Atası arvadbaz olmasaydı “Azadlıq” heykəlini görəcəkdi

Atası arvadbaz olmasaydı “Azadlıq” heykəlini görəcəkdi
13 aprel 2013
# 07:15

Möcüzə uşaq

Biskvit, şokolad, konfet, zeytun yağı, sabun bişirilən yerlərlə kiçik təmir emalatxanalarının yan-yana olduğu, yemək termosları kimi bir-birinin ardına düzülmüş otaqlardan birinin boğazı tıxayan pis qoxusu içində kiçicik pedalı ilə çörəyini qazanan bir dostumu görməyə getmişdim.

Onu görə bilmədim. Geri qayıtmaq istəyirdim ki, qapının yanında böyük bir taxta qutunun içində onu gördüm: pendir-çörəklə pomidor yeyirdi. Çirkli, qıvrım-qıvrım saçları vardı. Maşın yağından qaralmış üzü, içindən parıldayan xariqüladə yaşıl gözləri...

- Mətbəəçi qardaşımı axtarırdınız?

- Bəli.

- Bir az əvvəl kağız kəsdirməyə getdi. Gələcək.

Yanındakı boş qutunu çevirib oturmaq üçün təklif etdi:

- Buyurun, oturun.

Elə şirin-şirin baxırdı ki. Oturdum. Çörəyini bölüb mənə uzatdı. Ac olmadığımı dedim.

- Əllərim çirkli olduğu üçünmü?

- Yox canım.

- Bizim işimiz elədi ki, burda da təmiz qalmaq olmur.

Təmir emalatxanalarının birində usta köməkçisi olduğunu zənn etdim. Soruşdum:

- Nə işlə məşğulsan?

- Tornaçıyam.

-Hə?

Qəhqəhə çəkdi:

- Kim eşitsə çaşıb qalır. Halbuki, bu sentyabrda on iki yaşımı başa vururam.

- Yəni tornaçılığa aid hər bir işi bacarırsan?

- Burda çətin nə var ki? Əvvəllər atamın emalatxanası vardı. Səhərlər dərsə gedərdim, günortadan sonra emalatxanaya.

- Neçənci sinfə kimi oxumusan?

- Dördüncü sinfə kimi.

- Sonra?

- Sonra anam öldü. İki qardaşımla ortalıqda aldıq. Atam da pis bir qadının dalına düşəndən sonra....

- Məktəbi atdın. Məktəbidən xoşun gəlirdi?

Dərindən bir ah çəkdi:

- Həm də necə!

- Kim olmaq istəyirdin?

- Kapitan. Böyük dənizlərdə, dalğalı, qorxulu dənizlərdə gəzmək. Avropaya, Amerikaya getmək. Ekvatoru keçəndə gəmidə toy-bayram olarmış. Düzdü?

- Düzdü.

- Sonra da Nyu-York limanındakı “Azadlıq” heykəli. Hündürlüyü nə qədərdir? Çox böyükdü?

- Bilmirəm.

- Siz “Robinzon Kruzo”nu oxumusuzmu?

- Oxumuşam.

- Kimsəsiz adada necə yaşaya bilib? Elə deyil? Belə şey ola bilər?

- Olmasa daha yaxşı olmazmı?

- Olması yaxşıdır amma. Yaxud da yazan belə düşünüb yəqin. Amma yaxşı düşünüb. Hər necə olur olsun, Robinzona afərin düşür. Kimsəsiz adada əlini-qolunu sallayıb dayanmır, iş görür. Ölməmək də igidlik deyilmi? Yaşamaq!

Maşın yağıyla çirklənmiş dəsmalını çıxaranda gözüm şalvarının geniş cibindəki şüşə kürəciklərə sataşdı. O da bunun fərqinə vardı. Çıxartdı. Ovcunda şaqqıldadaraq:

- Neyləyək?- dedi. İş, iş, iş... Adam lap darıxr. Fasilələrdə Alov Əli ilə oynayırıq.

- Alov Əli kimdi?

- Aşağı mərtəbədəki biskvit sexində işləyir. Bizim məhlədəndi. Hər səhər işə birlikdə gəlirik. Mənim anam yoxdu, onun atası. Futbola, kinoya da birlikdə gedirik.

- Kürəcik oynamağı, futbolu, yoxsa kinonu, hansını çox sevirsən?

- Ən çox futbolu. Ancaq bizə elə hava almaq qalır.

- Niyə?

- Nömrəli tribuna bizlik deyil. Bir lirəyə ancaq ümumi yerə buraxırlar. Orda da boyumuz çatmır. Stadionu tikəndə uşaqları düşünməyiblər.

- Bəs nə edirsiniz?

- Biz də Əliylə çox vaxt kinoya gedirik. Təbii ki, bazar günləri. Atam evdədisə səhər tezdən əkilirəm. Bir başa Şahzadəbaşına gedirəm.

- Evdə deyilsə?

- Evdə deyilsə getmirəm. Su qızdırmaq, yuyunmaq, qardaşlarımı yuyundurmaq mənlikdi.

- Nə qədər pul qazanırsan tornaçılıqdan?

- Həftəyə on lirə.

- Bəs edir?

- Bu bahaçılıqda bəs edər? Başqa emalatxanalarda 25 lirə verirlər, amma gedə bilmirəm.

- Niyə?

- Usta atamın dostudu!

- Nəsə fırıldaq işə oxşayır.

- Düzü mənim də ağlıma gəlmir desəm, yalan olar. Amma necə də olsa atadır. Pis şeylər düşünmək istəmirəm.

Ordan-burdan uzun-uzadı danışdıq. Bu arada hər gün səhər beşdə zəngli saatın səsinə oyandığını, çaydanı qazın üstünə qoyduğunu, çirkli qabları yuduğunu, dükandan çörək, pendir aldığını, altıya kimi qardaşlarının yedirdib yeddinin yarısında ağzına kimi dolu gəmiyə minib saat yeddidə körpüyə gəldiyini , səkkizə işləmiş də emalatxanaya çatıb işə başladığını öyrəndim.

- Yaxşı bəs necə olacaq bunun axırı?

- Əmi, nə mənada?

- Məsələn, qabağına bir imkan çıxsa. Yenə də məktəbə gedib sonra da kapitan olmaq istəyərdin?

Əvvəl gözləri sevincdən parıldadı. Sonra sönükərək bir nöqtəyə zillənib qaldı.

- Hə? İstəyərdin?

- iİtəyərdim, amma...

- Amma?

- Qardaşlarım... Atama etibar etmək olmaz axı. Yenə arvad dalına düşər...

İçimdə bir damar sızıldadı.

- Məndən keçdi. Qardaşımın biri oxuyur. O biri hələ balacadı. Böyüsün onu da məktəbə yollayacam. Hər halda o zaman həftəliyim əli lirə olar...

Birdən soruşdu:

- Əmi?

- Hə?

- Mənim boyum həmişə belə qısa qalacaq?

- Niyə, böyümür ki?

- Anam ölməmişdən əvvəl karandaşla divara işarə etmişdim. Ölçürəm, hələ də eyni yerdədi. Yoxsa cıqqılı qalacam?

Dodaqlarımdan çıxacaq cavabı səbirsizliklə gözləyirdi ki, maşınların səs-küyü ilə dolu isti koridorun çirkli aydınlığında yekəpər bir adam göründü:

- Ayxan!

Onun da üst-başı, üzü kir-pas içində idi. Uşaq qutudan atıldı:

- Buyur, usta!

- Hələ doyub dolanmamısan?

- Doymuşam.

- Doymusansa get o borulara yiv aç.

- Yaxşı, usta.

Məni də yaddan çıxarmışdı. Koridorun çirkli aydınlığında qaçaraq uzaqlaşdı. Ən axırıncı emalatxanadan içəri girdi. Arxasınca getdim. Emalatxana pəncərəsinin kənarından həyəcanla ona baxdım. Boyu çatmadığı üçün tərs çevrilmiş bir taxta qutunun üstündən dəzgahı idarə edirdi. Dəzgah isə uşağın əmri altında sevimli bir heyvan kimi itaətlə yerə qıvrım-qıvrım, par-par parıldayan dəmir yonqarlar tökürdü.

# 4053 dəfə oxunub

Müəllifin son yazıları

# # #