Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında
21 oktyabr 2026
# 17:00

Bu gün görkəmli fransız rejissor Fransua Trüffonun anım günüdür.

Kulis.az Sadiq İsmayılın tərcüməsində amerikalı kinotənqidçi Rocer Ebertin “400 zərbə” filmi haqqındakı yazısını təqdim edir.

Fransua Trüffonun “400 zərbə” (1959) filmi yeniyetməlik dövrünə həsr olunmuş ən təsirli ekran əsərlərindəndir. Rejissorun uşaqlıq xatirələrinə əsaslanan film Parisdə böyüyən və cinayətə meylli bir yeniyetmənin həyatından bəhs edir. Böyüklər onu sadəcə çətin tərbiyə olunan uşaq kimi qəbul edirlər. Film isə izləyiciyə onun daxili aləmini və gizli həyatını, məsələn, otağının küncündə Balzakın xatirəsinə şam yandırması kimi detalları açır. Filmin məşhur son kadrında kamera uşağın simasına yaxınlaşaraq donur; o, birbaşa obyektivə baxır. Yeniyetmələr üçün islah düşərgəsindən qaçan uşaq sahildə, quru ilə suyun, eləcə də keçmişlə gələcəyin ayrıcında dayanır. Bu, onun dənizi ilk dəfə gördüyü andır.

Antuan Doinel obrazını Jan-Pyer Leo canlandırır. Onun ciddi və təmkinli duruşu personajın mürəkkəb xarakterini əks etdirir. Bu obraz aktyorla rejissor arasında uzunmüddətli yaradıcılıq əməkdaşlığının əsasını qoydu. Onlar bu qəhrəmana sonradan “Antuan və Kolett” (1962) qısametrajlı filmində və digər üç tammetrajlı əsərdə (“Oğurlanmış öpüşlər” (1968), “Ailə ocağı” (1970) və “Məhəbbət qaçışda” (1979)) müraciət etdilər.

Sonrakı filmlər, xüsusilə “Oğurlanmış öpüşlər” də Trüffonun uğurlu işlərindəndir. Lakin “400 zərbə” sadəliyi və reallığı ilə onlardan fərqlənir. Trüffonun bu tammetrajlı debütü fransız "Yeni dalğa" kinosunun təməl əsərlərindən birinə çevrildi. Əsər avtobioqrafik səciyyə daşıyır. Film gənc Trüffoya çətin dövrlərində dəstək olmuş nüfuzlu fransız kinoşünası Andre Bazenə həsr edilib.

Ekran əsəri süni dramatizmdən uzaqdır. Filmdəki detallar yekun kadrın ideyasını gücləndirməyə xidmət edir. Hadisələrin əvvəlində ilk yeniyetməlik dövrünü yaşayan Antuan anası və ögey atası ilə darısqal mənzildə yaşayır. Anası (Kler Morye) maddi çətinliklər, oğlunun tərbiyəsi və iş yoldaşı ilə yaşadığı gizli münasibət səbəbindən ailəyə diqqət ayıra bilmir. Ögey atası (Alber Remi) uşaqla dostcasına davransa da, ona qarşı dərin bağlılıq hiss etmir. Valideynlərin hər ikisi Antuana kifayət qədər vaxt ayırmır və onu yalnız davranışına, eləcə də kənar fikirlərə əsasən mühakimə edirlər.

Məktəbdə müəllimi (Güy Dekombl) Antuanı “tərbiyəsiz” şagird hesab edir. Şagirdlər arasında gəzən qadağan olunmuş təqvimin onun əlində tapılması vəziyyəti daha da qəlizləşdirir. Cəza olaraq küncə qoyulan Antuan divara etiraz xarakterli cümlə yazır. Müəllim əlavə cəza kimi həmin cümləni dəfələrlə yazmağı tapşırır. Tapşırığı bitirə bilməyən Antuan məktəbə getməmək üçün xəstələndiyini bəhanə edir. Növbəti dərsburaxmada isə anasının vəfat etdiyini yalan olaraq uydurur. Anasının məktəbə gəlməsi ilə bu yalan da üstü açılır.

Bütün bunlara baxmayaraq, Antuan otağındakı kiçik küncdə Onore de Balzakın əsərlərini böyük maraqla oxuyur. O, inşa tapşırığında babasının ölümü ilə bağlı mətni Balzakın əsərindən yadda qalan cümlələrlə təsvir edir. Müəllimi isə bunu plagiat hesab edir. Bu anlaşılmazlıq vəziyyəti daha da pisləşdirir: Antuan dostu ilə yazı maşını oğurlayır, onu geri qaytarmağa cəhd edərkən yaxalanır və yeniyetmələr üçün islah düşərgəsinə göndərilir.

