Kulis.az Mənsur Rəğbətoğlunun “Ac qağayılar arasında” hekayəsini təqdim edir.
Aşağıda təqdim etdiyimiz hekayə cəmi 1 cümlədən, 8020 işarədən ibarətdir, 550-yə yaxın ayrı-ayrı sözdən istifadə edilsə də, dilimizin imkanlarına görə bir çox söz təkrarlanıb. Hekayədə "ki" bağlayıcısından istifadə edilməyib. Azərbaycanda bir cümlədən ibarət bu həcmdə hekayə yenilikdir. Bir çox yerli yazarlarımızın əsərlərində iritərkibli cümlələr yazılsa da, hekayə olaraq bu, ölkəmizdə yenidir.
Dünən günortadan boş mədəsinin dibini eşən yuxuürküdücü aclığın hesabına gecəni səhərin alatoranınadək dibdiri açıb sabah görəcəyi işini beynində qətiləşdirsə də, gözləməyə səbri çatmayıb, “Qocalar evi”nə bitişik kiçik gözətçi daxmasının qapısını arxasından möhkəm bağladıqdan sonra qazı açıb yerinə uzanmaq istəyəndə, bu, işin tərsliyindən qazın verilmə fasiləsi vaxtına düşsə də, səbrini basıb qazın gəlməsini gözlədiyi vaxt nadir hallarda gecənin bu vaxtında bu tərəflərə - avara itlərin belə nadir hallarda baş çəkmədiyi bu küçəyə sürünmüş avtomobilin son nəfəsini verən mühərrikinin gurultusu haray-həşir salanda, bu, onu həyəcana gətirib ayağa qaldırıb pəncərənin qarşısına dikəndə, avtomobilin bu yerlərdən təsadüfən keçməsi qənaətini qətiləşdirdikdən sonra yenidən kir-pasaq içində olan yatağına sürünərək hərbçi adyalına bürünüb yarıisti, yarısoyuq bədəninə isti dolmağa başlamasıyla on-on beş dəqiqəlik aclığını unutduran, ağırlaşmış göz qapaqlarını bağlayan yuxu onu ac qağayıların ulaşaraq özlərini dalğaların arasına vurduğu dənizin dibinə atanda yerindən dik atılıb taxta qapının arxasındakı mıxdan asılmış nimdaş sırıqlı cübbəsini əyninə geyinər-geyinməz, özünü küçəyə atanda ağır-ağır döngəni burulan avtomobilin arxasında buraxdığı qatı tüstü burula-burula ağacların budaqları arasından süzülüb tədricən aydınlaşmağa başlayan havanın yuxarı şəffaflığında görünməz olsa da, günün aydınlaşmağa əyilən bu vaxtında xəfif toz içində boğulan şəhərin bu kənar məhəllə küçəsində üzləri şala bürünmüş yaşlı süpürgəçi qadınlardan, zibil maşınlarından, gecə növbəsindən qayıdan fəhlələrdən, zibil qutuları ətrafında veyillənən ac itlər və öz qənimətlərini götürdükdən sonra itlərin getməsini pusquda gözətləyən səbirli pişiklərdən başqa heç kəs, heç nə olmasa da, qoca həyatın və adamların yenicə qaynaşmağa başladığı nəhəng prospektin səkisinə addım atanda günəşin ilk şüası ilə rastlaşanda, ara-sıra vaxt tapıb qayğılarından və onu öz kimsəsiz həmyaşıdlarının son nəfəslərini verəcəyi “Qocalar evi”ndə gözətçi işləməyə məcbur edən səbəblərdən az da olsa yaxa qurtarmaq üçün vitrinləri qarşısında gəzişdiyi oyuncaq, paltar, kitab, xırdavat, avtomobillərin ehtiyat hisslərinin satıldığı, ət, ərzaq, qadın alt paltarları, mebel dükanlarının, həftədə üç-dörd dəfə baş çəkdiyi pivəxana, yeməkxana, yolun əks tərəfindəki mərmər döşənmiş parkın beyninin ən əlçatmaz yerində oyatdığı – uzun zamandan sonra yenidən şiddətli alovla yandırmağa başladığı həyat eşqinin haçalı dillərinin ürəyinə yadlaşmış yaşamaq həyəcanının qayıdışına qapatmaması üçün nəzərlərini yalnız addım atdığı yerə dikib irəliyə doğru tələsmək haqqında qərar verəndə, taqətdən düşmək işini çoxdan həll etmiş ayaqlarını da buna məcbur edib təsadüfən rastlaşacağı tanışların sual dolu nəzərlərindən yayınmaq üçün də yaddaşını keçmişə - milyard illər əvvəl tələbə olduğu vaxtlara – universiteti bitirdikdən sonra şiddətlənmiş müharibənin ən qaynar yerində özünü gözləmədiyi vaxtda iki ilə yaxın yaşamaq mübarizəsi apardığı əsir düşərgəsinə - cəsədlərlə, aclığın dərilərini iradəsizcəsinə qabarmış qabırğa sümüklərinin aralarına basmış adamlarla, yaralarında ağ qurdlar qaynaşan uşaqlarla, polad odun sobalarında öküz kimi böyürən hərbçilərlə dolu dibsiz cəhənnəmə, təsadüf nəticəsində əsirlikdən xilas olduqdan sonra bu illər ərzində gördüyü işgəncələrlə yaddaşında və bədənində açılmış yaralarına heç vaxt təsəlli olmayacaq medallarını da sinəsinə taxıb geri – kəndinə qayıtdıqdan sonra müharibə qorxusunun yaxınlarının hərəsini bir tərəfə pərən-pərən saldığı günlərə və beləliklə, onu yenidən şəhərə qaytarmağa məcbur edən zərurətlərə söykəyərək, həyatının qalan hissəsində tənha yaşayacağı illəri xəyalən xatırlamağa başlayanda içində gizlənmiş hiddət və qəzəb gözlənilmədən, ürəyinin yerləşdiyi boşluqda yaranmış qəribə xoşbəxtliyə çevriləndə bu hiss zərblə hulqumunu ağzına doğru çırpanda ilk dəfə başını qaldırıb irəliyə doğru baxarkən, qulaqlarını saatlarla pusquda ovunu gözləyən tülkü kimi şəkləyib ətrafı həyəcanla dinşəyib ac qağayıların səslərini axtarmağa başlayanda, korşalmış yaddaşı yenidən müharibədən sonra gəldiyi şəhərdə kirayələrdə ev yiyələrinin üfunətli ağız qoxusu içində süründüyü illəri, yaxınlarını tapmaq ümidi ilə polis idarələri və dövlət qurumlarının qapılarında saatlarla xərclədiyi boş səylərini, təbiətin ən yöndəmsiz formada taxdığı burnunun, güləndə və ağlayanda, ümidverici və ən ümidsiz hislərinin yeganə bələdçisi – heç nə etməyəndə belə öz hədəqəsindən çıxıb milyonlarla fiquru özündə əks etdirən qəribə ağzının, armud saplağına oxşayan boğazında girdələnmiş yekə hulqumunun, düşdüyü çuxurda xırda və boş gözlərinin üzərini örtən ətli qapaqların, ancaq gicgahlarını və başının arxa tərəflərində bitən gur, “professor saçı”nın özündə yer tapdığı eybəcər başına, sapanda oxşayan ayaqlarına və nazik bədəninə uyğun gəlməyən yumuru və gülməli qarnına nəzər salanda o, özünə olan hörmətini tamamilə itirdiyi bu şeylərin altında əzilməkdənsə, hər şeyə birdəfəlik son qoyub həm özündən, həm də adamların onu ələ salan düşüncələrindən xilas olmaq fikrini qətiləşdirib özünü ac qağayıların arasına verib birdəfəlik gözdən itməyin daha cazibədar seçim olduğu düşüncəsindən məmnun olan qoca səhərin alatoranından tələsdiyi dənizin hənirtisi ilk dəfə üzünə sığal atanda ayaqlarındakı əsməcənin öz şiddətini artırdığını açıq şəkildə hiss etməyə başlamasıyla, bir az səkinin kənarında oturub qərarına yenidən nəzər salmağın bəlkə də ən doğru seçim olacağı düşüncəsini də beyninin bir tərəfində saxladığının fərqinə indi varmağa başlayanda, bununla bağlı yaranmış xəfif həyəcanına ac qağayıların qışqırtıları ilə son qoysa da, yenidən beynində qaynarlaşmağa başlayan tərəddüdün – qızaran yaşamaq ehtirasının addımlarını yavaşıdan “geriyə qayıt” çağırışları içində sağ qalmaq bəhanələrinə qısılıb yaxşı şeylər haqqında – daha doğrusu, arxada qoyduğu 67 il ərzində həyatında olmuş yeganə və bir qədər yaxşı şey – çox hallarda özünə olan hörmətini yerlə-yeksan edən çox az yaxşı şey barədə - 21 il işlədiyi toxuculuq fabrikində ona öz xoş üzünü göstərmiş yeganə, həyatından keçmiş ilk və son qadını xatırlamaq istəyinə qapılmaq istəyəndə, sol qolu və sol ayağının oynaq yerlərindən yumşaldığını hiss edib bu fikirdən imtina etməyə çalışsa da, sürətlə bütün bədəninə yayılmış həyəcanını sakitəşdirmək üçün özünə olan nifrətini o qadına yönəldib, heç olmasa, son dəqiqələrində özünə hörmət etmək barədə qərar vermək fikrinə qapılanda, indi bunun qarşısına keçmək cəhdlərinin mənasız olduğunu bilib, özünü fabrikin anbarına doğru ehtiyatla addımlayan və içəridən gələn boğuq inilti səsini dinşəyərkən görmək istəməsə də, içəri girib həyatının yeganə qadınının iş yerində tamamilə “başqa sektor”da işlədiyini görüb, 21 ildən sonra ayaqlarının bu fabrikdən sürətlə qaçırdığı yolda özünəhörmət hislərini tamamilə yox edən vərdişlərin alüdəçisinə çevriləndə, tamamilə əldən düşənədək onu əmələ gətirən bütün bədən üzvlərini “Qocalar evi”ndə illəri yola verən gözətçi daxmasında çürütmək barədə qərara gələndə, əslində onu arxasınca bu daxmaya qovub salan şeyin zərurət, yaxud onun bu işin peşəkarı olmasının qiymətləndirilməsi yox, kimsəsiz qocanı bu posta layiq görənlərin ona duyduqları mərhəmət hissi olduğunu başa düşəndə, səhərdən axşamadək küçələrdə veyillənib, onun-bunun, tanımadığı adamların əllərinə, parklarda şirinquş əmə-əmə ayaqlarını qaşıyan uşaqların belə ağızlarına həsədlə baxıb saçından ayaqlarının çeçelə barmağınadək səfalətə bürünmüş qocanın özünə olan hörmətini tamamilə məhv edib, daha dəhşətli təlatümün içinə atanda bütün bu şeylər ona yenidən geri qayıtmağa icazə verməməklə yanaşı, başını qaldırıb tanımadığı adamların üzlərinə belə, baxmaq cəsarətindən məhrum edib, bu qorxaqlığının gənziyində zəli kimi yapışdırdığı zəhəri daha tez qoparıb atmaq fikrində qətiləşəndə, az qala özünü dalğaların arasına çırpıb tullanıb-düşən kiçik balıqlarından birini sivri dimdiyi ilə tutmağa cəhd edən ac qağayılarından birinin qanadı üzünü yalayıb keçəndə daxmadan çıxarkən qaz sobasının açarını açıq qoyduğu yadına düşdü./cebhe.info/