O, müasir Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biridir. Həm ötən əsr, həm də indiki dövr ədəbiyyatında öz möhürünü vurmuş yazıçılarındandır. Amma onun qələmdaşlarından ən əsas fərqi əsərlərinin hər dövrdə, hər yaşda, hər düşüncədə olan oxucular tərəfindən maraqla oxunmasıdır. Şəxsən mən onun kitabını ilk dəfə anamın əlində görmüşdüm. Anam kitabı bitirər-bitirməz mən alıb oxumuş, sözlərini, düşüncələrini acgözlüklə başıma çəkmişdim. Sonra isə qiraət növbəsini gözləyən qonşularımız, elə onların özləri kimi qonşulardan bəhs edən "Daş evlər”i əl-əl, növbə-növbə oxumuşdular. Kitab bizə geri qayıdanda vərəqləri tökülürdü, amma bu kitaba sayğısızlıqdan deyildi, əllərdə yıpranan kitabın yorğun görüntüsü idi. Özünə heç oxunmamış, səliqəli kitabların düzüldüyü rəfdə yer eləyib dincəlmək, yuxusuz gecələrin acısını çıxarmaq istəyirdi. Mən Seyran Səxavəti "Daş evlər”dən tanıdım və uşaqlığımın daş xatirələrinə də kitabı əl-əl gəzən bir Azərbaycan yazıçısı kimi hopdurdum: Seyran Səxavətin əsərlərini təkcə ziyalılar, tələbələr, müəllimlər oxumurdu, orta məktəbin cəmi bir neçə sinfini bitirmiş evdar qadınlar da oxuyurdu. Deyirlər, Seyran Səxavət haqqında danışmaq çətindi, amma biz yenə də cəhd elədik. Bu söhbətdə mənə kömək edən isə yazıçının övladı - Azərbaycan Yazıçılar Birliyinin üzvü, köşə yazarı Ləman Seyran qızı oldu.
– Seyran Səxavəti həm övladı, həm də oxucusu kimi qızından eşidək.
– Düşünürəm ki, ata haqqında təkcə oxucu kimi danışmaq çox çətindir, çünki nə olursa-olsun ata insan üçün ən əvvəl atadır. O, yazıçı da olsa, məşhur da olsa, mənim üçün ilk növbədə atamdır. Atam həm müəllimimdir, həm dostumdur. Həmişə onu istedadlı yazıçı, dramaturq, şair hesab eləmişəm.
– Belə fikir var ki, digər ailələrə nisbətən yazıçı ailəsində daha çox kitab oxuyarlar. Çünki həm evdəki ədəbi abu-hava, həm yaxşı mənada qələm sahibi olan valideynin təzyiqi övladı daha çox kitablara bağlayır. Sizdə necə olub?
– Bizdə hər şey çərçivəsində, rejimində olub. Amma müəyyən hissi məqamlar var ki, orda bizə heç vaxt təzyiq olunmayıb. Atamız heç vaxt bizə təzyiq etməyib ki, mütləq bu kitabı oxumalısan. Biz sadəcə kitabı ya açıb oxumuşuq, ya da oxumamışıq. Amma Seyran Səxavətin övladları arasında ən çox ədəbiyyata mən meyilli olmuşam. Atamın əsərləri ilə də ən çox mən maraqlanmışam, oxumuşam. Hətta ədəbiyyata məhəbbətim atamın yazılarından yaranıb. Atam olmasaydı, mən ədəbiyyatı sevməzdim. Atamın əsərləri mənim üçün özü bir ədəbiyyatdır.
– Maraqlıdır, ilk olaraq Seyran Səxavətin hansı əsərini oxumusuz?
– İlk olaraq "Daş evlər”i oxumuşam və çox təsirlənmişəm. Mən o əsəri 2008-ci ildə oxuyarkən o qədər canlı hesab eləmişdim ki, sanki ordakı obrazlar öz qonşularım idi. Hər gün kitabı vərəqlədikcə deyirdim görən, bu gün filankəsgildə vəziyyət necədir? Sabah o biri qonşugildə necə olacaq? Atam o əsəri o qədər möhtəşəm yazıb ki, hətta əsərin sonunda bir yer var ki, bütün obrazlar səhnəyə çıxır, onları alqışlayırlar. Əsərin o hissəsində hətta kövrəlmişəm də. Və ayılmışam ki, bu, canlı həyat deyil, bir əsər imiş. Sözün yaxşı mənasında pərişan olmuşam. Amma o pərişanlıq məndə ədəbiyyata məhəbbəti hörüb bu vaxta qədər gətirib ki, mən atamın əsərləri ilə ədəbiyyatı sevmişəm.
– Olubmu ki, hansısa əsərini oxuyanda ordakı müəyyən bir hissə ilə razılaşmayasız? Hətta incimisiz ki, gərək bu hissəsi belə olmayaydı?..
– Sizi səmimi şəkildə inandırım ki, belə məqamlar olmayıb. Çünki atam o əsərləri o qədər səlis, ardıcıllıqla yazıb ki, heç bir narazıçılığa səbəb olmayıb. Halbuki biz bu gün seriallara baxanda, təəssüflənirik ki, kaş bu səhnə belə olmayaydı. Baxmayaraq ki, bu gün biz müasir yazıçıların cılız əsərlərini oxuyanda – hansı ki, unitazdan, şokoladdan yazırlar – düşünürük ki, gərək bu cür yazılmayaydı. "Kaş ki”lər təəssüf ki, çox olur. Bilirsiz, sözün dayandığı və doğulduğu bir yer var. Gərək sözün dayandığı yeri də, doğulduğu yeri də biləsən. Sözün doğuşunun gəlmə prosesini də biləsən ki, artıq sancı başlayıb. Amma onu indi ki yazanlar bilmirlər. Məndən incisələr də, inciməsələr də mən bir yazıçı kimi deyil, oxucu kimi fikrimi bildirirəm. İndiki yazarların demək olar ki, heç birinin yazılarını oxumuram. Sadəcə vərəqləyib və "kaş ki” deyirəm.
– Amma Seyran Səxavət bugünkü yazarları oxuyur... Hətta əvvəlki nəsil yazıçılara sataşan ən asi yazarları da oxuyur. Belə çıxır ki, Seyran Səxavət digər həmyaşıd qələmdaşlarına nisbətən yeni nəsil yazarlarla daha yaxşı yola gedir?
– Mən sizə Seyran Səxavətin qızı kimi onun sirrini açım: onun müasir yazıçıları oxumasının səbəbi peşəkarlığından irəli gəlir. Həmişə peşəkarlar, ustadlar, üzr istəyirəm ifadəmə görə, özündən qat-qat aşağıda olan şagirdlərin işini tərifləyib, onları həvəsləndirərlər. Əminəm ki, bu sualı Seyran Səxavətə ünvanlasaydız, o da belə cavab verərdi. Bundan başqa, o, yazıçıdır, əlbəttə ki, yeni əsərlərlə də maraqlanır, onları oxuyub nəticə çıxardır. Amma mən yazıçı deyiləm axı... Mən sadəcə oxucuyam və Seyran Səxavətin qızıyam. Yeni yazarları oxuyuram və bəyənmirəm. Yazdıqlarını atamın əsərləri yan-yana qoyanda, heç ümumiyyətlə onları yazı hesab eləmirəm.
– Seyran Səxavət özü kimləri oxuyur? Təkcə müasir ədəbiyyatdan söhbət getmir: istər özünə qədərki Azərbaycan ədəbiyyatı, istərsə də xarici ədəbiyyat olsun. Heç əlindən düşürmədiyi kitab, dəfələrlə oxuduğu müəllif varmı?
– Kimləri oxuduğu, hansı yazarlara üstünlük verdiyini yəqin ki, özü daha dəqiq deyərdi. Amma gözümü açandan onun əlindən qəzetlərin düşdüyünü görməmişəm. Bu insan yuxudan durub, səhər yeməyindən qabaq birinci qəzet almağa gedib. Bədii əsərlərə gəlincə, onun mütaliəsinin geniş olduğuna, çoxsaylı əsərlər oxuduğuna şübhə etmirəm. Amma Seyran Səxavət bir kitabda, bir müəllifdə dayanmır, o, dəyişiklikləri sevir. Ona görə də inanmıram ki, onun stolunun üstündə bir müəllifin kitabı olsun. Düşünürəm ki, Seyran Səxavətin stolüstü kitabı yoxdur, onun stolüstü kitabı vicdanıdır, ədaləti, mərdliyi, kişiliyidir. Onun stolüstü kitabı - bir daha özü kimi Seyran Səxavətin dünyaya gəlməməsidir, çünki o, artıq oz imzasını təsdiqləyib, həm bir yazıçı, həm bir insan kimi. Və biz onunla fəxr edirik. Bugünkü gündə bizim ailəmizdə balaca bir Seyran yetişir: kiçik qardaşımın oğlunun adı Seyrandır. Artıq indidən o, öz Seyranlığını ortaya qoyub. Atamın müəyyən xüsusiyyətləri onda var, amma o da heç vaxt Seyran Səxavət ola bilməz. Heç kim mənim atamın yerini verə bilməz. Heç cür mümkün deyil.
– Güman ki, bu hisslər ataya olan hədsiz övlad sevgisindən irəli gəlir...
– Həm övlad sevgisindən, həm ata sevgisindən. Seyran Səxavət təkcə yaxşı yazıçı deyil, həm də yaxşı ailə başçısıdır, yaxşı dostdur. Ən çətin günlərimdə mənim ən yaxın dostum olub. Yeri gələndə anamı da əvəzləyib. Mənim anam çox evdar, sözün əsl mənasında nümunəvi xanımdır. Buna baxmayaraq, atam bizə, şəxsən mənə lazım olanda ana da olub. Və mən əbədiyyətinə özümü inandırdığım yeganə varlıq atamdır. Elə bilirəm ki, Allahdan sonra atamdır ki, o daim yaşayacaq, heç vaxt ölməyəcək. Hətta inana bilmirəm ki, o nə vaxtsa həyatda olmayacaq. Mən biologiyanı, fiziologiyanı oxuyuram və bilirəm ki, müəyyən proses çatanda insanın enerjisi tükənir, amma atamın nə vaxtsa enerjisinin tükənəcəyinə inanmıram. Bəzən yuxularımda görürəm ki, atam neçə illərdən sonra dünyadan köçüb, amma hər dəqiqə yanımdadır. Mən onu görürəm, onunla danışıram. Bu yuxular daim mənə təsəlli verir.
(Kövrəlir... Gözlərindən süzülən yaş damlalarını əlinin arxasıyla silir. Əlbəttə ata qız övladı üçün təkcə valideyn deyil, həm də onun qəhrəmanıdır, qibləgahıdır. Qızların ən həssas duyğuları ata ilə bağlıdır...) – Mən həyatımı onsuz təsəvvür eləmirəm... – titrək səslə əlavə edir...
– Yazıçı övladı olmaq hər adama nəsib olmur. Seyran Səxavətin qızı olmaq sizə hansı üstünlüyü verib? Və bu üstünlükdən yararlanmısızmı?
– Səmimi cavab verəcəm: Seyran Səxavətin qızı olmaq əlbəttə ki, üstünlük verib. Hara getmişiksə atama görə qapılar üzümüzə açıq olub. Tanıyıb-tanımadığımız kimin evinə getsək, Seyran Səxavətin adını eşitcək xoş qarşılanmışıq. Amma bütün bunlara baxmayaraq, biz – onun övladları heç vaxt atamızın adından istifadə etməmişik. Biz universitet bitirmişik, ailə qurmuşuq, həyatda bir çox çətinliklərlə üz-üzə gəlmişik, hətta sükan arxasında olanda da hər hansı problemlə rastlaşırıq, amma yenə də atamızın adından istifadə etmirik. Çünki atam özü belə şeyləri sevməz. Həmişə bizə tövsiyəsi belə olub ki, ən böyük gözəllik sadəlikdir, sadə olun, öyünməyin, sizə verilənin dəyərini, qədrini bilin, qoruyun.
– Qeyd etdiniz ki, getdiyiniz yerlərdə Seyran Səxavətin adını eşitcək sizi xoş qarşılayıblar. Bəs sizi tanımadıqları yerdə təsadüfən Seyran Səxavəti başqalarının dilindən necə eşitmisiz?
– Bir dəfə atamla İlisuya dincəlməyə getmişdik. Mənim atamla həddindən çox yol yoldaşlığım olub. Atamın dost, kişi məclislərini çıxmaq şərtilə, demək olar ki, qalan bütün yerlərə birgə getmişik. İlisuda düz üç ay telefonlarımızı söndürüb istirahət etdik. Orda mənim Seyran Səxavətin qızı olduğumu bilmədən bir neçə dəfə ondan söz düşəndə haqqında gözəl sözlər duydum. Atam haqqında deyilən xoş sözlərdən doymurdum. Atam haqqında başqalarının dilindən belə sözlər eşitmək, əlbəttə ki, mənə xoş olmuşdu. Bir dəfə də İlisu şəlaləsinə qalxanda, mənə yuxarı çıxmağa kömək edən qızların valideynlərinin dilindən atam barədə xoş sözlər eşitmişdim. Təbii ki, fəxr eləmişdim və şəlalədən qayıdandan sonra onlara dedim ki, mən Seyran Səxavətin qızıyam. Məndən xahiş elədilər ki, atamla onları görüşdürüb, yaxından tanış edim. Atam o qədər sadə, qonaqpərvər insandır ki, heç zəng vurub demədim ki, ata hazırlaş, qonaq gətirirəm. Sürpriz olaraq, onları atamla tanış elədim və çox gözəl, yaddaqalan görüş alındı.
– Maraqlıdır, Seyran Səxavətin iş prosesi necə gedir? Yaradıcı adama sakitçilik lazımdır. İndiki yaşı nəzərdə tutmuram, amma uşaq vaxtı, əlbəttə ki, bütün uşaqlar kimi səs-küy salmısız, oynamısız. Bəlkə də ananız acıqlanıb, ya özünüz dərk etmisiz ki, ataya işləmək lazımdır. Heç olubmu ki, uşaqlıq əyləncələrinizi atanızın yaradıcılığına qurban verəsiz?
– Elə bil ürəyimi oxuyursuz... Suallarınız tam olanlar, sırf yaşananlardır... Və mən sizə şişirtmədən deyəcəm, çünki nə biz, nə də
atam mübaliğəli sözləri, fikirləri sevməz. Atam evdə hər şeyi elə yoluna qoyub ki, o, qətiyyən imkan verməyib biz nəyisə ona qurban edək, əksinə, o bizə özünü qurban eləyib. Biz vicdanlı, dürüst övladlar kimi yetişək deyə o, bütün həyatını bizə qurban verib. Onun daha böyük imkanları ola bilərdi, maddi olaraq daha çox şeylər əldə edə bilərdi. Amma bizə görə bunu eləmədi. Yazı prosesinə gəlincə, atam cavan vaxtı evdə yazardı. Kirayədə qalarkən və evdə üç körpə uşaq ola-ola anam atam üçün hər bir şərait yaradıb. O, bir otaqlı evdə, bütün evin, uşaqların qayğısı üzərində olmasına rəğmən, atamın ən ideal oxucusu olub. Biz uşaq vaxtı eşidirdik ki, gecə saat 2-3-də atam anamı oyadıb ona öz yazılarını oxudardı. Və anam heç gileylənmədən səhərə qədər onu dinləyər, yazılarını oxuyardı. Anam atama qarşı çox fədakar olub. Anam elə indi də onun ən yaxşı oxucusudur. Amma atam indi evdə yazmır, Mərdakanda yazır və orda ona heç kim mane olmur. Təbi gələndə, qələmini, dəftərini ilham mələyini götürüb ora gedir. Əsər yazmaq hər halda inşa yazmaq deyil. Bayaq dediyim ki, gərək əsər doğulsun, qalan təfərrüat sadəcə doğulma prosesidir. Sözün doğulması prosesini isə atam indi təklikdə gözləyir, bitirib gəlir.
– Bəs Seyran Səxavətin qələmində sözün sancısı, doğuşu nə qədər çəkir?
– Atam həm insan kimi, həm yaradıcı şəxs kimi özünə o qədər əmin, sağlam düşüncəlidir ki, onun söz yaradıcılığı, sözün doğuluşu da uzun çəkmir. Söz gələndə o bunu hiss edir və öz axını ilə proses gedir. Atam yazmağı, redaktə etməyi çox sevir.
– Seyran Səxavətin bu yaxınlarda 70 yaşı olacaq. Həm yubiley yaşıdır, həm də bir insannın müdriklik zirvəsidir, yəni digər yaşlardan fərqlənir. Qələm dostları, Yazıçılar Birliyi tərəfindən şübhəsiz ki, layiqincə qeyd olunacaq. Bəs onun ailəsi bu yubileyə necə yazırlaşır? Necə qeyd etməyi planlaşdırırsız?
– Günlərdir, atamın 70 yaşının olacağı düşüncəsi ilə sevinirəm ki, bu yaşını görmək bizə nəsib oldu. Həm də kədərlənirəm, çünki yaş üstünə yaş gəlir, ömürdən, gündən gedir. Etiraf edim ki, 23 marta qədər mən hələ tam hazır deyiləm, heç özüm də bilmirəm ki, onun yaşını necə qeyd edəcəm. Sadəcə, ona kiçik hədiyyəm olacaq, o da mənim əl işimdən ibarət olacaq. Mən Yazıçılar Birliyinin üzvü, köşə yazarı olmaqla yanaşı, həm də Elmlər Akademiyasında aparıcı mütəxəssisəm, həmçinin mühasibatlıqda işləyirəm. Bütün bunlardan əlavə, həm də yaxşı şirniyyatlar bişirirəm. Belə desək daha dəqiq olar: mən onları təkcə bişimirəm, yaradıram. Atam üçün də belə bir hədiyyə düşünmüşəm, amma sürpriz olduğundan, necə olacağını deməyim.
– Atanızın yubileyi ilə bağlı burdan ona nə demək istərdiz, nə arzulayardız?
– Allah-taaladan ona möhkəm can sağlığı, uzun ömür arzulayıram. Atama demək istəyirəm ki, sən mənim üçün əvəzolunmaz varlıqsan, sənin təkrarın yoxdur. Əslində, sevginin çəkisi az olanda sözlər ağızdan asan çıxır, çox olanda isə söz çətin tapılır. O qədər arzum var ki, onları bir araya cəmləyə bilmirəm. Bircə onu deyə bilirəm ki, atama çox ehtiyacım var, hətta bundan sonra ona hələ daha 70 il ehtiyacım var. Bu reallıq olmaya da bilər, amma mən bu reallığa özümü artıq inandırmışam ki, atam həmişə yanımda olacaq. Atamın məni tərk etməsi mənim üçün ən böyük tərki-dünyalıq olar. Mənim tərki-dünya olmağımı isə o da istəməz. Sadəcə yanımda ol, ata, səndən ancaq bunu istəyirəm, vəssalam!.. /edalet.az/