Filmin dramatik inkişafı Antuanın valideynləri tərəfindən sosial xidmətlərin ixtiyarına buraxılması ilə pik həddə çatır. Valideynləri onun islah olunacağına inanmır. Nəticədə, o, polis idarəsində qeydiyyata alınır, kameraya salınır və digər hüquqpozucularla birlikdə polis maşınında aparılır. Barmaqlıqlar arxasındakı obraz Çarlz Dikkens qəhrəmanlarını xatırladır. Parisin soyuq fəslində lentə alınan filmin digər səhnələrində də Antuan qapalı və müdafiə olunan bir vəziyyətdə (məsələn, gödəkcəsinin yaxasını küləyə qarşı qaldıraraq) təsvir edilir.

Bununla belə, film tamamilə tragik xarakter daşımır (filmin orijinal adı da fransız dilində "xaos yaratmaq" mənasını verən deyimdir). Küçədən yuxarı rakursla çəkilmiş kadrların birində bədən tərbiyəsi müəlliminin şagirdlərlə Paris küçələrindəki qaçışı təsvir olunur: uşaqlar tədricən qrupdan ayrılaraq qaçır, sonda müəllimin arxasında sadəcə iki-üç şagird qalır. Filmdəki nisbətən pozitiv anlardan biri Antuanın səhvi nəticəsində yaranır. Balzakın şərəfinə yandırdığı şam kiçik yanğına səbəb olsa da, valideynləri bu dəfə onu cəzalandırmır; ailə birlikdə kinoteatra gedir və evə xoş əhvali-ruhiyyədə qayıdır.

“400 zərbə” filmində kinoteatr səhnələrinə tez-tez rast gəlinir. Rejissorun özü də gəncliyində kinoya böyük maraq göstərmişdi. Filmdə Antuanın dostu ilə kinoteatrdan çıxarkən lobbidən aktyor fotosunu oğurladığı kadr yer alır. Trüffo analoji mizanı sonradan özünün də rol aldığı “Amerikan gecəsi” (1973) filmində təkrarlamışdı – həmin filmdə uşaq teatrın qarşısından “Vətəndaş Keyn” filminin afişasını oğurlayır.

Fransua Trüffo kinonun onun həyatındakı xilasedici rolunu tez-tez vurğulayırdı. Bazenin təsiri ilə əvvəlcə kino tənqidçisi kimi fəaliyyətə başlayan Trüffo 27 yaşında ilk tammetrajlı filmini çəkdi. "Yeni dalğa" cərəyanı klassik və müasir kino arasında sərhəd hesab olunursa, Trüffo bu cərəyanın ən mühüm nümayəndələrindəndir. O, yaradıcılığında klassik kinematoqrafik elementlərdən (“Vəhşi uşaq” filmindəki iris keçidləri, kadrarxası mətnlər) istifadə edir və ustadlarına, xüsusilə Alfred Hiçkoka ehtiramını bildirirdi (“Gəlin qara geyinmişdi” və “Missisipi su pərisi” filmlərində olduğu kimi).

Trüffo 52 yaşında beyin xərçəngindən vəfat edib. Bununla belə, qısametrajlı filmlər və ssenarilər istisna olmaqla, o, 21 tammetrajlı film ərsəyə gətirib. Onun “Cib xərcliyi” (1976) filmində də məktəb mühitinə, Doineldən daha kiçik yaşlı şagirdlərin həyatına müraciət olunur. Rejissor məhsuldar yaradıcılığı ilə yanaşı, kino tənqidi ilə də məşğul olmuş və Hiçkok haqqında irihəcmli müsahibə-kitab hazırlamışdı.

Rejissorun diqqətçəkən əsərlərindən biri Henri Ceymsin hekayəsi əsasında çəkilmiş “Yaşıl otaq” (1978) filmidir. Əsər vəfat etmiş yaxınlarının xatirəsini yaşadan kişi və qadın haqqındadır. Kino tənqidçisi Conatan Rozenbaum bu filmi rejissorun müəllif kinosu nəzəriyyəsinə ehtiramı kimi dəyərləndirir. Bazen və tərəfdarlarının (Trüffo, Qodar, Rene, Şabrol, Romer, Mal) formalaşdırdığı bu nəzəriyyəyə görə, filmin həqiqi müəllifi studiya, ssenarist və ya aktyor deyil, bilavasitə rejissordur. “Yaşıl otaq”dakı obrazlar keçmişin böyük rejissorlarının simvolu kimi qəbul edilsə, bu gün Trüffonun özünün də o sırada yer aldığı şübhəsizdir.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər