Qələmini həyata batıran İsa Hüseynov Mirzə İbrahimov haqqında

Qələmini həyata batıran İsa Hüseynov Mirzə İbrahimov haqqında
22 may 2014
# 14:26

Kulis.Az İsa Hüseynovun “Cənub həsrəti ilə” essesini təqdim edir. Esse İsa Hüseynovun 1971-ci ildə çap edilmiş “Ömrümdə izlər” kitabından götürülüb.

Onun qırx altı yaşı var. Bəziləri bu yaşda özlərini “qoca” adlandırırlar. Ondan isə biz hələ belə bir etiraf eşitməmişik. Eşitsək, heç şübhəsiz, onun belə bir etirafı bizdə ancaq şən bir gülüş doğurar. Çünki qırx altı yaşında onun qapqara şəvə kimi saçları var. Çünki onun azacıq qıyıq gözləri hələ də lap uşaqlıq təbəssümü ilə gülümsünür. Çünki o, gülməyə başlayanda, qəlbin dərinliyindən gələn şaqqıltısı ilə ətrafındakıları diksindirir.

Belə anlarda onun yanında özünü ciddi saxlamaq qeyri-mümkündür. İstər-istəməz sən də gülürsən. Gülüb soyuyursan, o isə hələ də şaqqıldayır. Hansı sözə, hərəkətə, yaxud əhvalata, bir sözlə, nəyə gülürsə, onu təkrar edib bir də gülür. Bu dəmdə onu müşahidə etmək çox maraqlıdır: bu saf səsli, bir az cingiltili gülüş sənə nələr demir?! Bu gülüş sənə deyir ki, onun qəlbi qədər təmizdir; o, həyatı, təbiəti, insanları sevir, o, başqalarının bəlkə heç tükünü də tərpətməyən ən adi zarafatyana sözcükdən zövq almağı bacarır. Bu gülüş deyir ki, Mirzə yalnız zahirən yox, qəlbən də, ruhən də cavandır.

Məsəl var, deyərlər, ağ gün insanı ağardar, qara gün qaraldar. Demək, bizim Mirzə bütün ömrü boyu daim ağ gün görmüşdür? Demək, onun həyatı – düzən çəmən boyunca axan, heç bir maneəyə - daşa, qayaya rast gəlməyən, enişə-yoxuşa düşməyən sakit bir çay kimi çağlamışdır? Elə isə, bəs “Həyat” necə yaranmış, bəs “Gələcək gün” hansı təəssüratlar, hansı müşahidələr nəticəsində meydana çıxmışdır. Elə isə, bəs “İki həyat” səni nə üçün sarsıdır? Axı sən, onun səhifələrini çevirdikcə daim hiss edirsən ki, yazıçı əsərini yaradarkən qələmini həyatın mürəkkəbinə batırmışdır. O, həyatla birlikdə qorxunc, hiyləgər düşmən Süleymanla üz-üzə gəlmişdir; o, güləbətinin faciəsini öz gözlərilə görüb sarsılmış, göz yaşı axıtmış, hiddətlənmişdir; o, xoşbəxt həyata çıxmış sürəyyanın məclisində oturmuşdur; sən daim hiss edirsən ki, onun qələminin altından çıxan səhifələr həyatın öz kitabının səhifələridir; o, hər vaxt xalqla bir yerdə olmuş, xalqın kədəri onun kədəri olmuş, xalqın sevinci, səadəti onun öz sevinci, öz səadəti olmuşdur. Madam ki belədir, demək onun həyatı, heç də düzən çəmənlikdə lal axan bir çaya bənzəməmişdir.

Bəli, Mirzə çox ağır, kəşməkəşli bir həyat yolu keçmişdir. Onun vur-tut yeddi yaşı olanda anası ilə kiçik bacısı aclıqdan ölmüş, bircə il sonra isə, atası ilə qardaşı ölmüşdür. Bir yandan kömək, imdad əli yox, həyat isə sərt və amansız!... O nə etməlidir, hara getməlidir? Təsəvvür edin ki, həə çarığının bağını belə düz-əməlli taxmağı bacarmayan səkkiz yaşlı uşaq, çomaq götürüb düzlərdə qoyun-quzu dalınca qaçır, onun-bunun qapısında nökərçilik eləyir. Görünür bu qarayanız, arıq-sısqa uşağın canı möhkəm olmuşdur ki, bütün əziyyətlərə, hər cür məhrumiyyətlərə qatlaşa bilmişdir.

Yəqin ki, bu uşaq, yayın şahmar günü altında çarığının köşəsi qupquru quruyub topuqlarını döyənək eləyəndə də, qoyun-quzu, dana-buzov dalınca yüyürərkən üzü üstə döşənəndə də, çöldə dana itirib axşam heyvan sahibinin qarşısında dayanmalı olanda da gözündən bir damla da salmamış, ağlasa da, yaşını içəriyə, dağlı ürəyinə axıtmışdır; görünür, o, çox inadkar və mətin olmuşdur. Çünki bu inadkarlığı və mətinliyi biz onun sonrakı həyat yolunda, sonralar necə davrandığında da görürük.

Görürük ki, cəmi bir neçə il sonra, bizim tanıdığımız balaca çoban Bakıda fabrik-zavod təhsili məktəbində oxuyur, neft texnikumunu bitirir, mədənlərdə işləməyə başlayır; eyni zamanda o, hətta hekayə, şeir, oçerk yazmağa, ədəbiyyat dərnəklərində iştirak etməyə, gecəni gündüzə qatıb qalın-qalın kitablar oxumağa başlayır. O, sovet quruluşunun xalq üçün, milyonlarla mirzələr üçün yaratdığı şəraitdə bütün energiyası ilə çalışır. Bir az sonra onun səsi Leninqraddan gəlir; o, burada aspiranturanı bitirir, filoloji elmlər namizədi alimlik dərəcəsini alır və... bundan sonra o, daim yüksəlir, öz ehtiraslı qələmi ilə, öz mətin mübariz kommunist qəlbi ilə Azərbaycan xalqının qəlbində dərin bir məhəbbət hissi oyadır.

Biz onun böyük və mənalı həyatının ancaq zahiri sxemini çəkdik. Lakin elə bu sxemin özündən də aydın deyilmi ki, mirzə İbrahimov nə cür bir insandır; onun qayəsi, idealı nədən ibarətdir, o, hansı eşqlə, hansı məhəbbətlə belə yüksəlir?!

Hələ həyata yenicə atılarkən belə, onun aydın və qəti bir qərarı vardı: onu yetimlikdən qurtaran, təhsil verə, istedadını meydana çıxaran böyük səbəbkara – sosializmə xidmət etmək, bütün varlığını xalqa, vətənə, partiyaya həsr etmək! Göründüyü kimi, qərar – bizim həyatımızda, sosializm vətənində hamımız üçün təbii olan, çox adi bir qərardır. Hər kəs vətəninə, xalqına, kommunizm ideyalarına bağlıdırsa, demək, belə bir qərar onun iliyində, sümüyündədir, qanında, canındadır. Lakin bu qərarı necə, hansı qabiliyyətlə, hansı ixtisas vasitəsilə həyata keçirmək? – bu barədə, şübhəsiz ki, ciddi axtarış aparmaq lazım gəlir. Mirzə öz ixtisasını, səriştəsini lap ilk gənclikdə tapan xoşbəxtlərdəndir; onun çox axtarış aparması lazım gəlmədi. O hələ neft mədənlərində işlədiyi vaxtlarda özü üçün silah – qələmi seçdi. O, müdhiş sarsıntılar keçirmiş, olmazın əzablar görmüşdü və birdən-birə xoşbəxtliyə çıxmışdı. Onun sinəsi dolu idi, ürəyi daim narahat vuran, əməl eşqi ilə yanan ürəklərdəndi. Belə bir ürəyi sakitləşdirmək üçün ancaq qələm gücü lazım idi.

Mirzə qələmə sarıldı.

Bu belə bir dövr idi ki, Cəlil Məmmədquluzadədən, Haqverdiyevdən, Nəcəfbəy Vəzirovdan, Süleyman Sani Axundovdan sonra ədəbiyyata gələn yeni dramaturqlar nəsli hələ bişib bərkiməmişdi; Cəfər cabbarlının dramaturgiya tariximizdə yeni bir dövr açan vüsətli dramlarından sonra, səhnəmizdə yeni dövrü-kollektivləşmə dövrünü hərtərəfli, dolğun şəkildə əks etdirən səhnə əsərlərinə böyük ehtiyac hiss olunurdu; o dövrdə adamlarımızı sinfi düşmənlərlə, yeni quruluşun tərəqqisinə əngəl olmağa çalışan hər cür ziyançılarla mübarizəyə sövq etmək, gəncliyə mübarizlik ruhu aşılamaq kimi nəcib məqsədlə güdən yeni səhnə əsəri yaratmaq lazım idi. Yeni bir “Almas” yaratmaq laızm idi. Cəfər Cabbarlının ölümündən bir il sonra, 1935-ci ildə “Həyat” səhnəmizdə bir sənət incisi kimi parladı. Gəncliyimiz Süleyman kimi məharətlə maskalanmış, hər cür vasitələrlə kolxoz işinə mane olmağa çalışan sinfi düşmənin iç üzünü gördü; kommunist Həyat – qalib gələn həyatımızın bir simvolu kimi şöhrət qazandı. Mirzə İbrahimov, ilk dram əsərini yazdı. Lakin elə bu birinci əsərdə o, usta bir dramaturq kimi çıxış etdi...

Kollektivləşmə dövrü arxada qaldı. Dünyanın altıda bir hissəsində sosializm bütün cəbhələrdə qələbə çaldı; Mirzə qanına-canına hopmuş ideyaların təntənəsini gördü. Lakin, indi olduğu kimi, o vaxtlar da arxayınlaşmaq, bir növ sakit həyat keçirmək onun təbiətinə yad idi. O bir sənətkar kimi yenidən alışmağa başladı. İndi onun zehnini, düşüncəsini məşğul edən başqa məsələ idi; tarixin, dövrün diktə etdiyi, günün ən vacib məsələsi idi.

Almaniyada faşizm hakimiyyət başına gəlmişdi. Əsəbi, çılğın alman yefreytoru öz ağaları qaşısında “siz mənə hakimiyyət verin, qılınc verin, mən kommunizmin kökünü kəsəcəyəm!” – deyə boğazını yırtırdı. Bir az sonra isə o, atıq qonşu Avropa ölkələrinə yürüş etməyə başlamışdı. Budur, faşizmin pəncəsi İspaniyaya uzandı, sonra, o, əl - qolunu daha geniş miqyasda oynatmağa başladı. Aydın idiki, o, vəhşi bir ehtirasla qüvvə toplayır, öz sərhədini kommunizmin vətəninə - Sovetlər İttifaqına doğru yaxınlaşdırır. İspan xalqı, sonra bütün Avropa xalqlarının sadə, vətənpərvər oğul və qızları faşizmə qarşı ölüm-dirim mübarizəsinə qalxdı.

Daha sonra isə, bütün sovet xalqı silaha sarıldı. Mirzə də qələmi ilə döyüşə girişdi, 1938-ci ildə “Madrid”, 1942-ci ildə isə “Məhəbbət” pyeslərini yazdı. Birinci dramında o, qəhrəman ispan xalqının faşizmə qarşı çırpışmasını, ikincidə isə azərbaycanlıların arxa cəbhədə gizli düşmənlərə qarşı mübarizəsini təsvir etdi. Bu əsərlərlə Mizə İbahimov bir daha sübut etmiş oldu ki, o, günün ən vacib məsələlərindən bəhs edən, nəbzi xalqının nəbzi ilə vuran bir sənətkardır, hekayələrində də, irili-xırdalı publisistik məqalələrində də “Sovet yazıçısı olmalıdır” devizinə sadiq qalır.

Hiss edirsən ki, müasirlik hissi getdikcə ondan daha da güclənərək ehtirasa çevrilir və bu ehtiras onun yaradıcılığına romantik bir vüsət, geniş üfüqləri fəth edən güclü bir qanad verir. Bu qanadın tərkində, Mirzənin yaratdığı obrazlar dünyasına səyahət etdikdə adam qəribə bir təzad qarşısında heyran qalı; ilk nəzərdə sənə elə gəlir ki, bu dünyada yaşayan insanlar, sənin hər gün gördüyün, müşahidə etdiyin adamlardan fərqlidirlər; onların çoxu bir növ adilikdən çıxmış kimi görünürlər; baxırsan ki,... bu dünyanın hər yerində ehtiraslar, xarakterlər çarpışır; Mirzənin təxəyyülündən doğuluş insanlarla yanaşı, tarixi şəxsiyyət olan Rza xan da, bizim tarixdən tanıdığımız şahdan xeyli fərqli görünür; o daha zalım, daha həris, daha çox əliqanlıdır. Sənə elə gəlir ki, Mirzə, Rza xanı əslində olduğundan daha heybətli göstərmişdir: onu ədəbiyyatşünasların qrotesk adlandırdıqları üsulla canlandırmışdır.

Lakin elə ki, sən onun danışığına, hərəkətlərinə, düşüncəsinə bələd olursan, “Gələcək gün” səhifələrində onunla birgə hələnib-dolanısan, inanırsan ki, əsil Rza xan elə budu; “görünür bu müstəbid elə tarixdə də belə olub, buna qətiyyən şübhə eləmək mümkün deyil”, - deyirsən. Beləliklə, sənət, bədii söz qalib gəlmiş olur, real dünya ilə Mirzənin obrazlar dünyasının arasında hiss etdiyin fərq unudulur, əksinə, getdikcə sən burada bir vəhdət, bağlılıq görürsən.

Görürsən ki, Mirzənin təxəyyülündən doğulmuş insanlar əksər hallarda nə qədər qeyi-adi, ehtiraslı olsalar da, sən burada çox zaman xarakterlə çarpışması müşahidə etsən də, bu aləmdə baş verən hadisələr heç də real çərçivədən kənara çıxarılmamışdır. Bu səbəbdən də Rza xanın, Hikmət İsfəhaninin vəhşilikləri, səndə, uzun illərdən bəri davam edən İran irticasına qarşı dərin, sonsuz bir qəzəb və nifrət hissi doğurur.

Bu səbəbdən də sən Musa kişinin işgəncələrlə dolu, acı həyatına acıyırsan, səndə Arazın o tayındakı qardaşını əsarət zəncirindən xilas etmək uğrunda gizli təşkilatda birləşən Firudinlərlə, Rza Qəhrəmanilərlə birgə mübarizəyə qoşulmaq ehtirası oyanır. Bu səbəbdən də, Mirzənin sakit təhkiyəli romanla oxumağa alışmış oxuculara bəzən o qədər də xoş gəlməyən, hərdən hətta patetikaya çevrilən publisistikası bizə çox yerli-yataqlı və əsaslı görünür. Mirzə sanki oxucusunun ürək çırpıntılarını dinləyir, hadisələrin gərgin yerində, bu çırpıntıların surətinin artan məqamında, səhifə arxasından onun öz səsi də eşidilir; bu səs – onun publisistikası – bizi daha da qanadlandırır, bizim Firudinlərə inamımızı daha da gücləndirir, Firudinin arzu etdiyi günün mütləq gələcəyinə səndə heç bir şübhə yeri qalmır.

Mirzə İbrahimovun publisistikası nə qədər odlu, həyəcanlıdırsa, bir o qədər də səmimi və qəlbəyatandır. Bu isə hər şeydən əvvəl onun özünün təbiətindən doğan bir xüsusiyyətdir. Mirzənin böyük ideallarla aşılanmış publisistikası nə qədər ehtiraslı və kəskindisə, onun özü bir o qədər mədəni, təvazökar və səmimidir. Bu sadəlik və səmimilik, istər-istəməz onun təhkiyəsində, xüsusən hekayələrində özünü daha aydın göstərir.

“...1941-ci il sentyabr ayının 10-da, küçələrin bomboş olduğu belə isti bir zamanda biz Culfadan gəlib Mərəndə çatdıq... isti bizi əldən salmış, yolun tozu üst-başımıza dolmuş, dodaqlarımız qurumuşdu... Qabağında balaca qımızı sovet bayrağı yellənən maşınımızı Mərəndin bu mərkəzi küçəsində, arxın yanındakı çinar ağacının kölgəsində saxlayıb yerə düşdüyümüz zaman sovet maşınını görən adamlar tez bizi dörd bir tərəfdən əhatə etdilər. Bir dəqiqədə iyirmiyə qədər adam toplaşıb bir-birinə macal vermədən müxtəlif suallarla bizə müraciət edirdi. Hara getdiyimiz, nəyə ehtiyacımızın olduğunu soruşur, təpədən dırnağa qədər bizi süzdü, böyük bir maraqla çiynimizdəki nişanlara, başımızdakı ulduzlu komandir papaqlarına, ayağımızdakı uzunboğaz çəkmələrə nəzər salırdılar. Bu zaman uzunboylu, yaxası açıq və beldən a.ağı ağ xalat asmış birisinin “A gedə, bir yana çəkil görüm” deyib adamları yardığını və bir anda bizim qabağımızda durduğunu gördük.

- Tavariş kamisar çay xoçit! Pajalusta, praşu mne na çayxana, - deyərək o, cavab gözləmədən bizə yol açmağa, dönüb dala baxa-baxa adamlları aralamağa başladı. Onun bu sadə və səmimi hərəkəti bizi güldürdüsə də, etirazımıza səbəb olmadı; çünki doğrudan da könlümüzdən çay keçirdi. Biz onun dalınca çayxanaya tərəf irəliləyərkən adamlar, hörmətlə yana çəkilib bizə yol verir və sonra da dalımızca düşüb gəlirdilər. o, birdən küçənin ortasında dayanıb uzun əlini göydə hərləndirdi və qəribə bir rus ləhcəsilə:

- Dazdrastvuyet sovetski rosiya, privet Bakinski raboçi! Ura! – deyə qışqırdı.

Adamlar hamısı birdən və sevinclə “Urra” qışqırdılar. Mən uzunboylu adamın iki addım yeriyib geri döndüyünü və daha başqa şüarlar atmağa hazırlaşdığını görüb yavaşca qolundan tutdum. O, bir söz demək istədiyimi duyaraq böyük bir hörmət və nəcabətlə başını əyib qulağını mənə tərəf gətirdi. Mən onun könlünə toxunmaqdan çəkinərək, sakit bir tərzdə və müvafiq sözlər seçməyə çalışaraq:

- Lazım deyil... Şüarsız da olar, - dedim...”

Mirzə İbrahimovu zəngin yaradıcılığını hərtərəfli şərh etmək, onun bədii xüsusiyyətlərini geniş şəkildə təhlil etmək üçün tutarlı, Mirzənin öz qələmi qədər iti bir ədəbiyyatşünas qələmi gərəkdir. Bir neçə səhifədə ürək sözlərini söyləməyi isə, ədəbi gəncliyimiz içərisində kimi desən, bacarar. Çünki bizim ədəbi gəncliyimiz, bütün oxucularla bir sırada, öz Mirzəsini dərin, atəşin məhəbbətlə sevir. Çünki son dövrdə ədəbiyyata gələn gəncliyimiz ona minnətdarlığını heç zaman unutmayacaqdır.

Mən 1949-cu ili xatırlayıram, ədəbiyyatımız da, vətənlə, xalqla birlikdə böyük sınaqlardan çıxmış, möhkəmlənmişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Hüseyn Mehdi, Sabit Rəhman, Əli Vəliyev, Rəsul Rza, Osman Sarıvəlli, Məmməd Rahim və başqa görkəmli simalar ən dəyərli əsərlərini yaratmışdılar. Mirzə İbrahimov Yazıçılar İttifaqında sədrlik edirdi. Zahirən belə görünürdü ki, ədəbiyyat cəbhəsində hamı, o cümlədən Mirzə də özünü qalib və gümrah hiss edir. Lakin zahiri təəssürat çox zaman aldadıcı olur. Mirzə daxilən narahat idi. Çox narahat idi! O düşünürdü ki, Səməd Vurğun Vaqif şeirinə qartal qanadları verdi, onu yeni və yüksək bir mərhələyə qaldırdı. Əhməd Cəmil XVIII əsrin qaranlığı içində yanıqlı-yanıqlı sızıldayan Vidadi şeirini yeni kökdə kökləyib, öz sarı simində asta-asta mizrab vurdu, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əbülhəsən öz romanları ilə nəsrimizin siqlətini artırdı...

Bəs sonra? Bu nəsildən sonra gələcək mərhələlərdə ədəbiyyatımızı inkişaf etdirəcək yeni nəsil hanı? Bu ədəbi nəsli yetişdirmək üçün nə etmək lazımdır? Belə bir şərəfli və məsul vəzifədən söhbət düşəndə, bir çoxları soyuqqanlı və laqeyd şəkildə əllərini yelləyirdilər: yəni, zorla yazıçı yetişdirmək olmaz. Lakin vətənpərvər Mirzə belə düşünə bilməzdi. Daim bir əməl – mədəniyyətimizin çiçəklənməsi naminə bir əməl eşqilə döyünən ürək onu nə isə etməyə, nə isə bir tədbir tökməyə sövq edirdi. O, hal-hazırda yazıb-yaradan ədəbi gəncliyimizin həyatında heç vaxt unudulmayacaq günlərin – “Gənclər günlərinin” təşkilatçısı və rəhbəri oldu. O vaxtdan vur-tut yeddi-səkkiz il keçmişdir. Lakin, budur, Mirzənin dövrəsində artıq hərəsinin öz səsi, öz qələmi ola böyük bir yeni nəsil toplaşmışdır. Mirzə onların kiçik yazılarını belə diqqət mərkəzindən kənarda qoymur, pislərini amansız tənqid atəşinə tutur, yaxşısının haqqında şəxsən özü qəzetlərə resenziya yazır, hətta “ədəbiyyatımızın nailiyyəti” adlandırır, gənc qələm sahibini daha yeni-yeni müvəffəqiyyətlər qazanmağa, yaradıcılıq zəhmətinə qatlaşıb ardıcıl və gərgin çalışmağa sövq edir.

Mirzə hələ zahirən də, qəlbən də, ruhən də cavandır. O, hələ bundan sonra uzun illər boyu yazıb-yaradacaq və xalqımızın qəlbində elə bir məhəbbət doğuracaqdır ki, gəncliyimizin adından yazılan bu sətirlər o böyük məhəbbətin müqabilində çox adi və sönük görünəcəkdir.

1957

# 3408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #