Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.
İstedad və Konyunktura
Bu başabəla “perestroyka”nın bir cəhəti yaxşıdır ki, SSRİ tarixində yəqin ki, heç vaxt çap oluna bilməyəcək əsərlər indi çap olunur.
Düzdür, indi də başqa bir konyunktura yaranıb: Leonid Brejnevin “durğunluq dövrü”nü tənqid etmək, lağa qoymaq, istedadsızlığı 1937-38-ci illər repressiyası mövzusunun arxasında gizlətmək və bu yollarla mətbuat səhifələrini “fəth etmək”.
Necə ki, bir neçə il bundan əvvəlki konyunktura “kommunizm quruculuğu” mövzusunun arxasında gizlənib, mükafatlar alırdı və belə müəlliflər “görkəmli yazıçı” vəzifəsinə təyin olunurdu.
Varlam Şalamov “Kolıma hekayələri”ndə 1937-38 repressiyaları zamanı insanların başına gətirilmiş müsibətlər haqqında mətbuatı doldurmuş konyunktur yazılardan tamam fərqli olaraq, həmin faciələri, həmin amansızlığı əsl yazıçı qələmi ilə göstərir.
Mən bu yazıçıdan indiyədək heç nə oxumamışdım və o, mənim üçün əməlli-başlı bir kəşf oldu.
Şalamov repressiyalar zamanı dəfələrlə həbs edilərək, ömrünün çox hissəsini sovet konslagerlərində keçirmiş, faciəli bir tale yaşamış insandır, ancaq bu hekayələr onun xatirələri deyil və elə bil ki, onlar bütün bu məşəqqəti kənardan izləmiş, kənardan dərk edərək, ümumiləşdirməyi bacarmış, yəni şəxsi təcrübəni bəşəri fəlakətə çevirə bilmiş bir qələm sahibinin yazdıqlarıdır.
Onun “Qancıq Tamara”, “Tatar mollası və təmiz hava”, “Donuz oğrusu Vaska Denisov” kimi hekayələri, mənə görə, böyük rus ədəbiyyatında Tostoyun “Sevastopol hekayələri”, Turgenevin “Ovçunun qeydləri”, Şoloxovun “Don hekayələri” sırasındadır.
Ancaq Şalamovun Lev Tolstoy yaradıcılığına neqativ münasibətini də oxudum və onun belə bir münasibətinin səbəblərini izah etməsi, mülahizələri mənə xeyli dərəcədə bəsit, buna görə də mənasız göründü.
Lüsyen Berjere kimdir?
Fransın tetralogiyasını axır ki, oxuyub qurtardım.
Bunlar yəqin ilk fransız romanlarıdır ki, çətinliklə, yəni həvəssiz oxudum, hətta (1)“Jan-Kristof” da bunlardan xeyli asan oxunurdu.
O adət ki, məndə var – oxumağa başladığımı yarımçıq qoya bilmirəm – mənə baha başa gəlir.
Lüsyen Berjere(2) əlbəttə, intellektualdır, buna söz yox, oxuyursan və görürsən ki, bu personaj, bəli, dərin zəka sahibidir, onun fikirləri, düşüncələri, mülahizələri, konsepsiyaları sanballıdır, ancaq mən axı, hansısa bir professorun intellekti haqqında məruzəsini oxumuram, roman oxuyuram.
Lüsyen isə canlı bədii obraz deyil, hər halda mən onu belə görmədim.
Məndə elə bir təəssürat var ki, gözəl Kislovodskda(3) neçə günümü sərf elədiyim bu romanlar az bir vaxtdan sonra yadımdan çıxacaq.
Bəlkə yanılıram?
Sağlıq olsun.
İlyas Əfəndiyevlə mükalimə
Günorta işdən çıxanda atamgilə dəydim. Turgenevin kitabı stolunun üstündə idi.
- Turgenevi təzədən oxuyursan? - soruşdum.
- Yox, vərəqləyirəm. - dedi.
- Sən niyə Turgenevi bəyənmirsən?
- Niyə bəyənmirəm? - dedim.
- Ancaq Turgenev Tolstoy deyil də.
- Əlbəttə, - dedi. - Turgenev Tolstoy deyil. Ancaq Tolstoy da Turgenev deyil.
Belə patriotluğa ehtiyac var?
Fridlenderin “Rus realizminin poetikası” (“Poetika ruskoqo realizma”) monoqrafiyası belə bir fikri isbat etmək naminə yazılıb ki, XIX əsr rus realizminin bünövrəsini əvvəlki dövrün sentimetalizmi və romantizmi, eləcə də “çoxəsrli rus realizm ənənələri” qoyub.
Monoqrafiyanı oxuduqca fikirləşirsən ki, Rusiyada XVIII əsrdə Qərbin, ilk növbədə də Fransanın təsiri ilə yaranmış sentimentalizm və romantizm (Fridlender klassizmin adını çəkmir) ortaya hansı böyük əsər çıxarıb ki, XIX əsr rus realizminin (Qoqolun, Dostoyevskinin, Lev Tolstoyun!) bünövrəsində dayansın? Ən məşhur əsər Karamzinin “Bədbəxt Liza”sı deyilmi? Yaxud Derjavin və Fonvizin, ya Sumarokov və Trediakov nə yazıblar ki, adlarını çəkdiyim yazıçıların yaradıcılığı üçün bünövrə olsun?
O ki, qaldı, “çoxəsrli rus realizmi ənənələrinə”, bu hansı ənənələrdir? Rus ədəbiyyatşünaslarının yazdığı kimi, əgər Lomonosov XVIII əsrdə hələ yalnız rus ədəbi dilini yaratmaqla məşğul idisə, hansı realizm ənənələrindən danışmaq olar?
Mən monoqrafiyanı diqqətlə oxudum, ancaq bu və bu tipli başqa sualların heç birinə cavab tapmadım.
Bir də ki, axı, sənin Tolstoy kimi nəhəngin varsa, Puşkinin, Qoqolun, Lermontovun, Dostoyevskin, Turgenevin varsa, “Oblomov” kimi hələ də layiqi qiymətini almamış bir romanın yazılıbsa, ədəbiyyat psixologiyası baxımından belə bir “ədəbi qəfilliyi” (!) – dünya ədəbiyyatı tarixində şəxsən mənə möcüzə kimi görünən son dərəcə maraqlı ədəbi hadisəni – obyektivcəsinə araşdırmaq əvəzinə, nə üçün mənasız (faktsız!) ədəbi-milli patriotluqla məşğul olmaq lazımdır?
Özü də Q.F.Fridlender bu gün rus ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri sayılır və rus klassik ədəbiyyatı barədə elə kitaba rast gəlmirsən ki, orda onun adı olmasın.
Berqman, yoxsa Fellini?
Gecə “Çiyələk talası”(4) yadıma düşmüşdü və fikrimdən bir sual keçdi ki, mənim üçün kim birincidi: rasional və soyuqqanlı Berqman, yoxsa qeyri-rasional və istiqanlı Fellini?
Hansı?
Berqman, yoxsa Fellini?
Nəhayət, bu müqayisədən yoruldum və birinci yerə Çaplini qoydum.
Molyer və Mirzə Fətəli
Molyerin “Jorj Danden”ini tərcümə edirəm. Bunu bitirəndən sonra “Skapenin kələkləri”ni də tərcümə etmək istəyirəm.
Ədəbiyyatşünaslar Mirzə Fətəlini “Şərqin Molyeri” adlandırır.
Məncə, mübahisəli analogiyadır.
Molyer – güldürür.
Düzdür, “Hacı Qara” da – güldürür.
Ancaq “Müsyö Jordan”?
“Müsyö Jordan” – düşündürür.
Broudi faciəsi
Maraq üçün rayon kitabxanasına getmişdim və orada gözlənilmədən “Broudi qəsri”ni(6) gördüm və götürdüm ki, təzədən vərəqləyim.
Üç gündü yolüstü Tovuzda, Arifgildə(6) qonaq qalmışıq.
Əmir müəllimgil(7) də bizimlə gəliblər və səhər-səhər gözəl bir armud ağacının altında oturub, hələ qatı açılmamış (deyəsən, bu kitabı birinci elə mən açırdım) “Broudi”ni vərəqləyəndə, Əmir müəllim də həyətə çıxdı.
Əmir müəllimdən ətrafa, həmişəki kimi, müsbət dalğalar yayılırdı. Kitabı görəndə:
- Yaxşı kitabdı? - soruşdu.
- Hə, yaxşı kitabdı. - dedim.
Kitaba son söz yazmış N.Dyakonova deyir ki, “Broudi qalası” güclü və vicdanlı romandır.
Broudi ailəsinin faciəsi, əlbəttə, çox təsirli qələmə alınıb, ancaq Nensinin ölümü, bir sıra başqa səhnələr həddən artıq naturalistcəsinə yazılıb, hətta o qədər ki, dediyim həmin təsirin dərəcəsini azaldır.
N.Dyakonova da Dikkensin romanında balaca Pol Dombinin ölümünün təsviri ilə Nensinin ölümünün təsviri arasında müqayisə aparır və Kroninin naturalizmini qeyd edir.
Mənə elə gəlir ki, Kroninə Zolyanın təsiri var. Bilmirəm, belədir, ya yox? Bəlkə o, Zolyanı heç oxumayıb da…
Bir də, məncə, bədii obraz kimi Meyson(8) mister Broudiyə nisbətən daha dolğun, daha canlıdır.
-------------------
*Romen Rollanın romanı.
** Söhbət Anatol Fransın «Müasir hadisələr» silsilə romanlarından gedir.
*** 1960-cı illərin yay aylarında biz Şuşaya və Kislovodska gedirdik və görünür, bu qeydlər də o vaxt yazılıb. Fransın o romanları isə doğrudan da, demək olar ki, tamam yadımdan çıxıb, ancaq aradan «az bir vaxt» yox, onilliklər keçib.
****İnqmar Berqmanın filmi.
*****Arçibald Kroninin romanı.
****** 1960-cı illərin ortalarında İlyas Əfəndiyevin kiçik qardaşı hüquqşünas Arif Əfəndiyev Tovuzda raykomun 1-ci katibi vəzifəsində işləyirdi. Yayda maşınla Kislovodska yola düşəndə Bakıdan birbaşa getmirdik, Tiflisdən keçib, Hərbi Gürcü Yolu ilə Nalçikə, oradan da Kislovodska gedirdik. Bu dəfə bir neçə gün də Tovuzda qalmışdıq.
******* Görkəmli riyaziyyatçı, professor Əmir Həbibzadə İlyas Əfəndiyevin yaxın dostu idi və həmin il də onlarla bərabər yola çıxmışdıq
******** Kroninin «İstehkam» romanının qəhrəmanı.