Onun həyatı da, ölümü də müəmma idi

Onun həyatı da, ölümü də müəmma idi
14 noyabr 2020
# 13:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Qorkinin çıxış

4 aprel 1935-ci ildə Maksim Qorki öz mənzilində dramaturqlarla sovet dramaturgiyasının vəziyyəti və vəzifələri barədə müşavirə keçirib və onun bu müşavirədəki çıxışının stenoqramı dərc edilib.

M.Qorki deyir ki, dram əsərlərindəki qəhrəmanlar «köhnə pyeslərin» qəhrəmanları kimi «az danışıb, çox etməlidirlər» və gözlənilmədən Şekspirin pyeslərini nümunə göstərir.

Əlbəttə, tamamilə yanlış bir iddiadır.

Şekspir pyeslərində danışıq – dialoqlar, monoloqlar, əksinə, çoxdur və məsələ də burasındadır ki, onlar bu pyeslərdəki güclü (və həssas!) bədii-estetik dinamika ilə bir-birini əsaslandırır və tamamlayır.

Ümumiyyətlə, Qorkinin bu çıxışı başdan-başa hakim ideologiyaya söykənən vulqar sosiologizmlə doludur və məndə elə bir təəssürat yarandı ki, o, SSRİ-də yaşadığı son məqamlarda – bu çıxış vəfatından bir il əvvəlin hadisəsidir – Sistemi (Stalin rejimini) inandırmağa çalışır ki, mən sizinəm, sizinləyəm (məndə işiniz olmasın!).

Bu çıxışdakı müddəalar daxili bir qorxunun ifadəsidir.

Bəlkə mən yanılıram və Qorki bütün bu vulqar sosrealizm müddəalarını ürəkdən deyir?

Hər halda, partiyalı tənqidin əlinə yeni fürsət düşüb və «partiyalı yoldaşlar» Qorkinin (bədbəxt Qorkinin?) bu çıxışından vəcdə gəlib, ədəbi prosesi «partiyalaşdırırlır».

Beriya kimdir?

Lavrenti Beriya – Sovet İttifaqı rəhbərliyinin ən müəmmalı şəxslərindən biri, məncə, hətta birincisidir və bilmirəm, Sovet tarixi ilə məşğul olan tarixçilər bu müəmmanı haçansa tam aydınlaşdıra biləcək, ya yox?

Onun yalnız həyatı yox, ölümü də müəmmalar içindədir – bir sıra müəlliflər (və şahidlər!) 1953-cü il iyunun 26-da Beriyanın öz evində gülləbarana tutularaq, qətlə yetirildiyini, başqa bir sıra müəlliflər (və şahidlər!) isə məhkəmə hökmü ilə 23 dekabr 1953-cü ildə güllələndiyini yazırlar – rəsmi mədumat da elə budur. Bunu da deyirlər ki, marşal Q.Jukov başda olmaqla Beriyanı həbs edən generalların arasında Leonid Brejnev də olub.

İyunun elə həmin 26-sı onun oğlu Serqonu hamilə arvadı Marfa Peşkova (Maksim Qorkinin nəvəsi idi) ilə birlikdə, sonra arvadı Nino Qeqeçkorini həbs edirlər və daha sonra Sov. İKP MK Rəyasət Heyətinin qərarı ilə Beriyanın bütün qohum-əqrabasını, o cümlədən 85 yaşlı anasını və qaynanasını Gürcüstandan sürgün edirlər.

Beriyanın gündəliklərini, onunla bağlı sənədləri, oğlu Serqo Beriyanın (oğlunun adını Serqo Ordjonikidzenin şərəfinə qoymuşdu) xatirələrini, çon vaxtlar nəşr olunmuş kitabları (S. Beriə. Moy oteü – Lavrentiy Beriə, Moskva, 1994; A.Antonov-Ovseenko. Beriə, M,, 1999; Ö.Muxin. Neizvestnıy Beriə, M., 2010; A.Toptıqin. Zaprehennıy Beriə, M., 2011; L.Beriə. «Pojitğ bı ehe let 20», M., 2012; D.Vinter. Voennıe prestupniki Stalin i Beriə, M., 2012; Z.Ükvitariə. Beriə bez lji, M., 2013 və s.) oxudum, daha əvvəllər isə N.Xruşşovun, V.Molotovun (Feliks Çuyevin təqdimində), L.Kaqanoviçin, A.Mikoyanın, K.Jukovun, Svetlana Alliluyevanın və b. xatirələrini oxumuşdum və onlar da Beriya haqqında xeylaq yazıblar (Xuruşşov və Mikoyan aşkar bir qərəz və kin-küdurətlə).

Bir qism müəlliflər onu az qala mələkləşdirir, bir qism isə şeytanlaşdırır.

Əlbəttə, Beriya nə mələk idi (ümumiyətlə, siyasətdə mələk olmur), nə də şeytan və onun gündəliklərini oxuyanda görürsən ki, söhbət cani-dildən Sovet İttifaqına xidmət edən və bu ölkənin təəssübünü çəkən, gələcəyini düşünən, bacarıqlı və ağıllı, fanatik stalinçi bolşevikdən gedir. Bu adam ömrü boyu var qüvvəsi ilə SSRİ və o dövrün təbiri ilə desəm, «sovet xalqı» naminə çalışıb, son dərəcə zəhmətkeş və işgüzar olub.

O başqa məsələ ki, bu xidmətin ideoloji-inzibati məğzində nə dayanıb, Xeyir ilə Şərin daimi mübarizəsində əldə edilən nə olub və necə olub? Və nə əldə edilibsə də, məncə, bu – ikiüzlüyün, riyakarlığın yox, məhz inqilabi-ideoloji fanatizmin nəticəsti olub (Stalinin özündə olduğu kimi!). Beriyanın da əli Stalinin və Stalinin ətrafındakı «kiçik rəhbərlərin» – Xuruşşovun, Molotovun, Malenkovun, Voraşilovun, Mikoyanın və başqalarının əli kimi qanlı olub.

Bağırov Azərbaycanda şair Mikayıl Müşfiqi, yaxud artist Abbas Mirzəni güllələtdirəndə Beriya da Gürcüstanda şair Tisian Tabidzeni və artist Sandro Axmetelini güllələdirdi və bu güllələmələr, ifşalar, sürgünlər, işgəncələr 37-38-ci illərdə bütün Sovet İttifaqını bürüyərək, artıq «sovet xalqı»nın (xalqın dili olar, «sovet xalqı» dili dilsiz «xalq» idi!) həyat tərzinə çevrilmişdi.

Yeri düşmüşkən, belə bir maraqlı fakta da rast gəldim ki, 1923-cü ildə Beriyaya ilk rəsmi xasiyyətnəmə yazan və imzalayan partiya xadimi – Ruhulla Axundov olub və həmin xasiyyətnamədə bildirilir ki, Beriya «partiyanın tapşırıqlarını ona xas olan enerji və qətiyyətlə yerinə yetirir», «onun hərtərəfli fəaliyyəti parlaq nəticələr verir», «o, hazırkı dövr sovet quruculuğu üçün vacib olan ən yaxşı cəhətlərə malik, qiymətli, yorulmaz bir işçidir.»

Söhbət 24 yaşlı bir gəncdən gedir və Ruhullanın özünün də o zaman cəmi 26 yaşı var idi və on dörd ildən sonra bu «sovet quruculuğu» Ruhulla Axundovu güllələdi, daha on altı ildən sonra isə həmin quruculuqda «parlaq nəticələr» əldə edən Lavrenti Beriyanın özünü güllələdi.

