İtvuran - Əyyub Qiyasın hekayəsi

İtvuran - Əyyub Qiyasın hekayəsi
14 dekabr 2023
# 16:30

Bu gün tanınmış yazıçı Əyyub Qiyasın doğum günüdür.

Kulis.az onun “İtvuran” hekayəsini təqdim edir.

Doqquzmərtəbəli binanın soyuq zirzəmisində əkizlərini başına yığıb uzanmışdı. Körpələr böyründə-başında oynaşırdı. Yay olsa, nə vardı ki, balaları ilə çıxıb otluqda-zadda gəzişərdi. Qış idi, soyuq idi, qar yağırdı bayırda. Küçəyə çıxan kimi gözə girirdi, hamı ona baxırdı. O isə başını aşağı salıb sakitcə gəzir, balalarına yeməyə bir şey tapan kimi zirzəmiyə qayıdırdı.

Gecə idi – aylı, ulduzlu gecə. Zirzəminin balaca, dar pəncərəsindən Aya baxırdı. Ay gözəl idi, Aya baxmaq da gözəl idi. Ancaq balalarının yanında olmaqdan gözəl ola bilməzdi heç nə onun üçün... Nə vaxt yuxuladığını bilmədi.

Əkizlər daraşmışdılar ona, yəqin, ac idilər. Neçə gün idi özü də düz-əməlli bir şey yeməmişdi, bu qarda-çovğunda yeməyə heç nə tapmaq olmurdu. Hiss etdi ki, döşləri ağrıyır. Döşlərində körpələrə veməyə bir şey olmadığından incidirdi onu...

***

Səftər həmişəkindən gec qayıtdı evə. Yorğunluqdan gözləri qıpqırmızı qızarmışdı. Bir tərəfdən də soyuq... Adamın nəfəsi kəsilirdi. Külək əsməsə, yenə soyuğa birtəhər dözmək olardı. Bu Abşeronun küləyi olmaya da... Yayda da, qışda da külək ki, külək...

Tamara Səftərin yolunu gözləyə-gözləyə divandaca yuxulamışdı. Heç maraqla izlədiyi türk serialına düz-əməlli baxa bilməmişdi, yuxu imkan verməmişdi. Səftərə deməsə də, həmişə özü-özündən soruşardı: “Bu evin içində daş daşımıram, odun doğramıram, a balam, bə niyə belə yorğun oluram, yuxulu oluram?”

Səftər evə qayıdanda uşaqlar yatışırdı. Tamara yuxulu gözlərini ovuşdura-ovuşdura:

–Bir şey eliyə bildin? – soruşdu.

–Yox ey, heç nə... Elə bil hər işimiz daşa dirənib. Gecə yarıya qədər gözlədim, axır ki, gəlib çıxdı, özü də, deyəsən, kefi kök idi, vurana oxşayırdı. Dedim, kefi yaxşıdırsa, sözümü yerə salmaz. Cumdum üstünə, salam-kalamdan sonra dərdimi açdıb danışdım, o da başını tutdu. Dedi:“İş nə gəzir? Nə olsun, “icrada” işləyirəm, vəziyyət xarabdı, iş yoxdur”. Mən də suyum süzülə-süzülə gəldim evə. Çayın olar?

–İndi dəmləyərəm.

Tamara mətbəxə çay hazırlamağa, Səftərsə hamamxnaya əl-üzünü yumağa getdi.

Səhər yuxudan duranda evdə hamı yatırdı. Uşaqları, Tamaranı oyatmamaq üçün pəncələri üstə qalxıb qapıya yaxınlaşdı. Tamaranın səsinə dayanıb geri çevrildi:

– Sən niyə elə gəzirsən?

– Dedim, narahat eləməyim də...

Səftər özünə çay süzəndə Tamara da gəlib mətbəxdə oturdu. Qadın gözlərini pəncərəyə dikib durdu. Qar şiddətlə yağırdı, hava küləkli idi, çovğun idi.

– Çay süzüm sənə də?

– Yox, ay Səftər, əl-üzümü yumamışam... Özüm süzərəm.

Ani sükut çökdü. Sükutu Səftərin ağzına atıb dişlədiyi qəndin şaqqıltısı pozdu.

– O boyda adam dedi, iş məsələsi çətindir, hə?

– Hə vallah...

– O dedi, sən də inandın? Qələt eləyir. İşə nə gəlib?! Aparıb qabağına beşdən-ondan qoysaydın, qaça-qaça iş düzəldərdi sənə. Yadından çıxardıb ey, köpək oğlu, qapımızda heyvan otarmağını. Sənin dədənin süfrəsinin artığı ilə böyüyüb o. İndi gör özünü necə çəkir? Çox böyük adammış.

Səftər mətbəxin qapısına tərəf baxanda 4 yaşlı oğlunun alt tuman-köynəkdə dayanıb onlara baxdığını gördü. Uşağın görkəminə baxıb qımışdı, uşaq da nə üçünsə atasına baxıb gülümsədi. Sonra yenə qaçıb itdi.

– Başqa heç nə danışmadınız, söhbət eləmədi səninlə?

– Niyə ki, dədəmi soruşdu, sizi soruşdu... Cibimə pul da basmaq istəyirdi, götürmədim. Nə illah elədisə, götürmədim.

– Gərək götürəydin. – Elə o andaca fikrini dəyişdi qadın. – Yaxşı ki, götürməmisən. Özü dilənçi oğlu dilənçidir, elə bilir, hamı onun kimidir.

Səftər bir da çay qurtum içdi. Ev isti olsa da, pəncərədən baxıb yağan qarı görəndə, qəzəblə pəncərəyə çırpılan küləyin səsini eşidəndə adamın canına üşütmə düşürdü.

***

Fikirləşdi ki, gərək gecənin qaranlığında çıxıb yeməyə bir şey axtaraydı. Boylanıb zirzəminin balaca pəncərəsindən bayıra baxdı. Adamalar küçə ilə ora-bura tələsirdi. Başa düşə bilmirdi, nə baş verir, ancaq güllələnən qonşularının aqibəti heç də işlərin yaxşı olduğundan xəbər vermirdi. Neçə dəfə hiss etmişdi; bayıra çıxan kimi, küçə ilə gəzməyə başlayan kimi hamı ona baxırdı. Hər baxışdan bir soyuqluq, bir nifrət oxunurdu. Əkizlər olmasaydı, çıxıb gedərdi uzaqlara. Amma bilirdi ki, bu soyuqda, özü də ac-yalavac heç yerə gedə bilməz.

Əkizlər onun döşlərini dartışdıra-dartışıdıra yuxuya getdi.

Daş zirzəmi sıxırdı onu.

***

Günortaya yaxın Səftər divanda oturub diqqətlə televizorda gedən hind filminə baxırdı. Mətbəxdən otağa doluşan kələm dolmasnın ətri birbaşa onun mədəsini hədəfə alırdı. Hər nəfəs aldıqca mədəsi oyulurdu.

– Bişmədi sənin dolman?!

Tamara Səftərin səsini eşitsə də, cavab vermədi. Qadın telefonla bacısına zəng vurub danışırdı:

– Ay Samaya, heç bilmirəm, neynəyək? Üç gündən sonra tətil qurtarır, məktəb başlayır. Hava da belə. Bilmirəm, qızı dərsə necə göndərim. Ayağına geyməyə ayaqqabısı, əyninə geyməyə paltosu yoxdur... Səftər kişidi ki? Bir uşağı da məktəbə göndərə bilmir...

Telefonla danışan qadının səsi ucaldıqca Səftərin ürəyi sıxıldı. Bekarlıqdan nə fikirləşdisə, qalxıb yan otaqdan ov tüfəngini, ov çantasını götürüb qonaq otağına qayıtdı. Çantanı açıb dəm-dəsgahı masaya düzdü. Əvvəlcə tələsmədən, səliqə ilə tüfəngi təmizlədi, yağladı. Sonra patronları bir-bir yoxlayıb, patrondaşa keçirtdi, lap axırda da boş gilizləri barıtla, gülləylə doldurub hazırladı.

Tamara otağa girəndə Səftərin tüfənglə əlləşdiyini görüb dodaqlarını büzdü.

– Nədi, yoxsa ova hazırlaşırsan?

– Əşşi yox ey, nə ov? Dünən axşam İlqarla görüşəndə, tüfəngi xəbər aldı. Dedim, sənəddi-zaddı evdədi. Dedi, tüfənglik iş oldu, bəlkə. Alınsa, xəbər eləyərəm.

– Tüfənglik nə iş ola bilər? – Tamara nazik dodaqlarını büzüb salladı. Maraqla, sual dolu baxışlarını Səftərə zillədi.

– Bilmirəm, nə məsələdir... Dedi, birdən lazım olar, mən də hazırlıq gördüm. Onlara nə var, böyük adamlardı, birdən ova-zada getmək istəyərlər. Bu şəhərdə məndən yaxşı ovçumu tapacaqlar? İlqarın yadından çıxmaz mənim rayondakı ad-sanım... Hamı deyirdi, Səftər quşu gözündən vurur.

Heç bir söz deməyən Tamara əlindəki çörəkqabını götürüb mətbəxə qayıtdı, gedə-gedə də:

– Gəl, dolma hazırdı – dedi.

***

Əkizlər onu əmməkdən döşlərini yara eləmişdi. Hiss edirdi ki, özü də acından zəifləyir, arabir gözləri qaralırdı. Yox, çıxıb yeməyə nəsə tapmalıydı. Belə davam edə bilməzdi. Nə olursa olsun. Kim necə baxırsa baxsın. Yoxsa özü də acından öləcəkdi, əkizlər də...

Zirzəminin balaca pəncərəsindən bayıra baxdı. Hava tutulmuşdu. Ay da, ulduzlar da gözə dəymirdi. Yəqin, onlar da üşüyürdü... Hava çox soyuq idi, çox...

Qərara aldı ki, hava qaralandan sonra çıxsın küçəyə. Qaranlıqda ona bir o qədər də fikir vermirdilər. Başını aşağı salıb, sakitcə zibillkdə-zadda eşələnir, bir şey tapan kimi vaxt itirmədən əkizlərinin yanına tələsirdi.

***

Yeməkdən sonra otağa qayıdan Səftər tüfəngini, gülləsini yığıb yerinə qoydu. Televizorda xəbərlər verilirdi. Aparıcı deyirdi ki: “Son bir həftə ərzində şəhərdəki sahibsiz itlər dəfələrlə şəhər sakinlərinə, əsasən də azyaşlı uşaqlara hücum edib. İt qapmağı ilə xəstəxanaya müraciət edənlərə ilk yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub”.

Aparıcı sözünü bitirən kimi Tamaranın səsi otağı başına aldı:

– Görüm onların kökü kəsilsin, kökü. Yenə çoxala-çoxala gedirlər. Adam küçəyə də çıxa bilmir qırılmışların əlindən...

Tamaranın sözləri ev telefonunun cingiltisində əriyib itdi. Bir an sonra qızı Səftəri telefona çağırdı:

– Səni istəyirlər, – dedi, – bir kişidir.

Səftər telefonla xeyli danışdı, lap axırda:

– Baş üstə, yarım saata yanındayam – deyib, dəstəyi qoydu. O dəqiqə maraqla ona baxan Tamaraya, qızına və burnunun fırtığı dodağı üstə sallanıb qalan 4 yaşlı oğluna baxdı.

– İlqar idi...

– Hə...

– Dedi ki, gəl idarəyə...

– Həəə...

– Hə, hə də... İş tapıb mənə... Hələ ki, gündəlik işdir. İşəmuzd. Nə işlədimsə, onu alacağam. Ola bilər, günə yüz manat, ola bilər, beş yüz manat alaram. Hər günün axırında sayıb pulumu verəcəklər... Özü də dedi ki, şəhər əhəmiyyətli işdir.

– Allah avand eləsin! Qızın əyin-başının pulunu düzəldə bilsən, yaxşı olar.

Səftər tez-tələsik əyin-başını geydi. Hazır olandan sonra yan otağa keçib brezent torbada olan tüfəngi, patronla dolu çantanı götürüb qapıya yaxınlaşdı. Onu belə görən Tamara qaşlarını çatıb xəbər aldı:

– Olmaya müharibəyə gedirsən?

– İlqar dedi ki, tüfəngi də, patronları da götür, gəl.

***

Hava qaralırdı. Bayırdakı səs-küy də azalırdı. Qar da kəsmişdi. Elə bil havanın soyuğu da səngimişdi bir az. Əkizlər oynaşırdı. Bir az əvvəl zirzəmidən çıxıb ətrafa boylananda gözünə dəyən zibil torbasını ağına-bozuna baxmadan sürüyüb zirzəmiyə gətirmişdi. Bir qazan sıyıq... Südlü sıyıq idi. Qatılaşıb torbanın içində donmuşdu. Nəfəsi ilə bir müddət isidəndən sonra sıyığın donu yavaş-yavaş açılmışdı, əkizlər doyunca yalamışdılar sıyığı... Özü də yemişdi, canına güc gəlmişdi... Döşləri isinmişdi, ağırlaşmışdı... İndi də əkizlər doyub onun məmələri ilə oynaşırdı. O da ləzzət alırdı... Amma gecənin qaranlığından istifadə edib səhərə bir şey tapmaq lazım idi. Gedəcəkdi. Əkizləri bu soyuq, daş zirzəmidə qoyub gedəcəkdi. Hər gün bir qarın çörəyin imtahanı, hər gün yaşamaq üçün ölümlə üz-üzə gəlmək... Bu, artıq onun taleyinə yazlmışdı...

***

Gecənin qaranlığında atılan güllə səsləri şəhərin buz soyuğunu qan ilə isidirdi. Səftər növbəti patronları qoşalüləyə doldurub tüfəngi hazır saxladı. İşə İlqargilin məhəlləsindən başlamışdı. İlqarın dediyinə görə, hər şey yaxşı olmalıydı. Vurulan hər itə görə on manat. Az deyildi ki...

Vurduğu itləri sürüyüb yaxınlıqdakı zibilxananın yanında qalaqladı. Saydı, altı it leşi hazır idi. “Altmış manat – ürəyində fikirləşdi. – Qıza isti palto, ya da qalın gödəkcə almağa bəs edər. Qaldı ayaqqabılar”.

Əlindəki fənərin işığını it leşləri üstə salıb bir də saydı. Sonra yavaş-yavaş məhəllənin içinə doğru addımladı. Hava soyuq idi. Şaxta hər tərəfi əl gəzdirmişdi. Soyuqdan vurduğu itlərin də hərəkət etməyə taqəti olmurdu. Elə ölümü gözləyirmişlər kimi durub Səftərin üzünə, əlindəki tüfəngə baxırdılar.

Səftər binanın tinindən burulub həyətə girəndə üç it bir torba dartışdırırdı. İtlər Səftərin addım səslərini, qar xışıltısını eşidib, bir anlıq dayandılar, sonra yenə torbanı dartışdırdılar. Səftər bir qədər də yaxınlaşdı. İtlər ona əhəmiyyət vermədən torbanı dartışdırır, burunlarına dolan yemək qoxusundan uzaqlaşmaq istəmirdilər.

“Otuz manat – Səftər ürəyində fikirləşdi. – Biri də olsa idi, olardı on dənə, cəmi yüz manat. Tamara, al, bu da sənə ayaqqabı...”

Qoşalülədən çıxan güllələr eyni vaxtda açıldı. İtlərin ikisi eyni vaxtda zingildədi. Güllənin biri itin alnının ortasından dəymişdi, o dəqiqə çapalayıb öldü. O biri yaralı it isə iyirmi metr gedəndən sonra yıxılıb qaldı, başladı zingildəməyə, çapalamağa. Üçüncü it isə ağzındakı torbanı dişləri arasında rahatlayıb Səftərə baxırdı. Düz gözlərin içinə. Həyətdəki iri işıq dirəyindən ətrafa səpələnən buz bağlamış işıq itin gözlərinə düşürdü. Onun gözlərində qəribə bir ümidsizlik, dəhşət doğuran ağrı var idi.

Səftər tələsmədən tüfəngdəki boş gilizləri çıxarıb çantaya qoydu, sonra çantadan götürdüyü növbəti patronları tüfəngə doldurub silahı bağladı.

İt yazıq-yazıq ona baxırdı.

– Dədəmin canıyçün, vuracam. Sən it döyürsən ki... Sən on manatsan, on manat.

Səftər itlə danışırmış kimi pıçıltı ilə dedi. İt Səftərin səsini eşitdi. Onun səsindəki hökmü, soyuqluğu, etinasızlığı və qansızlığı hiss etdi. Başını qaldırıb səmaya baxdı. Ulamaq istədi. Ay, ulduzlar... gecə... gecənin mürgüsündə isti yatağında büzüşən adamlar... elə bil hər şey buz bağlamışdı.

“Bəs mənim əkizlərim?” Səsi boğazında ilişib qaldı, ulaya bilmədi... Nə fikirləşdisə, qəfildən yerindən götürülüb qaçdı. Səftər çaşqınlıqda onun arxasınca: – İt oğlu, it! – deyib bir güllə atdı və fənərin parlaq işığını sürətlə qaçan itin arxasına saldı. İt ani bir zingilti ilə qaçıb doqquzmərtəbəli binanın zirzəmisinə açılan balaca pəncərədən içəri atıldı.

“Heç eybi yoxdur...” Səftər əsəbiliklə yerdə qalan və beyni dağılan birinci itin ayağından yapışıb bir qədər aralıda qalan o biri itə tərəf çəkdi. Sonra itlərin iksini də sürüyə-sürüyə zibilxananın yanında qalaqladığı leşlərin üstünə atdı.

– Səksən manat. Yüzü düzəltməsəm, əl çəkən deyiləm ey...

Səftər pullara – leşlərə baxıb köks ötürdü. Tüfəngini yoxlayıb, fənərin işığını yola salıb, asta-asta bayaq itin girdiyi zirzəmiyə tərəf addımladı. İşıqlarını düz gözlərinə salan polis maşını sürüşə-sürüşə onun yanında dayandı.

– O nə tüfəngdir, ə? Kimsən sən? – serjant kobudluqla xəbər aldı.

– İtvuranam... Nədi bəyəm? – Səftər serjantın kobudluğuna zarafatla cavab vermək istəyirdi ki, serjant səsini qaldırdı:

– Kəs ə... İtvuran... Sənədin var?

– Niyə qışqırırsan? Niyə yoxdu ki? Sənədə nə gəlib?

İlqar arayışı ona verəndə xəbərdarlıq etmişdi ki, polis onu görsə, maraqlana, sənəd tələb edə bilər. O da əlcəyini çıxarıb sırıqlısının döş cibindəki arayışı götürüb serjanta uzantı. Serjant ani bir nəzərlə arayışa baxıb gülümsədi:

– İlqar müəllimin dediyi adam sənsən?

– Mənəm.

Maşının işığı qalaqlanmış leşlərin üstünə düşürdü. Serjant leşləri görüb irişdi:

– Çörək var, deyəsən?

Səftər cavab vermədi.

– Bəlkə, bizə də bir çaypulu verəsən...

– Vallah, pulum yoxdu...

– Yaxşı-yaxşı, and içmə... Sən belə elə də... Bir-ikisini də bizimçün vurarsan... Olar?

– Olar, niyə olmur ki?

– Dil oldun ha...

Serjant qapını çırpdı... Maşın sürüşə-sürüşə uzaqlaşdı.

Səftər arayışı cibinə qoyub, əlcəklərini taxdı. Fənər işığını binanın zirzəmisinə – itin girdiyi pəncərəyə tuşlayıb, irəlilədi. İşığı balaca pəncərədən içəri salıb ətrafa baxdı. Bir şey görə bilmədi.

***

Əkizlər analarının ayağından axan qanı yalayırdı. Sümüyü iki bölünmüşdü, ağrı onun bütün bədənini sızladırdı. Zirzəminin balaca pəncərəsindən dolan işığı görəndə ürəyi də sancdı. Əkizləri altına salıb qucaqladı. Ürəyində fikirləşdi ki, əgər onu axtaran adam zirzəmiyə girsə, əkizləri də görəcək. Əgər onun zirzəmiyə girməyini hiss etsə, qaçacaq bayıra, nə olarsa qoy bayırda olsun. Onu axtaran adam əkizləri görməsin. Əkizlər də onun ölümünü görməsinlər.

***

Səftər dikəldi. Fənər işığı ayaqları altına düşdü, qar üstündə olan qan ləkələrini görüb gülümsədi.

