Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı
5 sentyabr 2026
# 14:00

Kulis.az Dilqəm Əhmədin "Ziyaəddin Babakurbanın Türküstan uğrunda mücadiləsi" yazısını təqdim edir.

Ötən əsrdə Türkiyədə Türküstan mücadiləsini aparan şəxslər arasında özbək türklərindən olan jurnalist Ziyaəddin Babakurbanın önəmli rolu olub. Həm Türkiyə, həm də mühacir Türküstan mətbuatında SSRİ, kommunizm əleyhinə kəskin yazılar qələmə alan, təşkilati işlərdə iştirak edən Ziyaəddin bəy eyni zamanda "Azadlıq radiosu"nun imkanlarından da faydalanıb.

Ziyaəddin bəy 1931-ci ildə Özbəkistanın Mengilan şəhərində doğulub. Kiçik yaşda ikən ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edib.

Hüseyn Namiqlə birgə

Babakurbanın Türkiyədəki ilk mühüm fəaliyyətlərindən biri türkçü tarixçi və publisist Hüseyn Namiq Orkun ilə əməkdaşlığıdır. 1952-ci ildə o, Orkunla birlikdə tələbələr arasında fəth illərini qeyd etmək məqsədi daşıyan bir dərnəyin yaradılmasında iştirak edib. Orkun Türkiyədə türk tarixi və türkçülük ideyasının ən tanınmış tədqiqatçılarından biri idi. 1956-cı ildə onun vəfat etməsi Babakurban kimi dostlarını kədərləndirmişdi. Buna görə də 1962-ci ildə Babakurbanın rəhbərliyində "Sevənlərinin qələmindən Hüseyn Namiq Orkun" adlı kitab nəşr edilib. "Toprak Yayınları"ndan çıxan kitabda Orkunun dostları, əqidədaşlarının qələmə aldığı yazılar toplanmışdı.

"Türkistan" dərgisi və mətbuat fəaliyyəti

Babakurbanın ictimai fəaliyyətinin ən mühüm səhifələrindən biri 1953-cü ildə İstanbulda nəşrə başlayan "Türkistan" dərgisi ilə bağlıdır. Dərginin sahibi və yazı işləri müdiri Ziyaəddin Babakurban, baş mühərriri isə Şərqi Türküstanın tanınmış siyasi və ictimai xadimi Məhəmmədəmin Buğra idi. Dərginin ilk sayı 1953-cü ilin aprelində çıxıb, son sayı isə həmin ilin sentyabrında nəşr edilib. Jurnal Türküstanın tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai həyatı haqqında məlumat vermək, Türkiyədə yaşayan türküstanlıların milli şüurunu qorumaq və müxtəlif Türküstan icmalarını bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyırdı. Eyni zamanda Sovet Rusiyası və kommunist Çin idarəçiliyi altında yaşayan türklərin vəziyyətinin dünya ictimaiyyətinə çatdırılması da əsas məqsədlərdən biri idi. Dərginin digər mühüm xüsusiyyəti Şərqi və Qərbi Türküstan mühacirlərini eyni nəşr ətrafında birləşdirməsi idi. Dərgidə Məhəmmədəmin Buğra, Əbdülvahab Oktay, Tahir Çağatay, İbrahim Yarkın, Reha Oğuz Türkkan və başqa ziyalıların yazıları dərc olunurdu. Dərginin qısa müddətdə dayanmasının əsas səbəblərindən biri Buğranın 1953-cü ilin payızında keçirdiyi ürək tutmasından sonra uzun müddət xəstə yatması idi.

(Şəxsi arxivimizdə Babakurbanın "Türküstan" məcmuəsi dövründə çəkdirdiyi bir fotoşəkil, "Azadlıq radiosu"nda işlədiyi dövrə aid bir vizitka mövcuddur).

Babakurban sonrakı illərdə "Milli Türkistan" dərgisinin Türkiyə təmsilçiliyində fəaliyyət göstərib, "Hür Türkistan için" adlı qəzet də təsis edib. Həmçinin Türkiyədə "Havadis", "Millet", "Hürses", "Milliyet", "Yeni İstanbul", "Son Havadis" kimi qəzetlərdə, eləcə də "Toprak", "Orkun", "Milli yol", "Ötüken", "Fedai", "Düşünen adam" dərgilərində məqalələr qələmə alıb.

Onun yazılarında əsasən üç mövzu xətti seçilir:

Sovet İttifaqında yaşayan türk xalqlarının vəziyyəti;

Çin hakimiyyəti altındakı Şərqi Türküstan məsələsi;

Türkiyə cəmiyyətində "Dış türklər" haqqında məlumatlılığın artırılması.

Ziyaəddin bəy Türküstan mücadiləsinin liderləri olan Mustafa Çokayoğlu və Vəli Kayyumxana böyük ehtiram bəsləyib. "Toprak" dərgisində Çokayoğlu haqqında məqalə yazan Babakurban Türküstan Milli Birlik Komitəsinin rəhbəri Kayyumxana qarşı iddialar irəli sürən digər türküstanlı Tahir Çağatayın əleyhində də bəyannamə dərc edib. İkinci Dünya müharibəsi mövzusuna geniş diqqət göstərən Ziyaəddin bəy "Son Havadis" adlı qəzetdə "Avropadakı türk ordusu" adlı silsilə məqalələr qələmə alıb, Almaniya tərəfindən Rusiyaya qarşı vuruşan soydaşlarının həm hərbi, həm də ədəbi, mətbu fəaliyyətini işıqlandırıb.

Məqalələrində Şərqi Türküstanda, Əfqanıstanda yaşayan türklərin də vəziyyətinə diqqət çəkən Babakurban Mustafa Kamal Atatürkün "yurdda sülh, cahanda sülh" formulunun Rusiya və Çin əsarətində olan millətlərin azad olub BMT-də təmsil olunduqları zaman gerçəkləşəcəyini bildirib.

Türküstanlılar Yardımlaşma Dərnəyi

Babakurbanın fəaliyyəti mətbuatla məhdudlaşmırdı. O, Türkiyədə yaşayan türküstanlıların ictimai təşkilatlanmasında da iştirak etmişdi. 1954-cü ildə İstanbulda yaradılan Türküstanlılar Yardımlaşma Dərnəyinin təsisçilər arasında yer almışdı. Dərnəyin sonradan Ankara və Adanada da şöbələri yaradılmışdı. Babakurban 1962-1967-ci illərdə dərnək sədri kimi Türküstan mübarizəsinə rəhbərlik edib.

Babakurbanın fikir tarixində ən mühüm əsəri 1962-ci ildə işıq üzü görən "Dış türklər və Türküstan davası" kitabıdır. O, "dış türklər" məsələsinin təkcə turançılıq və ya pantürkizm prizmasından təqdim edilməsinin doğru olmadığını düşünürdü. Onun yanaşmasında əsas məsələ imperiya hakimiyyəti altında yaşayan xalqların istiqlalı və insanların azadlığı idi. Təsadüfi deyil ki, o, "Toprak" dərgisindəki bir yazısında M.Ə. Rəsulzadənin "İnsanlara hürriyyət, millətlərə istiqlal" fikrini rəhbər tutmuşdu.

Ziyaəddin bəy siyasi mübarizə ilə yanaşı elmi, mədəni tərəqqinin də əhəmiyyətini vurğulayırdı, buna görə də "Dış Türklər Araşdırma İnstitutu"nun qurulmasını təklif etmişdi. Onun digər maraqlı bir təklifi isə 1959-cu ildən etibarən ABŞ-də baş tutan "Əsir millətlər həftəsi"nin Türkiyədə keçirilməsi ilə bağlıdır. Bu məqsədlə o, 1962-ci ildə Türkiyə senatına müraciət etmişdi.

"Azadlıq radiosu"nda

Bir sıra mühacirlər kimi, Babakurban da SSRİ-yə qarşı önəmli silah olan "Azadlıq radiosu"nda çalışıb. O, radionun Özbək şöbəsində Buxara Xalq Cümhuriyyətinin qurucusu Osman Kocaoğlunun oğlu Timur bəylə birgə çalışıb. Radiounun əməkdaşları arasında Vəli Zünnun, Hüseyn İkram xan, Kadir Egemkul, Sabur İşinbət, Osman Murad, Məhəmməd Turan, Əbdülcəlil Vəfalı, Ənvər Hocaoğlu və başqa isimlər də yer alıb. Bu radio vasitəsilə onlar Özbəkistan SSR vətəndaşlarına səslərini çatdıra bilirdilər.

Vətənə qayıdış

Sovet İttifaqının dağılması Babakurbanın həyatında mühüm dönüş yaratdı. 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra Türküstan məsələsinin siyasi mühiti köklü şəkildə dəyişdi. 1930-cu illərdə Sovet hakimiyyəti altında qalan Mengilandan ayrılaraq Türkiyəyə gələn Babakurban təxminən, yarım əsr sonra müstəqil Özbəkistanda mükafata layiq görülür. Vətənini ziyarət edən Babakurbana 1992-ci ildə Daşkənddə "Çolpan" mükafatı verilir.

Babakurban uzun illər Almaniyada yaşayıb. Təqaüdə çıxdıqdan sonra Türkiyəyə qayıdıb, lakin həmin dövrdə ciddi sağlamlıq problemləri yaşayıb. Ömrünün son illərini xəstəliklərlə keçirib və 7 may 2011-ci ildə İstanbulda vəfat edib.

İnsanlara hürriyyət, millətlərə istiqlal

Yuxarıda qeyd etdik ki, Ziyaəddin Babakurban Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin məşhur formulunu rəhbər götürüb. "Toprak" jurnalında onun bu adda qısa bir məqaləsi də dərc olunub:

"Son günlərdə mətbuatımızda "Xaricdəki türklər məsələsi"nə göstərilən maraq təqdirəlayiqdir. Bu gün dünyanın hansı tərəfinə getsəniz, bu şüarla qarşılaşarsınız:

İnsanlara hürriyyət, millətlərə istiqlal...

Bəli, çox gözəl şüardır. Lakin azad millətlər bu çağırışlara yardım əlini uzatmadıqca nə dünyada, nə də məmləkətdə sülh olmayacaqdır.

Bu yaxınlarda Çin imperializminin işğalı altında olan Şərqi Türküstan haqqında bir qəzetdə dərc olunmuş yazıda baxın, nə yazılır: "Nə olursa-olsun, əsir düşmüş bu səkkiz milyon türk üçün mədəni dünyaya səslənməliyik."

Əzəldən bəri üzərində türk yaşayan, yaradılışdan bəri türk ruhunun məskən saldığı və sonuncu fərdinədək türk olaraq qalacaq Türküstanın və digər ölkələrin səsinə qulaq asmağın və onu azad dünyaya tanıtmağın vaxtı gəlib çatmış, hətta keçməkdədir.

Çin-Rusiya imperializminin qandalında inləyən Türküstan, Qafqaz, İdil-Ural və Azərbaycan və s. topluluqlarının fəryadı da "İnsanlara hürriyyət, millətlərə istiqlal" sədasından başqa bir səs deyildir.

Bu soydaşlarımızla türk olaraq deyil, dindaş olaraq deyil, yalnız insan kimi maraqlanmalı deyilikmi?"

Ziyaəddin bəy 1959-cu ildə qələmə aldığı bu yazısındakı arzuların bir qisminə 1991-ci ildə çatdı. Ümid edirik ki, növbəti onilliklərdə məqalələrində azadlıq arzuladığı digər türk xalqları da istiqlalına qovuşar.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
Tim Kerrinin ölüm səbəbi açıqlandı

Tim Kerrinin ölüm səbəbi açıqlandı

11:00 5 sentyabr 2026
Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər