Kulis.az Nobel mükafatı laureatı Per Laqerkvistin "Atam və mən" hekayəsini təqdim edir.
Yadımdadı, on yaşım olardı, bir dəfə bazar günü nahardan sonra atam əlimdən tutub məni meşəyə, quşların səsini dinləməyə apardı. Anamla sağollaşdıq, o, şam yeməyi hazırlamaq üçün evdə qaldı. Günəşli havaydı, istiydi, kefi kök, damağı çağ yola düzəldik. Məqsədimiz məxsusi olaraq quşların səsini dinləmək deyildi, burda nə var ki? İkimiz də ağıllı, sağlam adamlar idik, təbiətin qoynunda yaşayırdıq və ona yaltaqlanmağa, yarınmağa ehtiyac duymurduq. Sadəcə, bazar günüydü və atamın başqa işi yox idi. Şpalların üstüylə addımlayırdıq. Əslində, orada gəzmək qadağan idi, amma atam dəmiryolçu olduğundan buna icazəsi vardı. Beləcə, yolumuzu uzatmadan, dolama-hərləmə getmədən meşəyə çatdıq.
Quşların cəh-cəhi və digər gözəlliklər meşənin kənarında bizi salamladı. Alacəhrə ilə ötməquşu kolluqda, sərçələrlə nəğməkar qaratoyuqlar isə budaqlarda cikkildəşirdi. Bir sözlə, meşə adi yay günlərindən birini ötürürdü. Novruzçiçəkləri torpaqdan qalxıb boy-boya vermişdi, tozağacı yarpaqları yenicə pöhrələmişdi, ətraf təbiətin xoş qoxusundan xumarlanırdı, meşənin hər yerindən qarışıq ətirlərin ruh oxşayan nəfəsi hiss olunurdu. Hər tərəfdə həyat nişanəsi vardı: eşşəkarıları yuvalarında vızıldaşır, ağcaqanadlar topa-topa vıyıldayır, arabir kollardan pırıltı ilə uçan quşlar isə bir anda gözdən itirdilər. Yaxınlqıdan qatar keçdi, şpallardan endik, atam maşinistlə salamlaşdı, iki barmağını qoşalaşdırıb şlyapasına toxundurdu, maşinist də ona təzim etdi, əl yellədi. Qatar tam sürətlə gedirdi. Sonra yenidən şpallarla addımlamağa davam etdik. Günəşdən tərləmişdik, havadan maşın yağı, badam, süpürgəgülü, qətran qoxusu gəlirdi. Şiş çınqıllar çəkmələrimizi korlamasın deyə, iri addımlarla şpaldan şpala atılırdıq. Relslər günəş şüasından bərq vururdu. Xəttin hər iki tərəfi ilə teleqraf dirəkləri uzanıb gedirdi, yanlarından keçərkən uğultularını eşidirdik. Bir sözlə, ətraf gözəlliklə doluydu. Göy üzündə bulud-zad görünmədiyindən səma tərtəmiz idi. Belə havada bulud nə gəzir? - atam elə belə də dedi. Xəttin sağ tərəfindəki yulaf sahəsinə çatdıq, o tərəfdə tanış torpaqlardan biri (torpağı olmayan, onu icarəyə götürüb əkən) talada dayanmışdı. Yulaflar sıx və dümdüz idi. Atam cığal ağa baxışlarıyla sahəyə göz gəzdirdi və deyəsən, gördüklərindən razı qaldı. Mənim yulafdan-zaddan başım çıxmırdı, axı şəhərdə doğulmuşdum. Sonra körpüylə çayı keçdik, adətən bu çayda su az olardı, amma bu gün orada su qaynayırdı. Ayağımız sürüşməsin deyə, əl-ələ verdik. Beləcə, alma ağaclarının, sıx motmotu kollarının yaşılına qərq olmuş nəzarətçi damına yetişdik. Evə yaxınlaşdıq, ev sahibləri ilə görüşdük, bizi təzə südə qonaq etdilər, toyuq-cücələrini, donuzları, meyvə ağaclarını, çiçəkləri göstərdilər. Sonra yolumuza davam etdik. Özümzü çaya çatdırmaq istəyirdik, çünki oranın əsararəngiz gözəlliyi vardı, həm də çay atamın uşaqlığı keçən evin yaxınlığından axırdı. Məhz burada günümüz və gəzintimiz başa çatdı. Stansiya lap yaxın idi, amma biz yolumuzu dəyişib çaya tərəf döndük. Atam gözucu semaforun təmir olunub-olunmadığına baxdı. Həmişə beləydi, hər kəsi düşünürdü. Çay sahilində dayandıq, suyun xoş səsi eşidlirdi. Çayın bu hissəsi geniş idi, sular gün işığında alışıb-yanırdı. Sahilboyu boy verən sıx yaşıllıqlar sularda əks olunurdu, hər tərəf işıqlı və təravətli idi, arabir meh əsirdi. Yamaca bir az da aşağı enib sahilboyu addımladıq. Atam bir vaxtlar balıq ovladıqları yeri göstərdi. Uşaq olanda buradakı daşlar üstə oturar, tilovu suya atıb saatlarla xanı balığı tutarmış. Bəzən balıq-zad olmurmuş, amma nə dəxli var, həyatdı da, maraqlıdır, hər şey qismətdən, bərəkətdən asılıdır. Təəssüf, indi vaxt tapa bilmir. Sahillə gəzişir, axarla ağac qabıqları buraxır, çaya daş atıb baxırdıq. Kefimiz qalxdıqca atamla mən daha da şənlənirdik. Nəhayət, ikimiz də yorulduq, qərara gəldik ki, bu günlük bəsdir, evə qayıtmaq lazımdır.
Hava qaralırdı. Getdikcə meşənin görkəmi dəyişirdi, hələ tam qaranlıq düşməmişdi, amma demək olar ki, qaranlıq idi. Yəqin anam da bizə görə narahat olmuşdu. Həmişə başımıza bir iş gələciyindən ehtiyat edirdi. Bizə nə ola bilərdi axı? Özü də belə gözəl bir gündə! Hər şey möhtəşəm idi, ikimiz də razı qalmışdıq. Qaranlıq qatılaşırdı. Ağaclar qəribə şəkil alırdı. Sanki bizi tanımırlarmış kimi hər addımımıza diqqət kəsilirdilər. Ağaclardan birinə işıldaquş qonmuşdu. Oturub bizə baxırdı. Tez atamın qolundan yapışdım, amma o, bu dəhşət saçan işığı görmədiyi üçün əhəmiyyət vermədən yanından öptüb keçdi. Hava tamamilə qaraldı. Çayı keçib körpüyə yaxınlaşdıq. Suyun səsi aşağıdan elə bil bizi udmaq istəyirmiş kimi bağırtı ilə ətrafa yayılırdı.
Ehtiyatla şpalların üstüylə addımlayırdıq. Əl-ələ tutmuşduq, yıxılmamaq üçün mehribanlıqla bir-birimizə sığınmışdıq. Elə güman edirdim ki, atam məni körpünün üstüylə keçirib aparacaq, amma o, mənim fikirləşdiyim kimi eləmədi, istəyirdi ki, mən də onun kimi olum, heç nədən qorxmayım. Elə hey gedir, gedirdik. Atam qaranlığın içi ilə sakit, ölçülü-biçili addımalyırdı. Öz aləmində nəsə düşünür, susurdu. Ətarfın belə zülmət olmağına baxmayaraq, onun bu qədər sakitliyi, mənə qəribə gəlirdi. Ürkək-ürkək ətrafa baxdım. Qatı zülmət idi. Qorxudan ürəklə nəfəs alıb verə də bilmirdim. Görəsən bu qaranlıq məni qoynuna alıb udmaz ki? O anlarda ancaq bu barədə düşünürdüm. Dəmiryolu xətti sərt yoxuşla aşağı, qaranlığa, zülmətə, gecənin sonsuzluğuna enirdi. Teleqraf dirəkləri səmaya baş vururdu, lap kabus kimiydilər, sanki içlərində nəsə qaynayırdı. Sanki yerin altından qəribə, əcaib səslər çıxırdı. Sanki dirəklərin başındakı ağ papaqlar qorxu içində qısılıb qalaraq, sakitcə ətrafı dinləyirdilər. Qorxurdum. Hər şey gerçəkliyini itirmişdi, hər şey başqalaşmışdı. Atama sığınıb pıçıldadım:
-Ata, hər tərəf qaranlıq olanda niyə hər şey bu qədər qorxulu görsənir?
-Nə danışırsan, balaca, qorxulu heç nə yoxdur, - deyən atam, əlimdən tutdu.
-Çox qorxuludur, ata.
-Yox, balaca. Bilirik axı, Tanrı bizi tək buraxmaz.
Özümü son dərəcə yalqız və unudulmuş hiss edirdim. Qəribəydi, qorxu hissi atamla məni bir-birimizdən ayırırdı, axı o heç nədən qorxub eləmirdi. Maraqlı orasında idi ki, sözləri mənə əsla təsir etmirdi, əvvəlki kimi qorxudan tir-tir əsirdim. Heç Tanrını xatırlamaq da halıma təsir etmədi. Amma Tanrının hər yerdə - aşağıda, zəminin üstündə, ağacların yanında, uğuldayan teleqraf dirəklərində, hər yerdə, hər yerdə - olmağı mənə qəribə görünürdü. O, hər yerdədir, amma onu görmək olmur.
Danışmadan gedirdik. Hərə öz aləmində idi. Elə bil qaranlıq içimə dolub ürəyimi sıxırdı.
Birdən, arxa döngədən dəhşətli bir gurultu qopdu. Qorxu bizi xəyaldan ayırdı. Atam məni aşağı çəkib apardı və bir müddət beləcə donub qaldıq. Yaxınlıqdan qatar keçdi. Qara, tamamilə qara, vaqonları işıqsız bir qatar çox sürətlə gedirdi. Nə qatar idi görəsən? Bu saatda heç bir qatar-zad olmamalıydı! Qorxu içində qatara baxırdıq. Nəhəng paravozdan alov qalxırdı, kimsə bellə ocağa kömür atırdı, ətrafa səpələnən qığılcımlar havada rəqs edirdi. Dəhşətli mənzərəydi. Solğun simalı maşinist hərəkətsiz dayanmışdı, ocaqdan üzünə düşən işıq sifətində oynayırdı, adam rəsmən daşa dönmüşdü. Atam onu tanıya bilmədi, haradan olduğunu, haradan gəldiyini də bilmədi; maşinist qabağa baxırdı, ancaq qabağa, qaranlığa doğru şığıyırdı, sonu olmayan bir qaranlığa.
Qorxudan nəfəsimi içimə çəkib dəhşətli kabusun arxasınca baxdım. Budur, gecə onu uddu. Atam məni yenidən relslərin üstünə çıxartdı və biz evə tələsdik.
-Qəribədir, o nə qatar idi elə? - atam dedi. - Maşinisti də tanıya bilmədim.
Başqa bir kəlmə də söyləmədi.
Əsməcə yaxamı buraxmırdı. Axı hər şey mənə görəydi, bəli, mənə görə. Bunun mənasını anlamağa başlamışdım: bu qorxu idi, mənim gələcək qorxum, hansı ki, atamın ondan xəbəri yox idi, əgər belə hallara düşsəydim, atam məni qoruya bilməyəcəkdi. Bu həyat, bu dünya mənim üçün belə olacaqdı, atamın həyatından, onun dünyasından fərqli, çünki onun həyatı aydın və sadə idi. Qəribə dünya, qəribə həyat. Sonu olmayan zülmətə doğru şığıyan həyat.
Tərcümə: Əyyub Qiyas