Dino Buzzati 20-ci əsr məşhur italyan yazarlarındandı. 1906-cı ildə anadan olmuş yazıçı hüquqşünas diplomu alsa da gənclik illərindən yazmağa balayıb. İkinci Dünya müharibəsi dövründə Afrikada hərbi müxbir kimi çalışıb.
Bir sıra hekayələrin, romanların, pyeslərin müəllifi olan Buzzati daha çox “Tatar çölü” romanı ilə məşhurdur. Onun əsərlərində Kafkadan gələn təsirlənmələr, boğucu irrasionallıq, tale yazısından qaçılmazlıq qırmızı xətt təşkil edir. Rəssamlıqla da məşğul olan yazıçı 1972-ci ildə Milan şəhərində vəfat edib.
Kulis. az Dino Buzzatinin “Əsgər mahnısı” hekayəsini təqdim edir.
Kral almaz və poladdan düzəldilmiş nəhəng yazı masasına əyilmiş başını qaldırıb qulaq asdı.
- Lənət şeytana, bu nədi mənim əsgərlərim oxuyurlar?- o dedi.
Bu vaxtı ordu həqiqətən də sarayın yanı ilə Tacqoyma meydanından keçərək sərhədə doğru istiqamətlənirdi - batalyon batalyon dalıyca keçirdi və əsgərlər sıravi addımlarla oxuyurdular. Onların güzəranları xoş idi, çünki artıq düşmən qaçmağa üz qoymuşdu. Onlara ancaq orda-ucqar diyarda qələbə çələnglərini dərib başlarına qoymaq və şan-şöhrətlə evə qayıtmaq qalırdı. Buna görə kral da özünü əla hiss edir və öz gücünə əminlikdən coşub daşırdı. Bir az da keçsin, bütün dünya ona təslim olacaqdı.
-Bu onların mahnısıdı, əlahəzrət, - hərbi dövrün qanunlarına uyğun olaraq hamı kimi başdan ayağa zirehə bürünmüş birinci müşavir cavab verdi.
Kralsa dedi:
-Məgər şən mahnıları yoxdu? Axı Şreder ordum üçün çox qəşəng himnlər bəstələmişdi. Mən özüm dinləmişəm onları. Bax bunlar əsl əsgər mahnılarıdır.
-Siz necə istəyirsiz, əlahəzrət? - qoca müşavir dəmir geyim və silahın ağırlığından belini həmişəkindən də artıq əyərək cavab verdi.- Əsgərlərin də uşaqlar kimi öz qəribəlikləri və tərslikləri var. Biz onlara lap dünyanı ən gözəl himnlərini də versək, yenə öz mahnıları xoşlarına gələcək.
-Axı bu mahnı heç də mübariz səslənmir - kral etiraz elədi. - Hətta fikirləşirsən ki, onlar oxuyanda kədərlənirlər. Mənə elə gəlir ki, kədərlənmək üçün heç bir səbəb yoxdu.
-Zərrə qədər də!- müşavir yaltaqcasına qımışaraq təsdiq elədi, sanki bununla bildirmək istəyirdi ki, kralın işləri heç olmayan kimi yaxşı gedir. - Ola bilsin ki, bu sadəcə məhəbbət mahnısıdı, məncə burda başqa şey yoxdu...
- Bəs sözləri necədi?- kral inadından dönmədi.
- Doğrusunu desəm bilmirəm-qoca qraf Qustav cavab verdi.- Əmr verərəm mənə məruzə edərlər.
Batalyonlar sərhədə çatdılar və qarşı tərəfi sarsıdıcı məğlubiyyətə uğradaraq krallığın ərazisini əhəmiyyətli dərəcədə böyütdülər. Qələbənin sədası bütün dünyaya yayıldı; kral süvari atlarının tappıltıları sarayın gümüş qübbələrindən hər gün bir az da uzaqlaşaraq ucsuz-bucaqsız düzlərdən getdikcə daha yavaş eşidilirdi.
Amma özgə, yad ulduzların altında qurulmuş əsgər düşərgələrindən yenə də əvvəlki kimi həmin kədərli, döyüş və qalibiyyət ruhlu yox, dərd dolu mahnı yayılırdı. Əsgərlər doyunca yeyirdilər, incə mahuddan mundir, yüngül tumac çəkmələr, isti kürk geyirdilər və ancaq ələ keçirilmiş düşmən bayraqları ilə dolu yükün ağırlığından yorulan tox atlar onları asanca bir döyüşdən başqa bir döyüşə apararaq evdən daha da uzaqlaşdırırdı. Generallarsa soruşurdular:
- Lənət şeytana, bu nədi əsgərlər oxuyurlar? Məgər nəsə şən bir mahnı oxuya bilmirlər?
- Onların xasiyyətləri belədi, zati-aliləri,- farağat dayanmış baş qərargah zabitləri cavab verirdilər. – Əla uşaqlardılar, amma onların da öz qəribəlikləri var.
- Bu qəribəlik şadlıqlarından deyil,- generallar qaş qabağını tökərək deyirdilər. – Aman allah, elə bil bu dəqiqə ağlayacaqlar. Onların daha nələri çatmır? Sanki nədənsə narazıdlar.
Əksinə, müzəffər polkların əsgərləri ayrı-ayrılıqda hər şeydən razı idilər. Həqiqətən də onlar daha nə istəyə bilərdilər? Qələbə qələbə dalınca gəlirdi, bol qənimət, həmişə ixtiyarlarında olan yeni-yeni qadınlar. Zəfər qayıdışı isə çox da uzaqda deyil. Əsgərlərin sağlamlıq və qüvvət yağan gənc simalarında yazılmışdı ki, düşmən tezliklə yer üzündən silinəcək.
- Bəs o mahnının sözləri necədi?- General həvəslə soruşdu.
- Sözləri?! Axmaq sözləri var- baş qərargah zabitləri isə qədim qaydalara uyğun olaraq həmişə ehtiyatla və müxtəsər cavab verirdilər.
- Axmaq oldu-olmadı, nədən danışılır orda?
- Dəqiq deyə bilmərəm, zati aliləri- zabitlərdən biri cavab verdi.- Bəs sən, Dilem, bilirsən?
- Bu mahnının sözlərini? Doğrusunu desəm, yox. Amma kapitan Marren burdadı, yəqin o...
- Doğrusu mən çətinlik çəkirəm, cənab polkovnik- Marren dedi.- Ancaq ki, siz icazə versəz, serjant Petersdən soruşa bilərik.
-Yaxşı, bəsdirin çənə döydüz... Mərc gəlirəm ki...- ancaq general sözünü bitirməyi uyğun bilmədi.
Generalın qabağında özünü ağac kimi çəkərək dümdüz dayanmış serjant Peters bir az sıxıla-sıxıla məruzə eləməyə başladı:
- Zati-aliləri, birinci bənddə deyilir:
Düzlərdən və kəndlərdən keçib,
Şən barabanların sədaları altında,
Əmr verilib irəli getməyə.
Ancaq geriyə yolumuz yox,
Ancaq geriyə yolumuz yox,
Sevgilim, əbədi bağışla!
Sonra isə ikinci bənd gəlir. O da belə başlayır: “Ora bura, bura-ora...”
- Necə, necə?- general təkrarladı.
- “Ora-bura, bura-ora” eynilə bu cürdür zati aliləri.
- “Ora-bura, bura-ora” nə deməkdir?
- Bilmirəm, zati-aliləri, amma mahnıda məhz belə oxunur.
- Di, yaxşı... Bəs sonra hansı sözlərdi?
Ora-bura, bura-ora,
İrəli, irəli həmişə getmişik
Və bizimlə gedir həmişə illər.
Sənin mənimlə vidalaşdığın yerdə,
Sənin mənimlə vidalaşdığın yerdə,
Dim-dik dayanıb məzar xaçları.
Hələ üçüncü bənd də var, ancaq onu demək olar ki, heç vaxt oxumurlar. Üçüncü bənddə deyilir...
- Yox-yox, bəsdi, bu da yetər-general dedi və serjant susaraq hərbi qayda ilə ayaqqabılarını bir-birinə vurdu.
- Məncə, bu o qədər də şən mahnı deyil- unter-ofiser otaqdan çıxa-çıxda general fikrini bildirdi.- Hər halda, müharibə üçün o qədər də yararlı deyil.
- Həqiqətən, o qədər yararlı deyil, - baş qərargahın polkovnikləri lazımı ehtiramla təsdiqlədilər.
Hər axşam tüstülənən döyüş meydanları hələ heç sönməyə macal tapmamış vuruşmanın bitməsi ilə əlaqədar krala çapar yollayırdılar, onlar da xoş xəbərlər verməyə tələsirdilər. Şəhərlər bayraqlarla bəzənirdi, bir-birlərini tanımayan adamlar küçələrdə sarılır, kilsələrin zəngləri səslənirdi. Amma yenə də gecə paytaxtın kənar məhəllələrinə yolu düşən adam kiminsə -bir kişininmi, bir qızınmı ya bir qadınınmı nə vaxt yarandığı məlum olmayan həmin bu mahnını oxuduğunu eşidirdi. O həqiqətən də çox kədərli mahnı idi, onda taleyə nəsə dərin bir itaətlilik gizlənmişdi. Pəncərəyə dirsəklənmiş sarışın qızlar sanki hər şeyi unudaraq həyəcanla bu mahnını oxuyardılar.
Lap qədim zamanlardan bu yana dünya tarixində hələ heç vaxt bu qədər parlaq qələbələr, bu qədər uğurlu ordular, bu qədər bacarıqlı generallar olmamışdı, heç kim nə vaxtsa belə sürətli hücumların, belə böyük torpaq istilalarının olduğunu xatırlamırdı. Hətta ən yoxsul piyada əsgərinin belə payına o qədər çox qənimət düşürdü ki, müharibənin sonuna varlı ağa ola bilərdi. Ən əlçatmaz arzular da həyata keçirdi. Axşamlar şəhərlərdə şadyanalıq əskik olmurdu, şərab çay kimi axır, yoxsullar kef çəkirdilər. Ancaq həmişə iki stəkan şərabdan sonra dostlarla birgə xorla sadə bir mahnı oxumaq istəyirsən. “Düzlərdən və kəndlərdən keçib...” - camaat bu mahnını üçüncü bəndi ilə birlikdə oxuyurdu.
Və cəbhəyə yönələn yeni batalyonlar Tacqoyma meydanından keçəndə kral başını perqament lülələrin və reskriptlərin üzərindən qaldıraraq əsgərlərin mahnısına qulaq asırdı. Özü də izah edə bilmirdi niyə bu mahnı onun əhvalını korlayır.
Polklar isə düzlərdən və kəndlərdən keçərək ilbəil daha uzaqlara gedirdi və axır geri qayıtmaq üçün heç cür qərara gələ bilmirdilər, hələlik isə onlar ancaq bir-birinin ardınca tezliklə sonuncu, ən sevindirici əmrin gələcəyindən mərc edən yoldaşlarını itirirdilər. Döyüşlər, qələbələr, qələbələr, döyüşlər... Ordular indi inanılmaz dərəcədə irəli getmişdilər, artıq heç kəsə məlum olmayan, qəribə adları heç cür dilə yatmayan ölkələrdə vuruşurdular.
Və bu -bir qələbədən o biri qələbəyə doğru! - o qədər davam elədi ki, Tacqoyma meydanı kimsəsiz qaldı, kral sarayının pəncərələri taxtalarla mıxlandı və düşmənin şəhər darvazlarına yaxınlaşan döyüş arabalarının gurultuları eşidildi; məğlubolmaz kral ordularının keçdikləri düzlərdə isə əvvəllər o yerlərdə olmayan ağaclar boy vermişdi - üfüqə doğru uzanıb gedən eyni ölçülü taxtalardan düzəldilmiş xaç meşəsi: xaçlar, xaçlar- və başqa heç nə.
Çünki, bu orduların taleyini qılınclar, atəş, süvari hücumlarının qəzəbi deyil, kralın və onun generallarının məntiqlə müharibə üçün uyğun gəlmədiyini düşündükləri mahnı həll edirdi. Onun sadə mövzusu və adi sözləri – bu taleyin öz səsi idi, o illər boyu yorulmadan səslənir və inadla insanları çəkindirməyə çalışırdı.
Ancaq kral da, sərkərdələr də, təcrübəli nazirlər də daş kimi kar olmuşdular. Heç kəs bu səsə qulaq asmır, başa düşmürdü- heç kəs, təkcə sadə əsgərlərdən başqa. Yüzlərlə qələbənin şöhrəti ilə mükafatlandırılmış o əsgərlər ki, alaqaranlıqda yorğun addımlarla ölümə doğru aparan yollarla irəliləyir və öz mahnılarını oxuyurdular.