– Deyirəm axı, mənim gülləm boşa çıxmaz... Burdadı... Özü də yaralı.

Səftər yavaş-yavaş binanın alaqapısına tərəf addımladı.

***

O, əkizlərə baxdı. Əkizlər onun döşündən ayrılmaq istəmir, ölümsə addım-addım ona yaxınlaşırdı.

Ayağının ağrısını unutmuşdu. Ürəyinin sancısı yaddan çıxmışdı. Son dəfə dünyadan xəbərsiz əkizlərin oyununa baxdı, ona, daha doğrusu, onlara doğru gələn ölümü qabaqlamaq üçün əkizləri yaladı, sonra canını dişinə sıxıb üç ayağı üstə bacardığı qədər sürətlə pəncərəyə tərəf yox, bu dəfə qapıya tərəf qaçdı.

***

Səftər əl atıb zirzəminin qapısını açmaq istəyəndə qapının yarığından sıyrılıb çıxan it onu necə hürkütdüsə, kişi arxası üstə yerə dəydi. İt isə qaçıb alaqapının önündə dayandı.

Səftər iti söyə-söyə qalxıb tüfəngi qapıya tərəf tuşladı. İt yenə qaçdı. Qaçdı və bir qədər gedib dayandı. Səftər dayanıb tüfəngi ona tuşladı. Bunu görəndə it qaçıb tini buruldu.

– Lənətə gəlmiş ha!

Bayaq yıxılanda ayağını əzmişdi, axsaya-axsaya itin dalınca düşdü. Tini burulanda fənər işığını salıb ətrafa diqqətlə baxdı. Gördü ki, ondan qaçan it vurub qalaqladığı leşlərin yanında, zibilliyin yaxınlığında dayanıb.

Səftər ayağını çəkə-çəkə tələsdi. İt daha qaçmırdı. Elə bil durub Səftərin yolunu gözləyirdi. Səftər lap yaxınlaşdı ona, aralarındakı məsafə beş-altı metr ancaq olardı. Səftər qoşalüləni qaldırıb itə tuşladı. Ay daha parlaq idi, daha çox işıq saçırdı. Bəyaz qar üstə düşən ay işığı ətrafı da bəyaz nura qərq etmişdi. Səftər tüfəngi itin iki gözünün arasına tuşladı. Barmağını çaxmağa çəkmək istəyəndə itin gözlərini gördü. Ona elə gəldi ki, itin gözlərində yaş gilələnib. İstədi, barmağını tüfəngin tətiyindən çəksin, qəfildən qulağında Tamaranın səsi uğuldadı: “Səftər kişidi ki? Bir uşağı məktəbə göndərə bilmir...”

Udqundu. Kürəyinin ortasında nəsə sancdı. Başını qaldırıb itə baxdı, yenə baxışları itin gözlərinə sataşdı. Ona elə gəldi ki, it nəsə deyir, yalvarır. Tüfəngi çiyninə aşırıb getmək istədi. Bayaqkı serjantın səsi uğuldadı qulaqlarında:

“Bir-ikisini də bizimçün vurarsan... Olar?”

İlk dəfə idi gözlərini yumub güllə atırdı. Və barmağı tətiyə sıxıldıqca Allaha yalvarırdı ki, güllə açılmasın.

Güllə səsinə özü də diksindi. İtin səsi də çıxmadı. Güllə sinəsinə dəymiş, amma qan üzünə sıçramışdı.

İt yerdə çapalayırdı, sonra haradansa güc tapdı özündə, qalxdı, yenə yıxıldı... Sonra yenə qalxdı, bir-iki addım atıb bir də yıxıldı və daha qalxa bilmədi...

***

Gözlərini yummuşdu, amma hər şeyi görürdü. Ona doğru gələn adamı da, gözlərinə düşən fənər işğını da, zirzəmidə tək qalıb oynaşan əkizləri də... ölümü də...

***

Səftər doqquzuncu leşi də o biri leşlərin üstünə qoyub belini dikəltdi.

Yorulmamışdı, ancaq içində yorğunluğa oxşar bir şey var idi.

Hava yavaş-yavaş işıqlanırdı. Asta addımlarla binanın qarşısında saxladığı köhnə “Niva”ya yaxınlaşdı. Maşının köhnəliyindən, üstündəki çapıqlardan cin hürkürdü. Bu maşında alababat olan bircə təkərlər idi. Təkərləri də dünən günorta ona İlqar vermişdi. Öz qarajından götürüb sürücüsü ilə göndərmişdi. Yoxsa Səftər səkkiz ay idi ki, maşın sürmürdü. İlqarın təklif etdiyi iş olmasaydı, maşın satışa çıxarılacaqdı. Beşcə yüz dollar verən olsaydı, satacaqdı maşını. Amma itlər girdi “Niva”nın qanının arasına. Maşını işə salıb qızdırdı. Sonra Tamaranın torbaya qoyduğu termosdan qapağa çay süzüb qənddən bir dişləm aldı, ayaq üstə çay içdi. Saat səkkizi gözləyirdi. Səkkizdə İlqarın adamları gəlib leşləri saymalı, Səftərəin pulunu verib getməliydilər.

Saata baxdı... Səkkizə işləyirdi hələ... Ağzındakı qəndi dişləri arasına alıb xırçıldada-xırçıldada doxsan manatın istisinə qızınırdı. “Tamaranın ağzı bugünlük yumulacaq. Sabaha Allah kərimdir! Sabah da serjantın haqqını verərəm...”

Səftər çayı içib termosu səliqə-səhmanla çantaya qoydu. Sonra tüfəngi və patronları maşının yük yerində yerbəyer etdi. Maşın da qızmışdı, peçi yandırdığından salon od kimi idi. Oturub maşını asta-asta zibilxanaya – leşlərin yanına sürdü. Zibilxanadan bir qədər aralıda saxlayıb düşdü. Gərnəşdi. Birdən gözləri leşlərin yanında atılıb-düşən küçüklərə sataşdı. İki balaca, toppuş küçük idi. Leşlərin üstünə dırmaşıb lap üstdəki itin döşlərini əmirdilər. Dartışdıra-dartışdıra, əzab verə-verə.

Səftərin əti ürpəndi. Yaxınlaşdı. Küçüklər zingildəşir, oynaşır, sonra yenidən tərpənməz qalan, yavaş-yavaş qaxaca dönən iti əmməyə girişirdi. Səftər küçükləri də götürüb maşının yük yerindəki qutunun içinə qoydu. Küçüklər zingildəyə-zingildəyə durmuşdu.

On dəqiqədən sonra İlqarın adamı zibil maşını ilə gəldi. Leşləri sayıb, İlqara doxsan manat verdi, sonra da çıxıb getdi. Leşləri zibil maşınına yükləyib uzaqlaşdı. Küçüklər qutudan boylanıb zibil maşınının arxasınca baxırdı.

***

Səftər evə gəlib doxsan manatı Tamaraya verəndə qadının gözləri işıqlandı. Tamara yoldan gələn, işdən gələn ərinin qabağına bir stəkan çay da qoymadı, tez-tələsik paltarlarını geyib dükana qaçdı.

...Uşaqlar həyətdə qartopu oynayırdılar. Səs-küyləri almışdı həyəti başına. Səftər də qızı və balaca oğlu ilə bir yerdə həyətə düşmüşdü ki, həm uşaqlar oynasın, həm maşını yerbəyer eləsin, həm də maşındakı küçükləri. Balacalar küçükləri görəndə çox sevindilər. Hərəyə bir küçük götürüb, oynatmağa başladılar. Bayaqdan qartopu oynayan, qar adamı düzəldən uşaqlar da onların başına toplaşdı. Uşaqlardan biri evə qalxıb süd, bir başqası sosiska, biri şirinçörək gətirib küçüklərin qabağına qoydu. Məhəllə oğlanları evin qabağındakı bağçada küçüklərə yer düzəltdilər. O gündən məhəllədə o küçüklərə “Səftərin yetimləri” dedilər.

Səftərin qızı qış tətilindən sonra anasının aldığı təzə ayaqqabıları, isti gödəkcəni geyib sevinə-sevinə dərsə gedirdi. Qız dərsdən qayıdanda atası ilə anasının həyətdə, küçüklərin yanında olduğunu görüb onlara doğru addımladı.

