Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri
5 sentyabr 2026
# 12:30

Varşava Universitetinin And Araşdırmaları Mərkəzinin tədqiqatçıları Peru ərazisindəki qədim İnka şəhəri Maçu-Pikçu yaxınlığında arxeoloji kəşfə imza atıblar.

Kulis.az xəbər verir ki, sıx tropik meşənin altında Kolumbaqədərki dövrə aid təxminən 2,4 kilometr uzunluğunda gizli yol şəbəkəsi aşkar edilib.

İnka dövründən qaldığı ehtimal olunan bu yolların indiyədək bilinməyən terraslara və platformalara uzandığı müəyyən olunub.

Təxminən 2400 metr yüksəklikdə yerləşən yeni yollar Maçu-Pikçunun qarşı tərəfindəki memarlıq abidələrinə aparır. Kəşfin ən diqqətçəkən tərəfi isə bu tikililərin Urubamba çayının digər sahilində yerləşməsidir. İndiyədək Maçu-Pikçu Milli Parkında 60-dan çox arxeoloji ərazi qeydə alınmışdı və onların böyük əksəriyyəti çayın sol sahilində yerləşirdi. Bu da İnkaların məskunlaşma və tikinti fəaliyyətlərini əsasən orada cəmləşdirdiyini düşündürürdü. Lakin yeni kəşf çayın qarşı tərəfində də əhəmiyyətli mədəni transformasiya və tikinti işlərinin aparıldığını sübut edir.

Bu mühüm tapıntı LiDAR texnologiyası sayəsində mümkün olub. Lazer şüalarından istifadə edərək yer üzünün üçölçülü xəritəsini çıxaran LiDAR, sıx bitki örtüyünün altındakı relyef formalarını və insan əli ilə yaradılmış strukturları aşkar etməyə imkan verir.

Yeni tapılan yolların təxminən 1,2 kilometrlik hissəsində İnka yolları üçün xarakterik olan ziqzaqvari dizayn da qeydə alınıb. Tədqiqatçılar bu xüsusiyyətin yolun Maçu-Pikçunun aktiv istifadə edildiyi dövrə aid olduğuna dair tutarlı sübut ola biləcəyini düşünürlər. Qazıntılarla platformaların böyüklüyünü və işlevini anlamaq, başqa memarlıq qalıqlarını üzə çıxarmaq və tikililəri tarixləndirmək məqsədilə gələn il ərazidə genişmiqyaslı çöl tədqiqatlarına başlanması planlaşdırılır.

Qeyd edək ki, Varşava Universitetinin tədqiqatçıları və Peru rəsmiləri yeni arxeoloji ərazilərin dəqiq koordinatlarını hələlik gizli saxlayırlar. Məqsəd bölgəni qeyri-qanuni qazıntı apara biləcək şəxslərdən və həvəskar "xəzinə ovçuları"ndan qorumaqdır. Tədqiqatçıların fikrincə, müqəddəs Mandor divarı yaxınlığındakı bu yeni yollar və terraslar Maçu-Pikçunun mərasim və dini funksiyalarının indiyə qədər təxmin ediləndən daha geniş bir coğrafiyaya yayıldığını göstərir.

Maçu-Pikçu haqqında

Maçu-Pikçu (Machu Picchu) — Peruda, And dağlarında, dəniz səviyyəsindən təxminən 2430 metr yüksəklikdə yerləşən qədim İnka şəhəridir. 15-ci əsrdə İnka imperatoru Paçakutek (Pachacuti) tərəfindən inşa edildiyi güman olunan bu şəhər, ispanların Cənubi Amerikanı işğalı zamanı unudulmuş və təxminən dörd əsr ərzində gizli qalmışdır. Abidə yalnız 1911-ci ildə amerikalı arxeoloq və kəşfiyyatçı Hiram Binqam (Hiram Bingham) tərəfindən yenidən dünyaya tanıdılmışdır. Nəhəng daş divarları, terrasları və mürəkkəb su sistemləri ilə İnka memarlığının şah əsəri sayılan Maçu-Pikçu hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır və "Dünyanın yeni yeddi möcüzəsi"ndən biri hesab olunur.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
Tim Kerrinin ölüm səbəbi açıqlandı

Tim Kerrinin ölüm səbəbi açıqlandı

11:00 5 sentyabr 2026
Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər