Tolstoy hansı şairin qızını sevmişdi?

Tolstoy hansı şairin qızını sevmişdi?
24 oktyabr 2020
# 13:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Aşıq Qəribin qoşması

Bizim ədəbiyyatşünaslığımız Aşıq Qəribi “sufi-dərviş dünyagörüşünün daşıyıcısı” kimi təqdim edir.

Bu gözəl qoşmaya (ancaq onu da deyim ki, son bənddəki “heykəl” məsələsini başa düşə bilmədim) fikir verin:

Məni oda salan gözəl Sənəmi,
Sevsəm öldürərlər, sevməsəm ölləm.
Ürəyimi yaxan gizli dərdimi
Desəm öldürərlər, deməsəm ölləm.

Qurban olum yarın qəddü boyuna,
Görən kimsə valeh olur muyuna.
Hərdən xəlvət gedib onun kuyuna
Varsam öldürərlər, varmasam ölləm.

Gəlin, qulaq verin yarın oynuna,
Qızıl, gövhər heykəl salıb boynuna.
Mən Qəribəm, Şahsənəmin qoynuna
Girsəm öldürərlər, girməsəm ölləm.

Bu necə “sufi-dərviş dünyagörüşüdür”?

“Tütçeva sakitcə xoşuma gəlməyə başlayır”

Lev Tolstoyun gündəliyində F.Tütçev və onun evi (məşhur qələm sahiblərinin tez-tez yığışdığı yer idi), ailəsi barədə xeyli qeydlər var.

Məsələ yalnız onda deyildi ki, Tolstoy bu şairin poeziyasını yüksək qiymətləndirirdi, bununla bərabər, başqa bir səbəb də var idi: Tütçevin qızı Yekaterina onun diqqətini cəlb etmişdi.

1857-ci ilin son günündə 29 yaşlı Tolstoy gündəliyində bu qız barədə yazır: “Tütçeva sakitcə (!- E.) xoşuma gəlməyə başlayır.”

Yekaterina Tütçeva rus kübar cəmiyyətindəki gənc qızların əksəriyyətindən fərqli olaraq, geniş mütaliəsi və dünyagörüşu ilə seçilirdi və yəqin Tolstoy diqqətinin səbəblərindən biri, hətta mənə elə gəlir ki, birincisi elə bu cəhət olub.

Bu “sakitcə” başlanğıc get-gedə sevgiyə çevrilir, ancaq mən F.Tütçevin böyük qızı Annanın bacısına məktublarını oxuyandan sonra belə başa düşdüm ki, Yekaterina bu sevgiyə biganə yanaşıb.

Anna məktubunda Tolstoyu yaraşıqlı bir kişi kimi tərifləyir və yazır: “Başa düşmürəm, belə bir kişi sevirsə, ona necə müqavimət göstərmək olar? Mən çox arzu edərdim ki, belə bir kürəkənimiz olsun. Mən səndən xahiş edirəm, çalış onu sevəsən (!- E.)”

Ancaq görünür, bu çağırışdan bir şey çıxmayıb.

Tolstoy gündəliyində yazır: “Mən Tütçevaya doğru həqiqi bir sevgi ilə gedirdim. Soyuqdur, cılızdır, aristokratikdir.”

Belə bir aristokratiklik yəqin ki, Tolstoy üçün meşşanlığın o biri üzü idi.

Gündəlikləri oxuduqca, fikirləşirəm ki, bəlkə də bu sözlər Tolstoy üçün təhtəlşüur bir təskinlikdir? Ola bilər.

Ancaq o, bir müddətdən sonra daha kəskin yazır: “Mən ağılsız olmuşam. Tütçeva bilmərrə xoşuma gəlmir.”

Mən ona görə “Gündəliklər”dəki Tolstoy – Tütçeva xəttini xüsusi izlədim ki, bu, Tolstoyu Sofya Andreyevna Bersə aparan yoldakı epizodlardan (Tolstoy epizodlarından!) biridir.

Belə bir fikir də var ki, Yekaterina Tütçeva xarakter etibarilə Anna Kareninanın prototiplərindən biridir.

Unutdurulanlar qayıdır

1920-ci illərin əvvəllərində, Sovet İttifaqında sosrealizm hələ güc toplamaqla məşğul olduğu bir vaxtda, bolşevik terrorunun, aclığın, kriminal mühitin, ideoloji məcburiyyətin tüğyan etdiyi bir dövrdə ədəbiyyat, elə bil, çırpına-çırpına çıxış yolu axtarırdı, xüsusən Moskvada cürbəcür cərəyanlar – futurizm, akmeizm, kubofuturizm, konstruktivizm, imajinizm, simvolizm və s. ortaya çıxırdı (doğrusu, mən bunları axıra qədər öyrənib, qurtara bilmədim) və bütün bu “izm”lər öz qruplaşmasını yaradırdı, bu qruplar da çox zaman bir-biri ilə mübarizə aparır, bir-birinə hücum çəkirdi.

Bu “izm” nümayəndələrindən kimlərsə ədəbiyyatda özünə yer tutdu, yaşadı, bir çoxu unudulub, əbədi olaraq keçmişdə qaldı, ancaq bir qisim də oldu ki, artıq güclənərək, hakim ideolojinin bir hissəsinə çevrilmiş sosrealizm onları unutdurmağa çalışdı və onilliklər boyu unutdurdu da.

Ancaq onlar yenidən ədəbiyyata qayıdır.

Onları qaytaran Qorbaçov “yenidənqurması” deyil, istedaddır.

İstedad imkan tapdısa, asfaltı deşib çıxan cücərti kimi öz bədii ifadəsini işıq üzünə çıxaracaq və o imkanın, sadəcə, geci-tezi var, çünki mütləqdir.

Bu cür “qayıdanlardan” biri də Anatoli Mariyenqofdur, onun “Siniklər” və “Mənim əsrim” romanları bir kitabda nəşr edilib.(1)

“Tsiniklər” barədə əvvəllər də eşitmişdim və “Mənim əsrim”i deyə bilmərəm, ancaq bu əsər, məncə, XX əsr rus ədəbiyyatının yaxşı romanları sırasındadır. Həm forması yeni, maraqlı və uğurludur, həm də xoşuma o gəldi ki, dediyim həmin mürəkkəb dövr “göz yaşları” ilə yox, pafosdan, ritorikadan uzaq sadə və iddiasız bir bədiiliklə qələmə alınıb.

Yəqin elə buna görə də Platonovun “Özül yeri” (“Kotlavan”) yadıma düşdü və ümumiyyətlə, Mariyenqofla Platonov arasında bir yaxınlıq var.

20-ci illərdə ən populyar və ən çox tənqid olunan və Mariyenqof kimi sosrealizmin “unutdurduğu” yazıçılardan biri də Panteleymon Romanovdur.

Əlamətdar bir paradoksdur ki, sosrealizmin tənqidi, çox zaman yaxşı bir əsərdən xəbər verir və sosrealizm hansı bir yazıçının üstünə düşür, onu atəşə tutursa, həmin yazıçı bir o qədər də məşhurlaşır, maraq doğurur.

“Voprosı literaturı”da oxuyuram ki, Mayakovski bir şeirində lağla yazıbmış: Panteleymonu 2-ci Romanovla (yəni II Nikolayla) səhv salmayın.

Cildlərində axtarıb, o şeiri tapdım – Mayakovski özünə xas olan müstəqimlik və sərtlik ilə Romanovu ələ salır.

Ancaq Romanovun hekayələrini oxuduqca, belə başa düşürəm ki, onun istedadı da məşhurluğuna layiq olub.

Ölkədə siyasi ovqat dəyişməyə başlayan kimi, istedadı onu yenidən rus ədəbiyyatına qaytarıb və 51 il bundan qabaq vəfat etmiş bu yazıçının satirası, elə bil, bu gün də səninlə Qoqolun, Çexovun varisi kimi danışır. Bu qədər müasirdir.

“Mariya St” Art”lar

Sveyq “Mariya Stüart”da yazır ki, “dostları xoşbəxtlik gətirir, bədbəxtlik isə onları sınayır.”

Məncə bu sözlər əsərin epiqrafı ola bilərdi.

Xoşbəxtlik (hakimiyyət, məhəbbət) və sonu eşafotla bitən bədbəxtlik – bunlar, elə bil, Mariya Stüart taleyinin qoşa qanadlarıdır və Sveyq mürəkkəb xislətli, sevən və sevilmək, taxt-tac sahibi olmaq istəyən bu qadının daxili aləmini – hisslərini həmişəki kimi yüksək ixtisaslı bir psixoloq kimi təhlil edir.

Bu təhlil birinci səhifədən sonuncu səhifəyəcən elə bir yüksək zövqlü bədiiliklə aparılır ki, elə bil, proza yox, poeziya oxuyursan və o zövq sözünü də ona görə yazıram ki, bu poeziyada sentimental melodramlıq, “nakam məhəbbət gözyaşları” yoxdur, Sveyqin bədii zövqü bu mühüm qırmızı xətti keçməyib.

Şillerin “Mariya Stüart”ı yadıma düşür.

Bu pyes bioqrafik əsər yox, əslində, bir məhəbbət dastanıdır və buradakı Mariya tarixilik baxımından tamam şərti surətdir, elə bil (mən də çox şərti yazıram), intihar etmiş Mortimer Romeo (Məcnun), eşefota qaldırılmış Mariya isə Cülyettadır (Leylidir).

Ancaq burada da Şiller romantikasının pafosu süni səslənmir, çünki həmin romantika bu pafosu doğruldur.

İntuisiya və ruh

Bu gün axşam atamla söhbət gəlib çıxdı Dostoyevskiyə və yenə də bununla bitdi ki: “- Sən onu bir də oxu”.

İntuisiya da deyir ki, Dostoyevskini təzədən oxumaq lazımdır.

Ruh (!) isə hər dəfə bir bəhanə tapıb, sonraya saxlayır.

Olenin - Nexlyudov - Bezuxov

Rus ədəbiyyatşünaslığı Oleninlə(2) Tolstoyu müqayisə edir, hətta eyniləşdirir.

Ancaq mənə elə gəlir ki, Oleninin daxilindəki Qafqaz təbəddülatı yazılma tarixlərində xronoloji ziqzaq edərək, onu Pyer Bezuxova(3) çevirməyə başlayır və bu çevriliş Nexlyudovdan(4) keçərək Pyerdə tamamlanır.

Poloni və Hamlet

Siyavuş Polonini yaxşı oynayır(5) və mənim üçün Poloninin taleyi Hamletin taleyindən az təsirli deyil.

Poloni Laerti yola salanda, ona dediyi sözlər, elə bil ki, yaşamaq haqqında bir məramnamədir, ancaq bu məramnamə Paloninin özünü ucuz bir ölümdən xilas edə bilmədi.

Tolstoy nəhəngdir, buna söz yox, ancaq bu nəhənglik ona mane olmur ki, “Hamlet”i “kobud, mənəviyyatsız, bayağı və mənasız” hesab etsin və Şekspir dili “saxta-sentimental bir dildir” (orijinalı daha kəskin səslənir: “Şekspirovskiy falğşivo-sentimentalğnıy əzık” ) desin.

Bu yerdə “böyük adamların səhvi də böyük olur” fikri belə, köməyə gəlmir.

Mənim üçün Hamlet də Mona Liza(6) kimi içi sirrlə dolu bir obrazdır.

Bəlkə hissə qapılıram? Bilmirəm... Hər halda, mənimçün belədir.

-----------------------

* 1988-ci ildə.

** “Kazaklar”ın qəhrəmanı.

*** “Hərb və sülh”ün qəhrəmanlarından biri.

**** “Dirilmə”nin qəhrəmanlarından biri.

***** Söhbət “Hamlet” tamaşasında (2002-ci il, AMDT) rəhmətlik Siyavuş Aslanın ifasından gedir.

****** Da Vinçinin “Cokonda”sı nəzərdə tutulur.

# 3276 dəfə oxunub

Müəllifin son yazıları

# # #