gərək hökmən darıxa? Axı bütün ömrümüz boyu hər şey qaydasında gedə bilməz!
– Keçmişlə bağlı olan nə varsa kədərli və darıxdırıcıdı. Belə olmasaydı qarımış gözəlçələr kifir qızcığazların yerinə olmaq istəməzdilər. Əksər qocaları gənclik şəkillərinə baxıb ağlayan görmüşəm. Elə bir uğur yoxdu ki, onun sevinci səni bir ömür boyu məşğul eləsin. Bütün uğurlar yarımçıqdı. Mən həddindən artıq optimist adamam. Amma həyatımda heç nəyi uğur hesab eləməmişəm. Həmişə özümü belə bayağılaşmaqdan qorumuşam. Ən yaxşı halda "uğursuzluqdan uzaq" nələrsə olub.
– Yeri gəlmişkən, Bekketin üslubuna yaxınlığı sənin "İntihar hörüyü" romanında da rast gəlmişdim.
– Onsuz da sən məni gözümçıxdıya salmısan son vaxtlar. O vaxtı da mən əsgərlikdə olanda “Oxu zalı”ndakı müzakirədə demisən “Çovdarlıqda uçurumdan qoruyan”dan təsirlənib. Cavanşir Yusifli də deyir “Ətriyyatçı”dan əxz eləmisən fraqmentləri. Sözüm onda yox, Əsəd Cahangir də deyir ki, “milli mükafatı Şəhriyara niyə verirlər, onun romanı əsasında Azərbaycanın söyüş ensiklopediyasını hazırlamaq olar”. Sözün qısası, “başıağacdı” eləmisiz romanı. Düzü, mən o “Çovdarlıqda uçurumdan qoruyan”-ı hərbidə oxudum, dəyərli dostumuz Könül Həsənqulu hədiyyə göndərmişdi. Həqiqətən, son 10 ildə elə heyrətlənməmişdim. Bu qədər də şüuraltı eyniyyətmi olar? Ona görə kim deyirsə Selincerin təsiri var, deyirəm haqlısan. Ümumiyyətlə, o roman haqqında kim nə deyirsə haqlıdı. Axı hansı peyğəmbər bunu sübut edə bilər ki, mən Selinceri o romandan sonra oxumuşam, “Ətriyyatçı”nı hələ də oxumamışam? Məncə, adamlara maraqlı da deyil bu. Mən kiməm ki, adamları bu qədər məşğul eləyim? Amma, Bekketin təsiri dəqiqdi. Bunu “Oxu zalı”ndakı müzakirədə tənqidlərə münasibət bildirəndə də dedim. Bir şey də var, romandakı təhkiyə özümünküdü. Bəlkə də təhkiyəmi tərifləyiblər, mən də inanmışam, bilmirəm. Deyəsən, bir az maraqlıdı amma. Məktəbli dostlarım var, yazmağa yeni başlayıblar. Onlar mənə dedilər ki, sənin romanını oxuyandan sonra özümüzdə cəsarət tapıb daha ciddi səylə yazmağa başladıq, bizimçün asanlaşdı yazmaq. Bu məni çox sevindirir. Ümumilikdə isə bu roman saf ədəbiyyata xidmət eləməyən romandı. Məni düzgün ifadə eləmir. Yeni romana başlamışam, görüm bəlkə bunda nəsə elədim. Bir şeyi də deyim ki, “İntihar hörüyü”nü oxumayana pis baxıram. Məncə, ədəbiyyata dost olan adam bu romanı oxumalıdı. Ən azı dəyərli mətni qiymətləndirməkdən ötrü. Hər bir oxucu ömründə bir dəfə belə məzmunsuz kitab oxumalıdı. Heç olmasa ondan sonra belə gic mətnlərin üzün açmamaqdan ötrü. Ciddi sözümdü.
– “Malon ölür”də qəhrəman özü haqqındakı həqiqətləri də bilmir, az qala hər abzasda fikrini dəyişir, təkzib edir. Bu məqamlara fikir vermisənmi?
– Bütün təkziblər bir bütöv inkarda dayanır, bunu bilirəm. Qəhrəman çox qarışıqdı. Eynən əksəriyyətimiz kimi. Darıxan adamların hamısı belədi. Həm də bütün həqiqətlər inkarda üzə çıxır. Doğrunu yalan üzünə çevirəndə həmişə “həqiqi yalan”, yalanı doğru üzünə çevirəndə isə “yalançı həqiqət” ortaya çıxır. Tanrı da belədi. Bütün dinlər səni Allaha yaxınlaşdırır, dinlərin inkarısa Allahı sənə göstərir. Bizim bu qəhrəmansa otağındakı boşqabda da, qarşokda da bir məna, bir həqiqət axtarır. Və bu əşyalara qədər olan hər şeyi inkar eləməklə.
– Qonçarovun "Oblamovu"nun başqa formasıdır əsərin qəhrəmanı. Yəni qəhrəman tərpənmədən düşünür, sadəcə Qançorovun qəhrəmanı real düşünür, Bekketin qəhrəmanısa absurd?
- Bilirsənmi, iki dünya bir olsa da səninlə razıyam, sənin bu ədəbiyyat deyilən sovxaya yanaşmağın kükürdü barıta sürtmək kimi bir şeydi, hər an partlayış ola bilər. Amma başqa məsələ də var, Qançarovun 32 yaşında təsvir elədiyi boz gözlü Oblomovu Beckett 16 yaşlı Sapoda verir, özü də açıq mavi gözdə. Məsələ gözün rəngində deyil, hadisələri necə görməkdədi. Sapo deyir ki, müəllim bizə həftənin günlərinin adların öyrədəndə mən balaca yumruğumu qaldırıb etiraz elədim, dedim axı azdı, mən daha çox istəyirəm. Fantastik düşüncədi. Bax, 16 il intervalını biz hiss eləmirik, əksinə Sapo daha maraqlı və daha “ağıllıdı”. Bekket absurd teatrın yaradıcılarındandır, belə də olmalıdı. Bu absurd dediyimiz şeylərdə dəhşətli məqamlar var axı. Məsələn, diş fırçasını biz nə qədər dəyərləndiririk? Daraqsız da saçımızı qaydaya sala bilərik, yaxud, ülgücsüz də saqqalımızı səliqəli edərik, qayçıyla-filanla. Ancaq, diş fırçamız olmadan dişlərimizi necə təmizləyərik? Sən heç diş fırçasının alternativin düşündünmü? Gülməlidi eləmi? Bu kifayət qədər düşündürücü məsələdi, ciddi sözümdü. Absurd deyil? Və ya bu boyda da absurd olar?!
– Səncə, təhkiyəçi niyə öz timsalında bütün dünyanın absurdluğunu, mənasızlığını diqqət mərkəzinə çəkir, yəni hamı hansı dərəcədəsə əsərini qəhrəmanın bənzəridir?
- Bilirsənmi, həyat o qədər sadə və bəsitdi ki, biz uzun zamanlar özümüzdən müharibə, vətən uydurub hamımızın olan, ruhani dillə desək, hamımız ONUN olan torpaq uğrunda savaşmışıq. Uşaq doğub küçələrə atmışıq, virus yayıb daha sonra onun dərmanını ixtira eləmişik. Bir sözlə, mürəkkəbləşdirmişik yaşamı, həyatı. Ki, darıxmayaq. Malonun belə bir monoloqu var: "Burda yatağımın yanında bir tumbuçka var, üstündə boşqabda yemək olur həmişə. Mənim otağımda iki vacib əşya var. Biri həmin bu boşqabdı, digəri qarşok. Mənimsə əsas iki funksiyam var – yemək və sıçmaq". Bax, həyat bu qədər absurddu. Amma, adamlar bu iki funksiya arasında nələr etmirlər. Nizami Gəncəvi belə deyib bunu: "Uca sənətini seyr edirik biz, yeməkdir, yatmaqdır yalnız peşəmiz". Nizami Allaha müraciətlə deyir bunları. Gör biz zati müqəddəslər bu iki funksiya arasında baş kəsirik, kimisə işdən çıxardırıq, killer tutub adam öldürtdürürük, ailə dağıdırıq, kimisə bir parça çörək qazanmağa mane oluruq. Əlimizdən gələn bütün iyrənclikləri edirik. Həm də bütün bunlara vaxt ayırırıq, ömür sərf edirik, ciddi cəhdlə çalışırıq. Əlimizdən gələni əsirgəmirik. Bekket irfan sahibidi, düz sözümdü. Ol səbəbdən bunu izah edir ki, "ay camaat, bizim də işimiz var axı, imkan verin kinomuzu çəkək". Yəni, bizi rahat buraxın, daha ilahi mətnlər yaradaq. Bu əsərdə o qədər yerlərə yollar ayrılır ki. Azərbaycan ədəbiyyatında ciddi mətnlərin yaranmama səbəbi elə bizim adamlardı, qətiyyən xalqa çevrilmək istəməyən kütləmizdi. O qədər məişət problemləri yaradırlar, yazıçı ömrünü ancaq arvadının uydurduğu "pampers-göyərti" problemlərini çözməyə həsr eləyir.
– Qəhrəmanı yaddaşından xilas ola bilməməyi haqqında söhbətləşək, çünki onun ən böyük bəlası, dostu, düşməni elə öz məni və xatiridir.
– Bekketin qəhrəmanı oxucunu çaşdırır. Bilmirsən yaddaşı bunun harasındadı. Adama elə gəlir ki, qəhrəman hər yeriylə düşünür. Bütün bədəni beyindi. Ya da təkcə başdan ibarətdi. Bayaq dediyimiz özünü-inkar da elə bu yaddaşdan gəlir. Dostum mənə bir hadisə danışıb. Deməli, atası dünyasını dəyişib. Bu insan atasıyla bağlı heç nəyi xatırlaya bilmir. Yadında heç nə qalmayıb. Dəhşətdi. Adam darıxır, amma, bir dənə də olsun xatirəsi yoxdu. “Heyvanıstan”da üsyankar heyvanlar birləşib öz dövlətlərin qurduqları kimi “Malon ölür”də də qəhrəman öz yaddaşın toplayıb ömrünü qurur. Orueldə Napoleon kimdisə Bekketdə Malon odu. Həqiqətən belədi. Bir cümləylə də demək olar – Bekketdə yaddaşın özü də bir canlı orqanizm kimidi. Yaddaşın özü də bir obrazdı.
– Əsərdə belə bir nüans var: qəhrəman deyir ki, mən ancaq başımdan ibarətəm və ora sığınmışam. O bütün mahiyyətini fikir kimi dəyərləndirir. İstərdim bu haqda danışasan.
– Bekket “Malloy”unda anasını əla xatırlayır. Hətta belə bir yer var, onu danışır. Deməli, anasından pul istəməyə gəlir, o da xəstə olur, qulağı eşitmir, gözü görmür, deyəsən, belədi, ancaq hiss eləyir. Nə isə, deməli, belə anlaşma var aralarında – qapaz dili. Gəlib anasının başına yumruq vurur, neçə dəfə vurursa o zərbələrin sayı qədər də anası buna penni (pul vahidi) verir. Əntiqə aurası var. Romanda başqa cürdü, mən belə ümumi xatırlamanı dedim. Estetika da başqadı. Ana, pul, zorakılıq – ruh, maddiyyat, cisim. Gör bunları necə sintaktik verib. Vəhdətdə. Anlaşıqlı. Ana oğlunun ehtiyacın ona dəyən yumruqdan bilir, oğul anasının onu başa düşməyindən ötrü yumruqlayır. Yəni, adamlar öz cismani istəklərini yerinə yetirməkdən ötrü ruhlarını əzir, zorlayır. Və bütün bunlar normal vəziyyət kimi göstərilir. Yəni bunların bir-birlərini başqa təhər başa düşməyə yolları yoxdu. Bu boyda başın içinə sığışmağa nə var? Mənim də o boyda başım olsa evimi satıb pulun paylayardım dostlarıma, yığışıb başımda qalardım.
