Kulis.az Anar Aminin yeni şeirlərini təqdim edir.
Göydə pəncərələr sınır...
Sən də, mən də yağış, dolu
istəyirik düşə, düşmür...
Göydə pəncərələr sınır,
yerə niyə şüşə düşmür?..
Yazda xeyir, yayda şərdik,
qırx payıza sinə gərdik...
Sürüşüb çoxdan gedərdik,
gedişimiz qışa düşmür...
Yoldan yola qoşa düşdük,
yolda bərkə-boşa düşdük...
Biz dünyanı başa düşdük,
dünya bizi başa düşmür...
Azadlıq – hava kimidi
O dünya bilmirəm, necə,
bu dünya yuva kimidi...
Gəlib bizim aramıza
o salan dava – kim idi?..
Dağın yolun, dərə bağlar,
çayları göz yaşı ağlar...
Üz-üzə dayanan dağlar
yorulmuş dəvə kimidi...
Nə istərik, nə dilərik,
ömrümüz şardı, pülərik...
Udmasaq, ölə bilərik,
azadlıq – hava kimidi...
Aysel Əlizadəyə məktub
Ocaq yanıb közü qalıb,
külək gedir, kül aparır...
Küləyin də sevdiyi var;
sevdiyinə gül aparır...
Hərdən bax Günəşə, Aya,
şükür Tanrı verən paya!
Hamımızı bu dünyaya
əl gətirir, əl aparır...
...Pəncərədən düşdü şölə,
yerdən qalxdım ölə-ölə...
Gecə yarı çıxdım çölə,
gördüm Ayı sel aparır...
Xuda azadlıq istəyir
Azadlıq onun haqqıdı –
o da azadlıq istəyir...
Yumruğun göyə qaldırıb
bu da azadlıq istəyir...
Nə istəyir qu dənizdən,
azalmır ki, su dənizdən...
Min illərdi bu dənizdən
ada azadlıq istəyir...
Göydən yerə səpələnən,
dənizlərdə təpələnən,
dalğalanan, ləpələnən
su da azadlıq istəyir...
...Payız yarpaqları yolub,
ağaclar kövrəlib dolub...
Dualara məhkum olub,
Xuda azadlıq istəyir...
Nəsə olacaqdı, nəsə...
Nəsə solub, nəsə solur,
nəsə solacaqdı, nəsə...
Nəsə qalıb, nəsə qalır,
nəsə qalacaqdı, nəsə...
Çay axır, dənizə dolur,
qəlbin yaşı gözə dolur...
Nəsə dolub, nəsə dolur,
nəsə dolacaqdı, nəsə...
Əyriyə yox, düzə olur,
nə olursa, bizə olur...
Nəsə olub, nəsə olur,
nəsə olacaqdı, nəsə...
Atalar yazıb-yaradır...
Biz dünyaya niyə gəldik,
düşündürən nədir bizi?!
O dünyadan bu dünyaya
gələn qoyub gedir bizi...
...Verən verib bizə aman,
yaşayırıq yaxşı, yaman...
Biz kimisə güdən zaman
kimsə nəsə güdür bizi...
...Orda yolumuz haradı,
burda günümüz qaradı...
Atalar yazıb-yaradır,
analar çap edir bizi...
Bəxtimiz
Bəxtimiz bəxt üzüyündən
qaş kimi düşdü, bilmədik.
Qismətimiz göydən yerə
quş kimi düşdü, bilmədik.
Gəlməsə də xoşumuza,
gələn gəldi tuşumuza,
yağış, dolu başımıza
daş kimi düşdü, bilmədik.
Taqətimiz dizimizdən,
sevincimiz üzümüzdən,
dünya bizim gözümüzdən
yaş kimi düşdü, bilmədik…
Nə qədər ki, şələ vardı…
Bu şair də öz ömrünü
belə yaşayır dünyada.
Haçan öləcək bilmir ki,
hələ yaşayır dünyada.
Olumun ölümdü ardı,
ölüm də oluma yardı.
Nə qədər ki, şələ vardı,
Lələ yaşayır dünyada.
…Alır-alsın bac alırsa,
aldığından güc alırsa…
Hər kim necə bacarırsa,
elə yaşayır dünyada…
Səhrada
Göz gördükcə qəbirlər var,
saymağa başdaşı yoxdu.
Baxıb-baxıb gözlərini
qıymağa başdaşı yoxdu.
...O göz qıyıb, bu bel əyib,
yağış döyüb, ya yel əyib...
Ölənləri hiss eləyib,
duymağa başdaşı yoxdu.
Hissə aşiq, duyğuya yar,
dünya, sənə ar olsun, ar!
Məhə də var, tişə də var,
oymağa başdaşı yoxdu.
Tufan qopdu, yenə də qum,
gözünü aç... gözünü yum...
Bu səhrada ölmə, dostum,
qoymağa başdaşı yoxdu!..