Artur Konan Doyl bankirləri necə dolamışdı? – YAZIÇI HAZIRCAVABLIQLARI
Qələm adamları təkcə əsərləri ilə deyil, hazırcavabları ilə də yaddaşımızda qalıblar. Kulis.az qələm adamlarının hazırcavablıqları haqqında maraqlı əhvalatları təqdm edir.
Qədim Yunan dramaturqu Sofokl hardasa deyir ki, üç misra yazmaq ona üç günə başa gəlir.
- Eh, mən bu müddətə yüzünü yazardım- həmən vaxt orda olan şairlərdən biri deyir.
- Elədir, amma o şeir elə üçcə gün yaşayardı. – Sofokl cavab verir.
Krılov təkcə təmsilləri ilə deyil yemək düşkünü olması ilə də məşhur imiş. Küçədə piyada gəzərkən dostlarından biri onu görüb soruşur ki, niyə faytondan istifadə etməyib. Şair cavab verir: “Nahara kimi acmaq lazımdır, ona görə faytona minmədim.”
Kandıba adlı bir zabit Puşkindən tələb edir ki, “rıba” (balıq) və “rak” (xərçəng) sözlərini qafiyələndirsin. Puşkin dərhal cavab verir: “Kandıba durak” (Kandıba axmaqdı). Özünə qoyulmayan zabit bu dəfə tələb edir ki, “rak” və “rıba” sözlərini qafiyələndirsin. Şairin cavabı yenə gecikmir: “Durak Kandıba” (Axmaq Kandıba).
Cavan ədəbiyyatçılarla görüşən Lev Tolstoy onları az yazmaqda, tənbəllikdə günahlandırır. Cavanlar isə böyük yazıçıya şikayətlənirlər ki, əslində yazırlar, sadəcə redaksiyalar onları çap etmir. Belə olan halda Tolstoy qərara gəlir ki, cavanları yoxlasın. Buna görə də məşhur jurnallardan birinə yollanır. Naşir qocanın sadə geyiminə görə onun məşhur yazıçı olduğunu güman eləmir, elə bilir həmişəki qrafomanlardandı. Ona görə də deyir: “Yaxşısı budur cızmqaraçılığı buraxın, sizin yaşınızda belə şeylər çox gecdir. Yeri gəlmişkən, əvvəllər nəsə yazmısızmı?” Tolstoy tövrünü pozmadan deyir: “Hə, bir-iki əsər qaralamışam, “Hərb və sülh” və “Anna Karenina”.
Qırmızı bürokratların dəftərxanalarında sovet yazıçılarını həddindən artıq incidir, mənasız sənədlər doldurmağa məcbur edirdirlər. Yazıçılar da sənəd-sünəd işlərindən bezsələr də əməl etməyə məcbur idilər. NEP (Novaya Ekonomiçeskaya Politika – Yeni İqtisadi Siyasət) zamanı anketlərin birində belə bir sual da verilirmiş: “Torpaq sahəniz varmı və onu kim becərir?” Yazıçı və şair, daha çox Nikolay Qumilyovun bioqrafı kimi tanınan Pavel Lukniskiy anketin həmin sualına belə cavab verir: “Bəli, dibçəkdə bir az torpağım var, pişiyim becərir.”
Sovet klassiki Yuriy Olyoşa “Nasional” restoranında əməlli-başlı yeyib-içəndən sonra evə taksi ilə getmək qərarına gəlir. Restoranın qapısında qızılı uniforma geyinmiş şəxsi görüb yaxınlaşıb deyir ki, maşın çağırsın. Özündən çıxan uniformalı adam acıqla yazıçıya deyir: “Mən şveysar deyiləm, admiralam.” Amma yazıçı tövrünü pozmur: “Onda qayıq çağırın.”
Yazıçı Viktor Astafyev hakimiyyətə qarşı loyal yanaşsa da yeri gələndə narazılığını da bildirərmiş. Bir dəfə hansısa məclisdə yazçı dostları ona sübut etməyə çalışırlar ki, SSRİ “yeni sovet insanı” yarada bilib. “Mədəsiz kolxozçu isə yarada bilməyib” – Astafyev dostlarına cavab verir.
Hazırcavablığı ilə seçilən şair Mixail Svetlov Kşinyov nəşriyyatlarından birinin sifarişi ilə Moldaviya şairlərinin şeirlərindən tərcümələr edir. Bir müddət sonra qonorarın gecikdiyini görən şair nəşriyyata belə bir teleqram göndərir: “Əgər yaxın vaxtlarda qonorarımı ödəməsəniz sizin şairlərin şeirlərini təzədən Moldav dilinə çevirəcəm.”
Svetlov xəstəxanada yatanda da zarafatlarından qalmazmış. Xəstəxanaya ona baş çəkməyə gəlmək istəyənlər soruşurlar ki, meyvə və gül gətirmək olarmı? Svetlov suala cavab verir: “Meyvə gətirin, amma gül hələ tezdi”. Bir az sonra onkolji xəstəlikdən ölməkdə olan şair dostlarına məktub yollayır: “Mənə pivə gətirin, xərçəng özümdə var.”
Oskar Uayld fransız kazinosunda bütün pulunu uduzur. Kazinodan çıxanda onun üçün qapını açan şveysardan borca 20 frank istəyən yazıçı həmən pulu təzədən ona çay pulu kimi qaytarır.
Bir zabitlə sözləri çəp gələn Aleksandr Düma dueli qəbul etməli olur. Duelin şərti isə ağırdır: İki nəfərə bir tapança var. Üstəlik püşkatmada “ölüm” sözü kimə düşsə birinci həmin adam özünə atəş açacaq. Püşk yazıçıya düşür. Düma dostları ilə vidalaşıb qonşu otağa keçir. Bir az sonra atəş səsi eşidilir. Otağın qapısını açan şahidlər Dümanın sağ-salamat olduğunu, üstəlik burnunun ucunun belə qanamadığını görürlər. Yazıçı dərhal izahat verir: “Cənablar, bağışlayın, səhv nişan aldım.”
Mark Tvenin işlədiyi redaksiyaya bir yığın zəif şeir göndərilir. Başlıq isə belə imiş: “Mən niyə sağam?” Əlyazmanı geri qaytaran Tven üstündə belə bir qeyd də yollayır: “Çünki şeirləri poçtla göndərmisiz, özünüz şəxsən redaksiyaya gəlməmisiz.”
Cavan bir xanım yaşlı ingilis dramaturqu Bernard Şouya yaxınlaşıb soruşur: “Zəhlətökənliyimə görə baxışlayın, cənab Şou, neçə yaşınız var?” “Bu sizin məqsədinizdən asılıdır” – dramaturq hazırcavablığından qalmır.
London bankirləri ilə zarafatlaşmaq istəyən Artur Konan Doyl hər birinə teleqram göndərir: “Hər şey üzə çıxdı. Dərhal gizlənin.” Səhəri gün 12 bankirin hər biri Londondan yox olur.
Bir dəfə Heminqueyə sual verirlərki, xoşbəxtlik nədir? “Xoşbəxtlik möhkəm can sağlığı və zəif yaddaş deməkdir” – “Əcəl zəngi”nin müəllifi cavab verir.