Nizami Cəfərov: “Əlifbanı “Koroğlu” dastanından öyrənmişəm”

Nizami Cəfərov: “Əlifbanı “Koroğlu” dastanından öyrənmişəm”
6 mart 2014
# 12:58

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz ədəbi tənqidçi, professor Nizami Cəfərovdur. N.Cəfərovun ən çox sevdiyi əsər “Koroğlu” dastanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Koroğlu” dastanı sizin ən sevdiyiniz əsərdir?

- “Koroğlu” dastanını sevməyimin bir səbəb odur ki, mən əlifbanı bu kitab əsasında öyrənmişəm. Söhbət 1963-65-ci illərdən gedir. Yadımdadır, bu dastanı böyük folklorşünasımız Məmmədhüseyn Təhmasibin tərtib etdiyi kitabdan mütaliə etmişdim. Uşaq vaxtı həmin dastanı əvvəldən-axıra 4-5 dəfə oxumuşam. Eyni zamanda, o kitabdakı şeirlərin mütləq əksəriyyətini əzbər bilirdim və indi də çoxu yadımdadır. Sonralar “Koroğlu” dastanının başqa variantlarıyla da tanış oldum və başa düşdüm ki, oxuduğum heç də mükəmməl nəşr deyilmiş. Sadəcə dastan mənim uşaqlıq yaddaşımda elə qalmışdı ki, heç vaxt unuda bilmədim. XVII-XVIII əsr ədəbi dilini araşdıranda isə bu dastanla daha peşəkar səviyyədə məşğul oldum. Bu kitaba məhəbbətim o qədər artdı ki, bütün türk dünyasındakı “Koroğlu” dastanlarını tapıb oxudum və gördüm ki, bədii cəhətdən bu dastanın ən mükəmməl variantı Azərbaycandakıdır. Mən bu fikri Azərbaycan türkü olduğuma görə demirəm. Bu, sadəcə həqiqətdir. Ancaq çox təəssüf, “Koroğlu” dastanının normal mətni hazırlana bilmədi, bir az müasirləşdirildi, bir az romanlaşdırıldı və ən pisi o oldu ki, ayrı-ayrı aşıqlardan toplandı. Siz də bilirsiz ki, epos mətnin toplama qaydası elədir ki, gərək eyni aşıqdan toplansın. Məsələn, belə də ola bilər. Bir aşıq neçə qol bilirsə o toplanıb ayrıca bir nəşr olmalıdır, başqa bir aşıq neçə qol bilirsə o da bir ayrı kitab şəklində olmalıdır. Ən sonda onların hamısından vahid bir kitab hazırlamaq lazımdır. Belə olan halda dastanın ən uyğun variantı xalqa çatmış olur.

- “Koroğlu” Azərbaycan millətinin, “Kitabi Dədə Qorqud” dastanı isə xalqın formalaşdığı dövrün təzahürü hesab edilir, bu bölgü hansı məntiqə əsasən aparılır?

- “Kitabi Dədə Qorqud” Azərbaycan xalqı ilə yaşıddır. Yəni “Kitabi Dədə Qorqud” Azərbaycan xalqının formalaşdığı illərdən yaranmağa başlayıb və təxminən XV-XVII əsrdən etibarən şifahi təfəkkürdən çıxıb və unudulub. Onun forması, modeli ilə “Koroğlu”da üzə çıxır. “Koroğlu”nun formalaşması isə Azərbaycan millətinin formalaşması ərəfəsidir. “Kitabi Dədə Qorqud” dastanında oğuz türkləri ilə digər türk tayfalarının fərqi yox idi. Dillər arasında fərq yox idi, baxmayaraq ki, hadisələr Azərbaycan ərazisində baş verir. “Koroğlu” dastanındasa diferensiyallaşmayla bağlı maraqlı bir məqam var. Koroğlu İstanbula Nigar xanımı gətirməyə gedəndə orda bir mirzəyə rast gəlir, yaxınlaşıb deyir ki, Nigar xanıma xotkarın adından bir məktub yaz. O, bilir ki, xotkar şəhərdə yoxdur. Deyir yaz ki, bu məktubu gətirən adam bizə yaxın adamdır, xahiş edirəm onu yaxşı qəbul elə. Fikri də budur ki, bu məktubla getsin Nigar xanımın yanına və onu qaçırsın. Mirzə də saraya yaxın adamdır, baxır ki, Koroğlu sir-sifətindən quldura oxşayır. Yazır ki, Nigar xanım, bu kağızı gətirən adam quldurdur, onu həbs eləyin, mən gələnə qədər saxlayın. Koroğlu məktubu götürür və oxuyub deyir, mirzə, sən elə bilmə ki, mən yazı-pozu bilmirəm. Mən istəyirəm bunu sən yazasan, ona görə ki, sizin dilinizdə olsun. Koroğlu artıq bilir ki, Azərbaycan və Türkiyə türkcəsi fərqlidir. Bu situasiya dastanın Azəbaycan xalqına mənsub olduğunu göstərən məqamdır. Bu fikr millilik deməkdir, yəni türk xalqları artıq biri-birindən ayrılıb, milli dil və dəyərlər formalaşıb.

- Dastanın Azərbaycan variantının nəsr və nəzm hissələrindən ibarət olmasının səbəbi nədir?

- Türk dastançılığında üç cür dastan ənənəsi var. Qıpçaq, karluq və oğuz. Qıpçaq ənənəsi şeirlə yaranıb. Karluq dastanları da şeirlədir, onlarda da qarışıqlıq hiss olunur və klassik Şərq ənənələri aydın görünür. Karluk dastanları dini motivlər daha çoxdur. Ancaq oğuz dastanlarında tarixi inkişafa əsasən nəsr get-gedə daha çox istifadə edilməyə başlayıb. Qıpçaqlarda yazı mədəniyyəti zəif olub deyə onlar əzbərləməyə üstünlük veriblər. Ancaq oğuzlar daha çox yazıya meyilli olublar. Ona görə də Azərbaycan variantında nəsr hissələri də çoxdur.

- Dastanın Şərq variantının daha çox əfsanə və miflərlə əlaqəli olması, Qərb variantının isə real hadisələrlə əlaqəli olması, sizcə, nəylə əlaqədardır?

- Qıpçaq dastanlarına dini motiv az təsir etdiyinə görə o dastanlar miflər üzərində qurulub. Məsələn, deyirlər ki, Korğlunu yerə basdırıblar, gordan çıxdığına görə adı Goroğludur. Ancaq İslama bağlı olan oğuzlarda isə hadisələri daha çox real mənbələrə söykənir, ancaq məqam gələndə mif elementləri də istifadə edirlər. Dastan Səfəvilər dövründə yarandığına görə şiəliklə də əlaqəlidir. Bir mənbədə yazılıb ki, İmam Əli Koroğlunun kürəyinə əlini çəkib. Dastanın Qərb variantları, xüsusən, erməni və gürcü mənbələri Azərbaycan variantından götürülmə olduğuna görə bir az da gec dövrdə yaranıb deyə daha realdır, çünki artıq realizm dövrü gəlirdi. Ancaq onlarda mümkün deyil ki, orjinal “Koroğlu” dastanı olsun.

- Deyilənə görə Babək haqqında da dastan olub, ancaq günümüzə gəlib çatmayıb. Aşağıdakı oxşarlıqlar da güman edilir.

1. Koroğlunun atasının kor edilməsi eynilə Babəkin anasının başına gəlib, deyilənə görə o qadın İslam şəriətiylə ərə getmədiyinə görə bu cəzayla cəzalandırılıb.

2. Koroğlu Eyvazı qəssab atasından alıb Çənlibelə gətirdiyi kimi, Cavidan da Babəki Bəzz qalasına gətirib.

3. Əbu İmranla Cavidan arasındakı münasibət, Koroğlu ilə Giziroğlu Mustafa bəy münasibətlərinə oxşayır. Belə ki, Əbu İmran ərəb olsa da ərəblərə qarşı vuruşur, Mustafa bəy, paşa, bəy nəslindən olsa da, gizir və bəylərə qarşı vuruşur.

- Ola bilər ki, xalq arasında belə əfsanələr yayılsın. Bir şey həqiqətdir ki, Babək haqqında mif azəri türklərində olub, çünki ola bilməzdi ki, o cür xalq qəhrəmanı haqqında hansı formadasa poetik fikir yürüdülməyə. “Koroğlu” epos olduğuna görə xalqın zaman-zaman yaratdığı fikr formaları bu dastanda da ehtiva olunmalıdır. Biz “Koroğlu” dastanında “Kitabi Dədə Qorqud”a aid və ya Babəkə aid hansısa məqamlara rast gəliriksə bu çox təbiidir. Ola bilər ki, Koroğlu dastanında zaman-zaman xalqın qəhrəmanlıq yaddaşında qorunan oxşar məqamlar olsun. Məsələn, “Kitabi Dədə Qorqud” dastanında döyüş zamanı oğuz elindən ya kənara çıxırlar, ya da düşmən oğuz elinə hücum edir. “Koroğlu”da da belədir. Ya düşmən Çənlibelə hücum edir, ya da dəlilər hansısa vilayətə. Bu cür oxşarlıqlar var. Ancaq maraqlı odur ki, “Kitabi Dədə Qorqud” dastanı yaradılan dövrlə Babəkin mübarizə illəri arasındakı tarix yaxındır, bəs niyə “Kitabi Dədə Qorqud” dastanında Babək haqqında mövcud olması güman olunan dastandan hansısa element yoxdur? Yəni bütün bunlar hələ elmə aydın deyil və çoxlu mübahisələrə zəmin yaradır.

- Bundan başqa Heredotun “Tarix” əsərində “korun övladı” motivi var, orda korun oğlu qəhrəmanlıq göstərir. Bu oxşarlıq barədə nə deyərdiniz?

- Heredotun “Tarix” əsərində çoxlu miflər var. Həmin miflərlə dünya ədəbiyyatındakı çoxlu əsərləri müqayisə edirlər. Eposda da tarixilik olduğuna görə bu cür motivlərin olması normaldır. Sənə elə gəlməsin ki, dünyada çox mövzu var, mövzular təkrardır, bu qədər insan var dünyada bunların hər birinin taleyi bənzərsizdirmi? Yox. Əsərlərdə də belə bənzərliklər qaçılmazıdır.

- XX əsrdən etibarən “Korğolu”nun xalqın yaddaşında arxaikləşməsinin səbəbi nə oldu?

- Dastanın arxaikləşməsinə birinci səbəb tarixi ictimai-siyasi vəziyyət idi. XIX əsrin sonlarından dastan aktuallığını itirməyə başladı. Qəribədir ki, Azərbaycanda aşıqların qurultayı keçirilməyə başlayandan aşıq sənətinin süqutu başladı. Bu da paradoksdur. Yaranann dastanlar isə artıq epos səviyyəsinə qalxmadı, yaranan epos düşüncəsi artıq romanlara keçməyə başladı. Hansı tərəfə çəksən İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandara ağada bir Koroğluluq var, epos düşüncəsi var. Belə bir əfsanə də var ki, çar məmurlarından biri Azərbaycan obalarında olanda bir məclis düzəldirlər. Qoçu basdırırlar torpağa, yalnız buynuzu qalır çöldə. Bir atlı qaçaraq gəlir və qoçun buynuzundan yapışıb torpaqdan çıxarır. Çarın məmuru məttəl qalıb soruşur, bu kimdir, deyirlər, Koroğlunun sonuncu dəlilərindəndir. Yəni, artıq böyük etirazlar edə bilmədiklərinə görə öz adlarını belə xırda qəhrəmanlıqlarla qoruyurlar. Bu əhvalatın özü də koroğluluğun artıq arxaikləşdiyindən xəbər verir.

- Koroğlu şəxsiyyətindəki ikiləşmə barədə fikriniz necədir? O, həm saz çalıb oxuyur, həm də vuruşur. Deyilənə görə, aşıq Koroğlu ilə üsyançı Koroğlu fərqlidir. Məsələn, Övliya Çələbi belə yazır.

- Bunun belə olmasında bir səbəb də budur ki, dastanı yaradanın özü aşıqdır. Aşıq özü də özünü qəhrəman etmək istəyir. Yaxud, aşıq aşıqlıq sənətinin də bir qəhrəmanlıq olduğunu göstərmək istəyir. Dastanda Aşıq Cünun obrazı da var və o da qəhrəmanlıqlar edir. Bu isə Səfəvilərdən gəlmə bir ənənə idi. Çünki Səfəvilər dövründə aşıqlar da saray həyatında müəyyən söz sahibi idilər. Eyni zamanda, dəlilərin hamısında bir aşıqlıq qabiliyyəti vardı. Bu isə şəxsiyyətin ikiləşməsindən yox, universallığından xəbər verir.

- Bəs dastandakı sıçrayış məqamları ilə bağlı nə deyərdiniz? Sanki hər şey birdən-birə baş verir: birdən böyüyür, ona güc verilir, qəhrəman olur və s.

- Dastan təhkiyəsi elədir ki, orda təfərrüata varmaq olmaz. Ona görə də hər şey birdən başlanır, birdən də nəticə hasil olur. Klassik romanda bütün detallar sonacan işlənir, hadisələr hansısa məqama çatdırılır. Əgər bunlar olmurdusa, əsər qüsurlu sayılırdı. Ancaq dastanda belə deyil, dastanda məntiq çözülmür, bəzən isə həqiqətə uyğun olmayan məqamlar üzə çıxır.

- Bu dastanın intibah dövrünə aid etməyinizi hansı arqumentlə əsaslandırırsız?

- İntibahdan söhbət gedirsə, orda reallıq mütləq olmalıdır. “Koroğlu”da da özündən əvvəlki dastanlardan daha çox realistlik var, çünki orda baş verən hadisələr bizim təsəvvür edə biləcəyimiz qədər yaxındır və tarixə daha uyğundur. Koroğlu qarşısına qoyulmuş problemləri aşır, praqmatikdir. Məcnunda yumor, zarafat ola bilməz, ancaq Koroğluda var, çünki o, daha çox həyatidir, realdir. Ədəbi düşüncə “Koroğlu”da gerçəkliyə uyğunlaşır. Bütün dövrlərdə, Nizaminin, Füzulinin vaxtında da, həyat gerçəkçi olub, ancaq həyata qarşı düşüncə fərqli olub. Nizami dövründə həyatı gerçək təsəvvür etmək ciddi, estetik sənət sayılmırdı, lakin “Koroğlu” dastanında bir qədər əksinədir.

# 4887 dəfə oxunub

Müəllifin son yazıları

# # #