Kulis.az Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi, Ç.Aytmatov adına İssık-Kul forumunun vitse-prezidenti və baş katibi, Beynəlxalq xalq diplomatiyası assosiasiyasının vitse-prezidenti, Beynəlxalq ictimai xeyriyyə fondu "Assol"un prezidenti Assol Moldokmatovanın - "Dünyanın liderləri" müəllif rubrikasında Azrəbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibəni təqdim edir.
20 il bundan əvvəl mənim Azərbaycana ilk səfərim hafizəmdə ömürlük qalan görüşlər bəxş etmişdi. O vaxt ölkə haqqında sənədli filmlər silsiləsi üzərində işləyərkən, mən türk dünyasının iki görkəmli mütəfəkkiri - Oljas Süleymenov və Anar Rzayevlə tanış olmuşdum.
O vaxtdan çox illər keçdi. Və tale məni yenə Bakıya gətirdi. Biz yenidən görüşdük və mən bir daha əmin oldum: əsl böyüklüyün gurultulu sözlərə ehtiyacı yoxdur. O, özünü sadəlikdə, düşüncə dərinliyində, insana hörmətdə və heyrətamiz daxili azadlıqda da büruzə verə bilər. Azərbaycanın Xalq yazıçısı Anarın adı çoxdan müasir Azərbaycan ədəbiyyatı tarixinin səhifələrinə yazılıb. Onun kitabları dünyanın bir çox dillərinə tərcümə olunub, əsərləri ekranlaşdırılıb, yaradıcılığı isə onilliklər boyu ölkənin mədəni həyatının mühüm bir parçasına çevrilib. Lakin bu nailiyyətlərin arxasında ömrü boyu öz prinsiplərinə sadiq qalan və heç vaxt özünün ən başlıca qənaətini - "Ədəbiyyat insana xidmət etməlidir" düşüncəsini dəyişməyən insan durur.
Söhbətimiz kitablar ətrafındakı çərçivədən kənara çıxdı. Biz valideynlər və tərbiyə haqqında, yazıçının missiyası və xalq qarşısında məsuliyyəti, Çingiz Aytmatov və Oljas Süleymenovdan, Qarabağ haqqında, mədəniyyət, dostluq, yaddaş, türk dünyasının gələcəyi və onlarsız nə insanı, nə də dövləti qoruyub saxlamağın mümkün olmadığı mənəvi dəyərlər haqqında danışdıq.
Anar müəllimlə söhbətdə, xüsusən, aydın dərk edirsən ki, əsl ədəbiyyat şöhrət qazanmaq arzusundan yaranmır. O, insanlara həqiqətən də nə isə demək istəyindən yaranır.
- Anar müəllim, bu görüşə görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Təqribən, on il bundan əvvəl siz mənə valideynlərinizə həsr olunmuş kitabınızı hədiyyə etmişdiniz. Xatırlayırsınızmı? Mən onu birnəfəsə oxudum və onun məndə oyatdığı təəssüratı bu vaxta qədər də qoruyub saxlayıram. Bu, nəinki məşhur insanlar haqqında sadəcə kitab idi, bu sevgi, yaddaş, minnətdarlıq və ailə haqqında dərin söhbətlər idi. Mən o vaxt, xüsusən, həqiqi insan hisslərindən dəyərli heç nəyin olmadığını aydın dərk etdim.
-Atanız Rəsul Rza nəinki görkəmli şair, həm də ləyaqətli övladlar tərbiyə edən insan idi. Əgər keşmişə nəzər salsanız, hansı ailə dəyərləri sizin tərbiyənizin təməli olub? Valideynlərinizin ocağından nəyi ömür boyu özünüz üçün yaddaşınıza həkk etmisiniz?
