Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Aytəkin Zeynalovanın yazıçı Rüstəm Dastanoğlunun "Şeytan əməli" hekayəsi haqqında yazısını təqdim edir.
Son illər yerli müəlliflərin hekayələrini oxuyanda məni ən çox narahat edən cəhətlərdən biri təbiiliyin getdikcə azalmasıdır. Personajlar çox vaxt həyatda danışdıqları kimi danışmır, düşündükləri kimi düşünmürlər. Müəllifin səsi onların səsini üstələyir, qəhrəmanlar isə canlı insandan çox hansısa ideyanın daşıyıcısına çevrilirlər. Hadisələr də bəzən oxucunu inandırmaq əvəzinə müəllifin əvvəlcədən qurduğu sxemə xidmət edir. Halbuki yaxşı hekayə oxucuya yazıldığını unutdurmalıdır. Elə hiss yaratmalıdır ki, sanki müəllif yox, həyatın özü danışır.
Çox yaxşı başa düşürəm, insanın daxilində baş verənləri yazmaq çətindir.
Ancaq yazıçının da ustalığı elə bu məqamda ortaya çıxmırmı?
Bəzi hekayələr var ki, onların əsas hadisəsi zahirdə yox, insanın daxilində baş verir. Rüstəm Dastanoğlunun "Şeytan əməli" hekayəsi də belə mətnlərdəndir. Hekayə zahirən çox sadə süjet üzərində qurulub.
Sağ qolundakı ağrıdan əziyyət çəkən bir tələbə xəstəxanaya gəlir, növbəsini gözləyir, hadisələr də bu gözləmə zamanı baş verir. Ancaq müəllif bu adi vəziyyətdən çıxış edərək insanın yaddaşına, düşüncələrinə, qorxularına, arzularına və həyat haqqında suallarına doğru uzun bir mənəvi səyahət yaradır. Oxucu bir müddət sonra anlayır ki, burada əsas hadisə xəstəxanada yox, qəhrəmanın beynində baş verir.
Bu hekayə müəllifdən oxuduğum sayca üçüncü hekayədir və artıq əmin olmuşam ki, Rüstəm Dastanoğlunun ən güclü cəhətlərindən biri daxili monoloqları həyatın öz ritmi ilə təqdim etməsidir. Qəhrəman bir an əvvəl ağrı haqqında düşünür, sonra ölüm yadına düşür, ordan uşaqlığına keçir, ailəsini xatırlayır, gələcəyi barədə narahat olur, cəmiyyəti mühakimə edir, özünü qınayır. Bu düşüncələr bir-birinə zorla bağlanmır. İnsan beyninin təbii axını necədirsə, müəllif də onu elə göstərir. Elə buna görə də hekayəni oxuyarkən qəhrəmanın fikirlərinə yox, sanki öz düşüncələrimizə qulaq asırıq.
Əsərdə ailənin qəhrəmandan gözləntiləri də təsirli şəkildə təqdim olunur. Kənddə yaşayan valideynlər üçün ali təhsil sadəcə diplom deyil, ömür boyu çəkdikləri zəhmətin, ümidlərinin nəticəsidir. Onların övladlarının vəzifə sahibi olmasını arzulaması təkcə maddi rifahla bağlı deyil. Bu, həm də cəmiyyətdə "ad qazanmaq", hörmət sahibi olmaq istəyidir. Müəllif bu dialoqlarda bütöv bir dövrün psixologiyasını canlandırır. Oxucu anlayır ki, qəhrəmanın üzərində təkcə imtahan yükü yox, ailəsinin illərlə topladığı ümidlər də var.
Hekayənin ən maraqlı dönüş nöqtələrindən biri isə gözlənilmədən dəhlizə daxil olan gənc qızdır. Əslində, müəllif burada sevgi hekayəsi yazmır. O, insan ruhunun qəribə mexanizmini göstərir. Bir neçə saniyə əvvəl həyatın mənasızlığını düşünən, özünü bədbəxt sayan qəhrəman həmin qızı görəndən sonra tamamilə başqa adama çevrilir. Dünya yenidən rənglənir, insanlar gözəlləşir, içindəki qaranlıq çəkilir.
Müəllifin fəlsəfi düşüncələri də hekayənin ən uğurlu tərəflərindəndir. Düzdür, artıq didaktik mətnlər oxucuları yorur, maraqlı gəlmir. Amma bu hekayədə ölum haqqında deyilən fikirlər, insanın bütün ömrünü, əslində, ölümə hazırlaşmaq kimi yaşaması, cəmiyyətin vəzifə həvəsi, insanların həyat uğrunda yarışının mənası kimi mövzular müəllif tərəfindən quru mühakimə şəklində yox, qəhrəmanın daxili aləminin ayrılmaz hissəsi kimi təqdim edilir və bu səbəbdən mətn didaktik təsir bağışlamır. Oxucuya hazır nəticə verilmir, əksinə, düşünmək üçün suallar qoyulur.
Hekayənin son hissəsində yer alan ananın danışdığı nağıl isə əsərin ideya mərkəzinə çevrilir. İnsan beynindəki "şeytan" haqqında bu sadə xalq hekayəsi insan təbiətinə dair çox şey deyir. Müəllif göstərir ki, insanı yaşamağa, yaratmağa, işləməyə, səhv etməyə sövq edən qüvvə ilə onu mənəvi rahatlıqdan uzaqlaşdıran qüvvə bəzən eyni mənbədən gəlir. Bu nağıl əsərin əvvəlindən sonuna qədər davam edən bütün düşüncələri bir nöqtədə birləşdirir və qəhrəmanın niyə özünü ətrafdakılardan fərqli hiss etdiyini daha aydın göstərir.
Hekayədə gurultulu hadisələr, dramatik qarşıdurmaların olmamağı xoşuma gəldi. Buna ehtiyac da yoxdur. Çünki müəllif insanın daxilində baş verən ən kiçik dəyişiklikləri belə böyük hadisəyə çevirə bilir. Oxucu hekayəni bitirəndə anlayır ki, qəhrəmanın qolu hələ də ağrıyacaq, problemləri də qalacaq. Amma onun həyata baxışı əvvəlki kimi deyil. Ədəbiyyatın əsas gücü də elə budur: həyatı dəyişmədən insanın həyata baxışını dəyişmək.
Rüstəm Dastanoğlu bu hekayəsində də digər mətnlərində olduğu kimi bunu bacarıb. O, oxucunu hadisələrin ardınca yox, insan ruhunun dərinliklərinə aparır.