– Bekketin qəribə bənzətmələri var. Məsələn, “çökmüş fil dişinin içinə oyulmuş kimi zirzəmini andıran bu iyrənc otağım...” Şəxsən oxuyarkən bu cür uğurlu bənzətmələr çox diqqətimi çəkdi, bəs səndə necə?
– Çox əla. Xeyli belə təsvirlər var, yadıma düşənləri bir az abırsızdı. Yəni, mən desəm deyəcəklər camaatın anası-bacısı var, özləri oxusalar yaxşıdı. Amma, “bu pəncərə hərdən divara çəkilmiş pəncərə rəsmin xatırladır”, “əllərimdəki donuq parıltı unudulmuş bir günəşin parlaqlığıdı”, “özümü o qədər uzanmış hiss eləyirəm elə bil bədənimin ucları, əllərim, ayaqlarım, başım, cinsi orqanım tamamən məndən uzaqlaşıb gözdən itiblər”, “bu dəqiqə ayağa qalxsam Avstraliyanın yarısın tutaram”, kimi əntiqə bənzətmələr var. Bu o demək deyil ki, ən yaxşılardı deyə yadımda qalıb. Çox vaxt yara üstündə gördüyümüz milçək yarpaq üstə gördüyümüz kəpənəkdən daha çox unudulmaz olur. Amma, bu bənzətmələr də ecazkardı. Ecazkar sözü çox az işlənən sözdü, ona görə işlətdim. Son vaxtlar unudulmuş sözləri danışıram. Sözə həyat vermək ruhani işdi. Hərəyə bir söz diriltsək dilimiz xeyli zənginləşər.
– Sənə görə bu əsərin əsas və gizli şifrəsi, oxucuya ötürmək istədiyi ideya nədir? Yoxsa həmin absurdluqda hansısa ideyadan danışmaq boş “çənə zənguləsi”ndən başqa bir şey deyil?
– Əlbəttə. Fikir versən görərsən ki, mətn kimi-dolu, ciddi, nə bilim sanbal göstərici olan bütün sözləri ağlına gətir-, bax, belə bir əsər haqqında həmişə az danışılır. Çünki müəllif nə lazımdısa hamısını deyib. Amma, hansısa bayağı əsər haqqında 300 məqalə yazılır. Niyə? Çünki o bayağı əsər özü bunu tələb edir. Əsərdəki boşluqları məqalələrlə, köşələrlə doldururlar. Həqiqi sözümdü. Mən “Malon ölür” haqqında bu danışdıqlarımdan daha yaxşı susuram. Gizli şifrə, kod, ideya, siqnal, bu kimi şeylər mənlik deyil. Belə ümumiləşdirmə aparaq. Deməli, elə əsərlər var ki, onlar ancaq haqqında danışılmaq üçündü. Yəni sən o əsəri oxumasan da o qədər danışırlar sən hər şeyi təsvir edə bilirsən və ən azı tənqid etmək dərəcəsində məlumatlı olursan. Elə əsərlər də var ki, onlar ancaq oxunmaq və barəsində susmaq üçündü. İncimə, mənə görə “Malon ölür” də belələrindəndi.
– Bu əsər haqqında susmaq lazım idisə onda bəs biz niyə bu qədər danışdıq? (gülürük)
– Sən deyirsən hər şeyi qoyaq bir kənara durub savaşaq (gülür). Ay usta, danışdırırsan danışıram də. Amma, mənim bu danışdıqlarım həqiqətən heç nədi. Özünü hərf tanıyan hesab eləyən hər bir adam Bekketi mütləq oxumalıdı. Əgər bu müsahibəni oxuyan 1000 nəfərdən əllisi gedib bu romanı oxuyacaqsa, deməli biz nəsə elədik, bəlkə buna görə danışmaq lazımdı hardasa. “Malon ölür” trilogiyanın 2-ci romanıdı. Əvvəli “Malloy”du, 3-cü “Adsız”. Bircə “Adsız” çap olunmayıb bizdə. Bekket hazırda bizim oxuculara hava-su kimi, kontur kimi, wi-fi kimi lazımdı. Bəlkə susmağı öyrəndik, nə bilmək olar?..