Osmanlı dövləti Jül Vernə niyə yardım etmişdi?
Kulis.az Elnarə Ağaoğlunun tərcüməsində Sunay Akının “Ay oğrusu” kitabından “İstanbuldan 1372640 qəpik!...” yazısını təqdim edir.
1969-cu ilin 24 iyul günü Aydan qayıdan Apollo 11 ilə kosmosda təşkil olunan sonuncu televiziya yayımında Nil Armstronq bunları dedi: “Yüzil əvvəl Jül Vern Aya səyahət haqqında bir kitab yazmışdı. Onun Kolumbia adlı kosmik gəmisi Floridadan havaya qalxmış və Aya səyahəti bitirdikdən sonra Sakit Okeanda enmişdi. Bizim dövrün Kolumbiası sabah eyni Sakit Okeanda Yer planetimizlə baş tutacaq görüşə doğru hərəkət edərkən bu səfərin ekipajı olan bizlərin bəzi hiss və düşüncələrini sizinlə paylaşmasının doğru olacağını düşündük...”
Aya addım atan ilk insan olan Nil Armstronqun geriyə qayıdış səfərində xatırladığı Jül Vern beləliklə həyatın verdiyi ən böyük ədəbiyyat mükafatına adını yazdırdı. Bu mükafatı verən isə ən böyük münsiflər heyəti olan zamandır! Jül Vernin “Aya səyahət” adlı kitabı ilə Yerin peykinə olan ilk insanlı səfər arasında bir çox bənzərlik var. Hər ikisində də gəmilərin adı eynidir, eyni yerdən göyə qalxıblar, ekipajları üç nəfərdir və dünyaya geri qayıtdıqları yer eyni okeandır. Haqqında danışdığımız oxşarlıqlar dəfələrlə dilə gətirilmiş, yazılmış olsa da maraqlı olan və bilinməyən Aydan Yerə qayıdarkən Armstronqun da eyni bənzərlikləri qeyd etməsidir.
Halbuki Jül Vernin həyatını dəyişən, çox istədiyi, amma həyata keçirə bilmədiyi bir səfər var! Sevdiyi qız, kuzeni Karolinə mərcan boyunbağı gətirmək üçün Qərbi Hind Adalarına getmək qərarına gələndə Jül Vern on bir yaşındadır! Balaca Jül xəyalını gerçəkləşdirəcəyi gəmini də tapıb: “La Coralie...” Evdən qaçış planı belədir: Limanda tanış olduğu miço ilə (Gəmi şagirdi, matros olmağa hazırlaşan adam - M.A.) razılaşdığı kimi gəminin tərpənməsinə bir neçə dəqiqə qalmış onun yerinə “La Coralie”yə minəcək. Bu məqsədlə 1839-cu ilin bir iyul səhəri tezdən qalxır və səssizcə evi tərk edir... Qəribədir ki, Jül Vernin bu səfərindən tam 130 il sonra yenə bir iyul səhəri Apolli 11 Aya doğru qalxacaq, amma geridə bir uşağın ayaq barmaqlarının ucunda yeriyərək çıxarmaqdan qorxduğu səsdən daha çoxunu qoyub gedəcəkdir.
Jül Vernin evdə olmadığı məlum olanda elə bilirlər səhər gəzintisinə çıxıb. Anası Sofi oğlunu nahar yeməyində də görməyəndə narahat olur və qonşuları De Qoyondan xahiş edir ki, şəhərdəki həyat yoldaşını məsələdən xəbərdar etmək üçün bir az öncə çıxsın.
Jül Vernə bir vaxtlar dayəlik etmiş Maturin Paris onu səhər tezdən kilsə meydanından keçərkən gördüyünü söyləyir. Bir dənizçi də iki miçoyla birlikdə limandakı “La Carolie” adlı gəmiyə doğru avar çəkən şəhərli uşaq gördüyünü deyəndən sonra ata Piyer mindiyi sonuncu çay gəmisi ilə “La Carolie”nin dalınca düşür və gəminin lövbər saldığı Paumbouef Limanında Jül Verni tuta bilir. Çörək və sudan başqa bir şey yeməsi qadağan olunan Jül Vern yediyi kötəyin acısı getməmiş anasına bu sözü verməyə məcbur ediləcəkdi: “Bundan sonra ancaq xəyallarımda səyahətə çıxacağam...”
Oliver Dumas və Volker Dehs kimi bəzi bioqrafiya yazarları bu əhvalatın doğruluğundan şübhə etsələr də dəyişməyən bir həqiqət var; o da qaçış əhvalatında yerinə keçəcəyi uşaqları yola gətirmək üçün pul verdiyi kimi, Jül Vernin “Aya səyahət” kitabında xəyali kosmik gəminin də toplanılan pullar sayəsində səfərə çıxmasıdır.
“Aya səyahət”də Top klubunun rəhbəri Barbiken “Yer üzündəki bütün xoşniyyətli insanlara” səslənərək yardım kampaniyasına dəstək olmaqlarını istəyir. Vyanadan Mexikoya, Montevideodan Berlinə qədər uzanan iyirmi bir şəhərdə yardım yığılan banklar arasında “İstanbul, Osmanlı bankı” da var. Jül Vern 1865-ci ildə yazdığı “Aya səyahət” adlı məşhur kitabında xəyallarındakı səyahətə İstanbulun kömək edəcəyinə şübhə etməmiş və bunları yazmışdır: “Türkiyə comərd hərəkət etmişdi, amma bu məsələdə şəxsi marağı vardı. Çünki onun illərinin axarını, Ramazan ayı orucunu tənzimləyən Aydır. Bir milyon üç yüz yetmiş iki min altı yüz qırx qəpikdən aşağı vermək ona yaraşmazmış. Məsələ burasındadır ki, bu ürəyiaçıqlıqda Babıalinin də təzyiqi hiss edilməmiş deyildi.”
Jül Vernin “Aya səyahət” kitabına heyranı olduğu Edqar Allan Ponun Amerikada bir qəzetdə başqa adla yazdığı Ay haqqında yazıları, Miletli Falesin M.Ö. 460-cı ildə Ayın Günəşin işığı ilə parıldaması fikri, Qalileyin Ay haqqındakı müşahidələri kimi bir çox məlumat ilham verib. Fransız yazar İstanbuldan göndərilən puldan danışarkən Ayın mədəniyyətimizdəki yeri haqqında da məlumat verməyi unutmamışdır.
Jül Vern İstanbulun və bu şəhərdə yaşayanların xəyallara və Aya olan sevgisinin fərqindədir. İstanbul da Jül Verni fərq edəcək və yazıçının 1875-ci ildə Şeyx Yahya Əfəndi Mətbəəsində çap olunan ilk əsəri tərcüməçisi təəssüf ki, məlum olmayan “Səksən gün Yer ətrafında” adlı kitab olacaqdır. Vernin Türkiyədə tanınmasında ən böyük pay sahibi olan, on dörd kitabını çevirib çap edən Əhməd İhsan Tokgözün, məşhur yazıçının ölümündən sonra “Sərvəti-Fünun” da çıxan yazısından bir hissə oxuyaq: “Jül Vern Mont Sankt-Mişeldəki kutter tipli gəmisinə minər, hər il bütün Fransa sahillərini dolanırdı. Məşhur “Səksən gün Yer ətrafında” və “Dəniz altına səyahət” bu kutterin kiçik kayutunda ərsəyə gəlmişdir. Jül Vern ciddi bir mükərrir (Osmanlı saraylarında xüsusən Ramazan ayında din dərsi keçən adam, müəllim-E.A.) və həqiqi gəmiçidir.”
Buna əmin ola bilərik: İnsan, “həqiqi gəmiçi” olmasaydı Aya gedə bilməzdi. Nə xəyallarında, nə də gerçəkdə!...