İsa Hüseynovun Mir Cəlala “Yubiley məktubu”

İsa Hüseynovun Mir Cəlala  “Yubiley məktubu”
26 may 2014
# 13:15

Kulis.Az İsa Hüseynovun “Yubiley məktubu” essesini təqdim edir. Esse İsa Hüseynovun 1971-ci ildə çap edilmiş “Ömrümdə izlər” kitabından götürülüb.

Birisi bənövşəni ətrinə görə sevir. İkincisi – rənginə, üçüncüsü – boynunun büküklüyünə, bu görkəmin oyatdığı assosiasiyaya görə. Bir başqası isə, bu çiçəyi sadəcə vətən torpağının neməti olduğuna görə sevir. Demək istəyirəm ki, məhəbbət subyektiv məfhumdur. Sənətkara məhəbbət isə subyektivdən də subyektiv.

Biz iki dost, Saatlı rayonunda bir evdə qonaq olduq. Ev sahibi son dərəcə nəzakətlə, səmimi rəftarla bizə qulluq etdi. Axşam biz yola hazırlaşanda isə, o, “Buraxmaram!” “İnciyərəm” – deyib təkid etdi ki, gecəni də qalaq. Biz bir-birimizə baxdıq: “Səhər işdə olmalıyıq, necə qalaq? Həm də bu qədər əziyyət vermək yaxşı deyil”. Ancaq hiss etdik ki, F kişi – ev sahibi doğrudan da inciyəcək. Xülasə, qaldıq. Bir daha yemək-içmək, hörmət-izzət.

Gecəyarıda gəzintiyə çıxanda dostum V qoluma toxundu: “Ora bax”” baxdım və ürəyim ağrıdı: zirzəminin açıq qapısı arxasında, torpaq döşəməyə salınmış boz kilim üstündə, bir-birindən balaca, bir-birindən arıq oğlan və qız uşaqları yatmışdılar. F kişi yəqin ki, bizim baxışımızı duydu, saymazyana yeriyib zirzəminin qapısını örtdü. O gecə, necə deyərlər, ilan vuran yatdı, biz yata bilmədik. Geniş, havalı “qonaq otağında” rahat çarpayılarda, ipək üzlü yorğanların altında yox, elə bil haman alçaq tavanlı, bürkülü zirzəmidə, haman boz kilimin üstündə uzanmışdıq. F kişi eşitməsin deyə, pıçıltı ilə söhbət edirdik. Siz şübhəsiz artıq duymusunuz, görürəm sakit-sakit gülümsəyirsiniz: “Hə, “qonaqpərəsət” hekayəsini xatırlamısınız”. Sizin gərək ki, təxminən otuz il bundan əvvəl yazdığınız o hekayənin qəhrəmanı Nəsib kişinin əsla dəyişmədən bu gün də yaşadığına qoy heç kəs təəccüb etməsin. Fərqi bircə adındadır: Nəsib deyil F-dir. Sizin otuz il bundan əvvəl yazdığınız sözlər bu gün bəlkə də daha gərəklidir. “Ay müsəlman oğlu, sənin övladlarını bir-bir əlindən alan həmin bu qonaqlarıdır. Sən özünsən... ölən uşaqlar dirilib qəbirdən qalxsalar, sizdəki qonaqpərəstəliyə lənət oxuyarlar. Narın yaxşısını qonağa, çürüyünü qızına verəndə, qonağı işıqlı otaqda, uşağını qaranlıq daxmada saxlayanda, qonağı ipəkdə, oğlunu çul-palazda yatıranda bilmirsənmi ki, belə olar?” o gecə Mirzə Cəlil ənənələrinin ölməzliyindən, sizin müşahidələrinizin sərrastlığından, realizminizin qüdrətindən danışdıq. Ən qədimlərdən başlayaraq bu yalançı qonaqpərəstliyin xalqımıza nə qədər zərərlər vurduğundan danışdıq. Bizim müasir nəsrə tənqidi münasibət bəsləyən, bir qədər nihilist əhval-ruhiyyəli dostum V hətta öz “sarılmaz mövqeyindən” enib qışqırdı: - Sevdim Mir Cəlalın realizmini, qardaşım!

“Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanını hər bir sözü öz tərcümeyi-halının bir hissəsi kimi görünür. Halı və səmimi həyəcanı dərhal oxucuya təsir edir. Kitabı oxuyub örtdükdən sonra adama elə gəlir ki, özünün dünənki həyatını, həyəcan və sevinclərini sənə nağıl edən bir adamla bir neçə saat maraqlı söhbət etmisən”. Bu sitatdır. Sizin yaradıcılığınızdakı dərin səmimiyyətdən bəhs edən onlarla tənqidçi və ədəbiyyatşünasdan tək birinin qeydi.

“Mir Cəlalın əsərlərində əvvəldən axıra qədər kəndə bağlı olan ağsaçlı ata-anaların, xala və dayıların surətləri əsas yer tutur. Yazıçı öz taleyini onların taleyindən ayırmır, öz qəlbində onların ürəyinin, onların ürəyində öz ürəyinin döyüntüsünü hiss edir. Bu isə sizin xalqa bağlılığınızdan danışan qələm yoldaşlarınızdan birinin sətirləridir.

Biz iki dost axşamlar sahilə çıxırıq. Rüzgar xoş olanda, söhbətimiz şirin keçəndə bəzən gecəyədək qalırıq. Bulvardan əl-ayaq tamam yığışanda, gözlənilmədən buraya təzə-təzə adamlar gəlir. Hamısı yorğun, öykəşik, üz-gözlərindən zəhər damır. Biz bunların əksəriyyəti ilə tanışıq.

- Salam, iclas quruları!

Heç biri soruşmaz ki, bu “iclas quruları” nə ifadədir bir deyirik. Eşidib gülümsəyirlər, dərin təəssüf hissi ilə başlarını tərpədirlər. Mən şübhə etmirəm ki, bu vaxt onlar sizin məşhur mükaliməni xatırlayırlar (“Oğlum, atan harda işləyir?” “İclasda”), sizin incə yumorunuz onları düşünməyə məcbur edir.

Qırxıncı illərin dövrü mətbuatını vərəqləyənlər, sizin yaradıcılığınızdan bəhs edən məqalələrdə bu və ya başqa şəkildə təkrar olunan bir cümləyə təsadüf edirlər: “Gəldiyev bizim həyatımız üçün nə dərəcədə tipikdir?” Tanış kəlamdır. “Konfliktsizlik nəzəriyyəsinin” bayraqdarları sizin “Açıq kitabı” örtməyə, otuzuncu illərin axırında xalqımızın həyatında baş vermiş hadisələri yetişməkdə olan yeni nəsildən gizlətməyə çalışdılar. Zaman keçdi, “Açıq kitab” yenidən açılıb xalqın malı oldu. Öz şəxsi firavanlığını başqalarının bədbəxtliyi üzərində quran rayonlarda xalq malını talayıb “cibişdanına” dolduran, ifşa olunmaq təhlükəsi hiss etdikdə Bakıya qaçıb burada “özü üçün jizn” düzəldən, vətən, xalq, partiya sözlərini əllərində kəsərli silaha çevirib namuslu vətəndaşlarımızı ləkələmək, məhv etmək yolu ilə yenidən pilə-pillə qalxmağa, ictimai mövqe tutub möhkəmlənməyə çalışan gəldiyevlər “Açıq kitabın” səhifələrində öz mənfur sifətlərini gördülər. yenidən çap olunub yayılmış bu roman sizin yaradıcılığınızda vətəndaşlıq pafosunu qüvvətləndirmişdir.

Ermənistanda Dərəçiçək deyilən qədim bir kənd vardı. Orada Alı adında bir aşıq yaşayırdı. Mənim 1934-cü ildə səksən yaşında vəfat etmiş babamın toyunu eləmişdi. Sonra atamın toyunu eləmişdi. Günlərin birində aşıq alı Qazağa gəlib çıxdı və mənim də toyumda çalıb-çağırdı. Yaşı məlum olmayan, bir əsrdən çox ömür sürmüş bu adamın səsi, sazı, sözü yenə də öz dinləyicilərini heyran qoyurdu. Bunun sirri nə idi? Kimi deyirdi: “Dərəçiçəyin havasındandır”. Kimi deyirdi: “Dərəçiçəyin suyundandır”. Bir başqası: “Aşıq Ələsgərin bacısı oğlu bəs nə təhər olar?” Heç kəsin ağlına gəlmirdi desin ki, sirr aşığın ürəyinin, ruhunun gözəlliyindədir. Sizinlə görüşəndə mən aşıq alını xatırlayıram.

Bakıda Hüsü Hacıyev və Həzi Aslanov küçələrinin tinində, mənim balkonumun qənşərində bir tut ağacı var. Qoca ağacdır, yaşını heç kəs bilmir. Qışda onun şiddətli küləklərdən əyilmiş budaqlarına baxanda hərdən mənə elə gəlir ki, daha qurumaq üzrədir. Amma yazda yenə yaşıla bürünür. Qonşu məhlələrin balaca uşaqları onun budaqlarına barama qurdu kimi daraşırlar. Bu xoşbəxt balalara baxıram, sizin bədbəxt Bahara acıyıram. “Bahar! Hardasan, mələr quzum!” – deyə təlaşla qışqıran Sona anamıza acıyıram. Sonra sizi bu sadə, bədbəxt adamlara böyük məhəbbət bəsləyən ədibimizin nurlu sifətini görürəm.

Sonaları, Baharları sevənlər sizi də sevirlər.

Kitabın əvvəlki yazıları

İsa Hüseynovun öz dilindən həyat hekayəsi

Qələmini həyata batıran

# 2905 dəfə oxunub

Müəllifin son yazıları

# # #