Mənə elə gəlir ki, sovet rəhbərliyinin Beriya müəmması və bu kimi başqa müəmmalar (Leninin, Djerzinskinin, Frunzenin, Kirovun və b. ölümü, Kommunist Partiyasında Xuruşşov hadisəsi, Qorbaçov hadisəsi və s.) çətin ki, haçansa aydınlaşacaq, çünki adlarını çəkdiyim və çəkmədiyim bu adamlar ixtiyar və imkan sahibləri idi, buna görə də, belə başa düşürəm ki, arxivlərə mükəmməlcəsinə əl gəzdirilib – hərə özü ilə bağlı təmizləmə aparıb.

Görünür bu müəmmalar – əbədi bir sirrə çevrilib.

Beriyanı oğlu Serqo Beriya atası haqqınlakı kitabında yazır ki, «Stalin ilə mənim atamın münasibətlərindəki sirr – sirr olaraq da qalır.»

Stalinin anası Ekaterina (Keke) Cuqaşvilinin xatirələrində (onun söylədiklərini qələmə alıb, çap ediblər) oxudum ki, Beriyanı «bizim Lavrentiy» adlandırır, o biri tərəfdən isə Stalinin Moskva ətrafı bağının komendatı deyir ki (İ.Obolenskinin kitabında), adətən asta və təmkinlə danışan Stalinin qışqırığını eşidərək, tələsik gəlib, görüb ki, Beriya stulda əyləşib, Stalin də ayaq üstə yumuruğunu onun ağzına dirəyərək qışqırır: «- Rəd dol burdan, səni toza çevirərəm!». Bir həftədən da sonra Stalin vəfat edir.

N.Xuruşşov xatirələrində Beriyaya qarşı yalnız ağla sığan və sığmayan ittihamlar yağdırır, ciddi bir fakt isə göstərmir və deyir ki, «Beriyanı Stalin yaratmışdı», Stalini isə «cinayətkar və qatil» adlandırır.

Bəs, həmin 37-38-ci illərdə Nikita Xuruşşov özü kim idi?

Deyəsən, qələm məni yenə uzaqlara aparır.

Hərdən fikirləşirəm ki, mən niyə bu kitabları, stenoqramları, məqalələri, sənədləri oxuyuram və bunların əvəzində klassikada, elə müasir ədəbiyyatda o qədər oxunmamış əsərlər var ki…

Yəqin ona görə ki, mən yalnız oxucu kimi yox, bir yazıçı kimi üzdən yox, daha dərindən, daha dəqiq bilmək istəyirəm ki, ömrümün böyük hissəsini hansı ölkədə yaşamışam və bu ölkəyə kimlər rəhbərlik edib, yəni söhbət yalnız şəxsi təəssüratdan, şəxsi təcrübədən yox (bunlar öz yerində!), siyasi-inzibati və ictimai faktalogiyadan gedir.

…10 yaşım yenicə tamam olmuşdu, ancaq o isti yay günü təfərrüatı ilə yadımdadır. Əmim Mustafa Əfəndiyev Lomonosov adına universitetin jurnalistika fakültəsində oxuyurdu və yay tətilinə gəlmişdi. Atam onunla birlikdə Mirzə Fətəli küçəsindəki evimizdə, radionun qarşısında oturub, diqqət və həyəcanla deyilənlərə qulaq asırdılar – xalq düşməni Lavrenti Beriyanın ifşa və həbs olunduğu barədə rəsmi məlumat oxunurdu. Mən də bir tərəfdə dayanaraq, gah atama və Mustafaya, gah da radioya baxırdım və vəziyyətin siyasi dramatizmini anlamasam da, nəsə çox ciddi bir hadisə baş verdiyini başa düşürdüm.

O da yaxşı yadımdıdır ki, rəsmi məlumat bitdikdən sonra atam:

- Görək, bu işlərin axarı necə olacaq?- dedi. - Hər halda, dördgözün arxası getdi!..

Mərhəm söhbətlərdə Bağırova «dördgöz» deyirdilər. (Stalinə isə İlyas Əfəndiyevin anası, nənəm Bilqeyis xanım «Bığı bəy» deyirdi.)

Stalinin vəfatından sonrakı mart plenumunda Mir Cəfər Bağırov Sov. İKP Mərkəzi Komitəsinin Rəyasət heyəti (Siyasi Büro belə adlanırdı) üzvlüyünə namizəd seçildi (müqayisə üçün deyim ki, Nəriman Nərimanov ancaq Mərkəzi Komitənin üzvlüyünə namizəd idi) və bu, Bağırovun siyasi karyerasının ən uca nöqtəsi idi, ancaq bu ucalığın ömrü cəmi üç ay çəkdi.

Beriya iyunun 26-da həbs olunur (yaxud öldürülür), bu məsələ ilə bağlı rəsmi açıqlama isə iyulun 2-də Moskvada keçirilən plenumda verilir və mənim üçün heyrətamiz cəhət odur ki, aradan keçən bu altı gün ərzində təcrübəli və ayıq çekist Mir Cəfər Bağırov heç nədən xəbər tutmayıb, halbuki Rey Medvedyevin yazdığına görə, Moskvada hətta sadə camaat arasında da artıq bu söz-söhhət gəzirmiş. Bağırov isə plenumda iştirak etmək üçün iyulun 1-də Mokvaya gələn kimi ora-bura, o cümlədən də Mikoyana zəng edərək, «mənim əziz Bariyam hardadır?»- deyə onu axtarır.

Xuruşşov yazır ki, iyunun 25-də general Moskalenkonu çağıraraq, ona 27-də Bolşoy Teatrda «Dekabristlər» operasının göstəriləcəyini, Rəyasət Heyətinin üzvlərinin də orada olacağını deyir və Beriyanın tatırda bütün rəhbərliyi həbs edib, hakimiyyətə ələ alacağını bildirir. Doğrudan da 27-də Rəyasət Heyətinin üzvləri Bolşoy Teatra gedibdər və rəsmi məlumatda «rəhbərlərin» arasında Beriyanın adı olmayıb və Rəyasət Heyəti üzvlüyünə namizəd Bağırov buna da əhəmiyyət verməyib.

Güman edirəm ki, bu – tam bir siyasi arxayınçılığın ifadəsi olub.

Siyasətdə dostluq nisbi anlayışdır.

Moskvada Beriyanın qəfil ifşasına və həbsinə həsr olunmuş həmin iyun plenumunda çıxış edən Bağırov bir gün əvvələcən «mənim əziz Beriyam» olan köhnə dostunu «beynəlxalq təxribatçı, böyük miqyaslı avantürist, buqələmun, partiyamızın və xalqımızın qəddar düşməni» adlandırdı, hətta öz «kommunist sayıqlığının kütləşdiyini» etiraf etdi və dedi ki, «görünür, Beriya beynəlxalq imperializm tərəfindən bizim partiyaya yeridilmiş agentdir.»

Ancaq belə bir çıxışın da xeyri olmadı və Beriyanın ifşasından və həbsindən (yaxud da qətlə yetirilməsindən) bir neçə gün keçmiş, iyulun 12-də Bağırov bütün vəzifələrindən azad edildi, Kuybışev şəhərinə neft tresti müdirinin müavini vəzifəsinə göndərildi, çox çəkmədi ki, həbs edildi və 1956-cı il mayın 7-də güllələndi.

Mənim xatirəmdə qalan ən maraqlı və tragi-komik cəhət isə o idi ki, «xalq düşməni» Beriya ilə bağlı oxunan o rəsmi məlumatdan bir az əvvəl bizim radiomuzda (xəbərsiz radiomuzda!) təntənə ilə rəhmətlik İbrahim Kəbirlinin «mətin kommunist» Lavrenti Beriyanın tərifini göylərə qaldıran poeması oxunurdu…

Çingiz Aytmatov haqqında

«Kassandra»nı oxudum.

Çingiz Aytmatov «Cəmilə» milliliyindən «Kassandranın damğası» kosmopolitliyinə gəlib çıxdı.

Bilmirəm, ədəbiyyat bundan uddu, ya uduzdu?

# 4243 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #