İlk nobelçi müsəlman yazıçı: “Ürəyim istəyən kimi yazmağa vaxtım olmayıb” - MÜSAHİBƏ

İlk nobelçi müsəlman yazıçı: “Ürəyim istəyən kimi yazmağa vaxtım olmayıb” - MÜSAHİBƏ
26 iyul 2013
# 11:00

Kulis.Az Misir yazıçısı, Nobel mükafatı laureatı (1988), Nəcib Məhfuzun (1911-2006) 1992-ci ildə “Paris Reviyu” jurnalına verdiyi müsahibəni Elnarə Ağaoğlunun tərcüməsində təqdim edir.

-Nə vaxtdan yazmağa başlamısız?

- 1929-cu ildən. Bütün hekayələrim geri qaytarılırdı. “Məcəllə” jurnalının redaktoru Salam Musa tez-tez mənə deyirdi: “Sənin potensialın var, amma hələ ki, onu inkişaf etdirməmisən”. 1939-cu ilin sentyabrı yaxşı yadımdadı. Çünki İkinci Dünya Müharibəsi başlamışdı, Hitler Polşaya girmişdi. Onda mənim ilk əsərim “Abat əl-Əktar” çap olundu. Belə deyək bu “Məcəllə”nin naşirlərinin mənə özünəməxsus hədiyyəsi idi. Bu mənim həyatımda olduqca əlamətdar hadisə idi.

- Bundan sonra kitablarınızın yazılması və nəşri asanlaşdı?

- Yox... Baxmayaraq ki, ilk dəfə çap olunandan sonra bir yazıçı dostum yanıma gəldi və dedi ki, qardaşının tipoqrafiyası var. Onun qardaşı və ortaqları yaxşı bir nəşriyyat qurmaq istəyirdilər. 1943-cu ildən biz bir sıra kitablar çap etməyə başladıq. Hər il mənim əsərlərim çap olunurdu.

- Deməli, heç vaxt yazıçılıqdan gəlir götürməyi düşünmürdüz?

- Yox. Mən onda dövlət işində işləyirdim. Əksinə, mən ədəbiyyat üçün xərcləyirdim, kitablara və kağıza xərc çəkirdim. Mən yazıçılıqdan çox sonralar qazanmağa başladım. Səksənə yaxın hekayəm çap olunmuşdu, amma onlardan heç bir qazanc əldə etməmişdim. Hətta ilk romanlarımdan da heç nə qazanmırdım, hamısı redaksiya heyətinə köməyə xərclənirdi.

- Nə vaxtdan kitablarınızdan pul qazanmağa başladız?

- Əsərlərim ingilis, fransız, alman dillərinə çevrilməyə başlayandan sonra. “Zabalvi” əsərim o birilərindən daha çox qazanc gətirdi. İlk tərcümə olunmuş romanım “Middak küçəsi”idi. O əsəri ilk dəfə Həyat adlı bir livanlı çap elədi. Nə mən, nə də tərcüməçi heç nə qazanmadıq, Həyat bizi aldatdı. O əsər, 1970-ci ildə yenidən tərcümə olundu. Bundan sonra digər əsərlərim də tərcümə olunmağa başladı.

- Gənc yazıçılarla tez-tezmi görüşürsüz?

- Hər cümə axşamı mən Qəsr əl-Nil kazinosundakı yığıncağa gedirəm. Ora gənc yazıçılar dəvət olunurlar. O ora çoxlu yazıçı, şair, ədəbiyyat adamı gəlir. 1971-ci ildə dövlət işindən istefa verəndən sonra dostlarıma daha çox vaxt ayırmaq imkanım olub.

- Uşaq vaxtı dinə münasibətiniz necə idi, atanızla cüməyə gedirdiz?

- Cavan vaxtlarımda dindar idim. Amma atamın təsiri olmamışdı, o məni cümə namazına getməyə məcbur etmirdi, özüm gedirdim. Sonralar anladım ki, din aşkar olmalıdır, qapalı din artıq lənətdir. Dinə həddindən artıq maraq mənə elə gəlir həyatın ağrıları ilə üzləşənlərin sonuncu sığınacağıdır. Mən həm dini olduqca vacib, həm də potensial təhlükə hesab edirəm. Əgər siz xalqı nəyəsə təhrik etmək istəyirsizə o zaman xalq nəyə həssasdırsa onu diqqət edəcəksiz. Misirdə heç nə insanları din qədər vəcdə gətirmir. Kəndliləri işləməyə nə vadar edir? Din. Buna görə də dini açıq şəkildə şərh etmək lazımdır. O sevgi və insanlıqdan bəhs etməlidir. Din təkcə emosiya ilə bağlı deyil, o həm də inkişaf və sivilizasiya ilə bağlıdır.

- Hazırda ibadət edirsiz?

- Bəzən. Yaşım o yaş deyil. Öz aramızda deyim, mən dini qaçılmaz hesab edirəm. Yenə də məlumdur ki, yaxınlarına yaxşı münasibət cənazəmə baş qoymaqdan daha vacibdir. Allah dini ayinlər klubu kimi nəzərdə tutmayıb.

- Məkkə ziyarətində olmusuz?

- Yox.

- İstəyirsiz?

-Yox, mənim qələbəlikdən zəhləm gedir.

- Neçə yaşınızda evlənmisiz?

- 37-38 yaşım olardı.

- Niyə belə gec?

- Həm işləyir, həm də yazıçılıqla məşğul idim. Gündüz dövlət işçisi, gecə yazıçı idim. Bütün günüm məşğul idi. Xüsusən bacı qardaşlarımın sosail qayğılarla nə qədər məşğul olduqlarını görəndən sonra evlənməkdən qorxdum. Biri qohumlarla gedib gəlməklə, o biri onları evlərinə dəvət etməklə məşğul idi. Məndə belə bir hiss vardı ki, ailə həyatı bütün vaxtımı alacaq. Mənə elə gəlirdi, bütün həyatım qohum-əqrabaya gedib-gəlməkdə keçəcək. Heç bir azadlığı olmayacaq.

- Xüsusi qrafik əsasında işləyirsiz?

- Belə işləməyə məcbur idim. Səhər səkkizdən ikiyə kimi işdə olurdum. Saat dörddən yeddiyə kimi yazırdım. Saat yeddidən ona kimi də oxuyurdum. Cümə günündən başqa qalan günlər iş qrafikim belə idi. Mənim heç vaxt imkanım olmayıb ki, yazmaqla ürəyim istəyən kimi məşğul olum. Amma hardasa üç il əvvəl yazmağı tərgitmişəm.

- Əsərlərinizin ideyası və ya obrazlar necə yarnır?

- İcazə verin başqa cür cavab verim. Dostlarınızla olanda nədən danışırsız? Həmin gün və ya həmin həftə sizə təsir etmiş hadisələrdən danışırsız... Mən də o cür yazıram. Evdə, məktəbdə, işdə, küçədə baş verən hadisələr hamısı süjetin əsası ola bilər. Bəzi hadisələr elə dərin təəssürat yaradır ki, mən onları dostlarla müzakirə etməkdənsə romanda yazıram.

- Birbaşa yazırsız, yoxsa əvvəldən cızmaqara edirsiz? Əvvəldən beyninizdə hansısa mövzu olur?

- Hekayələrim bir başa ürəyimdən gəlir. Başqa əsərlərim üçün isə material toplayıram. Misal üçün, “Qahirə trilogiyası”nı yazmamışdan qabaq diqqətlə materialı araşdırdım. Hər bir personaj üçün dosye hazırlamışdım. Əgər mən bunu etməsəydim, çaşıb qalardım, ya da nəyisə unudardım. Bəzən mövzu yazdıqca yaranır, bəzən də mən onu əvvəldən işləyib hazırlayıram.

- Əsər hazır olana kimi nə qədər düzəlişlər edirsiz və ya yenidən yazırsız?

- Mən tez-tez yazdığımı yoxlayıram, çoxlu düzəliş edirəm. Düzəlişlərdən sonra mətni yenidən yazıram və naşirə yollayıram. Bundan sonra isə əlyazmaları cırıb atıram.

- Əlyazmaları saxlamırsız? Bir çox yazıçılar hər kiçik qeydi belə saxlayırlar. Sizcə yazıçının əsər üstündə hansı düzəlişlər etdiyini bilmək oxucuya maraqlı deyil?

- Ola bilər, amma mənim əlyazma saxlamaq vərdişim yoxdu. Eşitməmişəm ki, yazıçılar əsərlərinin ilk əlyazmalarını saxlasınlar. Mən əlyazmaları, qaralamaları atmasam, evim mənasız kağızla dolar. Bundan başqa mənim xəttim çox pisdi.

- Bir çox yazıçılar, xüsusən də Qərb yazıçıları depressiv şəxsiyyətləri ilə seçilirlər. İçkiyə aludəçilik, narkotik vasitələrin istifadəsi, qeyri-adi seksual davranışlar, intihara meyillilik və başqa şeylər...

- Elədi.

- Bəlkə bu elə sizin başlıca qüsurunuzdu?

- Əlbəttə bu qüsurdur. Amma siz məni qoca vaxtımda ittiham edirsiz. Cavanlığımda mən də belə şeylər eləmişəm-içmişəm, qadınlarla kef çəkmişəm və başqa şeylər.

- Özünüz qəhrəman hesab edirsiz?

- Özümü?

- Məgər siz övladlarınız və oxucularınız üçün nümunə deyilsiz?

- Əlbəttə, amma mən özümü qəhrəman hesab etmirəm.

- O zaman özünüzü necə təsvir edərsiz?

- Ədəbiyyatı sevən bir adam kimi. Öz işində dürüst olan bir adam kimi. Öz işini pul və şöhrətdən daha çox sevən bir adam kimi. Əlbəttə, pul və şöhrəti xoşlayıram. Amma onlar heç zaman mənim məqsədim olmayıb. Niyə? Çünki mən kitab yazmağı hər şeydən çox sevirəm. Bəlkə bu normal deyil, amma mən hiss edirəm ki, ədəbiyyatsız mənim həyatımın mənası olmazdı. Mənim yaxşı dostlarım, varım-dövlətim ola bilər, amma ədəbiyyatsız mənim həyatım əhəmiyyətsiz olardı. Bu qəribədi, amma o qədər də yox, çünki əksər yazıçılar eyni hissləri keçirirlər. Elə demək istəmirəm ki, guya kitab yazmaqdan başqa heç nə eləmək istəməzdim. Evliyəm, uşaqlarım var. Üstəlik 1935-ci ildən gözlərimdə həssaslıq artıb, buna görə də yayda yaza-oxuya bilmirəm. Bu xəstəlik mənim həyatımı tarazlaşdırıb, yəqin Allahın nəsibidir. Hər il mən üç ay nə yazmalı, nə də oxumalıyam. Bax həmin bu üç ayda mən səhərdən evdən çıxıb dostlarımla görüşürəm. Bu qədər şeydən sonra mənim yaşadıqlarım həyat deyil?

# 2241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #