Kulis.az Sunay Akının “Onlar həmişə ordaydı” kitabından “Hindunun Aya göndərdiyi mesaj!...” yazısını təqdim edir.
Astek inancına görə ilk yaranmış günəşi sel yuyub aparandan sonra dünyadakı hər şey balığa dönür. İkinci günəşi pələnglər yeyir, üçüncüsünü alov yağışı yox edir. Dördüncü günəşi də fırtına yox edəndən sonra insanlar meymuna çevrilib dağa qaçırlar.
Tanrılar bundan sonra günəşi işıqlandırmaq vəzifəsini kimini yerinə yetirəcəyinə qərar vermək üçün yığışırlar. Balıqqulağı Tanrısı könüllü olaraq ortaya çıxır, amma bir nəfər başqasının da bu vəzifəyə şərik olmasını istəyirlər. Heç kimin səsinin çıxmadığını görəndə donqar, irinli və sifilisli tanrını da bu vəzifəyə seçirlər.
Ocaq çatılır və çirkin tanrı bir anlıq düşünmədən belə özünü oda atır... Balıqqulağı Tanrısı isə tərəddüd edib ocağın yanında tərpənməz dayanır... Buna görə də tanrılar onu oda atmaq qərarına gəlirlər. Sifilisli tanrı günəşə və qana dönür, gücə ehtiyacı olduğu üçün ona qurbanlar verilir... Balıqqulağı Tanrısının üzünə bir dovşanla vura-vura parlaqlığı yox edilir. Asteklər Ayın üzündəki ləkələrin döyüləndən sonra qalan izlər olduğuna inanırlar.
Aya insan göndərmək üçün qollarını çırmayan NASA 1966-cı ilinə planlaşdırılan təlimləri həyata keçirmək üçün astronavtları Navaho hindularına ayrılan rezervasiya torpaqlarına göndərir. Bu yerin seçilməsinin səbəbi o bölgənin səthinin Aya çox bənzəməsidir. Eh, əlbəttə bənzəyər, hindulara elə bir yer verilmişdir ki, orda da Aydakı kimi həyat yoxdur!...
Skafandr geyinmiş astronavtlara Aya düşəndən sonra nə edəcəkləri, necə hərəkət edəcəkləri ilə bağlı təlim keçilən zaman yaşlı bir hindu da yanındakı uşaqla məşqləri izləyirmiş. Bir neçə gün sonra uşaq NASA işçilərinin yanına gəlir: “Məni atam göndərdi. O ağ adamın dilini bilmir. Mən məktəbdə öyrənmişəm. Atam soruşur ki, bu qəribə alət və geyimlərlə neçə gündür burda nə edirsiz?”
Bir NASA işçisi Aya getməyə hazırlaşdıqlarını, bunun üçün astronavtlara təlim keçdiklərini deyəndən sonra hindu uşaq atasının yanına qayıdır... Neçə gündür dinməzcə dayanmış hindu bir az sonra qaça-qaça astronavtların yanına gəlir və Navaho dilində nəsə deyir. Onun nə dediyini başa düşməyən NASA işçiləri atasının dalınca qaça-qaça gəlmiş uşağın üzünə baxırlar. Uşaq ağ adamın Aya gedəcəyini öyrəndikdən sonra atasının çox həyəcanlandığını deyir və əlavə edir ki, atası onun da Aya mesajının olduğunu, bu mesajı Aya çatdırıb-çatdırmayacaqlarını soruşur. Neçə gündür günəşin altında işləməkdən yorulmuş elm adamları qocaya səsyazan uzadırlar: “Atana de mesajını bu cihaza desin. Söz veririk, gedəndə yanımızda aparacağıq.”
Uşaq ağ adamın sözlərini Navaho dilinə çevirəndən sonra atası səsyazana nəsə deyir, sonra hirsli addımlarla ordan uzaqlaşır. Uşaq da atasının dalıyca gedir...
O gecə astronavtların gözünə yuxu getmir! NASA komandasındakı hər kəs bir şeyin marağındadır: Səsyazandakı sözlərin mənası nədir? Bir hindu Aya nə mesaj göndərə bilər axı?
Səhəri gün nə hindu uşaq, nə də atası təlim yerinə gəlir. Səsyazandakı mesajla maraqlanan astronavtlar yaxınlıqdakı hindu kəndinə gedir və başqa bir hindudan mesajın mənasını öyrənirlər: “Bu adamlardan ehtiyatlı olun! Torpaqlarınızı almağa gəlirlər!...”
Hinduların dillərini, dinlərini, geyim-keçimlərini dəyişmək istəyən ağ adama qarşı müqavimətləri İkinci Dünya Müharibəsi illərində çoxdan qırılmışdı. Amerikadakı məktəblərdə hindu dillərində danışmaq qadağan idi. Ana dillərində danışan hindu şagirdlər ələ keçəndə onlara ağır cəzalar verilirdi. Hindular qalstuk bağlayaraq kilsəyə getməyə və ağ adamın diliylə ilahi oxumağa məcbur idi.
Belə bir vaxtda yaponlar Pirl Harbora hücum etməklə Amerika Birləşmiş Ştatlarının Sakit okean donanmasının belini qırsalar da Almaniya və İtaliya kimi tərəfdarlarının məğlub olmasından sonra meydanda tək qalmışdılar. Amma Amerika nə qədər cəhd etsə də Yaponiyaya effektli hava hücumu təşkil edə bilmir. Çünki yaponlar radio danışıqlarındakı bütün şifrələri açır və qabaqcadan tədbir görürlər. Bir adada yaşayan yaponların onlarla kəllə-kəlləyə gəlməsindən hiddətlənən Amerika atom bombası atmaq qərarı verib. Məsələ burasındadır ki, Sakit Okeandakı radar torunun qırılması üçün balaca olmasına baxmayaraq böyük əhəmiyyətə malik olan İvodzima adasının alınması lazımdır.
İvodzima kiçik olmağına kiçik adadır, amma köstəbək yuvası kimi torpaq altında qazılmış tunellərdə 22 min yapon əsgəri mövqe tutub. Vulkanik xüsusiyyətə malik adada tunel qazmağa çətinlik çəkməyən yaponlar Amerikanın İvodzimanı almadan ölkələrinə hücum edə bilməyəcəklərini bildikləri üçün adanı var qüvvətləri ilə müdafiə edirlər.
1945-ci ilin 19 fevral günü adanın sahilində görünən Amerikan donanmasındakı əsgərlər qarşılarındakı torpaq parçasının kiçikliyinə baxaraq döyüşün ən çoxu bir gün çəkəcəyini düşünürlər. Adaya desant yeridilmədən öncə komandirin bu sözləri eşidilir: “Sizin bu Allah bəlası Navahoları qorumağınızı istəyirəm. Onlara ehtiyacımız çoxdur!”
Amerika radio danışıqlarındakı şifrələrin yaponlar tərəfindən açılmasının qarşısını almaq üçün belə bir yol tapır: Olduqca çətin başa düşülən dildə danışan Navahoları əsgərliyə çağırıb onlardan rabitəçi kimi istifadə etmək!... Rezervasiya düşərgələrindən tez-tələsik toplanıb gətirilmiş 400 hinduya üstünə “Navaho şifrəsində danışanlar” yazılmış beretlər geydirilir.
İvodzima adasına desant yeridilən zaman Navaholar radiostansiya daşıdıqları üçün ləng hərəkət etməyə məcbur idilər. Üstəlik bir hindunun yaponların əlinə əsir keçməsi ilə bütün danışıqların başa düşülməsi təhlükəsi də vardı. Buna görə də 1492-ci ildən bəri dəfələrlə qətliam etmiş ağ adam tarixdə ilk dəfə bir müharibədə hinduları qorumaq öhdəliyini götürmüşdü!...
Navaholar ingiliscə hazırlanan məktubları öz dillərinə çevirib radio ilə qarşı tərəfə ötürməyə başlayanda İvodzima adası sözün həqiqi mənasında cəhənnəmə dönür. Göndərilən məlumat vacibdirsə “Arizona üçün məlumat var” şifrəsindən istifadə olunur. Bu şifrə danışığın Navaho dilində aparılacağını göstərir. Bundan başqa məlumatın içində ancaq bir Navahonun başa düşəcəyi dil oyunları vardı. Nümunə üçün qumbaraya “kortof”, raketlərə “yer qaynadan”, döyüş təyyarələrinə “oxuyan quş” deyirdilər.
Bir aydan çox çəkən döyüşdən sonra 6 min Amerika əsgəri öldüyü halda yaponlardan ancaq min kişi sağ qala bilmişdi. Hindular alçaldılan, təhqir olunan dilləri ilə Amerikanın xilaskarı olmuşdular! Yaxşı bəs ana dillərində danışanda işgəncəyə məruz qalan hindular döyüşdükləri zaman hansı hissləri keçirirdilər? Bir Navaholu Pirl Harbora olan hücuma işarə vuraraq bu sualın cavabını belə verib: “Yeganə bildiyim şey Amerikanın bizim torpaqlarımız olması və kimlərsə tərəfindən bombalanmasıdır. Bu heç xoşumuza getmədi!..”