- Bizim tərbiyəmizdə anam Nigar Rəfibəylinin xidməti xüsusilə böyükdür. Atam ictimai fəaliyyətlə çox məşğul idi, daim işdə olurdu. Məhz anam bu vaxta qədər də minnətdarlıqla xatırladığımız ab-havanı yaratmışdı. Lakin ən başlıcası bu deyildi. Valideynlərimiz bizi heç vaxt sözlərlə tərbiyə etmirdilər. Onlar sadəcə düzgün hesab etdikləri kimi yaşayırdılar. Biz hər gün onların bir-birinə hörmətini, insanlara münasibətini, əxlaqını, ləyaqətini görürdük. Onlar heç vaxt heç kimin dalınca danışmır, öyüd-nəsihətlər vermir, əxlaq dərsi keçmirdilər. Onların ən əsas dərsi şəxsi nümunələri idi.
- Yəqin ki, ən vacib tərbiyə belə olmalı idi. Gurultulu sözlər deyil, valideynlərin gündəlik həyatı səssizcə uşağın xarakterini formalaşdırır. Və bu nümunə, dərs insanla həmişəlik qalır.
-Dünya hər zamankından daha sürətlə dəyişir. Süni intellekt, rəqəmsal texnologiya, sosial şəbəkələr gündəlik həyatın bir hissəsinə çevrilib. Lakin eyni zamanda insanın mənəvi inkişafının texniki tərəqqiyə çatmadığı hissiyyatı getdikcə daha tez-tez yaranır. Siz baş verənləri necə qəbul edirsiniz?
- Məhz belə. Texniki tərəqqi əhəmiyyətli dərəcədə insanın mənən böyüməsindən də sürətlə inkişaf edir. Biz mürəkkəb texnologiyalar yaratmağı, bir anda dünyanın o biri başına informasiyalar ötürməyi öyrənmişik, lakin hələ ki, özümüzün söz və əməllərimizə görə cavabdehlik daşımağı öyrənməmişik. Sosial şəbəkələr hamıya danışmaq imkanı verdi, lakin deyilənlərə məsuliyyət daşımağı öyrətmədi. Bu gün anonim qalaraq və nəticəni hiss etməyərək insana böhtan atmaq, yalan yaymaq, onu aşağılamaq olar. Çoxları üçün bu, özünütəsdiq üsulu, qisasalma və yaxud da həsədini göstərməsinin təzahürüdür. Lakin texnologiyalar günahkar deyil. Onlar heç vaxt xeyirxah və pis niyyətli olmurlar - onlar yalnız insanın onsuz da daxilində olan şeyləri gücləndirirlər. Əgər insanda vicdan, mədəniyyət və ləyaqət hələ də yaşayırsa, texnologiyalar ona yaratmağa, maarifləndirməyə və insanları birləşdirməyə kömək edir. Əgər daxilində boşluq, aqressiya və paxıllıq varsa, onlar dağıdıcı alətə çevrilirlər. Məhz buna görə bu gün, xüsusən, nəinki süni intellekti, hər şeydən əvvəl insan intellektini - mənəviyyatı, mədəniyyəti, məsuliyyət hissini və xeyirlə şəri ayırmaq qabiliyyətini inkişaf etdirmək xüsusilə vacibdir.
- Siz nəinki yazıçı, həm də artıq bir çoxu Azərbaycan kinosunun klassikasına çevrilmiş bədii filmlərin ssenari müəllifisiniz. Sizin həyatınızda kinematoqraf hansı yeri tutur?
- Mənim üçün kino həmişə ədəbiyyatın təbii davamı olub. Yazıçı hekayəni sözlə danışır, kinematoqraf isə onu tamaşaçının gözü ilə görməyə imkan verir. Mənim ssenarilərim üzrə, həqiqətən də, dəyər verdiyim filmlər çəkilib. Onlarda zaman, sevdiyim insanlar, mənim ölkəm haqqında yaddaş qorunub saxlanılıb. Müəllif üçün öz fikirlərinin təkcə kitab səhifələrində deyil, həm də ekranlarda yaşamağa davam etməsi böyük xoşbəxtlikdi.
- Sizin ən mühüm işlərinizdən biri "Dədə Qorqud" filminin ssenarisi olub. Bu əsər üzərində işləmək sizin üçün nə demək idi?
- Bu çox böyük məsuliyyət idi. "Kitabi-Dədə Qorqud" - bu, sadəcə ədəbiyyat abidəsi deyil, xalqımızın təməl kitablarından, onun tarixi yaddaşı və mənəvi-əxlaqi kodeksidir. Ssenari üzərində işləyərkən, mən dərk edirdim ki, heç bir səhlənkarlığa, heç bir səthi münasibətə yol vermək olmaz. Mən epoxanın ruhunu, qəhrəmanlarının ləyaqətini, əsrlər ötəndən sonra da onu müasir edən insan münasibətlərinin müdrikliyini və dərinliyini qoruyub saxlamaq istəyirdim. Əsl klassika heç vaxt qocalmır, çünki insana əbədi dəyərlərdən bəhs edir.
- Sizin yaradıcılığınız sayəsində bir çox qədim türk adları yenidən həyata qayıtdı. Məlumdur ki, ailənizdə hər bir adın öz tarixçəsi var.
- Ailəmizdə həmişə qədim və qeyri-adi adlara xüsusi hörmət olub. Demək olar ki, biz Azərbaycana geniş yayılan beş ad bəxş etmişik. Mən ilk Anar, bacım ilk Fidandır. Nə vaxtsa bu adlar qeyri-adi idi, bu gun isə adiləşiblər. Tanınmış opera müğənnisi Fidan Qasımovanın adını bacımın adının təsiri ilə qoyublar. Sonralar "Dədə Qorqud" ssenarisi üzərində işləyərkən yeni adlara müraciət etdim. Tural və Günel adları həyata belə vəsiqə aldılar (bu həm də övladlarımın adlarıdır). Bacımın qızının adı Ayseldir və bu gün bu ad da Azərbaycanda ilk verilən addır.
Maraqlı bir əhvalatı danışım. Mən VVAQ-a oğlumun adını qeydiyyata almaq üçün gələndə əməkdaşlardan biri dedi: "Bizdə belə bir ad yoxdur." O vaxt mən güldüm və soruşdum: "Anar adı sizdə var?" O, cavab verdi: "Nə vaxtsa sizin adınız da qeyri-adi görünüb. İndi siz daha bir qeyri-adi adı qeydiyyatdan keçirməyə gəlmisiniz."
İllər keçdi və bütün bu adların hamısı həyatımızın təbii hissəsinə çevrildi. Hər yeni şey əvvəlcə təəccübə səbəb olur, sonra isə adiləşir. Bəzən məhz bir ailədə yaranan adlar vaxt keçdikdən sonra bütöv xalqın məişətinə daxil olur.
- Siz iki görkəmli şair - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində böyümüsünüz. Necə hesab edirsiniz, yazıçı doğulurlar və yaxud da sonradan yazıçıya çevrilirlər.
- İrsiyyət insana müəyyən üstünlüklər verə bilər, lakin öz-özlüyündə o, heç nəyi həll etmir. Böyük insanların ailəsində doğula və özündən sonra heç nə qoymaya bilərsən. Və yaxud da ən adi ailədə böyüyə bilərsən və əsl yazıçı ola bilərsən. Ən başlıcası - söz qarşısında daxili məsuliyyət hissidir. Əsl yazıçı ədəbiyyata şöhrət, vəzifə və karyera xatirinə gəlmir. Onun insanlara nə isə deyəcək sözü var. Və o, susa bilmir. İstedad varsa, qalan hər şey - sənətkarlıq, təcrübə böyük əməyin nəticəsində əldə olunur.
- Qırx ilə yaxındır ki, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edirsiniz. Əlinizin altından yüzlərlə əlyazma keçib. Hansı əlamətlərə görə qarşınızda əsl yazıçı olduğunu başa düşürsünüz?
- Əsl yazıçını bir-iki gözəl ifadəsinə görə müəyyən etmək qeyri-mümkündür. Onu oxucunu təəccübləndirmək istəyi deyil, ona nə isə vacib bir şeyi çatdırmaq arzusu fərqləndirir. Ədəbiyyat saxtakarlığı sevmir. Əgər insan məşhurluq, mükafat və vəzifə naminə yazırsa, bu dərhal hiss olunur. Əsl əsər müəllifin susa bilmədiyi anda yaranır.
- Bu gün çoxları bəşəriyyətin mənəvi böhran keçirdiyini deyirlər. Buna baxmayaraq, insanın mənəvi dəyərlərə qayıda biləcəyinə inanırsınızmı?
- Mən əminəm ki, bu, mütləq baş verəcək. Və söhbət təkcə Azərbaycandan getmir və bu, bütün dünyaya aiddir. Bəşəriyyət tarixi artıq dəfələrlə belə keçidlər yaşayıb və onlar heç vaxt əbədi olmayıb. Mənə elə gəlir ki, bu gün biz sadəcə dəyişmənin ən yüksək nöqtəsinə çatmışıq. İstənilən pik həddindən sonra isə qaçılmaz olaraq əks istiqamətə hərəkət başlayır. Mən inanıram ki, insan yenidən xeyirxahlığı, ləyaqəti, hörməti və məsuliyyəti qiymətləndirməyi öyrənəcək. Gənc nəslin başa düşməyi xüsusən vacibdir ki, bu gün baş verənlər müvəqqətidir. Dövr dəyişib deyə mənəvi dəyərləri itirmək olmaz. İstənilən böyük kəşfin iki tərəfi var. Atomun parçalanması elmin məşhur nailiyyətlərindən oldu. Lakin eyni zamanda bəşəriyyətə məhvolma təhlükəsi gətirdi. Bütün kəşflərlə belə olur. Onlar insana xidmət edə də bilər, ona qarşı çevrilə də bilər. Hər şey texnologiyadan deyil, insanın özündən asılıdır.
- Siz dediniz ki, özünüzü xoşbəxt insan hesab edirsiniz, lakin sizin həyatınız nəinki yaradıcılıq qələbələri ilə, həm də ciddi sınaqlarla dolu olub. Bu gün sizin üçün əsl xoşbəxtlik nə deməkdir?
- Bəzən mən yaşadıqlarıma nəzər salıram. Bu yolda çoxlu sınaqlar da olub, bu gün də hələ hər şey başa çatmayıb. Lakin buna baxmayaraq, mən özümü xoşbəxt insan hesab edirəm. Hər şeydən əvvəl ona görə ki, mənə üç böyük hadisənin şahidi olmaq nəsib olub. Birincisi - Azərbaycan müstəqillik əldə etdi. İkincisi - xalqımız öz ərazi bütövlüyünü bərpa etdi və doğma torpaqlarını qaytardı. Və üçüncüsü - Qarabağ məsələsi öz həllini tapdı. Bütün bunları öz gözlərinlə görmək üçün həyatı yaşamağa dəyər. Məhz bu hadisələr mənə hər şeyin boşuna yaşanmadığı hissini bəxş edir.
- Yaradıcılıq və ictimai fəaliyyətiniz illərində siz müxtəlif epoxaların görkəmli insanları ilə görüşmüsünüz. Onları, həqiqətən də, böyük edən keyfiyyət nədir?
- Onları daxili ləyaqət birləşdirirdi. Əsl böyüklük heç bir vaxt sübuta ehtiyac duymur. Şəxsiyyət nə qədər böyükdürsə, bir o qədər də özünü təmkinli və sadə aparır. Belə insanlar özlərini göstərməyə, təəssürat yaratmağa cəhd göstərmirlər, onlar fayda gətirməyə çalışırlar. Onlar çox düşünüblər, nəinki danışıblar, çox yaradıblar, nəinki öz şəxsi xidmətlərindən söhbət açıblar. Məhz buna görə onların xatirəsi şöhrətdən daha artıq uzunömürlü olur.
- Sizi çox vaxt müasir ədəbiyyatın klassiki hesab edirlər. Siz özünüz bu yanaşmaya necə münasibət göstərərdiniz?
- Təbəssümlə. Mənə həmişə qəribə gəlib ki, canlı insanı klassik adlandırırlar. Klassik - bu, zamanın qiymətidir. Bu qiyməti yazıçının ədəbiyyatda yerini müəyyən edən oxucular və gələcək nəsillər verir. Buna görə də mən bu sözlərə heç bir vaxt böyük önəm verməmişəm.
- Çiyinlərinizdə nəinki böyük yaradıcılıq yolu, həm də xoşbəxt ailə tarixçəsi dayanır. Sizcə, əsl sevginin sirri nədədir?
- Mənim 88 yaşım var, onun 64 ilini həyat yoldaşım Zemfira ilə birgə yaşamışıq. Bu illər ərzində mən bir dəfə də olsun öz seçimimdən yanılmamışam. Sevgi sədaqət, hörmət, səbir və bir-birinə gündəlik qayğı olmadan mümkün deyil. Əgər bütün bunlar varsa, hisslər illər keçdikdə belə itmir, əksinə, daha da dərinləşir.
- Sizin bir çox əsərləriniz insanın daxili aləminə həsr olunub. Nəyə görə məhz bu mövzular heç bir vaxt öz aktuallığını itirmir?
- Ona görə ki, insan epoxadan qat-qat az dəyişir. Texnologiyalar, siyasət, dövlət sərhədləri dəyişir, lakin sevgi, vicdan, şərəf, dostluq və ləyaqət dəyişməz olaraq qalır. Nə qədər ki, insan mövcuddur, ədəbiyyat yenə də məhz bu mövzulara qayıdacaq.
- Sizi Çingiz Aytmatovla çoxillik dostluq əlaqələri bağlayır. Bir insan kimi onda siz nəyi xüsusən dəyərləndirərdiniz?
- Çingiz Aytmatov həmişə məni özünün kiçik qardaşı hesab edib. Mənim üçün bu, sadəcə səmimi sözlər deyildi, böyük etimadın və mənim çox qiymətləndirdiyim insani yaxınlığın əlaməti idi. O, nəhəng miqyaslı insan idi, lakin bununla bərabər təəccüblü dərəcədə sadə idi. Heç bir vaxt öz nüfuzunu qabartmayıb, həmsöhbətini diqqətlə dinləyər və bütün insanlara eyni hörmətlə yanaşardı.

- Necə hesab edirsiniz, Çingiz Aytmatov fenomeninin sirri nədədir?
- Hər şeydən əvvəl o, sözün böyük mənasında sənətkar idi. O, öz xalqını ürəkdən sevirdi, lakin bütün bəşəriyyətin taleyi ilə düşünürdü. Onun yaradıcılığının sərhədləri yoxdur - onlar vicdan, sevgi, yaddaş, məsuliyyət və insan ləyaqətindən bəhs etdiyi üçün müxtəlif mədəniyyətlər və xalqların nümayəndələrinə doğma və aydındır. Belə yazıçılar nadir hallarda dünyaya gəlirlər. Onların kitabları zamanın hökmünə tabe olmadan əbədi yaşayır.
- Bu yaxınlarda Oljas Süleymenov özünün 90 illiyini qeyd etdi. Sizi çoxillik dostluq əlaqələri bağlayır. Bu qədər illər sonra yenidən görüşəndə siz nə hiss etdiniz?
- Mən onun yubileyinə gəldim. Səhhətinə görə o, şəxsən iştirak edə bilmədiyi üçün zalda Oljasın videomüraciəti translyasiya etdirildi. Sonra mənə xəbər verdilər ki, o, mənimlə görüşmək istəyir. Bu mənə çox təsir etdi. Oljasla həyatımın bütöv dövrü hələ Sovetlər İttifaqı zamanından bağlı idi. Yəqin ki, həmin dövrün ən qiymətli irsi insanlar arasında səmimi münasibətlər olmuşdu. Dövlətlər müstəqillik əldə etmişdi, sərhədlər, siyasi sistem, zamanın özü dəyişmişdi, lakin əsl dostluq bütün bu dəyişikliklərdən üstün olmuşdu. Biz qarşılıqlı hörməti, etimadı və insani məhrəmliyi qoruyub saxlaya bildik. Mən inanıram ki, dostluq - böyük sənətdir. O nə zamandan, nə məsafələrdən, nə də siyasi şəraitdən asılı deyil. Əgər bu dostluq həqiqidirsə, istənilən sınağa tab gətirir və insan həyatının başlıca dəyərlərindən birinə çevrilir.
- Hər bir böyük insanın öz missiyası var. Siz bu həyatdakı öz missiyanızı nədə görürsünüz?
- Vaxtilə mən onu çox sadə ifadə etmişdim. Rus dilində yazan Çingiz Aytmatov və Oljas Süleymenov öz xalqlarını dünyaya tanıdırdılar. Mən isə öz xalqımı özünə tanıtdırmağa çalışmışam. Məhz buna görə də, Azərbaycanı dərk etməyin onlarsız qeyri-mümkün olduğu mövzulara - "Kitabi-Dədə Qorqud" eposuna, qədim Qobustana, tariximizə, ədəbiyyatımıza, məşhur insanların talelərinə müraciət edirdim. Mən istəyirdim ki, azərbaycanlılar keçmişin bu səhifələrini nəinki bilsinlər, həm də öz qəlblərinin bir parçası kimi hiss etsinlər. Mən həmişə haqsız olaraq kölgədə qalan adları və hadisələri cəmiyyətə qaytarmağa çalışmışam. Əgər mən insanların öz tarixlərinə maraq və öz mədəniyyətlərinə qürur hissi oyada bilmişəmsə, deməli, bu həyatı əbəs yerə yaşamamışam.
- Bu gün tez-tez türk dünyasının mədəni birliyindən danışırlar. Buna baxmayaraq, belə təşəbbüsləri bəzən təhlükə kimi təqdim etməyə çalışırlar. Sizin buna münasibətiniz necədir?
- Mən heç vaxt belə qorxuları başa düşməmişəm. Dilin, mədəniyyətin, elmin və humanitar əlaqələrin inkişafı təhlükə ola bilməz. Əksinə, xalqlar bir-birini nə qədər yaxşı tanıyarsa, onlar arasında etimad da bir o qədər güclü olar. Təəssüf ki, bu mövzu ətrafında süni şəkildə gərginlik yaradılır. Lakin mədəniyyət siyasi mübahisələrin alətinə çevrilməməlidir, əksinə, insanları birləşdirməlidir. Yalnız mədəniyyət xalqları bir-birini daha yaxşı başa düşməyə və qarşılıqlı hörməti qoruyub saxlamağa kömək edər.
- Ədəbiyyatın gələcəyini necə görürsünüz?
- Hər nəsil ədəbiyyata özünün fikri ilə gəlir. Gənc yazıçıların bizə bənzəməsini tələb etmək lazım deyil. Biz də nə vaxtsa gənc olmuşuq və yaşlılar da, yəqin ki, bizə şübhə ilə yanaşıblar. Bu, təbiidir, lakin elə şeylər var ki, dəyişmir. Əsl ədəbiyyat heç vaxt karyera və şöhrət xatirinə yaranmır. O, insanın, həqiqətən də, sözü olanda meydana çıxır. Qalan hər şeyi zaman özü yerbəyer edir. Yalnız o, ən ədalətli hakim olaraq qalır.
- Böyük nüfuzunuza baxmayaraq, siz də tanınmış bir insan kimi tənqidlə qarşılaşmalı olmusunuz. Bu gün Çingiz Aytmatov kimi şəxsiyyətlər də tənqidə məruz qalır. Belə hallara necə yanaşırsınız?
- Tamamilə buna alışmaq mümkün deyil. Əlbəttə, insanlar sənə hörmətlə yanaşanda xoşdur, lakin həmişə hər şeyi inkar etməyə çalışanlar da tapılır. Aytmatovu aşağılamağa çalışmaq yolverilməzdir. Düzünü desəm, mən bunu başa düşmürəm. Dünyada olmayan insanla mübarizə aparmaq olmaz. Bu, ən pis işdir. Aytmatov çoxdan nəinki Qırğızıstana, bütün bəşəriyyətə, dünya ədəbiyyatına məxsusdur. Milyonlarla insan Qırğızıstanı məhz onun kitabları sayəsində tanımışlar. Yaradıcılığı haqqında mübahisə etmək olar, lakin şəxsiyyətinin böyüklüyü bugünkü dəyərlərlə deyil, zamanla müəyyənləşir. Böyük insanlar hər nəsildə, hər zaman dünyaya gəlmirlər. Onları qorumaq lazımdır.
- Deyirlər, elə ölkələr var ki, insanın tərcümeyi-halının bir parçasına çevrilir. Demək olarmı ki, Qırğızıstan sizin şəxsi taleyinizin bir hissəsidir. Sizi bizim ölkəylə nə bağlayır?
- Mənim üçün Qırğızıstan - hər şeydən əvvəl qardaş ölkə və Çingiz Aytmatovdur. Məhz onun sayəsində milyonlarla insan bütün dünyada özü üçün sizin ölkəni, onun tarixini, mədəniyyətini və mənəvi aləmini kəşf etdi. Qırğızıstan - həm də xalqınızın haqlı olaraq qürur duyduğu görkəmli şəxsiyyətlər deməkdir. Ali ssenari kurslarında birlikdə oxuduğumuz Mar Bayciyevə, birgə film çəkmək arzusunda olduğumuz Tolomuş Okeyevə və başqa bir çox qırğız ziyalılarına böyük hörmətlə yanaşıram.
Burada şəxsi əlaqələr də var. Mənim sürgün olunmuş qohumlarım - Rəfibəylilər ailəsi onlara həmişə hörmətlə yanaşılan Qırğızıstanda yaşayıblar və onların övladları da orada məskunlaşıb. Qohumlarımdan biri nazir müavini vəzifəsini tutub, bu gün isə Bişkəkin Fəxri Xiyabanında uyuyur, ona görə də Qırğızıstan mənim üçün sadəcə dost ölkə deyil, ailə tariximizin və yaddaşımın bir parçasıdır. Məni ölkənizlə onilliklərlə davam edən dostluq, çoxsaylı görüşlər və səmimi xatirələr bağlayır. Qırğızıstana hər səfərimdə ürəkdən şad oluram və səmimi qəlbdən xalqınıza sülh, barış və firavanlıq arzu edirəm.
- Siz Çingiz Aytmatov tərəfindən yaradılmış İssık-Kul forumunun iştirakçısı olmusunuz. Bu gün dünyanın yenidən mürəkkəb dövrlər yaşadığı bir vaxtda belə dialoq ideyasına nə dərəcədə ehtiyac duyulur?
- Mənə elə gəlir ki, bu gün buna hətta əvvəlkindən də çox ehtiyac var. İssık-Kul forumu müxtəlif baxışların, müxtəlif ölkə və mədəniyyətlərin nümayəndələrinin hər hansı siyasi bəyanatları üçün deyil, bəşəriyyətin gələcəyi haqqında səmimi söhbətlər etmək üçün toplaşdığı unikal meydan idi. Çingiz Aytmatov anlayırdı ki, dünyanı yalnız siyasi qərarlarla qoruyub saxlamaq mümkün deyil. Mədəniyyət, elm və incəsənət adamları bir-birini dinləməyi öyrənməyincə, xalqlar arasında əsl qarşılıqlı anlaşmaya nail olmaq qeyri-mümkündür. Çox istərdim ki, İssık-Kul forumunun ruhu yaşamaqda davam etsin. Mədəniyyət - siyasətin insanları ayırdığı məqamda onları birləşdirən körpü olmalıdır. İnsandan geriyə yalnız özündən sonra qoya bildiyi şeylər qalır. Qalan hər şey keçicidir. Vəzifələr bitir, mükafatlar unudulur, şöhrətə münasibət dəyişir. Lakin kitablar, xeyirxah əməllər, insanların yaddaşı və doğmalarının sevgisi qalır. Əgər səndən sonra dünya bir qədər xeyirxahlaşıbsa, əgər düşüncələrin insanların qəlbində yaşamaqda davam edirsə, deməli, həyat əbəs yerə yaşanılmayıb.

- Əgər bu gün gənc bir insan sizdən: "Əsl yazıçının yolu nədən başlayır?" - deyə soruşsaydı, siz ona nə cavab verərdiniz?
- Hər şeydən əvvəl - yaşamaq, müşahidə etmək və hiss etmək bacarığından. Əgər sənin insanlara nə isə deməyə sözün yoxdursa, böyük kitab yazmaq lazım deyil. Ədəbiyyat gözəl süjetdən deyil, insanı və özünü dərk etməyin daxili ehtiyacından başlanır.
- Siz müxtəlif dövrlərin dəyişməsinin şahidi olmusunuz. Bu gün peşman olduğunuz nə isə varmı?
- Yox. Əlbəttə, hər bir insan nəyi isə dəyişməyə, başqa cür etməyə bilərdi. Lakin əgər daima geri boylansan, bu günlə yaşaya bilməzsən. Mən hər şey üçün - həm sevincli günlərimə, həm də sınaqlara görə taleyimə minnətdaram. Bütün bunlar mənim həyatımın və kitablarımın bir parçasına çevrilib.
- Bu gün sizin üçün hər şeydən vacib olan nədir?
- Yaddaşın qorunub saxlanılması. İnsanlar, mədəniyyət, tariximizin yaddaşı. Xalq o vaxta qədər yaşayır ki, öz kökünü xatırlayır. Yaddaş itəndə, tədricən xalqın özü də məhvə doğru gedir.
- Bu söhbətimizdən sonra mən sizə ən başlıca sualı vermək istərdim. Çox illər keçəndən sonra sizi necə xatırlamalarını istərdiniz?
- Mənə təmtəraqlı sözlər lazım deyil. Mən istərdim ki, bir gün kitablarımı açsınlar, bir neçə səhifə oxusunlar, xeyirxah, gərəkli və dürüst olduqlarını hiss etsinlər. Əgər, hətta bu tək bir insan olacaqsa, deməli, yazdıqlarım, əbəs deyilmiş. Yazıçının əsl mahiyyəti, mənə elə gəlir ki, məhz bundadır.
- Əgər bu gün gənc insanlara bir neçə sözlə müraciət etsəydiniz, onlara nə deyərdiniz?
- Başqa insanların fikirlərini təkrar etməyə tələsməyin. Yaxşı kitablar oxuyun, valideynlərinizə hörmət edin, öz tarixinizi qoruyun və heç bir vaxt unutmayın ki, insanın ləyaqəti nə qədər qazandığı ilə deyil, özündən sonra nə qoyub getdiyi ilə ölçülür.
- Anar müəllim, səmimi söhbətə görə sizə minnətdaram. Kitabları Azərbaycanın və bütün türk dünyasının tarixinə çevrilmiş sizinlə yenidən görüşmək mənim üçün böyük şərəfdir. Səmimi qəlbdən sizə möhkəm cansağlığı, uzun ömür və hələ bir neçə nəslin minnətdarlıqla oxuya biləcəyi yeni-yeni əsərlər yazmağı arzu edirəm.
- Çox sağ olun, Assol. Mən sözün insanları birləşdirmək gücünə inanmışam. Nə qədər ki, insan oxuyur, düşünür və başqasını dərk etməyə çalışır, o zaman dünyanın gələcəyi var. Və əgər mənim kitablarım buna bir qədər kömək edibsə, deməli, heç nə əbəs deyil.

Assol Moldokmatova
"Ədəbiyyat qəzeti"