– Yaxşı, vururdun-vururdun, elə bunları da vuraydın da, – Tamara küçükləri göstərib Səftərə dedi.

– Bunlar bu gün heç nədir, iki aydan sonra isə iyirmi manat olacaqlar. O vaxta qədər uşaqlar yemdən-zaddan verib böyüdərlər bunları. Elə ki, böyüdülər, iki güllə də bunların alnının ortasından, iyirmi manat cibə. İndi gecə-gündüz Allaha yalvarıram ki, bunlar doğanda on-on, on beş-on beş doğsunlar. Daha görürsən də çörəyimiz, nədən çıxır?

Səftər qızını görüb qəfildən söhbəti kəsdi. Tamara da qızın başını sığalladı. Amma qız onlara baxmır, gözlərini küçüklərdən çəkmirdi. Uşaq doluxsunmuşdu, gözlərindən muncuq-muncuq yaş axırdı. Tamara qızı belə görəndə çaşdı, tez əyilib uşağın üzünə baxdı:

– Nə olub sənə? – həyəcanla xəbər aldı.

– Bu küçüklər böyüyən kimi atam onları öldürəcək?

Səftərlə Tamara bir-birinə baxdı.

***

Gecə idi. Daha nə gecəni, nə Ayın bərq vuran parlaq işığını, nə də göydəki muncuq-muncuq ulduzları görə bilirdi. Qalaqlanıb qalmış leşlər arasında sıxılır, bircə an əkizlərini görmək üçün boylanmaq istəsə də, gücü çatmırdı. Hiss edirdi ki, döşləri ağrıyır, hiss edirdi ki, döşləri südlə doludur... hiss edirdi ki, əkizləri acdır... Hiss edirdi ki, Tanrı var... Hiss edirdi ki, Tanrı hər şeyi görür, elə onu da...

***

Səftərin qızı hamının yatmağını gözlədi. Evin səsi-küyü kəsildi, atasının xorultusu, anasının mırıltısı, balaca qardaşının mışıltısı divarlara toxunub əks-səda verməndən sonra qız sakitcə yataqdan qalxdı. Anasının aldığı təzə gödəkcəni geydi, yavaş-yavaş evin qapısını açıb pillələrlə həyətə endi. Bağçadakı balaca it damına yaxınlaşdı, küçükləri ehtiyatla kürkün altında gizlədib dikəldi, iti addımlarla bu həyətdən – qana həris atası, pula həris anası yaşayan həyətdən, bu küçüklərin böyüməyini gözləyən, onlar üçün iki güllə saxlayan atasının varlığı olan yerdən uzaqlaşmaq istədi.

Gecənin şaxtası yolları şüşə kimi sürüşkən etmişdi. Qızcığaz qoynuna sıxdığı küçüklərin istisinə isinirdi. Onun sevgi dolu uşaq ürəyinə xilaskarlıq arzusu dolmuşdu. O, bu küçükləri atasından, ölümdən xilas etmişdi... O, bu küçükləri onun üstünə şığıyan işıqdan xilas etmişdi...

Maşın sürüşüb-sürüşüb dayandı... İlqar içkili gözlərini açıb sürücüyə baxdı:

“O nə səs idi ə?”

Sürücü qapını açıb maşından enmək istəyəndə arxa şüşədən geri boylanan İlqar əlini sürücünün çiyninə qoydu:

“Sür, küçük idi...”

***

Səftər yuxuda güllə atırdı. Nəyə atdığını, kimə atdığını bilmirdi, amma atırdı...

Tamara yuxuda boğulurdu... üstünə o qədər onluq səpələnmişdi ki, tərpənə, nəfəs ala bilmirdi...

O, leşlərin arasından boylanıb göyə baxırdı... Göy üzü çox işıqlı idi...

***

Maşın sürüşkən yollarla uzaqlaşıb gözdən itdi.

Səftərin qızı buz bağlamış yolun ortasında tərpənmədən qalmışdı... Anasının bir neçə gün əvvəl aldığı təzə gödəkçənin içi yavaş-yavaş qanla dolurdu. Balaca küçüklər qızın gödəkcəsini dartışdıra-dartışdıra durmuşdular...

23 noyabr 2015.

# 6486 dəfə oxunub

Müəllifin son yazıları

# # #