Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum gündür. Kulis.az bu münasibətlə şairi təbrik edir, onun şeirlərindən seçmələri oxucuların diqqətinə çatdırır.
Hardasan
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm-göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm,
Mən səndən ayrılıb sənə gəlirəm.
Bir bəyaz duyğutək gəlləm yuxuna,
Durub şirin-şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına,
Gözümün içində bəslərəm səni.
Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub…
İki göz dolusu ağlaram səni,
İki dodaq boyu gülləm səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm səninlə.
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm-göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
Mən kənddən çıxanda gecə yarıydı
Mən kənddən çıxanda gecə yarıydı
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.
Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.
Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.
Qönçələr çəmənə pıçıltı salıb,
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.
Gedirdim, gecənin haysız, haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız …
Hələ yuxusundan oyanmamışdı…
Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,-
Uyuyub qalmışdı güllərin üstə …
Qurudub göndərmə bənövşələri
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.
Yağış
Bulud qara, düzüm ağ,
Sudan tutaq uzanaq…
Göy süpürür tozanaq
Toz yağışı öldürür.
Dəniz gülür, dan gəlir,
Dalğanı ley san, gəlir,
Gözündən leysan gəlir
Qız yağışı öldürür.
Yer bir zəmi, biçir göy,
Yeri öy-öy içir göy,
Yaşıl səsdən keçir göy
Yaz yağışı öldürür.
Əl açır qara, damlar
Dil açır qara damlar,
Gül açır qar adamlar
Buz yağışı öldürür.
Tufan qəfil, su ani,
Ölüm ötən qu fani…
Söz ən böyük Sunami
Söz yağışı öldürür…
***
Ağlayırsan, indi ağla,
Mən öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.
Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...
Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...
Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.
Anama
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam,
Sən ey göz yaşımın sonası, anam...
Eşq yolu
Tanrım, bu yol Eşq yolu,
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki...
Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmisəm
Gözündən itmirəm ki...
Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan,
Piyada getmirəm ki...