Kulis.az Elnarə Ağaoğlunun tərcüməsində Sait Faiq Əbasıyanıqın “Əcəl atı” hekayəsini təqdim edir.
Kiçik Ünal xəstə idi. Qızılca çıxarırdı. Evdən çıxmasını həkim qadağan etmişdi. Kiçik Ünal pəncərələri küçəyə baxan kiçik evdə can sıxıntısından neyləyəcəyini bilmirdi. Hələ gör hava bu gün necə də gözəldi! Pəncərənin çöl üzündə günəş vardı...
Anası səhər evdən çıxarkən:
- Hava günəşlidi, amma buz kimidir, - demişdi. – Aman, ana, Ünal üşüməsin.
İxtiyar qadın Ünalın otağına girdiyi zaman körpəni əyni jaketsiz pəncərə kənarında gördü.
- Anan nə tapşırdı sənə? Hələ həkim nə dedi? Bir azca soyuq alsa... sonra Allah göstərməsin, babasının getdiyi yerə gedər, - demədilərmi? Haydı, tez gir yatağına!
- Nənə, gör nə gözəl havadı! Mən də xəstə zad deyiləm. Qızdırmam da yoxdur...
- Qızdırman yoxdu, maşallah! Amma bu üzündəki qırmızı-qırmızı şeylər var ha, üşüsən onlar içəriyə girər.
- Yaxşıdı ki bu.
- Onda zəhərlənib ölərsən. Sənə üşümək olmaz. Haydı, yatağına!
Ünal yatağına girdi. Nənəsi kürəyini ovuşdurdu. Sonra nənə mətbəxə qayıtdı.
Atası Ünal ana bətninə düşən vaxtlarda gözünü yummuşdu. Körpə göz açıb babasını görmüş, onu atası kimi tanımışdı. Baba da keçən il ölmüşdü. Evi dolandırmaq ananın öhtəsinə düşmüşdü. Bələdiyyə idarəsində xadimə işləyirdi. Güzəranları güc-bəla ilə keçirdi.
Nənəsi otaqdan çıxar-çıxmaz Ünal pəncərənin qabağına qaçdı. Qarşıdakı dükana baxmaqdan doymurdu. Bu bir oyuncaq dükanı idi. O gün yeni ilin ilk günü olduğu üçün dükana əla bəzək-düzək vurmuşdular. İndi hardasa günəş batacaq, ortalıq qaralacaq, satıcı bütün oyuncaqlarını yandıracaqdı. Orada necə maşınlar, necə tramvaylar vardı! Hələ o qara at! Ünal o qara at üçün canını verərdi. Yüyənini çəkəndə gözlərində işıqlar yanırdı bu qara atın. Yalı qumraldı. Üç ayağı biləklərinə qədər ağ idi.
Atın üstünə mindiyini, çapdığını, qarlı bir ovalıqda at oynatdığını sanırdı. Bu qara ata minmək üçün çox can atırdı. Özünü də inandırmışdı ki, daha xəstə deyil. Ona nə olmuşdu ki?!
Geyinsə, o atın üstünə bir dəfə minsə, heç bir dərdi-azarı qalmaz. Bu qırmızı-qırmızı şeylər də rədd olub gedərdi. Üşüyər... nə olar ki, bir az üşüyəndə?! Bu həkim də amansız adammış. İnsanı həbs edir ki...
Nənəsinin səsini bir də eşitdi. Yatağına qaçdı. Nənə içəri girincə:
- Afərin, Ünal, - dedi, bax, özünü belə aparsan, axşama sənə balqabaq şirniyyatı verəcəyəm. Həkimi belə dinləməyəcəm. İndi işim çoxdu. Bax, yatağından çıxma, ha.
Nənə çıxar-çıxmaz Ünal geyindi. Pəncərəyə qaçdı. Dükançı bütün işıqlarını yandırmışdı. Dükan körpələrlə, qadınlarla doluydu.
Yavaşca kənara çıxdı. Ayaqqabısını bulamaq istəmədi, nənəsinin çəkələklərini yalın ayaqlarına keçirdi, cəldliklə küçəyə atıldı. Birbaş dükana sarı.
O axşam yeni ilin ilk gecəsiydi. Hər kəs körpəsinə oyuncaq alırdı. Bu günə qədər kimsə Ünala oyuncaq almamışdı. Ona görəmi oyuncaqların rəsmini bu qədər çox sevirdi?
Amma bu qara ata könül vermişdi. Nə olur-olsun, ona bir dəfə, heç olmazsa bir dəfə minəcəkdi.
Dükancı qadınların aldıqları oyuncaqları kağıza bükməkdə idi. Səkkiz yaşında bir uşağın dükana girdiyini hardan bilsin axı?
Ünal dükana girdi. Gəzindi. Sonra bir yığın lövhənin arasına girdi. Dinməz dayandı.
Bir vaxt ətrafında işıqların söndüyünü gördü. Dükançı ancaq ön tərəfin örtüklərini endirmişdi, o biri vitrindəki örtük eləcə yığılı qalmışdı. Oradan küçənin işıqları içəri düşürdü.
Yavaşca vitrinin sürməli şüşəsini açdı. Qara atın üstünə mindi. Yüyənini çəkdi. Atın üstünə əyildi. Atın gözlərindəki işıqlar yanmışdı. Özünü çöldə at üstündə gedirmiş kimi hiss etdi. Ətrafında buludlar axırdı. Gümüş gəlin telləri titrəyirdi. Aydın buz təki gümüş işıqlar gəlib ətrafını sarmışdı.
Mavi bir aydınlıq içindəydi. Suda üzür kimi idi. Sonra qızışma gəlməyə başladı. Sarı, sapsarı saçlar kimi sarı bir işıq vardı uzaqda. At oraya doğru səyriyirdi. Bu, günəş idi. Hardasa günəşə girəcəkmiş kimi qırmızılıq, bir istilik hiss etdi. Saçları qovrulur kimi oldu. Atın yalı sanki od tutmuşdu, əlini yandırıb-yaxırdı. İndi qara atı bir alov sanırdı. Birdən-birə hər tərəfində bir boşluq duydu... Sonra yenə nə isti, nə soyuq, nə qızılı, nə gümüş, nə sarı, nə qırmızı...dərin sular kimi, açıq göylər kimi mavi və bənövşəyi aləmdə atını dördnala sürməyə başladı.
***
Anası Ünəli görmək üçün otağa girdikdə yatağını bomboş gördü. Dəli kimi oldu. Hər tərəfi arayıb axtardılar. Gördüm deyən olmadı. Bütün qonşular evə dolmuşdu.
Sabaha yaxın kiçik bir uşağın dükançının vitrinindəki qara atın üstündə donub qaldığını görən gözətçi Ünalgilin evi önünə düzülmüş qadınlara bunu söylədi və aparıb onlara göstərdi.
Şüşəni sındırıb uşağı endirməyə çalışdılar. Amma Ünal atının üstündə hələ uçurdu, onu əlindən buraxmırdı. Heç bir insan qüvvəti onu atından ayıra bilməzdi.
Atla bərabər evə gətirdilər.
İxtiyar nənəsi körpənin gömgöy kəsilmiş üzünə baxıb-baxıb:
- Ah, Ünal! Həkim söyləməmişdimi sənə? Bu qırmızı-qırmız şeylər tərsinə dönər, ölərsən.
Bir qonşu qadın:
- Əcəlin qara atına insan minmək istədimi, onu heç kəs ordan düşürə bilməz, - dedi.
Satıcı kövrək adammış, oyuncağı uşağın ruhuna bağışladı. Ünalı atıyla bərabər torpağa basdırdılar.