Hacı Muradla bərabər Tolstoyun da başını kəsiblər - Elçin yazır...

Hacı Muradla bərabər Tolstoyun da başını kəsiblər - Elçin yazır...
12 sentyabr 2020
# 13:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Bir daha “Ədəbi düşüncələr” haqqında

“Ədəbi düşüncələr”in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə – esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin – dinamik bir şeydir, dəyişir, başqalaşır.

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

Koronavirusla bağlı uzunmüddətli “Evdə qal” kompaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-səhmana salmaq istədim və bu zaman yenidən yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən mənim vərdişim idi (elə indi də davam edir) və bunlar mənim biləvasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.

Mən bunların haçansa çap olunacağını düşünməzdim. Əslində bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir.

Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan – çapa hazırlayanda yazmışam.

Bunu da deyim ki, “Ədəbi düşüncələr” tam şəkildə, yəni bu yeni əlavələrlə birlikdə Azərbaycan Tərcümə Mərkəzində nəşrə hazırlanır.

Birinci nəşrdən isə artıq 18 il keçib və o zaman “Ədəbi düşüncələr” oxucuların, mətbuatın diqqətini cəlb etdi, bir çox məqalələr yazıldı, müzakirələr keçirildi.

Həmin birinci nəşrin tarixçəsi isə belə oldu ki, “Ədəbi düşüncələr”i mətbuatda oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimimiz və rejissorumuz) mənimlə söhbət əsnasında: “- Mütləq kitab kimi hazırlamaq lazımdır.” - dedi və kitab nəşr olunandan sonra o özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi – Vaqif çox mütaliəli, geniş dünyagörüşlü bir sənətkar idi. Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

“Ədəbi düşüncələr” Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən “Literaturnaya qazeta”da) çap edildi, kitab kimi nəşr olundu və aradan keçən bu illər ərzində isə başqa dillərə də çevrildi.

...O ki, qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı.

8 iyul 2020.

Bilgəh.

Teatr möcüzəsi

“Romeo və Cülyetta”nın əvvəlində Dayə ilə Sinyora Kapulettinin söhbəti əsnasında məlum olur ki, iki həftədən sonra Cülyettanın 14 yaşı tamam olacaq.

Və teatr möcüzədir.

Əgər möcüzə olmasaydı, 70 yaşlı Sara Bernar hələ 14 yaşı tamam olmamış Cülyetta rolunu oynaya və tamaşaçını bu qızın, həqiqətən, bu yaşda olduğuna inandıra bilməzdi.

Don Kixot faciəsi

Planetləri bir-birindən milyardlarla işıq ili uzaq olan kainatda bu uzaqlıqların fərqinə vardıqca, Don Kixotun faciəsi çox cılızlaşır, görünməz olur.

Don Kixotun faciəsi ancaq Yer Kürəsini ifadə edir və yalnız insanların faciəsidir.

Qorki və Babel

Sovet İttifaqı dağılıb və indi rus ədəbi prosesi bir-birinə zidd iki qütbə ayrılıb: yalançı “demokratlar” və heç nə başa düşməyən və heç nə də qəbul etməyən “konservatorlar”.

“Demokratlar” hər vəchlə Maksim Qorkini kiçildir, İsaak Babeli isə şişirdirlər.

Babel istedadlı hekayəçidir, pis dramaturq deyil, ancaq böyük rus ədəbiyyatında onlarla, bəlkə də, yüzlərlə Babel kimi yazıçılar var.

“Konservatorlar” üçün İsaak Babel bir heçdir və onlar hər vəchlə Maksim Qorkini şişirdirlər, halbuki Qorkinin belə bir şişirtməyə heç bir ehtiyacı yoxdur və o, rus ədəbiyyatının böyük nümayəndələrindən biridir.

Maraqlısı isə odur ki, Babel xatirələrindən birində (“Başlanğıc”, orijinalda “Naçalo”) yazır ki, Qorki ilə ilk görüşə gedərkən həyəcandan “mənim ürəyim çırpınırdı və dayanırdı” (orijinalda: “serdüe moe kolotilosğ i ostanavlivalosğ”) və xüsusi qeyd edir ki, həmin görüş onun yazıçı taleyini həll edib.

Ancaq nə yalançı “demokratlar”, nə də inadkar “konservatorlar” Babelin Qorkiyə belə bir münasibətinin fərqində deyillər və olsun ki, ya bunu heç bilmirlər, ya da bilərəkdən üstündən keçirlər.

“Medeya”

Dünən Azdramada “Medeya”ya baxdım. Anuyu hazırlayıblar.

Amalya(1) (Amalya Pənahova.red.) əvvəldən axıra qədər çox ürəklə oynadı, sonradan bildim ki, özü də 39 dərəcə qızdırma ilə xəstə imiş.

Yaxşı tamaşadır, bəlkə, bir şey yazdım.(2)

Medeyanın taleyi dünya dramaturgiyasının əbədi mövzularından birinə çevrilib və dramaturgiya tarixində Evripiddən Kornelə, ondan da Anuya qədər (hələ bu aralarda yazmış başqa müəllifləri demirəm) uzun bir yol keçib, ancaq bu yolda “yorulmayıb”, təngnəfəs olmayıb, çünki Medeya taleyinin özü də, onun ətrafındakıların xisləti də bəşəri hiss həyəcanlardan, bəşəri dəyər və naqisliklərdən ibarətdir – sevgi və nifrət, vəfa və vəfasızlıq, mərdlik və xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət və xəyanət və s. və i.a.

Anuyun “Medeya”sı xislətin daxilindəki təzadlar və ehtiraslar faciəsidir. Məncə, onu antik faciələrlə doğmalaşdıran da elə budur.

Çılğın ehtirasları göstərmək bacarığı buradakı pafosu doğruldur və nəinki doğruldur, o pafos səni ələ alır, çünki süni yox, təbiidir, bu dərəcədə ehtiras, çılğınlıq elə bu cür də danışmalıdır.

Anuy Medeyasının içindəki nifrət intəhasız, sonsuzdur və bu nifrətin bədii-emosional qüdrətinin təsiri ondan doğur ki, o, ilk növbədə, özünə nifrət edir. Onun intihar eşqini közərdən də bu böyük nifrətdir.

Bu nifrətinin məğzində, yalnız özünə – cinayətkar, qatil Medeyaya yox, yalnız Yazon xəyanətinə də yox, ümumiyyətlə, həyata nifrət durur.

Hacı Murad qala düzündə

Səhər tezdən Şəkidən çıxdıq və axşamçağı gəlib evə çatmışıq. Aydın(3) elə hey bizi qonaq aparmaq istəyirdi və nəhayət ki, yığışıb, uşaqlarla birlikdə gözəl Kiş kəndində Aydıngilə qonaq getmişdik, iki gecə qalıb qayıtdıq.

İndi Mustafanın(4) tərcüməsində “Hacı Murad”ı təzədən vərəqləyirəm.

Kiş kəndi ilə dağların yamacında qayalara pərçim olunmuş Kiş qalasının arasında “Qala düzü” deyilən bir çöllük var və deyilənə görə, Hacı Muradı orada öldürüb, başını orada kəsiblər.

Tolstoy son nəfəsində Hacı Muradın gözlərinin qabağından keçənləri elə təsvir edib, elə bil, bütün bunlar onun özünün gözlərinin qabağından keçib: “pəhləvan cüssəli” Əbununsal xan da, qoca və zəif Vorontsov da, Hacı Muradın düşməni Şeyx Şamil də, Hacının oğlu Yusif, arvadı Səfiyyət də ölüm ayağında Hacı Muradla birlikdə onun, yəni Tolstoyun da gözlərinin qabağından ötüb və elə bil, Hacıyla bərabər Tolstoyun da başını kəsiblər.

Bu təsvirə fikir verin:

“O, tərpənmirdi, lakin hələ hiss edirdi. Birinci olaraq yüyürüb gələn Hacı Ağa ağır xəncərini Hacı Muradın başına endirdikdən sonra, ona elə gəldi ki, başını çəkiclə döyürlər, lakin bunu kimin etdiyini, nə üçün etdiyini anlaya bilmədi. Bu onun idrakının son işartısı, şüurunun bədəndə olan axırıncı əlaqəsi idi. Bundan sonra o artıq heç bir şey hiss etmirdi. Düşmənləri isə Hacı Muradla heç bir əlaqəsi olmayan cəsədi ayaqları altında tapdalayır, xəncərlə doğram-doğram edirdilər. Hacı Ağa ayağını cəsədin üstünə qoyub, iki zərbə ilə başı bədəndən ayırdı və məstini batırmamağa çalışaraq, başı ehtiyatla kənara yuvarlatdı. Boynundan al qan, başdan isə qara qan fışqıraraq, yaşıl otların üstünə axdı.”

Bu, həmin Hacı Ağa Mehdilinskidir ki, Tolstoyun yazdığı kimi, “bir zamanlar Hacı Muradla dost idi”.

Hacı Muradın başı otları beləcə bulaşdıra-bulaşdıra diyirlənir.

Doğrusunu deyim ki, Tolstoyun təsvir etdiyi bu ölüm səhnəsi Qala düzündə gəzişdiyim o anlarda mənim də gözlərimin qabağından getmirdi və mən kəndə, Aydıngilə qayıdandan sonra bütün gecəni səksəkə içində görürdüm ki, Balağa(5) maşınla məni Yasnaya Polyanaya aparır ki, Hacı Muradın ölüm xəbərini Tolstoya çatdırım (!).

Səhər Balağaya dedim ki, gecə yuxuda məni Yasnaya Polyanaya aparırdın.

Balağa gülümsəyərək:

- Həri? - dedi və soruşdu: - Ora haradı elə?

Bunu da deyim ki, Mustafa “Hacı Murad”ı gözəl tərcümə edib.

İlya Erenburq və Nazim Hikmət

Ömrünün yarıdan çoxunu xarici ölkələrdə (Fransa, İspaniya və s.) yaşamış, böyük beynəlxalq ədəbi, mədəni, siyasi əlaqələri olan, yüksək intellektə sahib İlya Erenburq İkinci Dünya Müharibəsi zamanı cəbhədən reportajlar, məqalələr yazan və Stalinin də qiymətləndirdiyi ən məşhur sovet yazıçısıdır.

Mən onun “Fırtına” romanını (Birinci dərəcəli Stalin mükafatı almışdı) oxumuşdum və bu roman heç xoşuma gəlməmişdi. Hekayələrini də oxumuşam, bir sözlə, o, “mənim yazıçım” deyil, ancaq bu günlərdə xatirələrini – “İnsanlar, illər, həyat” – get-gedə artan bir maraqla oxudum və mən çox təəssüf edirəm ki, bizdə bu tipli tək-tük xatirə yazılıb, sovet dövrü haqqında isə heç nə yoxdur.

Bir dəfə Mirzə müəllim(6) Mir Cəfər Bağırovdan danışanda dedim ki, mütləq xatirələrinizi yazın, gülümsəyib: “ - Sağlıq olsun.” - dedi. Yazsa (həqiqəti yazsa!), onun xatirələri maraqlı olar, Sovet qatmaqarışıqlığının içindən keçən bir adamdır, hətta deyilənə görə Stalin onu qəbul edib və guya Mirzə müəllimi Cənubi Azərbaycan Demokratik Respublikasına prezident hazırlayırmışlar – ola da bilər.

Bəlkə də kimsə gizlincə nəsə yazıb, ya da yazır və gələcəkdə çap olunacaq? Bilmirəm.

Süleyman Rüstəm mənə deyir ki, xatirələrini yazır. O da, indi çap olunmağını düşünməyib, həqiqəti yazsa, yaxşı olar və yəqin ki, haçansa çap olunar.

Erenburqun xatirələri monumental bir yazıdır. Həm təhkiyəsinə, arxitektonikasına, həm də faktların zənginliyinə görə bu xatirələr usta qələmlə yazılıb və mənim şübhəm yoxdu ki, Erenburq hələ çox şeyi də ürək eləyib yazmayıb.

Erenburq kommunist yazıçı hesab olunur, ancaq xatirələrdən belə hiss etdim ki, o ilk növbədə yəhudi (sionist yox, yaxşı mənada milli təəssübkeş) və yalnız bundan sonra kommunistdir.

Belə başa düşürəm ki, Erenburqla Nazim Hikmət dost olublar, hər halda məhrəm münasibətləri olub və xatirələrin 6-cı kitabında Nazimi çox səmimi bir hörmət və rəğbətlə, simpatiya ilə xatırlayır.

Xatirələrdəki cəmi doqquz səhifədə mən canlı Nazimi gördüm və onun düşüncələri və düşüncələrindəki təbəddülat, onun mülahizələri elə detallarla, yazıçı müşahidələri ilə qələmə alınıb ki, Erenburqun özünün romanında və hekayələrində məhz bu cür detallar, müşahidələr çatışmır.

Onun publisistikası bədii yaradıcılığından xeyli dərəcədə yüksəkdədir.

O, yazır ki, Nazim ürəyində nə vardısa, birbaşa deyirdi və bəzən sadəlövh adam təsiri bağışlayırdı, ancaq bu elə bir sadəlövhlük, sadədillik idi ki, əslində, onu müdrik edirdi.

Xatirələrdəki bu kiçik “xasiyyətnaməni” isə olduğu kimi tərcümə edirəm: “Nazimin həyatı boranlı-tufanlı və çətin bir həyat idi, ancaq o, hicranın bütün növlərini yaşasa da, ayrılığın bütün adlarını bilsə də, heç vaxt mənən sınmağın acısını dadmamışdı: ömrünün sonuna kimi ideyalarına, zövqünə, gənclik hiss-həyəcanlarına sadiq qalmışdı.”

Əsas isə budur ki, bu doqquz səhifəlik yazı bu sözləri doğruldur və təsdiq edir.

Mənim Erenburqun xatirələrində gördüyüm, hiss etdiyim Nazim Hikmət Sovet İttifaqında və ümumiyyətlə, kommunizm dünyasında gördüklərinin yaxşısına ürəkdən sevinən, pisini isə qəbul etməyən, hətta buna nifrət bəsləyən və sevincini də, nifrətini də gizlətməyən kommunist idi.

Ancaq o, Erenburqun özü kimi yalnız üzdə kommunist yox, ya rus yazıçı müasirləri Aleksandr Fadeyev kimi fanatik kommunist, Vsevolod Koçetov kimi aqressiv kommunist, ya da Konstantin Fedin kimi “bitərəf kommunist” yox, cəsur və – yəqin ki, yazacağım bu sözbirləşməsi qəribə səslənəcək – romantik (!) kommunist idi.

(Fadeyevin adını çəkdim və yeri düşmüşkən, deyim ki, Erenburq xatirələrinin 5-ci kitabında yazır: “Deyirlər ki, Fadeyev ona görə az yazır ki, çox içir. Folkner ondan da çox içir, ancaq onlarla roman yazıb.” Xoşuma gələn bir yeri də qeyd etmək istəyirəm. Litvinov(7) Erenburqa deyirmiş: “Stalin Qərbi tanımır... Əgər bizim rəqiblərimiz padşahlar, ya da şeyxlər olsaydı, Stalin onları çoxdan aldatmışdı!..” )

Erenburq xatirələrinin sonunda Falk, Rivera, Konçalovski, Pasternak, Leje, Nezval, Jolio kimi artıq vəfat etmiş dostlarının arasında Nazimin də adını çəkir və yazır ki, “mənim həyatımın meşəsində necə bir seyrəlmə getdiyini hiss edirəm.”

Nazimin Rəfilinin ölümünə yazdığı şeirdəki “nəslimin yarpaq dökümü başladı” misrası yadıma düşdü.

Nazim səhər oyanıb, qapıdakı poçt qutusundan qəzetləri götürməyə gedib və arakəsmədə oturaraq, vəfat edib.

---------------------------------

*Amalya Pənahova

** O məqalə yazıldı: Təzadların faciəsi, «Ulduz», 1982, № 9.

***Söhbət universitetdə mənim həmkursum və ümumiyyətlə, unudulmaz dostum, tənqidçi, dilşünas, rəhmətlik Aydın Məmmədovdan gedir.

**** M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş ilk azərbaycanlı, görkəmli tərcüməçi və naşir Mustafa Əfəndiyev İlyas Əfəndiyevin özündən kiçik qardaşı, yəni mənim əmimdir. «Hacı Murad»dan başqa, «1001 gecə» nağıllarını, R.Kiplingin «Mauqli», L.Kerrolun «Alisa möcüzələr diyarında» kimi məşhur əsərləri, A.Çexovun hekayələrini, M.Qorkinin «Günəşin övladları» pyesini və s. tərcümə edib. «Hacı Murad»dan sitat da onun tərcüməsindəndir.

***** Mən 1975-ci ildən etibarən Yazıçılar İttifaqının katibi işləyəndə rəhmətlik Balağa da unudulmaz sürücü dostum idi.

****** Mirzə İbrahimov. Yəqin ki, bu qeydlər 80-ci illərin birinci yarısından yazılıb. O zaman Mirzə müəllim Yazıçılar İttifaqının sədri idi.

******* M.M.Litvinov SSRİ Xarici işlçr naziri idi.

# 3597 dəfə oxunub

Müəllifin son yazıları

# # #