Kulis.az 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycanın müasir qadın şairlərinin şeirlərini təqdim edir.
Mirvarid Dilbazi
Gəl
Qırıq açar qapı açmaz,
Qırıq qanadla quş uçmaz.
İgid olan darda qaçmaz,
Gəl, çətinə dözənim, gəl!
Tərlan idin, dönmə sara.
Qonmaq üçün zirvə ara.
Aman vermə gülü xara,
Gəl, dünyanı gəzənim, gəl!
Dağam, duman var başımda,
Ürək alışar döşümdə.
Gəl, ağlatma bu yaşımda,
Ürəyimi əzənim, gəl!
Girdim hicran otağına,
Dözdüm illər sınağına.
Gəl, ey solğun yanağıma
Mirvarilər düzənim, gəl!
Mədinə Gülgün
Bir ovuc qar
Həkim çox qulaq asdı,
Ürəyimi yoxladı.
Həssas barmaqlarını
Nəbzim üstə saxladı.
Qəlbinin döyüntüsü
Artmış bir qədər, dedi.
İçsən bu dərmanları
Yəqin düzələr, dedi.
Söylədim, aman, həkim,
Əbəsdir dərman, həkim.
Qulaq as ürəyimin
Tellərini dindirən
Həsrətə, qəmə, həkim.
İçsən bu dərmanları
Sağaldar demə, həkim!
Vətəni darda qalan,
Gözü yollarda qalan
Bir elin xəstəsiyəm,
Nüsxə yazma nahaqdan.
Mənə bir çiçək gətir
Doğulduğum torpaqdan.
Boynu bükük bənövşə,
Bağrı yanıq lalə dər,
Məni dərmanlar deyil,
O çiçəklər dirildər.
Savalanın qarından
Bircə ovuc tap, həkim.
Bu vaxtsız ayrılıqdan
Çəkməyim əzab, həkim.
Qoyum sinəmin üstə,
Yanğım azalsın barı.
Sanım ki, vətəndəyəm,
Unudum ağrıları,
Unudum ağrıları...
Nigar Rəfibəyli
Durna
Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.
Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.
Esmira Məhiqızı
***
ağlıma gəldi ki, mən mən deyiləm,
mən orda qalmışam, oralar məndə.
ömür də bölünüb ağa, qaraya,
ağlar uzaqlarda, qaralar məndə.
heç mənlik deyilmiş bu yol, bu yöntəm,
hər karvan dalınca ulayan itəm,
bir az da qürbətəm, bir az da vətən,
haralar varıymış... haralar məndə.
dərdə diz basmaqdan, dizlərim yara,
izimə düşürəm, izlərim yara,
ayağım, ürəyim, gözlərim yara,
yeriyir, yüyürür yaralar məndə.
Səhər Əhməd
***
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
Səhərlər təndir çörəyi
və yağışlı havalar.
Səngiyirmi küçənizin
tinindəki davalar?!
Cavan-cahıl tərk edirmi
Yığışdığı dalanı,
Seyrəlirmi gəlişləri
Qatıqsatan xalanın?!
Yenə alov qüllələri
Gecə parıldayırmı,
Dərin bir yuxu içində
Yağış şırıldayırmı?!
Yandırdızmı sobaları,
Çəkdizmi pərdələri,
Asdınızmı divarlardan
Ömrün "xəritələrin"?!
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
Həyat Şəmi
Adını sən qoy
Ozan çalsın havamızı,
adını sən qoy...
Uçurduğun yuvamızın
adını sən qoy...
Hər gün bir az darıxmağın,
durub özümdən çıxmağın,
gözdən ürəyə axmağın
adını sən qoy.
Baxır hey arxanca gözüm,
gözümdə mirvari düzüm,
doğulmayan körpəmizin
adını sən qoy.
Bu qədərmiş... bitdi oyun,
boğazımda sevgim düyün...
ürəyinə öz sevdiyin
qadını sən qoy.
adını sən qoy: ...
Rəbiqə
***
Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.
Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.
Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.
Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.
Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.
Sevinc Elsevər
Sevgidə kompleksli qadın
Sevimlim Yıldız Tilbəyə ithaf...
bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...
ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.
küsdümsə,
əyilir üzüm
çatılır qaşım
yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...
hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...
yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi...
indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm
əvvəlcə...
Könül Arif
Əkiz çapıq
Çapıqlarımı
İsanın yaşında –
Otuz üç yaşımda
Sevməyə başladım.
Eyni səmtdə – sol tərəfdə
Sənin də çənəndə
Birini görəndə
Çaşıb-qaldım.
Sonra gizlicə
Həmin kafedə
“Şair çapıqsız olmaz” deyə
Sən qulağıma pıçıldadın.
O vaxtdan bəri,
qeyri-ixtiyari,
Gördüyüm insanların üzündə
Çapıqlar axtarmağa başladım –
Biz ayrılandan bəri
Çapıq-çapıq olub
Gözlərimin iziylə
Bu küləklər şəhəri.
Necə də mənasızmış səbəbləri
Bütün estetik əməliyyatların.
Fəridə Uğur
***
Müharibədə ata-anasını itirmiş uşaqlar
günəşə baxıb gülümsəyəcəklər bir gün
bütün mərmilərə inad...
Əri çıxıb getmiş o qadın da
yığacaq gözünü yollardan
gətirib güzgülərdəki boşluqlara atacaq...
Bilirəm, çıxacaq divardakı bu fotodan
darıxan qağayılar haçansa
dənizə tərəf uçacaqlar...
Onda evim olacaq mənim də və
mətbəxdən başlayacam unutmağa səni
ən əvvəl yağı unudacam ocaqda
sonra dəmi...
bu otağa nəyə gəlməyimi...
Ya da çörək almamış qalxacam evə...
Nə qədər ki, atamı ayaq səslərindən,
Anamı nəfəsindən tanıyıram – hələ vaxt var
İncit məni bir az daha
Noolar, bircə tez unudulma...
Aysel Əlizadə
Sən
Sən elə gəldin
elə bil bütün gedənlər sənsən.
Hamının yerinə peşman gəldin.
Bir də Sən
Məni də
hardansa tapıb gətirdin.
Belə gəldin
başqa cür...
Günel Şamilqızı
Məlikməmmədə
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
Bir div saçlarıma toxunan gündən
Uzanıb, uzanır bu edam, oğlan.
Mən bu div oğlanla tükəndim, bitdim,
Sənə külüm qaldı, ay adam oğlan.
Düşmən Məlikməmməd, dost Məlikməmməd,
Çıxart bu quyudan “sonra”larımı.
Sənin barmağında duz qalıb, oğlan,
Göynədir mənim də yaralarımı.
Alnımda yazılar yaman gündədir,
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm,
Məni öz içimdən kim çıxardacaq?
Bu nə pis yuxudur, ayılmaq çətin,
Hər gün diri olmur sağ görünənlər.
Nə olar, qoçların rənginə baxma,
Həmişə ağ olmur ağ görünənlər.
Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.