Nobelli yazıçı: “Böyük Britaniyada o vaxt bərabərlik olacaq ki...”

Nobelli yazıçı: “Böyük Britaniyada o vaxt bərabərlik olacaq ki...”
28 oktyabr 2014
# 13:37

İngilis fantast yazarı Doris Lessinq (22 oktyabr 1919-17 noyabr 2013) 2007-ci ildə Nobel Ədəbiyyat mükafatına sahib olub. İranın Kirmanşah şəhərində anadan olmuş yazıçı gənclikdə kommunist olsa da sonradan bundan üz döndərib. Sufiliyə meylli olan Doris Lessinq feminist romanları ilə tanınır.

Kulis.Az Lessinqin 2007-ci ildə Nobel alandan qısa müddət sonra verdiyi müsahibəni təqdim edir.

- 1952-ci ildə siz bir qrup Britaniya və Amerika ədəbiyyatçıları ilə birlikdə Sovet İttifaqına səfər etmişdiz. Xatirələrinizdə səfər zamanı sizdə güclü təəssürat yaratmış epizodu təsvir edirsiniz.

- Bu mənim həyatda gördüyüm ən cəsarətli addım idi. Bizi-beş əcnəbini kolxoza gətirdilər. Bizdən biri keçmişdə kənd təsərrüfatıyla məşğul olubmuş. Mən özüm də fermada böyümüşəm, yəni təsərrüfatdan bir şey anlayırdım. Budur, rəsmi qəbul başlayıb; çıxışlar, güllər, əl sıxmalar. Birdən camaatın arasından çox qoca bir adam çıxır və bizimlə danışmaq istədiyini bildirir. O təkrarlayır: "Mən danışmaq istəyirəm, mən danışmaq istəyirəm". Tərcüməçi isə ona aman vermir. Amma bizimkilərdən biri — şotlandiyalı Daqlas Yanq - rusca başa düşürdü. O da bizə tərcümə etməyə başladı. Qoca deyirdi: "Sizə göstərilənlərin hamısı yalandı. Əsl həyatımız dəhşətlidi, qorxuncdu. Bu rəsmi adamların dediklərinin heç birinə inanmayın". Əlbəttə onu dərhal tutub apardılar. Heç bilmirəm onun axırı nə oldu. Amma mən, həqiqətən düşünürəm ki, bu əsl cəsarət nümunəsi idi. Yəqin necə çətin dövr olduğunu xatırlayırsız. Axı Stalin hələ sağ idi.

- Bu hadisə sizi kommunizmdən üz döndərməyə vadar elədi?

- Yox, bu tədricən baş verdi. O qocayla bağlı hadisə yalnız bir epizod idi. O vaxta qədər artıq özüm bilirdim ki, göstərilənlərin hamısı həqiqət deyil. Amma indi şərait dəyişib, bütün bu ziddiyyəti izah etmək artıq çətindi. Leninin bizi adlandırdığı kimi sadəlövh axmaqlar, faydalı idiotlar idik. Bu o demək deyil ki, biz bununla fəxr edirdik. Düzdür, çoxu artıq həyatda deyil, amma mən hər halda bununla fəxr etmirəm.

- Kommunizmlə vidalaşmaq çətin olmadı ki?

- Bu əsl dram idi, hər şeydən əvvəl ona görə ki, mənim ərim ölənə qədər əsl kommunist qaldı. Kommunizmdə məyus olmaq üçün elə bu kifayət edərdi. Çünki əgər dünyada fanatik deyilən şey varsa, onda o əsl fanatik idi. Əlbəttə onun üstünlükləri vardı, bununla belə o axmaq fanatik idi. Axı artıq əllinci illərin əvvəllərində insanlar meydana çıxır və Sovet İttifaqında, başqa ölkələrdə kommunizm zamanı yaşadıqlarını danışırdılar. Amma bu o qədər də asan iş deyildi-bu gün partbiletimi verirəm, vəssəlam. Unutmayın ki, o vaxt kommunist olan insanlar yeni dünya quracaqlarına səmimiyyətlə inanırdılar. Beləliklə bu illüziyadan ayrılmaq, yeni dünyanın olmayacağını və ya bu yeni dünyanın əvvəlkindən də pis olacağını anlamaq o qədər də asan deyildi. .

- Zimbabvedə olanlardan xəbərdarsınızmı?

- Bəs necə! Axı mən orada böyümüşəm. Orada vəziyyət dəhşətlidir.

- Siz "Qızıl dəftəri"i yazandan sonra cəmiyyətdə qadınlara münasibət dəyişdi. O vaxtdan bəri qadınların həyatında asanlaşan və çətinləşən nə oldu?

- Qadınların bu gün geniş imkanları var. İmkanların bərabərliyi, sözsüz ki, hər yerdə inanılmaz dərəcədə artdı. Yəni, mən hər yer deyəndə əlbəttə, inkişaf etmiş ölkələri nəzərdə tuturam. Bununla belə bəzi məsələlərlə bağlı heç nə dəyişmədi. Bir çox qadın geniş imkanlara baxmayaraq əvvəlki kimi varlı ər tapmağa üstünlük verirlər. Bu mənə təəccüblü gəlir. Amma Böyük Britaniyada əsl bərabərlik onda olacaq ki, bir iş üçün kişilərə və qadınlara eyni məvacib ödəyəcəklər.

- Niyə sizə təsir etmiş yazıçıların arasında Bulqakovun adını çəkirsiz?

- Bulqakovu çox sevirəm. Mən onu oxumağa birinci kitabından-"Gənc həkimin qeydləri"ndən başlamışam. Mənə elə gəlir ki, bu kitabda təravət və cazibə var. Sonradan bu qismən yox olur. Sonra, əlbəttə, "Ağ Qvardiya" gəlir. "Master və Marqarita"nı da sevirəm, amma ola bilsin ki, başqa əsərlərindən daha az sevirəm. Mən onun elmi fantastikası haqqında resenziya hazırlamışam. Bundan başqa onun "Tale yumurtaları" kitabına önsöz yazmışam.

- Necə oldu ki, elmi fantastika yazmağa başladınız?

- "Elmi fantastika" olduqca yanlış istifadə edilən anlayışdır! Belə hesab edilir ki, mən elmi fantastika janrında yazmağa 1979-cu ildə çıxmış "Şikəstə" romanımla başlamışam. Amma mən daha əvvəl iki roman yazmışdım: "Sağ qalmış adamın memuarları" və "Cəhənnəmə eniş təlimat"ı. Bunlar realist əsərlər deyil, amma fantastika da deyil. Təəssüf ki, bizdə hamı yarlık vurmağa can atır. Beləliklə "Şikəstə" ilə başlayan seriyanı (məncə, bu yazdığım ən yaxşı əsərdi) - ora beş tamamilə müxtəlif kitab daxildir- bütünlükdə elmi fantastika adlandırırlar!

- Kitablarınızdan hansı ilə daha çox fəxr edirsiniz?

- İstənilən yazıçı deyə bilər ki, ədəbi yaradıcılıq hərəkətdir, inkişafdır. Buna görə də nəsə seçmək çətindir. Son yazdıqlarımdan biri olan “Mara və Dan” adlı macəra romanını və onun davamını çox sevirəm. Mən bu kitabı yazmağa başlayanda hələ bilmirdim ki, onun bütün qəhrəmanları aclıq, daşqın, vətəndaş müharibəsi əlindən canını qurtarmış qaçqınlar olacaq.

Mənbə BBC rus, (22.10.2007)

# 1493 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #