Kuli.az Elnarə Ağaoğlunun tərcüməsində Sunay Akının “Ay oğrusu” kitabından “Aydakı un torbası” yazısını təqdim edir.
Birinci Dünya Müharibəsinin bitdiyi ildə İngiltərənin Maynhed şəhərində bir uşaq teleskopuyla göy üzünə baxırdı. Teleskopun bir ucunda Ay, o biri ucunda isə Ayı heyranlıqla izləyən, kiçik, bir göz vardı...
Klark ailəsinin nümayəndəsi olan Artur Ayı təkcə müşahidə etməklə kifayətlənmir, onun xəritəsini də çıxarırdı. Aztəminatlı ailənin oğlu olan Artur K. Klark teleskopu almamışdı, özü düzəldmişdi!
Pulsuzluq ucbatından universitetdə oxuyarkən dövlət müəssisəsində işləməyə məcbur olan Klark İngilis Planetlərarası Dərnəyinin nümayəndəsi kimi kosmos mövzusunda fəaliyyətini də davam etdirirdi. İkinci Dünya Müharibəsi illərində radar təlimindən dərs verərkən ilk elmi-fantastik əsərini yazmağa başladı.
Artur K. Klarkın “The Sentinel” adlı hekayəsi məşhur rejissor Stenli Kubrik tərəfindən “2001: Kosmos Odiseyyası” adıyla ekranlaşdırılıb. Özü də böyük marağa səbəb olub. Filmin bəyənilməsindən təsirlənən Klark ssenarini romanlaşdırır və filmin adını da kitabın üz qabığına yazır: Altı hissədən ibarət olan kitabın “İlk əsrlərdə bir gücə” adlı birinci bölümündə Ayı müşahidə etdiyi üçün təbiətdəki canlılardan ayrılan meymun adamın əhvalatını nəql edir. Klark icmanın böyüyünə də “Ay gözətçisi” adını verir.
Kitabın ikinci hissəsi Doktor Freydin hansısa bir məsələylə əlaqədar kosmik gəmidə Aya uçmasıyla başlayır. Stenli Kubrik də filmində meymun adamdan kosmik gəmiyə keçid ilə kino tarixinin ən mükəmməl səhnələrindən birini yaratmışdır. Bu səhnədə meymun adamın Aya doğru tulladığı bir sümük parçası havada kosmik gəmiyə çevrilir. Bir neçə dəqiqəlik olsa da bu səhnə insanın yaşadığı inkişafın sənət əsərləri arasındakı ən güclü təsvirlərindən biri ola bilib.
Romanın bir dəfə Marsa, üç dəfə də aya səfər etmiş qəhrəmanı Doktor Freyd onu kosmosa aparan gəmi itələyici raketdən ayrılarkən Leonardo Da Vinçinin bu sözünü xatırlayır: Böyük quş yaşlı quşun çiynində uçaraq doğulduğu yuvaya şan və şərəf gətirəcək.”
Doktor Freyd Aya qədəm qoymazdan əvvəl “Orion III” kosmik stansiyasına gedir. Klark romanında kosmik stansiyanı “Sovet” və ABŞ” olmaq üzrə iki hissəyə ayırır. Sonra da bunları əlavə edir: “Baryerləri keçər-keçməz rus olsun, amerikan olsun, bütün səyahətçilərin eyni salona girməsi könülaçan mənzərə idi. Ayrı-seçkilik yalnız idarəetmədə əhəmiyyət daşıyırdı.”
Özünün düzəltdiyi oyuncaq teleskopla Ayı müşahidə edən Klark illər sonra uşaqlıq dostunu romanında bizə belə tanıdır: “Ayın üzərindəki, getdikcə yaxınlaşan dağlar Yerdəkilərdən tamamən fərqli idi. Nə qar təbəqələri, nə yaşıl bitki örtüyü, nə də buludlardan yaranmış hərəkətli taclar vardı zirvələrində. Amma işıq oyunları dağlara özünəməxsus bir gözəllik verirdi. Dünyadakı estetik qaydalar burada keçmirdi. Bu Dünya keçib gedən buz çağları, sürətlə qaparıb-çəkilən dənizləri, şəfəqdən əvvəl dağılan dumana bənzəyən sıra dağları ilə gənc, yeni Dünyanın bilməyəcəyi müddətsiz bir zaman boyunca bambaşqa qüvvətlər tərəfindən yoğurulub yapılmışdı.”
Artur K. Klark elmi-fantastikanın usta yazıçılarındandır. Buna kimsənin şübhəsi yoxdur. Bu usta qələm adamının məşhur əsəri “2001: Kosmik macəra”da əskik qalan vintciyi də biz yerinə bağlayaq... Ya da kontrol panelinə səhvən qoyulan bir düymənin yerini dəyişdirək! Necə?.. Bunun üçün əvvəlcə romanın qəhrəmanı Doktor Freydi aparan gəminin Aya çatmasından bəhs edən bölümü oxuyaq: “Bir neçə günə bəşəriyyətin iki min ildir xəyal etdiyi səyahəti həyata keçirmişdi. Normal bir uçuşdan sonra Aya enmişdi.”
Ay... Ay... Ayyy!... Bu nə ziddiyyətdir Klark müəllim!... Bəs insanın Aya yetişmə düşüncəsi meymun adamın gözlərindən başlamışdı?... Sən deyildinmi ibtidai icma başçısına “Ay gözətçisi” adını verən?... Əgər elədirsə Doktor Freydin səyahətindən niyə “bəşəriyyətin iki min ildir xəyal etdiyi” səfər deyə söz edirsən? Aya getmək düşüncəsinin başlanğıcı da Həzrəti İsanın doğuşu iləmi başlayır yoxsa? Üzrlü bil, ustad, amma istəmədən də olsa meymun adamın qəlbini qırdın. Gecələr ulduzlara baxanda həmişə belə düşünürəm: Klark əcəba, oralarda bir yerdə könlünü alıbmı meymun adamın?
Artur K. Klark kimi biz də gülməyi sevənlərdənik. Yazıçı məşhur romanında arabir təbəssüm də qondurur oxucunun üzündə. Misal üçün, Ay bazasında iclasların keçirildiyi, ən son optik və elektronik cihazlarla təmin olunmuş konfrans salonunun divarlarında bu xəbərdaredici tablo vardır: “Lütfən çəməni tapdalamayın... Cüt günlərdə park etmək qadağandır... Siqaret çəkmək olmaz... Heyvanlara yem verməyin...”
Klark iclas zamanı ekranda görünən Ay fotosu barədə belə deyir: “Yastı dairənin tam ortasında ətrafına gözalıcı işıqlar saçan parlaq, ağ bir krater çevrəsi görünür. Sanki Ayın üzünə kimsə bir kisə un atıb və un hər yerə səpilib.”
Görəsən ingilis yazıçı Pablo Nerudanın şeirlərini oxumuşdumu, bəs çilili şair Artur K. Klarkın romanlarını necə oxumuşdumu? Bəlkə də bir-birlərindən təsirləniblər, bəlkə bir-birlərinə ulduzlar qədər uzaq olublar. Bəlkə ikisi də tamamilə başqa bir adamdan təsirləniblər?... Ya da bir-birlərindən xəbərsiz eyni simvolu tapıblar? Sualları artıra bilərik, dəqiq cavab almaq isə faydasızdır... Amma dəqiq olan şey varsa, o da Nerudanın “Suallar kitabı” adlı əsərində bu iki misranın Klarıkın bir Ay fotosundan bəhs edərkən yazdığı bənzətməylə eyni olmasıdır:
Nerede, nerede bırakır dolunay
gece boyu sürüklediği un torbasını?
Bitmədi! Daha bir kəşfə imza atacağıq: Qəribədir ki, Ayda addımlamış ilk insan olan Neil Armstronq hər kəsin bildiyi, atdığı addımın özü üçün kiçik, amma bəşəriyyət üçün böyük olduğunu qeyd elədiyi çıxışının davamında bunları söyləyir: “Ayın üzü elə incədir ki, elə bil pudradır. Ayaqqabımın burnuyla rahatca qaldıra bilirəm. Ayaqqabılarımın dabanına və kənarlarına kömür tozu kimi incə təbəqələr halında yapışır.”
Armstronqun təsvir etdiyi Ay səthi rəngi fərqli olsa da Klark və Nerudanın dedikləri ilə eyni incəlikdədir!